XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020



Hüseynbala MİRƏLƏMOV -75
Gündəm 11:46 / 25.06.2020

Yubilyarin portretindən ştrixlər

Halallığlı və dürüstlüyü uşaqlıq çağından ta bu günəcən özünə həyat tərzi bilən ictimai-siyasi xadim, yazıçı-dramaturq Hüseynbala Mirələmovun bu gün 75 yaşı tamam olur. Torpağa bağlı, halal çörəyini alnının təri, əlinin qabarı ilə qazanan atası Fazil kişi Hüseynbala 4 yaşında olarkən Lerik rayonunun axarlı-baxarlı Nuravud kəndindən Lənkəran şəhərinə köçmüşdür. Hüseynbala Mirələmovun uşaqlıq, ilk gənclik çağları və orta məktəb illəri Xəzərin zümrüd boyunbağısı sayılan Lənkəranda keçmişdir. Bədii ədəbiyyata böyük həvəsi vardı, mütaliə etməyi çox sevərdi. Hələ orta məktəbdə oxuyarkən ədəbi birliklərin işində fəal iştirak edərdi. Ən çox sevdiyi yazıçı Çingiz Aytmatov idi. O zaman dünyaşöhrətli qırğız yazıçı ilə gələcəkdə dost olacağını və ölməz söz sərkərdəsinin onun Qarabağ müharibəsindən bəhs edən "Xəcalət” povestini bəyənib və qırğız dilinə tərcümə olunmasını qırğız yazıçılarına tövsiyyə edəcəyini məktəbli Hüseynbala heç ağlına da gətirmirdi.

Hələ orta məktəbdə oxuduğu illərdə "Azərbaycan pioneri” qəzeti ilə sıx əməkdaşlıq edirdi. VII sinifdə oxuyarkən "Bir tikə çörək” adlı ilk hekayəsi Lənkəranda çıxan "Leninçi” qəzetində dərc olunmuşdu. Bir ildən sonra Çingiz Aytmatovun "Cəmilə” əsərindən təsirlənərək qələm aldığı "Gəlin” povestindən parçaları da oxucular maraqla qarşılamışdı. O vaxtlar istər rayon, istərsə də mərkəzi mətbuatda çap olunmağın çox önəmli fakt olduğunu nəzərə alsaq, Hüseynbala Mirələmovun ədəbi tərcümeyi-halındakı mövqeyini daha aydın şəkildə dərk etmək olar.

1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinifini gümüş medalla bitirən Hüseynbala Mirələmov elə həmin ildə ali məktəbi Leninqrad şəhərində oxumaq eşqi ilə Rusiyanın qədim paytaxtına yola düşdü. Amma ordan özünün dediyi kimi, "əliboş qayıtdı”. Bir il sonra Azərbaycan Politexnik İnstitutuna iki fəndən əla qiymət alaraq daxil oldu. Onu da qeyd edək ki, tələbəlik illərində H. Mirələmov "Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsində ədəbi işçi, sonra dabaş ədəbi işçi vəzifələrində çalışmışdır.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki ATU) mühəndis diplomu alır. Ali təhsilini başa vurduqdan sonra 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində Ordu sıralarında xidmət edir. Hərbi xidmətdən tərxis olunandan sonra - 1971-ildə Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 N-li Qaz Tikinti Quraşdırma İdarəsində iş ustası kimi əmək fəaliyyətinə başlamış, az sonra bu müəssisədə iş icraçısı, baş mühəndis, daha sonra uzun illər idarə rəisi vəzifələrində çalışmışdır.

1980-cı ildə onun əməyi yüksək qiymətləndirilmiş və o, keçmiş SSRİ-nin ən ali mükafatlarından biri olan "Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

H.Mirələmov 1986-cı ildə Azərbaycan Qaz Təmir Tikinti Trestinə rəisi, 1988-ci ildə isə Maye Qaz İstehsalat Birliyinin baş direktoru vəzifələrinə təyin edilmişdir. 1989-1992-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini və bir ildən artıq sədri (naziri) əvəz etmək kimi məsul vəzifələrə qədər yüksəlmişdir. Bacarıqlı və təcrübəli mütəxəssis kimi H. Mirələmovun Azərbaycanın qaz təsərüffatında əvəzsiz xidmətləri olmuşdur.

