XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Ürəyin vəsfi - Gülnaz Qubalı yazır
YAZARLAR 16:24 / 30.06.2020

Sinəmizin sol tərəfində yerləşir, yumruq boyda müqəddəs ürək.Bütün vücudumuzu hərəkətə gətirən,ona bağlı olan,ən ağır yükü öz üzərinə götürərək bezmədən,yorulmadan ömrümüz boyunca köksümüzdə səbrlə,təmkinlə döyünən, vücudumuza qan və can verən ürək,-sən boyundan,çəkindən çox böyük işlərə sövq edildin.Sənin  qüdrətinə, gücünə, cəsarətinə, dəyanətinə, dözümünə, sədaqətinə heyranam.Bəzən çox ağır dərdlərlə yüklənən,bəzən ağlayan,bəzən gülən ürək.Sən bizə lazım olan, hətta lazım olandan artıq çox böyük işləri bizim üçün edirsən.Biz isə sənə lazım olan qayğının çoxunu etmirik.Sənsə heç vaxt bizdən incimirsən,narazı qalmırsan,bizi unutmursan da.İllər uzunu yaşaya bilməmiz üçün, həyatımızı gözəlliklərlə təmin etməyimiz üçün sağlamlığımızın keşiyində bir əskər, bir sərkərdə kimi müntəzir durursan.Öz həyatını,ömrünü bizə bağışlayır,son nəfəsə qədər varlığını bizə öz səsin olan döyüntülərinlə bildirir,bəyan edirsən.Bir də o döyüntülər eləcə adi döyüntülər deyil,o döyüntüləri diqqətlə dinlədikdə,qulaq verdikdə görərik ki,onlar danışır,kövrək səslə çağırış edir;-Əsəbləşərək,həyəcan keçirərək məni ağlatmayın,məni incitməyin,məni qoruyun,qədrimi bilin,ən dəhşətli ölüm ürəyin ölməsidir,- deyərək rica edir,hətta yalvarırlar.Çünkü,mən sizin üçün yaşamla-ölüm arasındakı incə bir xəttəm deyir.

Çox ağır dərdlərimizi ömür boyu bağrına basaraq gizli,sirr saxlayıb,biruzə verməyib,sinədən ağir daş kimi asılaraq gəzdirilən,özündə dərin yaralar açan, bəzən də dərddən,qəmdən qovrulub çatlayan,bizə dərd ortağı zavallı ürək.

Bəzən belə deyirlər ki,bu kəs çox ürəkli adamdır,böyük ürək sahibidir.Nə boyda böyük faciələrə səbrlə dözür,öz işinə daha ürəklə bağlanıb.Ürək,-bu sənin fərasətindir, sənin gücün, sənin qüdrətin, sənin böyük iradəndir.

Qadir Allah səni necə də hökmlü,qüdrətli yaradıb,öz qüdrətini səndə göstərib.

Yumruğumuz boyda olan,rəhm dolu,arzular ilə çağlayan,sevgi dolu olan ürəklərdən heç demirəm.Bu hiss ürəyin tən ortasında yerləşən ülvü bir duyğudu.

Təkbaşına bədənin bütün əzalarını hərəkətləndirən möcüzəli ürək.Haqqında həmişə yazılıb,deyilib.Həmişə də belə olacaq.Ən məşhur rəssamlar çəkəcək,şairlər,yazıçılar ən məşhur əsər kimi səni vəsf edəcəklər.Hazırda bu yazıları yazarkən öz ürəyimin döyüntülərini hiss edirəm,eşidirəm.Sanki bu sözləri qulağıma pıçildayır və mən yazıram.

Məğrur-məğrur öz ali vəzifəsinin başında dayanıb bizim keşiyimizi çəkirsən.

Sən vücudumuzun şah əsərisən.Gör bir neçə mübarək adın var,ürək...Bir də ki,sən bu adları çox məharətlə,ləyaqətlə daşıyırsan!Neçə dərdli,yaralı ürəklərə məlhəm olan, möhtəşəm ürək!

Sənin qarşında ən qüdrətli söz aciz qalır. Öz balaca boyunla neçə böyük dərdlərimizi kədərlə,sevincimizi isə sevinclə,gülərək qarşılayan ürək.Bizim isə sənin keçirdiyin ağrından,acından xəbərimiz belə yox! Necə həyacanlar keçirdiyini tək özün bilirsən və sən,köksümüzün üzərində doluya,çovğuna düşən bir xəzan yarpağına bənzəyirsən.

Ürək,sən çox şərəfli bir diqqətlə mükafatlandırılmısan,insanlara yeni həyat,can bağışlayırsan.

Bir də bu dünya durduqca sən də duracaqsan. Öz ahənginlə, öz ritminlə daima köksümüzdə döyünəcəksən, yaşayacaqsan, yaşadacaqsan. Bir yazarın təbirincə desəm,-yalnız ürək bütün yaxşı şeyləri və gözəllikləri yaxşı dərk edir.Və bir də,ürəklərdə işıq nə qədər çox olsa,dünyamız bir o qədər nürlu və aydın olar...


1517 oxunub

InvestAZ