XƏBƏR LENTİ
25 May 2020
23 May 2020
22 May 2020



“YENİ SƏS”DƏ İLK DƏFƏ…
Ədəbiyyat 09:17 / 22.05.2020


Mən şair deyiləm, amma qəlbimi şumlayan elə dərdlər var ki, onları dilə gətirəndə nəzm kimi alınır. Tələbəlik illəri bir neçə mənzum yazım dövrü mətbuatda ("Azərbaycan gəncləri”, "Çağırış”) qəzetlərində dərc olunub. AzərNUR imzasıyla yazdığım o şeirlərdən bir neçəsini seçib tərəddüd etsəm də şair dostum Əbülfət Mədətoğluna yolladım. Münasib bilsə "Yeni səs”in izləyicilərinə təqdim edər.

"Mən şair deyiləm...”

Kim açıb, açılan bu nə bazardı,

Kim qaldı, kim aldı, satdı, nə bilim?

Hamının canına düşən azardı,

Addı, mükafatdı, zaddı, nə bilim?

Mən şair deyiləm, atam-qardaşım.

(Məmməd İsmayıl)

***

Mənə seçkidən yox sevgidən danış!

Seçilən də tanış, seçən də tanış…

Qurbansız bayramın ləzzəti olmaz,

Yerin cənnət olsun, ay çoban Xanış!..

***

Ən gözəl bayramdı SEVGİ bayramı,

Sevgi bayramının qurbanı olmur.

Sevginin MANDATI sevən ürəkdir.

Sevənin qocası cavanı olmur...

Mənə seçkidən yox, sevgidən danış!

***

Elə sevgidən ki, kefim çağ olsun,

Elə sevgidən ki, canım sağ olsun.

Şuşam azad osun, üzüm ağ olsun!

Elimdən-obamdan dərd uzaq olsun!

Mənə seçkidən yox sevgidən danış!

***

Nə çoxmuş cahanda neft Məcnunları,

Yaddı Leylilərə eşq qanunları.

Gör necə qudurub PUL Harunları.

PUL edib NƏFSİNƏ QUL harınları.

Mənə seçkidən yox, sevgidən danış!

***

Mən şair deyiləm, dədəm balası,

YALANLA talanır HAQQIN talası..

Sevgidir ruhumun qəsri, qalası,

Mənə seçkidən yox, sevgidən danış!

Vətənə, xalqıma sevgidən danış!

10.02.2020.

Koronavirus

Bəlkə təbiətin acığı tutub,

yayır bu bəla dünyaya mehlə?!

Göydən damcı-damcı yerə ələyir

o "tacllı” kabusu dumanla, şehlə?!

***

Allahı köməyə çağırır ellər

Bu sabah xəyala dalıbdı Xəzər

Adamsız darıxır qumlu sahillər.

Kədərli görünür yaşıl ağaclar,

Ətrini içinə çəkibdi güllər.

***

Bomboş salonlarda susub kürsülər,

Daha əl çalmaqdan uzaqdı əllər,

Virisun hayına qalıb natiqlər

Tərif söyləməkdən azaddı dillər.

***

Hökmüdar önündə əyilmir başlar,

Dikəlir ikiqat əyilmiş bellər.

Şeytanlar gizlincə bir oyun başlar,

Bitməz yer üzündə fitnə-fellər...

***

Qurulub dünyanın qara çadırı,

Əsir dörd cəhətdən ölümcül yellər.

Kabusun "əlindən” qurtulsun deyə

Allahı köməyə çağırır ellər...

24.03.2020.

Ölüm maskaradı...

İndi nə dua, nə qarğış

Nə nəzir demək vaxtıdır.

Dünya susmalıdır artıq

Allaha kömək vaxtıdır.

(V.Səmədoğlu)

***

Əlləri əlcəkli, üzü maskalı...

Qılaflı adamla dolub bu dünya.

Bürünüb "korona” qiyafəsinə,

Ölüm maskaradl qurub bu dünya.

***

Ünlü karnavallar qadağan olub,

Təxirə salınır ralli idmanı.

Şərqdə alov sacan silahlar susub,

Qərbə yürüş edib ÖLÜM karvanı...

***

Siyasi dəllalar dəbdədi yenə

Dönüblər yalandan " SÜLH” səfirinə

Hələ hucum edir, geri çəkilmir,

"Taclı” öz "turuna”, öz "səfərinə”...

***

Dünayanın YENİdən düzənləməkçün,

Bəlkə icad edib masonlar onu?!

Azan sədasına sığınır CAHAN,

Dərkdən kənar dərkdi BƏŞƏRİN sonu...

***

Adamlar Allaha aparır pənah,

Odur yerin-göyün, EŞQİN məhvəri,

Ölüm maskaradı yetişər sona

Dünya bayram edər bu ŞAD xəbəri....

01.04.2020

"Evdə qal..”

Ağaclar gül açır, quşlarsa qanad,

Ana Təbiətin yaşıl qoynunda,

Adamlar qalsa da öz evlərində,

"Oynaylar" dünyanın "gizli" oynunda.

***

Uduzan yenə də uduzmağında,

Qazanan yenə də qazanmaqdadı.

Bu "oyun” bənzəyir qumar oynuna,

"Taclı” xaç yürüşütək uzanmaqdadı.

***

Kim deyir dünyanın qürub çağıdı.

Hələ Ərşə çatır sübhün azanı.

