XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020



Kəmaləddin Qafarov: Milli həmrəyliyi, vətəndaş məsuliyyətini ortaya qoymaq zamanıdır
SİYASƏT 09:37 / 29.06.2020

Ötən həftə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfəri, bir sıra açılış tədbirləri, əhali ilə keçirilən səmimi görüşləri və bu görüşlər zamanı verilən maraqlı tövsiyələr, tələblər və direktiv göstərişlərlə diqqət çəkdi.

Trend-in məlumatına görə, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kəmaləddin Qafarov deyib.

O bildirib ki, ölkəmizin başçısının və Birinci – vitse-prezidentin Gəncə, Mingəçevir və Samuxa səfərləri çox böyük siyasi, iqtisadi və sosial önəm daşıyır, fors-major şəraitində belə, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının prioritet xarakteri nəzərə çarpdırılır, yerlərdə ümumi vəziyyətin daim diqqətdə saxlanıldığı bir daha əyani şəkildə göstərilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə səfərdə olarkən "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak etmiş, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olmuşlar. Onlar burada "Şah Abbas” və "Uğurlu xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində də iştirak etmiş, Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Ölkəmizin Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncə səfəri zamanı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılış mərasimində iştirak etmişlər.

Prezident Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi, "Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olmuş, Mingəçevirdə "Azərbaycan” İstilik -Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak etmişdir.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakı təkcə ölkəmizdə deyil, yaxın və uzaq xaricdə də böyük maraq doğurdu. Bu açılış zamanı Prezidentimizin verdiyi mesajlar, təcavüzkara birbaşa xəbərdarlıq xalqımızın ürəyindən xəbər verdi.

Bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir. Hərbi gücümüz artır, beynəlxalq müstəvidə güclənirik, ölkə daxilində sabitlik hökm sürür, iqtisadi sahədə islahatlar aparılır, sosial problemlər tez bir zamanda həllini tapır, regionlarımız inkişaf edir. Bütün bunlar Azərbaycan dövlətinin bu çətin dövrdə belə, öz üzərinə düşən öhdəlikləri yerinə yetirirərək, hər zaman öz vətəndaşının yanında olduğunu sübut edir.

Millət vəkili bildirib ki, dövlətimizin başçısının son dövrdə ən çox diqqət yetirdiyi məqamlardan biri də koronavirusla bağlı karantin tədbirlərinə dönmədən əməl edilməsi çağırışıdır və mən də bununla bağlı mülahizələrimi bildirmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qapalı məkanlarda tibbi maskadan istifadə olunmasını, sosial məsafənin gözlənilməsini şəxsi nümunələrində göstərirlər və bu barədə dəfələrlə vətəndaşlara müraciətlər ediblər. Buna baxmayaraq, cəmiyyətdə hələ də laqeydlik və anlaşılması mümkünsüz olan bir məsuliyyətsizlik hiss olunur. Fikrimcə, ölkəmizdə koronavirusa yoluxma hallarının artdığı bir şəraitdə pandemiyanın yayılma sürətinin qarşısının alınması və əhalinin qorunması üçün sərtləşdirilmiş karantin rejiminin tələblərini yerinə yetirməyən, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməyən və sosial məsafə saxlamayan şəxslərə qarşı daha ciddi inzibati tədbirlər görülməli, bununla bağlı nəzərdə tutulan cərimələrin məbləği artırılmalıdır.

K.Qafarov deyib ki, pandemiyanın yayıldığı bir şəraitdə həm öz həyatına, həm də başqalarının həyatına qarşı laqeydlik ən böyük cinayətdir. Burada söhbət vətəndaşlarımızın çoxlu cərimə ödəməsindən getmir. Buna dövlətimizn qətiyyən ehtiyacı yoxdur. Söhbət cərimələrin artırılması yolu ilə bəzi vətəndaşların sosial məsuliyyətinin artırılmasından gedir. Bir sıra xarici ölkələrdə bu sahədə sərt cərimə sanksiyası tətbiq olunur. Məsələn, qonşu Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa körə cərimələrin məbləği 370-3000 lirə arası dəyişir. Almaniyada isə maska taxmamaq və karantin dövründə böyük qruplar halında toplaşmağa görə 150-25000 avro arası cərimə nəzərdə tutulub. Anoloji qanun pozmalarına görə Rusiyada cərimələr 15000-500000 rubl arası, Gürcüstanda isə 2000-10000 lari çərçivəsindədir.

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısı Gəncədəki çıxışında haqlı olaraq dedi ki, əgər mən Prezident kimi maskadan istifadə edirəmsə, vətəndaş niyə etməsin?! "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”-deyə, ölkə Prezidenti yenidən hər kəsə çağırış etdi.

Sərtləşdirilmiş karantin rejiminin tələbləri yerinə yetirilməli, qoruyucu tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Çünki bu gün pandemiyanın yayılması üçün son dərəcə "münbit” şərait var. İnsanlar əsasən yas mərasimlərində, müxtəlif yerlərdə sosial məsafə gözləmədən bir yerə toplaşır, tibbi maskalardan istifadə etmirlər.

K.Qafarov bildirib ki, bu gün ölkəmizin, insanlarımızın gələcək taleyi üçün milli həmrəyliyi, vətəndaş məsuliyyətini ortaya qoymaq zamanıdır. Bir daha vurğulayırıq ki, cərimələrin miqdarının artırılması heç də büdcəyə pul yığmaq deyil,-ölkəmizin buna qətiyyən ehtiyacı yoxdur- bu, sadəcə, bəzi insanları məsuliyətsizlikdən, özünün və başqalarını həyatını risqə atmaqdan çəkindirməkdir. Praqmatik düşünən, qayda-qanuna əməl edən insanlara isə bu sanksiyalar qətiyyən problem yaratmayacaqdır.



232 oxunub

InvestAZ