XƏBƏR LENTİ
01 Oktyabr 2020
30 Sentyabr 2020



Seyid baba - Zamiq ABDULLAYEVDƏN hekayə
Ədəbiyyat 09:30 / 22.05.2020

(hekayə)

Kolxozun həyətində sakitlik idi. Ferma müdiri Rəhman yanacaq doldurma məntəqəsinin qaşısında dayanıb üzü "Nazimin pivnoyuna” tərəf bağıra-bağıra Cəfəri çağırırdı: Ayə, gödənüvə şiş batsın, az iç dana o pivəni. Cəhənnəm ol gəl, sədr gözləyir. Cəfər qarnını sığallaya-sığallaya "Nazimin pivnoyu” kimi tanınan kolxoz yeməkxanasından çıxdı. Ağzını doldurub Rəhmanın payını vermək istəyirdi ki, kolxoz binasının qarşısında dayanmış sədrlə, aqronom İsməti gördü, özünü düzəldib səsinə yazıqlıq qatdı: Ayə, qağamın goru, bu gün dilimə bir qismət çörək dəyməyib, nə pivəsi, iş vaxtı içki olar?

Sədrlə İsmət bir-birinə baxıb gülümsədilər. İri, cantaraq adam olan sədr mənalı-mənalı başını buladı…

Rəhmanın al qırmızı "Moskviç”i kolxozun darvazasından çıxanda sədr qayğılı baxışlarını Rəhmana tərəf çevirib:

– Sən böyük səhv eləmisən, çox böyük. İndiyə qədər bu rayonda bir adam Seyidin xətrinə dəyməyib. İmkan düşən kimi üzr istə, könlünü al – dedi.

-Yoldaş sədr, incimə sən Allah, üzr zad istəyən deyiləm. Seyid olanda nolar? Seyiddi deyə boynumuza minməlidi? AZXİ-də (Azərbaycan Kənd Təsərrüfatı İnstitutu – indiki ADAU) "Elmi Kommunizm” müəllimiz vardı. Bu seyidlərin fırıldaqlarından elə şeylər danışırdı ki. hi-hi… öhö, öhö,öhöö – gülmək istədi, öskürək imkan vermədi – deyirdi ki, bunların heç Allahına, peyğəmbərinə inanmaq olmaz, onda qala seyidləri ola…

İsmət Rəhmanın sözünü kəsdi:

-Sən hər şeyi bir yana qoy. Seyid yaxşı insandır, təmiz adamdır. İndiyəcən camaata ancaq yaxşılığı dəyib. Dayan e, belə inanmayan adamsansa o günlərdə oğlunu niyə aparmışdın qapısına? Bəh-bəhlə də danışırdın ki, bu gün ziyilə tüpürdü, sabah gördük ziyildən əsər-əlamət yoxdur.

-Ayə, İsmət, sən dünənki uşaqsan, mənə adam tanıdassan?

Sədr müdaxilə elədi: – Yaxşıdı ya pisdi özü bilər. Sən gərək söyüş söyməyəydin. Ağsaqqal adamdı. Ayıbdır! Bir də elə qələt eləmə!

Seyid kolxozun ot briqadiriydi. Əslən başqa rayondan olsa da, lap gənc vaxtlarında köçüb burada məskunlaşmış, ev-eşik, ailə-uşaq sahibi olmuşdu. Deyilənə görə ağır seyid nəslindən idi. Həyətinə, evinə ilan girən olanda Seyidin üstünə qaçırdı. O həyət, o ev olmazdı ki, ordan ilan çıxartmasın. Dodağının altında nəsə bir dua oxuyur, ölçüsündən, növündən asılı olmayaraq istənilən ilan gəlib girirdi əlindəki torbaya. Bundan başqa yarası, xorası olan qaçırdı Seyidin üstünə. Kişinin tüpürcəyi əməlli-başlı məlhəm idi. Hamı hörmətini saxlayır, çoxu cəddindən qorxur, qəzəbinə gəlməkdən çəkinirdi. Çox adam heç əsl adını bilmirdi, eləcə hamı kimi Seyid baba deyirdi.

Maşın kolxozun otlaq sahələrinin arasıyla taxıl zəmilərinə doğru şütüyürdü. Torpaq yolda sürətlə getdiyindən maşının arxasında uzanan toz dumanını bir neçə kilometrdən görmək olardı. Göz işlədikcə uzanan, yarı yaşıl, yarı saralmış, göz oxşayan buğda, arpa zəmiləri xəfif mehdən dalğalandıqca insanın ruhuna rahatlıq gətirirdi. Qılçıqlı sünbüllərdə görünən iri dənli buğdalar bu il məhsulun bol olacağından xəbər verirdi.