Bəşər geyinsə də QORXU donunu,

Bəndə poza bilməz Allah yazanı.

29.04.2020.

Salam olsun evdə qalan dostlara!

Azalsa da "korona”nın təsiri,

Uzaq salıb Azərnurdan Nəsiri,

Hər kəs olub karantinin "əsiri”,

Yasaqlanıb küçə, dalan dostalara

Salam olsun, evdə qalan dostlara!

***

Bu bəladan uzaq olsun, dost-tanış,

"Evdə qal”an, "sağlam ol”ar, düz danış,

Fayda verməz adamlara aldanış,

Nağıl gələr bu ağ yalan dostlara,

Salam olsun, evdə qalan dostlara!

***

Dünya bezib karonanın əlindən,

Giley yağır hər bir kəsin dilindən,

Əzab verir fələk fitnə - felindən

Yurdum kimi bağrı talan dostlara

Salam olsun, evdə qalan dostlara!

***

Məclisləri bəzərdi söz bazarı,

Reklam edib neçə şair, yazarı,

Tanrım qıymaz başsız "taclı” azarı,

Parası az, dərdi kalan dostlara.

Salam olsun evdə qalan dostlara!

***

Ortalıqdan qaldırın bu postları,

Məclislərdə görək əziz dostları,

Gəlin deyək sağlıqları, tostları

Dostlarından dəvət alan dostlara,

Salam olsun evdə qalan dostlara!

02.05 2020.

BU DƏRDİ KİM GƏTİRiBDİ VƏTƏNƏ?

(Arif Fərzəlinin "Bu söyüdü kim gətirdi bu bağa” şeirinə bənzətmə)

Ağlar günə qoydular bu milləti,

bu dərdi kim gətiribdi vətənə?

Allah qıymaz bəndəyə bu zilləti,

bu dərdi kim gətiribdi vətənə?

***

Xoş ümidlə yaşadıq bu vətəndə,

Yurd sevgisi daşıdıq bu vətəndə,

Özümüzə oxşadıq bu vətəndə,

bu dərdi kim gətiribdi vətənə?

***

Göz yaşardır, sinə deşir dərdimiz,

Gündən-günə dəbdən düşür dərdimiz,

Noğul kimi "şirinləşir...” dərdimiz,

bu dərdi kim gətiribdi vətənə?

***

Mat qalmışıq başda duran heyyətə,

Ortaq olub şeytanla bir niyyətə,

Məmurları zülm eyləyir rəyyətə,

bu dərdi kim gətiribdi vətənə?

***

İçimizdə tüstülənir arzumuz,

Düşmənlərə qismət olur ruzumuz,

Gözün tutsun çörəyimiz - duzmuz,

Bu dərdi kim gətiribdi VƏTƏNƏ…

01.06.2015

ELEGİYA

Dərd gəmirir ömrün-günün çoxunu,

Qəm kotanı şırım açır könlümdə.

Şər qüvəllər fırladır yer oxunu

Artır hər gün qan – qada da, ölüm də...

***

Oğruları sərvət yığır bəhsə bəhs,

Doğruların əvvəl-axır işi nəhs.

Kəcrəftarın işi-gücü kəsha-kəs.

Qayçılanır günüm, ayım, ilim də!

***

Məğlub olur FƏRsizlərə FƏRDimiz,

Əsir düşür nəmərdlərə MƏRDimiz,

Serial tək tükənməyir DƏRDimiz,

Baş roldadı zalımlar hər bölümdə...

***

Dilim gəlmir qarğış edəm fələyə,

Fələk oğlu, özü düşüb tələyə.

Millət uyub kələkbaza, kələyə

Haqqın şamı söndürülür külümdə...

***

YARADANIN bəndəsiylə nə qəsdi?

Yol - yolağı yağı tutdu, dost kəsdi,

Həyatıma hicran yeli tez əsdi...

Erkən soldu bağ-baxçamda gülüm də.

***

Alovlandı neçə OCAQ közümdən

Haqqı dedim, incidilər sözümdən,

Belə getsə, gedəcəyəm özümdən,

AĞI bitir qələmimdə, dilimdə...

***

Pisə necə yaxşı deyim yalandan,

Adam bezir yalanla can alandan,

Azərnuram, QARABAĞSİZ qalandan,

Qərib kimi dolaşıram elimdə...

07.12.2016

RUH

Gecənin bir vədəsi

Yuxuma gəldin qonaq.

Tutdun sorğu-suala

Eylədin məni sınaq.

B bb***

Dedim, səbr elə bir döz,

etibardan saldın söz,

ürəyim oldu köz-köz

Gözündən yağdı qınaq.

***

Susdum günahkar kimi,

ruhun oldu qar kimi

Dinmədim lal-kar kimi,

Başımda sındı "çanaq”

07.05.2020

Sondeyiş

Zamanın tarlasında

Ay-ay, il-il biçildim,

Böyük görüb böyüdüm,

Uşaq görcək kiçildim.

***

Yollara yolçu oldum,

Yolçuya yoldaş oldum,

Yoldaşlar arasında

Körpü olub keçildim.

***

Odda-ocaqda bişdim

Sözün sehrinə düşdüm,

, Çeşmə kimi çağladım,

Bulaq olub içildim.

***

Oturdum söz taxtıma,

Bu taxt düşdü baxtma,

Əmim verən adımla

Ad içində seçildim.

19.04.2020

AzərNUR



2865 oxunub

InvestAZ