XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020
02 İyul 2020



Nurəddin Ədiloğlunun “ADƏM VƏ HƏVVA” kitabı Təbrizdə nəşr olunub
Ədəbiyyat 11:08 / 29.06.2020

Tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun "Adəm və Həvva” kitabı Təbriz şəhərində "Aydın” nəşriyyatında təkrar işıq üzü görüb. Kitabı Azərbaycan türkcəsində fars əlifbasına şair-tərçüməçi Elmira Zəncani (Sənəm) və Tanay Şərqi (Dərəcək) çevirmişdir. Kitaba müəllifin Qarabağ hadisələrindən bəhs edən "Adəm və Həvva” kino-povesti, Aprel döyüşlərində igidlik göstərən Azərbaycan əsgərlərinə həsr etdiyi "Bumeranq” pyesi və son dövrdə qələmə aldığı "Nuhun günahı”, "Nar çubuğu”, "Qərib qadın”, "Sərhəd pərvanəsi” və başqa hekayələri daxil edilmişdir. Xatırladaq ki, bu kitab ötən il tərcüməçi Firuz Əsədinin çevirməsində Tehranda nəşr edilmişdir. İranda nəşr olunan aylıq yeganə azərbaycandilli "Xudafərin" dərgisinin naşiri və baş redaktoru, Doktor Hüseyn Şərqi SOYTÜRKÜN dediyinə görə, "Adəm və Həvva” kitabı cənubi Azərbaycanda yaşayan oxucular tərəfindən maraqla qaşılandığına görə təkrar nəşr olunub. Elmira xanım Zəncani isə kitabın yeni nəşri barədə belə demişdir: "Adəm və Həvva” adı bizə qədim çağları xatırlatsa da, mövzusunu müasir həyatdan, xüsusilə Qarabağ müharibəsindən, Bakıda qaçqınlıq həyatı yaşayan insanların taleyindən götürmüşdür. Amma çevirmə zamanı biz müəlliflə əlaqə saxlayıb bəzi qəhrəmanların adını dəyişməli olduq. Çünki yazıçının müqəddəs Qurandan götürdüyü peyğəmbər adları ilə adlandırdığı qəhramanları güneyli oxuculara təqdim etməyə ədəbi senzura təbii ki, icazə verməzdi...”

Onu da qeyd edək ki, yazıçı N.Ədiloğlunun "Adəm və Həvva” kitabı güneyli oxuculara "Aydın” nəşriyyatı tərəfindən təqdim olunan ilk çap məsulu deyil. Azərbaycanlıların mənəvi paytaxtı hesab olunan Təbriz şəhərində fəaliyyət göstərən bu nəşriyyat quzey Azərbaycanda yaşayıb-yaradan qələm adamlarının həm bədii, həm də elmi əsərlərinə tez-tez müraciət edir. Şair-dramaturq Ramiz Abdullayevin "99 qardaş” (Elmira Zəncaninin çevirməsində) kitabı, ötən il isə akademik Nizami Cəfərovun "Azərbaycan türkcəsinin tarixi metodoloji məsələləri: məqalələr toplusu” nəfis tərtibatla "Aydın”da nəşr olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 314 səhifəlik toplunu Azərbaycan türkcəsində fars əlifbasına Elmira Zəncani (Sənəm), Əkbər Aqayi, Tanay Şərqi (Dərəcək) çevirmişdir.

Gülmirə RAMAZANQIZI


3666 oxunub

InvestAZ