Rəhman maşını saxladı. Düşdülər. Doğrudan da üç-dörd hektara yaxın taxıl tələf olmuşdu. Elə Rəhmanla Seyidin mübahisəsininsəbəbi bu bir neçə hektar taxılın tələf olması idi. Dünən günorta Seyid nahardan qayıdanda görüb ki, kolxoz fermasının malları döşənib taxılın canına. Çobanlar da aralıda öz keflərində, "vinzavod”dan vurub ley-pey düşüblər. Mal-qaranı birtəhər sahədən çıxarıb yol alıb birbaşa fermaya. Rəhmanı işləyə bilməməkdə, çobanlarına gücü çatmamaqda, söz keçirə bilməməkdə günahlandırıb. Rəhman da dişinin dibindən çıxanı qaytarıb buna. Bu azmış kimi biədəb-biədəb söyüşlər də söyüb. Seyid də gecə sədrə ismarış göndərib ki, gəlsin özü baxsın tələf olmuş sahəyə, sabah deməsin ki, məhsul niyə azdır.

Seyid uzaqda, qaraağacın kölgəsində dayanıb onlara baxırdı. Boyu hündür olmasa da pəhləvan cüssəliydi. Çomağını çənəsinə söykəmişdi. Qürurlu, qəzəbli, bir az da gərgin, qayğılı duruşu vardı.

-Yaxşı, gedək yanına, kişinin könlünü alaq – deyib, sədr maşına tərəf yeridi. Oturdular. Rəhman maşını işə saldı. Elə bu an oturacaqların ətrafından, ayaqaltından onlarla ilan çııxıb dikəldi. Dərisi xalı kimi naxışlı, boz, zəhmli gürzələrdüz gözlərinin içinə, üzlərinə qəzəblə fısıldayırdı. İlanların fısıltısı mühərrikin səsini batırmışdı. Belə anlarda zaman məhfumu itir. Dəhşətli qorxunun təsirindən beyinin, bütün bədən əzalarının, hətta ürəyin belə fəaliyyəti dayanır sanki, insan bədəni ölüm anındakı kimi bir sükunətə düşür. Bu fısıltılı dəhşətin nə qədər sürdüyünü bilmədilər. İsmətin oturduğu tərəfdən, maşının arxa qapısını kimsə çöldən açdı. Seyid idi, qapını açıb maşının yanında dayanmışdı. İlanlar heç nə olmamış kimi fısıldaya-fısıldaya, bir-birinə dolaşa-dolaşa maşından çıxır, sürünüb Seyidin tozlu çəkmələrinin arasından keçib gedirdilər.

Özlərinə gəldikdən sonra maşından düşdülər. Rəhman yerə yıxılıb Seyidin ayaqlarından yapışdı.

-Atam, anam sa qurvan. Balalarım sa qurvan. Keş günahımnan. Bir poxdu yemişəm, dədəmnən-ciyimnən.

Rəngləri ağarmış, nitqləri tutulmuş sədrlə, İsmət donub qalmışdılar. Seyid əlindəki çomaqla Rəhmanı ayaqlarından kənara itələyib küskün, qəzəbli səslə dedi:

-Sən bu sahədən sağ çıxmamalıydın. Bəxtin gətirdi ki, İsmət yanında oldu. Hamı bilir ki, İsmətin xətrini bircə oğlumdan da çox istəyirəm. Cavandı, uşaqları körpədi. Sədrin də bir günahı yox idi. Ona görə, siz burda dayanandan babalarımı köməyə çağırıb, cəddim peyğəmbərə dua edirdim ki, bir peşmançılıq olmasın. Sən indi bu yanındakı kişilərə görə salamat qaldın, əmbə bir də ölən gününə qədər ayağın buralara dəyməsin. O ilanlar səni unutmayacaqlar. Mən bağışlasam da onlar bağışlamayacaq…

Bu hadisədən on il keçmişdi. Bu on ilə azadlıq mübarizəsi, Sovetlərin dağılması, Qarabağ savaşı kimi elə böyük hadisələr sığmışdı ki, deyərdin yüz il keçib. Üç il əvvəl Seyyid baba vəfat etmiş, ötən il kolxozlar ləğv edilmiş, kolxozun əmlakı, torpaqları kolxozçular arasında bölünmüşdü…

Bu səhər isə İsmət nagahan bir xəbərlə durmuşdu yuxudan. Kiçik oğlu məktəbə gedəndə yolda eşitdiyi xəbərlə geri qayıtmış, həyacanla atasına çatdırmışdı.

"Sənin iş yoldaşın Rəhman əmi vardı ha, bu səhər tezdən pay torpağına su açmağa gedibmiş, ilan vurub öldürüb. Oğlu deyirmiş ki, yekə gürzəydi, əjdaha boyda”.

Bu düşüncələr içində dəfnə gedən İsmətin yadına axşam televizorda danışan alimin sözü düşdü: "Həyatda elə bir qapı yoxdur ki, elm onu aça bilməsin, elə bir sirr yoxdur ki, elm onun qarşısında aciz qalsın”. Gülümsədi. Bir anlıq elə hiss etdi ki, Seyid baba da hardansa gülümsəyərək ona baxır . Əti ürpəşdi.



2807 oxunub

InvestAZ