XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



“Mən ilhamı bu dağlardan almışam” - Rauf Vəliyev yazır
YAZARLAR 16:22 / 30.06.2020

Musa Ələkbərlinin təbiət şeirləri üzərindən gəzişmələr

İstedadlı qələm sahibi, tanınmış şair Musa Ələkbərli yaradıcılığı doğma Azərbaycan təbiəti ilə çox bağlıdır. Onun obrazları, epitetləri, şeirlərini ətə-qana gətirən bütün bədii ifadə vasitələri demək olar ki, real həyatdan, yaşadığı, görüb duyduğu, tək ona məxsus olan müşahidələr əsasında poetik dərkinə vardığı olaylardan qidalanır. Musa deyir ki, 1971-ci ildə şeirlərimlə Hüseyn Hüseynzadənin yanına getdim. Hüseyn müəllim mənim şeirlərimi diqqətlə oxudu və "Dağlar” adlı qoşmamı daha çox bəyəndiyini söylədi. Dedi, Musa, sən gələcəkdə yaxşı şair olacaqsan. Bilirsən, niyə bu qənaətdəyəm. Ona görə ki, sənin müşahidələrin çox dəqiq və sərrastdır. Bu qoşmada dediyin ilk misralar məni çəkdi. "İlk qar da, son qar da dağlara düşər, Günəş də ilk dəfə zirvədə yanar...” bax bu misralar imkan verir ki, mən sənə inanım, güvənim qədirbilən poeziyasevərlərə gənc şair kimi təqdim edim.” Unudulmaz xalq şairimiz H.Arif gümanında yanılmamışdı.

Musa Ələkbərli yaradıcılığı təbiətin həm tərənnümü, həm də poetik dərki, mənalandırılması baxımından həmişə diqqət mərkəzində olub. Onun lap tələbə vaxtlarında yazdığı "Tələbə təbiət” adlı şeiri o zamanlar dillər əzbəri idi. Təbiətlə tələbənin qarşılaşdıran, müəyyən mənada eyniləşdirən Musa qəribə bir assosiativ oxşarlıq tapır, ildə iki dəfə imtahan (yayda və qışda) verən tələbə ilə təbiətin də iki dəfə isti və soyuqla sınağa çəkildiyini, imtahan önündə olduğunu poetik şəkildə mənalaşdırır:

İstiyə, soyuğa dözmək özü bir

Ağır sınaq imiş, qələbə imiş.

Gah yaya, gah qışa imtahan verir

Təbiət özü də tələbə imiş.

Musanın Gədəbəy rayonunun girəcəyində Böyük Vətən müharibəsi cəbhələrində həlak olan qəhrəmanların xatirəsinə həsr olunmuş ana abidəsinə yazdığı şeir də canlı obrazları ilə, təsirli, yanğılı ovqatı ilə seçilirdi:

Dağlara dağların sonası gəlib,

Bir ağ göyərçintək qonub yollara.

İtkin oğulların anası gəlib

Burda gözlərindən çəkilib dara.

Canlıdır.. köksünü ötürə bilməz,

Oğlunu gözləyir, yoxsa ərini?!

Qayalı dağlar da götürə bilməz

Qayğılı ananın dərdi-sərini.

Göylər doluxsunar, şimşəklər çaxar...

Bu mənim nənəmdi ahlı-amanlı.

Yollara boylanar, yollara baxar

Xəyalı dağınıq, başı dumanlı?

Yandırar qəlbini ayrılıq odu

Açılmaz arzutək bükülü qalar.

Gözünə dəsmaltək tutar buludu

Ağlaya-ağlaya gözündən olar.

Bu şeirdəki obrazlar Gədəbəy dağlarının qayası, daşı, buludu, qarı, çayı, bulağı və s. komponentləri ilə canlıdır, ələ gələndir, gözə görünəndir.

Şeirin son bəndi, bədi yekunu daha təsirlidir:

Heykəl qayaların gözyaşı göldü,

Dağlarda heykəllər – analar ağlar.

Oğullar cəbhədə anasız öldü,

Bəxtəvər başına analı dağlar.

Əziz oxucu, demək olar ki, "Analı dağlar” şeirini bütünlüklə məqaləmə köçürməyim təsadüfi deyil. Şairin bu şeiri onun yaradıcı təxəyyülünün kamilliyini poetik dünyasının çeşidli xırda­lıqlarını yaxından izləmək, fərqinə varmaq üçün çox yaxşı nümunədir.

