XƏBƏR LENTİ
01 Oktyabr 2020
30 Sentyabr 2020



Könüllülük gənclər üçün təcrübə məktəbidir - Gülmirə Məmmədova yazır
MƏMLƏKƏT 17:51 / 21.05.2020

Ötən il ölkəmizin tarixində "Nəsimi ili” kimi yadda qaldı. Azərbaycanın müxtəlif məkanlarında gənc könüllülərin iştirakı ilə 650 min ağacın əkilməsi ilə başa çatan "Nəsimi ili”ndən sonra dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan olunması xalqın mənəvi dünyasının ən dərin qatlarından gələn düşüncə xəzinəsini, ali dəyərləri gənc nəslillərə ötürməklə yanaşı, onların potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Könüllülük gənclərə bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanışlıq şansı verir və bu yolla onların əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yaradır. Eyni zamanda könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətləri formalaşdırır. Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. İnsan hər bir yaşında, ömrünün bütün anlarında könüllü ola bilər.

Əlbəttə, könüllülük hərəkatının əsas hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə nəsə bir fayda vermək istəyi ilə yaşayan Azərbaycan gəncləridir. Belə ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş könüllülük hərakatı ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.

Hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır. Gənclərin hərtərəfli inkişafı ilk növbədə ölkənin sosial - iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır.

Pandemiya dövrünün ən vacib elementinə çevrilən könüllülərin fəaliyyəti sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə göstərdi. Bir daha şahidi olduq ki, könüllülər hərəkatı koronavirusla mübarizədə həkimlərlə, polislərlə, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə duraraq, cəmiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi gənc nəsil üçün böyük bir təcrübə məktəbi oldu. Bəli, fəxrlə demək olar ki, Azərbaycan pandemiya ilə mübarizədə olduğu kimi bu çətin sınaq dövündə - virusla savaşda könüllülərin iştirakı ilə bağlı öncül təcrübəsi də dünyada nümunə sayıla bilər.

Könüllülük özünü başqaları üçün gərəkli hiss etmək duyğusudur. Məşğul olduğun, könül verdiyin işə qəlbinin sevgisini qatmaqdır. Öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu gün ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva məşğul olduğu bütün işlərə hansısa vəzifə öhdəliyi kimi yox, könül işi kimi yanaşır, ona qəlbinin sevgisini qoyur, məhz bu səbəbdən onun adı olan bütün işlər böyük uğur qazanır, sadə insanlarda rəğbət doğurur. Mehriban xanımdan örnək alaraq yaşımızdan, vəzifəmizdən asılı olmayaraq biz hamımız cəmiyyətimizə, bu günümüzə və gələcəyimizə bacardığımız qədər fayda verməyi könül işi bilməliyik.

Gəlin, hər zaman xeyirxah işlər görərək könlümüzü saflığını qoruyaq ki, gələcəyimiz işıqlı, əməllərimiz nurlu olsun.

Gülmirə Məmmədova,

Nəsimi rayonunda, 46 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi.


4759 oxunub

InvestAZ