Amma XX əsrin doxsanıncı illərində ölkəmizdə baş verən ciddi hadisələr, siyasi qarşıdurmalar H.Mirələmovdan da yan keçmir. Bütün varlığı ilə xalqına, dövlətinə bağlı olan bu bacarıqlı istehsalat rəhbərini hakimiyyəti zəbt edən cəbhə - müsavat cütlüyü 1992-ci ildə vəzifəsindən azad edir və guya Xalq cəbhəsinə qarşı törətdiyi təxribata görə haqqında cinayət işi açılır. Bir ay davam edən istintaq heç bir sübut etmədiyindən cinayət işi rədd edilir.

1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan H.Mirələmov 1992-1996-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri Institutunda dərs deyir, pedaqoji fəaliyyəti ilə bərabər o laboratoriyaya rəhbərlik edir. Ali məktəblər üçün "İnşaat istilik fizikası” adlı dərsliyin həmmüəlliflərindən biri kimi məhsuldar elmi-tədqiqat işi ilə məşğul olur. Yüksək təşkilatçılıq və peşəkarlıq bacarığına malik olan H.Mirələmov 1996-cı ildə yenidən ölkənin Qaz Sənayesi sisteminə işə dəvət olunmuş, 1996- 1998-ci illərdə "Bakqaz” İstehsalat Birliyində rəis müavini, 1998-ci ildən başlayaraq 10 il müddətində Azərbaycan Qaz Emalı Zavodunda direktor vəzifəsində çalışmışdır.

Məhz H.Mirələmovun təşəbbüsü və rəhbərliyi ilə bu zavodda istehsal edilən məhsulun fiziki-kimyəvi tərkibini müəyyənləşdirən müasir avadanlığın alınması, müəssisənin Avropa standartlarına uyğun məhsul buraxılması imkanını yaratdı. Sonralar zavod mütəxəssislərinin qaz emalı qurğularının soyutma sistemində tətbiq etdikləri texnoloji yeniliklər sayəsində sıxılmış qaz və benzini - nafta istehsalını 25 faiz artırmaq mümkün oldu.

Artıq o, təcrübəli rəhbər kimi ölkənin hüdudlarından kənarda tanınırdı. Eyni zamanda görkəmli qazmühəndisi kimi tanınan H.Mirələmovun tədqiqat işləri rus dilində MDB məkanında geniş yayılmışdır. 1999-2007-ci illərdə Hüseynbala Mirələmovun MDB üzrə "ən yaxşı 100 direktor” müsabiqəsinin 8 dəfə qalibi olması da bu fikrimizi yetərincə təsdiqləyir. O, həm də "Əməkdə fərqlənməyə görə” Fransa Sənayeçilər Assosiasiyasının "Napaleon" Qızıl medalının laureatıdır.

2008-ci ildə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri seçilmişdir. 2010 -cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

2015-ci ildə Azərbaycan Respublikasının ən ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilən, bir neçə çağırış rayon və şəhər sovetinin deputatı olan H.Mirələmov xalqın etimadını qazanaraq 33 saylı Xətai birinci seçki dairəsindən üçüncü (2005), dördüncü (2010) və beşinci (2015) çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş, Azərbaycan nümayəndə heyətinin tərkibində dünyanın bir sıra dövlətlərində ölkəmizi ləyaqətlə təmsil etmişdir. Deputatlıq müddətində Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva , Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Eyni zamnda Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupuna rəhbərlik etmişdir.

"Azərbaycan Qaz Emalı Zavodunda qazın və qaz kondensatlarının kompleks emalının effektliliyinin yüksəldilməsi” mövzusunda namizədlik, "Neftmetal porfirinlərin kondensatları əsasında metalporfirinlərin alınması və onların neft-kimya proseslərində və təbii qazın emalında tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Texnika elimləri doktoru, professorudur. Alimin müəllifi və həmmüəllifi olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları” , "Neftin və qazın boru kəmərləri ilə nəqli”, "İnşaat istilik fizikası”, "Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları”, "Boru kəmərləri və konsturuksiyaların qaynağı” və digər elimi nəşrlər də hazırda ali məktəblərdə dərs və vəsaiti kimi istifadə olunan kitablardandır.

H.Mirələmov 2008-ci ildən Azərbaycan Neft Akademiyasında (hazırda Azərbaycan Neft və Sənaye Universiteti) "Neftin, qazın nəqli və saxlanması” kafedrasının müdiridir. Səkkiz il İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının sədri olmuşdur. 60-dan çox elmi və tədris-metodiki işin, onlarla bədii və publisistik kitabların, doqquz bədii televiziya filmininin ssenari müəllifidir.

