XƏBƏR LENTİ
25 May 2020
23 May 2020
22 May 2020



ZALIM DÜNYA QOCALMIR Kİ, QOCALMIR - İSMAYIL MƏRCANLI İMANZADƏNİN ŞEİRLƏRİ
Ədəbiyyat 12:22 / 22.05.2020

ZALIM DÜNYA QOCALMIR Kİ, QOCALMIR

Başa çəkib əzizləyir arsızı,

Ağlar qoyur talesizi, karsızı.

Baxışından hədə yağır, qan sızır -

Zalım dünya qocalmır ki, qocalmır!

Bilən-bilir, nə tərs, nə də avanddı,

Atdığı daş neçə qəlbi qanatdı.

Yol getsə də gah piyada, gah atlı -

Zalım dünya qocalmır ki, qocalmır!

Kim baş açdı fitnəsindən-felindən,

Çoxlarını dara çəkdi dilindən.

Əzəl gündən yanıqlıyıq əlindən -

Zalım dünya qocalmır ki, qocalmır!

Nə xoş üzün gördük, nə də savabın,

Hər sualın gizli saxlar cavabın.

Qaraltsa da hamımızın sabahın -

Zalım dünya qocalmır ki, qocalmır!

Vəfasızdı, - nə əhdi var, nə andı,

Verdiyini dartıb geri alandı.

İtlə-qurdla qiyamətə qalandı -

Zalım dünya qocalmır ki, qocalmır!

Doğma deyil, əzizləyək yurd kimi,

Tanınmayıb ərən kimi, mərd kimi.

Yaxamızdan asılsa da dərd kimi -

Zalım dünya qocalmır ki, qocalmır!


SANMAYIN YETƏN ÖLƏCƏK

Artsa əgər qiymət-qədir,

Biləcəyik sevgi nədir.

Torpaq bir dolu təhnədir,

Nə sünbül, nə dən öləcək.

Haqqın qatlanmaz dizi var,

Hər gecənin gündüzü var.

Taleyin min bir üzü var,

Kim bilir nədən öləcək?

Tanrının qadir əlləri

Qoruyacaq yenə yeri.

Ruhumuz qalacaq diri,

Ölsə də, bədən öləcək.

Dərd nə bir, nə də ikidir,

Həyat hər şeyin ilkidir.

Ölüm haqqı bizimkidir,

Əcəli yetən öləcək...

04.04.2020


GÖRƏN NƏ AXTARIRIQ

Kimsə saxlaya bilməz

Ötüb keçən anları.

Göylər əfv etmir yerin

Ritmini pozanları.

Bəxtin "xətti-imzası”

Alın yazısındadır.

"Niyə-nədən” sorğusu,

Əzəldə yox, sondadır...

Hər obanın, hər elin

Yaxşısı-pisi vardır.

Hamının ya tez, ya gec

Ölüm "növbəsi” vardır.

Naləsi ərşə qalxır

Sönən gur ocaqların.

Sirrindən kim bilir ki,

"Olub-olacaqlar”ın?..

Xislətindən halıyıq

Divin də, iblisin də.

Hələ çabalayırıq

Ümid közərtisində...

07.04.2020


NƏ GƏLİB Kİ...

Tüstüsü görünmür ha,

Deyəm bənzəyir oda.

Qovsam da gedən deyil,

Hələ dönməyib yada.

Kərəminə min şükür,

Rəngi qara olsa da –

Bəxtimə nə gəlib ki?!

Tükənməz sərvətimdir

Sevincim, ağrım-acım.

Min il "xərcləsəm” belə

Azalmaz ehtiyacım...

Heç olmayıb, olmasın

Mülküm, sarayım, tacım –

"Taxtıma” nə gəlib ki?!

Hər şerim xütbəm-duam,

Minbərdə azançımdır.

Nəfsim yox, halallığım

Ən böyük qazancımdır.

Boş keçməyən anlarım

Sirdaşım, dilmancımdır .

Vaxtı öldürmədim ha –

Vaxtıma nə gəlib ki?!

13.04.2020


LÖVHƏ

Bir anın hökmünə baxın,

Çalxalanır uzaq-yaxın.

Şimşəklər "oynaşır” dağın

Bulud "qaşının” üstündə.

Ayaq açır hər səs-hənir,

Daşlar da diksinib dinir.

Göylər əsib silkələnir

Yerin başının üstündə.

20.04.2020


BİZ NİYƏ BELƏYİK...