Musa qələm tutan ilk günlərdən bu yolun çətinliyini dərk etmiş, şair olmağın böyük məsuliyyətinin fərqində olmuşdur. Bunu onun ilk kitabından tutmuş sonuncu kitabına qədər "Ömür yolu” keçmiş əksər şeirlərinin mayasında, ruhunda çırpınan narahatlıqda, həm də onun daxili inamında, özünə güvənində aramaq lazımdır:

Vətən eşqi ürəyimdə bir qala,

Anam deyir: yazan çoxdur, ay bala.

Zirvə andım dönəcəyəm qartala,

Qayalarda qanasa da qanadım.

Qoca Qafqaz, könlüm quşu oyaqdır,

Zirvələrin ilhamıma dayaqdır.

Hara getsəm ürəyimdə mayakdır,

Öz Vətənim, öz torpağım, öz adım!

Musanın təbiət şeirlərindən söz açanda onun məşhur "Öpdüm” qoşmasını yada salmamaq olmur. Bu şeirdə şairin doğma elə-obaya bağlılığı, sevgisi, istəyi, etnoqrafiq detallarla, təbiətin özündən gələn, canlı obrazlarla tərənnüm olunur. Şeir belə başlayır:

Bu doğma yerdədir dünyanın barı,

Gözümlə gah düzü, gah dağı öpdüm.

Yığıldı başıma kənd adamları

Böyüklə əl tutdum, uşağı öpdüm.

Bu nədir gözümdən yuxu qaçdı ki,

Anam qayğılandı: "balam acdı ki...”

Atam qollarını elə açdı ki:

O doğma, mehriban qucağı öpdüm.

Ata ilə oğulun uzun ayrılıqdan sonra qucaqlaşması, oğulun ata qucağına sığınması, sonsuz məhəbbətlə o qucağı öpüşlərə qərq etməsi necə təbii, inandırıcı şəkildə təqdim edilir.

Ata qucağının öpülməsi ancaq Musa Ələkbərliyə məxsus bir deyimdir və məncə bu qoşmada bu deyim, məhz bu deyim – obraz çox əvəzsizdir.

"Öpdüm” qoşmasında təbiət canlıdır, şair onu vəsf etdikcə özü də təbiətin bir parçasına çevrilir. O təbiətlə yaşayır, nəfəs alır:

Lalələr alışdı yollar boyunca

Yalın ayağımı yaladı yonca.

O sıx meşələri gəzdim doyunca

Yarpağı oxşadım, budağı öpdüm.

Yarpağı oxşayıb, budağı öpən şairin xəyalını daha nələr çəkir:

Qoşmanın ardına üz tutaq:

Dağların başında yaylandı bir qız,

Ulduzlar içində aylandı bir qız.

Əli çənəsində boylandı bir qız,

Yaxını yad etdim, uzağı öpdüm.

Şair burda bir rəssam kimi şəkil çəkir. "Əli çənəsində boylanan qızı” süzdükdə "yaxını yad edir, uzağı öpür”.

Bu qoşmanın son iki bəndini də diqqət hədəfi etməkdən özümü saxlaya bilmirəm. Məncə bu bəndlər qoşmanın ən uğurlu, ən şah bəndləri sayıla bilər:

Gül kimi açılar burda gül dərən,

Dağ olar qəlbini dağlara verən.

Nə yaxşı dodağım yanmadı görən

Daşı qucaqladım, ocağı öpdüm?!

Bu yurdun, bu torpağın təşnəsi olmayan, bütün varlığıyla bu oda-ocağa bağlı olmayan bir şair bu cür yaza bilməz. Bu heyrət və səmimiyyələ deyilən misralar çağdaş poeziyamızda önə çəkilməyə, təqdir olunmağa layiq misralardır və onu yazan Musa Ələkbərlinin bu qoşmanın son bəndində keçirdiyi özəl, nostalji hisslərə ürəklə haqq qazandırırsan!

Bir zaman bu yerdə sevdim, sevildim,

Kövrəldim gözümü çiçəklə sildim.

Ay Musa o qızın gözləri bildim

Onunçün əyilib bulağı öpdüm.

Musa Ələkbərli şeirlərndə təbiətin birbaşa tərənnümü də xüsusi yer tutur. Bu cəhətdən onun "Yaylaq lövhələri” və "Biçin nəğməsi” şeirləri çox xarakterikdir.