Hüseynbala Mirələmov Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Beynəlxalq Mühəndislik, Rusiya Mədən Akademiyalarının həqiqi üzvüdür. Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin və Türkiyə Elim Və Ədəbiyyat Əsəri Sahipləri Məslək Birliyi (İLESAM) üzvüdür.

Azərbaycan Mühəndislik Akademiyasının təsis etdiyi jurnalın məsul katibidir.

Azərbaycanın və dünyanın aparıcı elmi jurnallarında dərc olunmuş yüzə yaxın elmi məqalənin, ali-texniki təhsil müəssisələri üçün yeddi dərs vasaiti və dərsliyin müəllifi olan H.Mirələmovun həm elm-əmək, həm də ədəbi yaradıcılıq sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Azərbaycanın və dünya ölkələrinin bir sıra nüfuzlu mükafatlarına layiq görülmüşdür. "Qızıl qələm", "Qızıl kəlmə” ,"Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza", "Yaddaş", "Uğur Zirvəsi", "İlin Yazıçısı" (2012-ci il), "A.H.Kosıgin", "Yuriy Dolqorukiy" "Akademik Həsən Əliyev", Akademik Yusif Məmmədəliyev" mükafatların laureatıdır. 2016-cı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə "Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı”na layiq görülüb. 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi (1918-1920)" yubiley medalı ilə təltif edilib.

Ədəbi prosesdə 60-cı illər nəslini təmsil edən Hüseynbala Mirələmovun yazıçı kimi ilk hekayələr kitabı – "Tənha durna uçuşu” 1986-cı ildə "Gənclik” nəşriyyatında işıq üzü görüb. Kitaba xalq yazıçısı Elçin "Dağıdır möhnəti, məlalı dağlar...” başılıqlı ön söz yazıb.

Sonra "Molodaya qvardiya” nəşriyyatının «Görkəmli adamların həyatı» seriyasında Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq yayılmışdır. Hüseynbala Mirələmov "hansı mövzuda yazırsa-yazsın, cəmiyyət miqyasında düşünən, həyat materialını cəlbedici ədəbiyyat mətninə çevirməyi bacaran, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə fərdiləşdirən sistemli bir yazıçıdır” (Akademik İsa Həbibbəyli)

Yazıçı-dramaturqun "Missiya”, "Güllələnmiş heykəllər”, "Durnalar qayıtdı”, "Son arzu”, "Tənha durna uçuşu”, "Simuzər”, "Qiblə”, "Gəlinlik paltarı”, "Bir gecənin sehri”, "Qırxıncı otaq”, "Cəza”, "Həyat eşqi”, "Gecə bənövşələri”, "Yanan qar”, "Qayada çiçək”, "Od və büt”, "Sonuncu fateh”, "Vəsiyyət”, "Yaddaş ağrısı”, "Qumru yumurtaları”, "Son səfər” "İki şah, iki sultan” roman - trilogiyası, və digər əsərləri təkcə ölkəmizdə deyil, respublikanın sərhədlərindən kənarda da böyük oxucu marağına səbəb olub. Yazıçının əsərləri və ssenariləri əsasında "Güllələnmiş heykəllər”, "Dəmir ağaci kimi”, "Son arzu”, "Durnalar qayıtdı”, "Simuzər”, "Yeni həyat”, "Tənha durna uçuşu”, adlı televiziya filmləri tamaşaçıların dərin rəğbətini qazanıb."Xəcalət”, "Vəsiyyət”, "Güllələnmiş heykəllərin fəryadı”, "Miras”, "Pənah xan Cavanşir”, "Ləyaqət”, "Gəncə qapıları” və sair tamaşaları teatrların səhnəsində anşlaqla oynanılır.