Zəmanə üzünü qəfil bozartdı,

İtdik zülmətində "bəhsə-bəhs”lərin.

"Mənəm-mənəm” deyən çoxalıb artdı,

Kündəsi küt getdi halal kəslərin.

Namus da, qeyrət də kəsərdən düşdü,

Tanıya bilmədik niyə pisləri?

Dinmədik... hoppanıb qabağa keçdi,

Sərvət düşkünləri, pul hərisləri.

Ağa qara dedik, qarayasa ağ,

"Dərs aldıq” alyanaq "manisə”lərdən.

Hönkürə-hönkürə qaldı Qarabağ,

Düşdü ovcumuza göz yaşı dən-dən.

Sırası seyrəldi mərd ərənlərin,

Torpaq həsrət qaldı alın tərinə.

Ucuz ad-sanıyla öyünənlərin

Züy tutub, əl çaldıq dediklərinə...

"Salam-sağollar”ın qalmadı dadı,

Aldanıb, güvəndik ağlı çaşlara. .

Xilaskar zənn edib hər gələn yadı,

Bükdük yalanları al qumaşlara.

Niyə əllərimiz üzüldü haqdan,

Xoş söz dildən düşdü, barmaq tətikdən.

Sönmüş ocaqlara baxıb uzaqdan,

Öpdük yad ellərdə əldən-ətəkdən...

Bizdəki "hünərə” mat qalıb yağı,

Nə yurd yada düşür, nə künc-bucaqlar.

"Əlborcu vermişik” - dedik torpağı,

Lazım nə vaxt gəlsə qaytaracaqlar...

21.04.2020


QOYMADILAR

Hər anım yarpaq tökümü,

Kəsdilər dibdən kökümü.

Öz əlimlə öz yükümü

Daşımağa qoymadılar.

Gördüm cəngi-savaşı da,

Qarşıma çıxdı naşı da.

Gücüm çatan bir daşı da,

Aşımağa qoymadılar.

Gah batırdılar səsimi,

Gah kəsdilər nəfəsimi.

Öldürdülər həvəsimi,

Yaşamağa qoymadılar.

23.04.2020


SÖZ

Hər misra da kiminsə

Xəttidir, ünvanıdır.

Həm eni, həm uzunu

Həm də qol-qanadıdır.

Çoxları yaxşı bilir,

Söz var ki, çox acıdır.

Nə qəlbin közərtisi,

Nə də könül tacıdır.

Bircə kəlmə xoş sözün

İtmir heç vədə dadı.

Göz qamaşdıran yalan,

Nə ismət, nə həyadı...

Kim deyib, yaxşı deyib,

Dilin yoxdur törpüsü.

Hünərin var adla-keç

Sözdür fikrin körpüsü...

Ürək əsib-titrəyər

Varlığını dansa söz.

Sabaha nə qalar ki,

Tapdanıb talansa söz?

24.04.2020


ÖZÜN DE ...

Üstələyib bəxtini qəm,

Ta dinə bilmirsən bu dəm.

Gözün yol çəkir, bilirəm –

Naxışı varmı bu yolun?

Qəlb qırmaq nadanın işi,

Dəyişən deyil vərdişi...

Xəyalında sərt enişi –

Yoxuşu varmı bu yolun?

Eşqin səni edib "dəli”,

Qalmısan boynu bükülü.

Özün de, sevgi müjdəli –

Yağışı varmı bu yolun?

31.03.2020


İLAHİ, AÇ QAPIMI

İlahi, aç qapımı,

Sənə deyəcəyim var.

Hər sirrimdən halısan,

Sözdən başqa nəyim var?

Bir azca en aşağı,

Boylanım dərgahına.

Deyim, necə dözürsən

Məzlumların ahına...

İlahi, indi Səndən

Mərhəmət umur hamı.

Qoyma qəddin dikəldə

"Güclü-gücsüz” əyyamı.

Şeytanla həmrəy olub

Nə vaxtdır ki, çoxları.

Səndən başqa kim bilər

Olub-olacaqları...

İlahi, bu dünyanı

Ya yerli-dibli uçur.

Ya da hökm et təzədən,

Saflaşaq puçur-puçur.

01.05.2020


OVÇU MƏMMƏD

Ovçu Məmməd, yadındamı o çağlar,

Dağa-daşa çiləyirdin gülləni.

İndi tənha mağaralar qan ağlar,

Boş yuvalar doluxsunub dillənir.

Yaşıl tala ceyran, cüyür soraqlı,

Yanma görüm tənhalığın oduna!

