XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020



KOR KİŞİNİN QARĞIŞI - Nurəddin ƏDİLOĞLU yazır
Ədəbiyyat 10:04 / 29.06.2020

(olmuş əhvalat)

Bu olmuş əhvalatı mənə hər səhər yürüşə çıxdığım, son günlər isə əsaslı təmirinə görə giriş qapıları bağlanan meşə - parkın əlli yaşlı qarovulçusu danışmışdı. Dediyinə görə, ötənlərdə Azərbaycanın tanınmış generallarından biri bu parkın yaxınlığında özünə dəbdəbəli ev tikdirirmiş. Qonşuluğunda gözləri çox zəif görən bir kimsəsiz kişi yaşayırmış. Bu kişinin gözləri o qədər zəif görürmüş ki, evdən çıxıb çörək almağa gedib geri dönəndə belə öz evinin qapısını güclə tapırmış. Elə olurmuş ki, kişi çaşıb yaxın qonşuların qapısına gedirmiş...

Bir gün generalın tikintisi təzə başa çatan evinin daş hasarına və dəmir darvazasına fəhlələr elektrik fənərləri quraşdırırmış. Qonşu kişi həyətdə generalın səsini eşidcək çəliyini əlinə alıb, yavaş-yavaş açıq darvazadan içəri keçir. Fəhlələrə göstəriş verən generala yaxınlaşıb ədəb-ərkanla salam verib ondan xahiş edir:

-Başına dönüm, ay general, bu daş hasarlara, dəmir darvazaya qoydurduğun o lampalardan birini də mənim həyət qapımın üstünə vurdur. Gözlərim zəif görür, bir yerə gedəndə qoy o işığın ucundan tutub öz evimin qapısını tapa bilim. Daha çaşıb qapı-qapı gəzib heç kimi narahat etməyim...

General kişini başdan ayağa süzüb, acıqla ətrafındakılara deyir:

-Ə, götürün bu köhnə cın-cındırı atın qapıdan bayıra.

Generalın bu sözündən kişi çox məyus olur. Əmr verdiyi adamlar da çaş-baş qalıb gah genarala, gah da qoca kişiyə baxırlar. General təkrar onlara amiranə səslənəndə kişi dözmür. Deyir:

-Ay bala, atan yaşında kişiyəm, mən səni adam balası bilib xahiş elədim... Heç kimə əziyyət vermə, özüm çıxıb gedərəm...

General deyir:

- Atam yaşında olsaydın, indi məzarda olardın, burda yox!

Qoca ayaq saxlayıb:

- Ay oğul, –deyir, - Allah hərəyə bir ömür payı verir, bu dünyada hər kəs də öz ömrünə düşən qisməti yaşayır. Alın yazısından qaçmaq olmur...

General kişiyə rişxənd edir, iztehza ilə:

-Hələ durub mənə moizə də oxuyursan?-deyir, - a kişi çıx get, Allahın verdiyi qisməti yaşa də!.. Raz ki, alın yazısından qaçmaq olmur, day niyə ora-bura vurnuxursan?

Qoca başını bulayır:

- Gedirəm, amma sən ki, məni bu cür qəzəblə qarşılayıb top-tüfənglə yola saldın, onda səni görüm bu təzə evində sağ-salamat oturmayasan!

General üzünü bozardıb kişinin üstünə çımxırır:

-Yox əşi, bəyəm, sənin xeyir - duvanla general olmuşdum ki, sənin qarğışınla da ölüm-itim?

Kişi naəlac qalıb dərindən ah çəkir, əlini göyə açıb ucadan "Ya Allah səndən mədəd!” deyir, amma qapıdan çıxanda dönüb tərs-tərs generala baxır:

-Unutma, Allah kasıb-kusubun ahını heç vaxt yerdə qoymur – deyir, -Allah gec edər güc edər, ancaq məzlumun naləsini eşidər, zalımın cəzasını verər!..

Kişi qanadı sınmış quş kimi kor-peşiman evinə dönür.

Generalla kor kişinin bu əhvalatından yaxın-uzaq qonşular da xəbər tutur. Qocanın halına təəssüflənən də olur, generala acığı tutan da...

Günlər ötüb-keçir... Novruz bayramına sayılı günlər qalan vədələrdə generalın ailəsi pəh-pəhlə təzə evə köçür. Amma general özü gözə dəymir, sorağı hərbi xəstəxanadan gəlir...

Eşidən-bilən "bədbəxti kor kişinin qarğışı tutdu” deyir.

Günlərin bir günü səhər tezdən qoca kişinin həyət qapısı taybatay açılır. İki-üç qonşu içəri girir. Kişi əl ağacına söykənib ayağa qalxır, təəccüblə soruşur:

-Xeyir ola, səhərin gözü açılmamış sizdən nə əcəb?

Gələnlər xəbər verir ki, bəs sənin qarğışını Allah eşidib... O general bu gecə xəstəxanda dünyasını dəyişib...

Kişi soyuqqanlılıqla, öz halını pozmadan deyir:

-Yox, ay qonşular. Allah bağışlayandır, rəhimlidir...

Kor kişinin eşitdiyi xəbərdən sonra üz-gözündə sevinc hissindən əsar-əlamət görməyən qonşuları onun səbrinə mat-məəttəl qalırlar.

Kişi təmkinlə sözünə davam edib:

-Bu ilahi cəza tək mənim sınmış qəlbimdən gələn qarğışla olub-bitən iş deyil... – deyir, - görünür, o cahil generalın əlindən Allah-Təalanın çox bəndələri əziyyət çəkib əməlindən də ahu -zar edirmiş...

27.06.2020


2661 oxunub

InvestAZ