H.Mirələmovun ədəbi-bədii irsi bu gün çox böyük tirajla rus, ingilis, qırğız, gürcü, polyak, türk, fars və s. dillərdə nəşr olunaraq dünyanın bir çox ölkələrində geniş yayılır. Bütün bəşəriyyəti sülhə, dinc yaşamağa, dünyamızı qorumağa çağıran H.Mirələmov gənclik həvəsilə yazıb-yaradır, yazıçı-dramaturq, publisist, ictimai xadim kimi uğurla fəaliyyət göstərir. Onun haqqında yazanların əksəriyyəti belə bir fikirlə həmrəy olmuşlar ki, H.Mirələmovun qəhrəmanları səmimi, xeyirxah, sarsıldıqları məqamlarda belə həyata, insanlığa inamını itirməyən insanlardır, yazıçının özü isə həyat həqiqətlərinə sadiq, sözlə təbiətin və insanın daxili aləminin portretini məharətlə yaratmağı bacaran rəssam təxəyyüllü sənətkardır. H.Mirələmovun ədəbi-bədii irsi haqqında yazmış müəlliflər arasında xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, akademik Bəkir Nəbiyev, xalq yazıçısı Elçin, akademik Nizami Cəfərov, professor Nizaməddin Şəmsizadə, akademik İsa Həbibəyli, professor Vəkil Hacılı, fılologiya elmləri doktoru Aybəniz Kəngərli, professor Minaxanım Təkləli, professor Fərahim Sadıqov, məşhur tənqidçi Vaqif Yusifli, professor Nurlana Əliyeva, filologiya üzrə fəlsəfə doktorları Raqub Kərimov, Eyvaz Eminalıyev, professor İslam Qəribli, İntiqam Qasımzadə, Səyavuş Sarıxanlı, tanınmış şairlərdən İlyas Tapdıq, Əli Rza Xələfli, Qəşəm Nəcəfzadə, Ağacəfər Həsənli, Əli Mahmud, Əbülfət Mədətoğlu, yazıçı Nurəddin Ədiloğlu və başqaları var. Bu müəlliflərin məqalə, tədqiq və publisist yazılarında H.Mirələmovun bədii yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, bir yazıçı kimi özünəməxsusluğu, bədii dili, üslubu, əsərlərinin ideya-bədii keyfiyyətləri haqqında düzgün elmi qənaətlər,mülahizələr, polemik fıkirlər çoxdur. Məşhur ədəbiyyatşünas alimlərin ayrı-ayrı vaxtlarda yazdığı məqalələrdən gətirdiyim sitatlar onu göstərir ki, Hüseynbala Mirələmovun yaradıcılıq stixiyası birbaşa həyatın özündən gəlir.

Çağdaş tənqidçilərin fikrincə, H.Mirələmovun ədəbi yaradıcılığını zaman baxımından iki mərhələyə bölmək olar: 2000-ci ilə qədərki dövr və 2000-ci ildən sonrakı dövr. Yaradıcılığının birinci mərhələsində o, əsasən, hekayələr yazmışdır. 2000-ci ildən etibarən H.Mirələmov ədəbi yaradıçılıqla daha intensiv şəkildə məşğul olmağa başlamış, Azərbaycan Respublikasında və xarici ölkələrdə əllidən artıq kitabı çıxmış, yaradıcılığı haqqında silsilə məqalələr və kitablar yazılaraq nəşr olunmuşdur. Tədqiqatçıları onu Azərbaycan ədəbiyyatında Qarabağ dərdimizi və bu dərdin bədii obrazını bütövlükdə ədəbiyyata gətirən yazıçı kimi təqdim edir. Hüseynbala Mirələmov "Qarabağın yaralanmış çiçəyindən tutmuş və dünyanın böyük siyasi salonlarında gedən Qarabağ savaşına qədər olan dərdlərimizi böyük sənətkarlıqla qələmə alıb”. Onun bu mənada yaradıcılıq dünyası əbədi ictimaiyyətin və ədəbi tənqidin diqqətindən yayınmayıb.

Böyük Qırğız yazıçısı, dünya ədəbiyyatının karifeyi Çingiz Aytmatov son dəfə Bakıya gələndə Hüseynbala Mirələmovun "Xəcalət” pyesinin tamaşasına baxandan sonra televiziyaya müsahibəsində belə demişdir: "Hüseynbala ilə ruhən o qədər yaxınıq ki, bu tamaşaya baxanda elə bildim özüm yazmışam”

Müasir ədəbiyyatımızın istedadlı nümayəndələrindən biri kimi, bəşəri məzmunlu bədii əsərləri ilə insanları sülhə, əmin-amanlığa, qurub-yaratmağa səsləməklə yanaşı H.Mirələmov elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan Neft və sənaye Unuversitetində yüksək ixtisaslı gənc kadrların hazırlanmasında çox böyük işlər görür. Hər iki yolda qələm dostumuza böyük uğurlar diləyirik.

Əbülfət MƏDƏTOĞLU,

Əməkdar jurnalist, şair.

Nurəddin ƏDİLOĞLU,

yazıçı-publisist


1780 oxunub

InvestAZ