Yamaclarda turac, kəklik nə gəzir,

İndi necə ovçu deyim adına?

Niyə qıydın gözəlliyə, sən axı,,

Perik düşüb torağaylar örüşdən.

Sərçələrin görən nəymiş günahı,

Düzünü de, heç bezdinmi bu işdən?

Ovçu Məmməd, çıx dağların seyrinə,

Bulaq üstə nə fikrə get, nə ləngi.

Neçə günah yüklənibdi boynuna,

Çırpma görüm di, daşlara tüfəngi!..

08.02.1978


GEDƏK SÖZ DİRİLƏN YERƏ

(özümə dediyim ağı)

Hardan gəldin bu qapısı -

Bacası hörülən yerə?

Bir də düşməz haqq işığı

Məhəbbəti uralanıb,

Sevgisi dərilən yerə.

Burda sütunlar yıxılıb,

Halallıq küncə sıxılıb.

Bir bölük şeytan yığılıb,

Tanrı öldürülən yerə.

Gördüyün daş-divar da yad,

Ot bitməyən yerdə nə dad?

Yaxın düşə bilərmi od,

Ocaq söndürülən yerə?

Yetişmədin diləklərə,

Səsin çatmır mələklərə.

Gəl, qoşulub küləklərə

Gedək söz dirilən yerə...


ELEGİYA

(Həyatdan nakamz getmiş bir qıza)

Qaldı uzaqlarda sevdalı çağlar,
Qəfildən tuş gəldin əsən yellərə.
Buludlar kişnədi, titrədi dağlar,
Qarışdın yaz ağzı axan sellərə.

Titrək əllərindən yapışdı ölüm,
Geriyə baxmadan baş alıb getdin.
Ən yaxın həmdəmin mən idim, gülüm,
Bəs niyə sulara qoşulub getdin?

Sahilə boylandı yaşıl təpələr,
Bir vüsal nə mənim, nə sənin oldu.
Siyah saçlarından öpdü ləpələr,
Köpüklü dalğalar kəfənin oldu.


ŞƏLALƏ

Dərələrə sığışmayır harayı,

Tunc sinəli sərt qayalar "sarayı”.

Gah günəşi sehrləyir, gah ayı -

Bu gözəli saçlarından kim asıb?

Dağ döşündə düşüb qalan aynadır,

Sal daşları elə bil ki, qaynadır.

Ovcundakı damlaları oynadır -

Bu gözəli saçlarından kim asıb?

O, dağlarda bir gözəllik allahı,

Qəlb sızladan nə dərdi var, nə ahı.

Bilən varmı axı, nədir günahı -

Bu gözəli saçlarından kim asıb?

Şırıltısı havalanan xoş səsi,

Möcüzədir bu ilahi töhfəsi.

Qorxudanmı avazıyıb çöhrəsi -

Bu gözəli saçlarından kim asıb?

Nə nərgizə, nə laləyə dönübdü,

Kim deyir ki, piyaləyə dönübdü?

Sızlayanda şəlaləyə dönübdü -

Bu gözəli saçlarından kim asıb?..


GЕDİRSƏN…

Durmuşаm bir еşqin yоl аyrıcındа,

Gеdirsən…nə dеyib sахlаyım səni?

Əzəlki istəyə, əzəlki аndа

Nеcə bənd еləyim, bаğlаyım səni?

Gеdirsən…həsrətin sinəmi sıхır,

Аrхаncа yüyürən ürəyimdimi?

Gеdirsən…gözlərim dаlıncа qаçır,

Qаtаrа gеcikən sərnişin kimi…

27.03.1973


QOY, BAXIM ŞƏKLİNƏ

İzin ver, bircə yol təbəssümümü,

Dilsiz baxışımla yaxım şəklinə.

Gözlərin ləkəsiz ayna kimidir,

Qoy, ordan boylanıb baxım şəklinə.

Adını çəkəndə sızlayır dilim,

Şirin arzularım puç oldu, gülüm.

Sənə çatmasa da hardasa əlim,

Səslə, keşik çəksin yuxum şəklinə.


BАХIŞLАRIM

Gözlərimdən-gözlərinə

cığır sаlıb bахışlаrım.

Qаşlаrındа düyümlənib,

fikrə dаlıb bахışlаrım.

Sоyuqluğun gecə-gündüz

ovxalayıb sıхır məni.

Gözlərində üşüyürəm,

ürəyinə çаğır məni.

1966

MİNGƏÇEVİR ŞƏHƏRİ


438 oxunub

InvestAZ