Dağlarda ot biçinindən bəhs edən "Biçin nəğməsi” şeirinə biçinə xas olan bir dinamika, güclü bir hərəkət hakimdir. Sanki misralar ot çalan əməkçilərin kərəntisinin, orağının gücünə, kəsərinə köklənir:

Qolunuzu hərləyin

Quş kimi qanad çalın.

Otlara göy-göy yığın,

Yağışdan, gündən alın.

Şirəlidi dağ otu,

Gədiklərin ağ otu

Çoxaldır südü, yağı,

Kəkliklərin ayağı

Toxunmayan talalar

Deyir bu otlaqları

Öz vaxtında çalalar...

Sərin ayrandan için,

Çölləri biçin, biçin...

Biçənəklər hönkürüb

Adamboyu ucalıb

Dağ gövdəli igidlər

Bu dağlardan güc alıb...

Şair sanki bu biçində özü də iştirak edir, nəinki iştirak edir, hətta bu biçinçilərin runoruna, həvəsləndiricisinə çevrilir:

Ararlayın kolları,

Dırmaxlayın yolları,

Kərəntiyə gəlməyən

Küncləri oraqlayın,

Çölləri varaqlayın,

Düzləri soraqlayın.

Heca şeirinin oynaq və ritmik yeddiliyindən bəhrələnən şair mövzunun tam poetik həllinə nail olmuş, oxucularının qəlbində biçin ovqatı yarada bilmişdir. Kəndi-kəsəyi dərindən bilməyən, bu biçinçilərin kərəntisinin səsini-sədasını yetərincə eşitməyən bir qələm adamı əlbəttə ki, bu cür yaza bilməzdi. Bu şeir onu da əyani şəkildə göstərir ki, gərək şair dərindən bildiyi, bütöv şəkildə mənimsədiyi, "Cikinə-bikinə” yaxından bələd olduğu mövzuda yazsın, əks halda misralar baş-ayaq alınar, məqsəd və məram bütöv vüsəti ilə boy göstərə bilməz. Cəsarətlə demək olar ki, Musa Ələkbərlini çağdaş poeziyamızda təbiət şeirlərinin nadir nümunələrini yaradan bir şairimizdir.

Şairin "Yaylaq lövhələri” şeirindəki aşağıdakı sətirlərə diqqət yetirsək fikrimizi daha tutarlı dəlillərlə əsaslandırmış olarıq.

Quşlar nəğməli bulud,

Nəğmələr çisəkləyir.

Bu nəğmə yağışında

Ağaclar çiçəkləyir,

Yamaclar çiçəkləyir!..

Yenə duman dağları

Qucağına alacaq

Ağsaçlı ana kimi

Mürgülü gözləriylə

Keşiyində duracaq

Günəş çıxana kimi!

Kəkliklər bölük-bölük

Cüyürlər sıralanıb

Gözəllik ovçu olub

Ovçular yaralanıb...

Buradakı obrazların, epitetlərin gözəlliyi yaylağın özünün gözəlliyinə, təkrarsızlığına hesablanıb.

Şair bu yaylağın gözəlliyi ilə nəfəs alır, ürəyində, qolunda tükənməz güc, qüvvət duyur:

Bir novçalı bulaqda

Əl-üzümü yuyuram.

Ürəyimdə, qolumda

Tükənməz güc duyuram.

Cığırları, yolları

Dəstələyib əlimə

Az qalıram dağları

Şələləyim belimə.

Qovub dumanı, çəni,

İstəyirəm meşəni

Harayıma bürüyəm.

Köksümdə coşur ürək,

Kimisə axtarıram,

Nəyisə axtarıram

İsaq-Musaq quşutək.

Bizə elə gəlir ki, şair bu şeirdə axtardığını tapıb, onun axtardığı elə bu gözəl təbiət şeirinin özüdür, desək səhv etmərik.

Şairin başqa bir şeirindən gətirdiyimiz örnək də onun təbiət şeirlərinin leytmotivi ola bilər.

Hər gələndə baxa-baxa qalmışam,

Ürəyimi saz yerinə çalmışam.

Mən ilhamı bu dağlardan almışam,

Gözəlliyi hardan alıb bu dağlar?!


Rauf Vəliyev

Mir Cəlal tədqiqatçısı


1286 oxunub

InvestAZ