XƏBƏR LENTİ
01 Oktyabr 2020
30 Sentyabr 2020



“BU OBADAN OLUB NEÇƏ LƏLƏMİZ...” - BARAT VÜSAL yazır
Ədəbiyyat 09:00 / 22.05.2020

Bu qoca ovçuydu, bir vaxt meşədən

Dönərdi evinə xallı əliklə.

Baxıram, dünyanın işinə bax, sən,

Qayıdır indi də bir cüt çəliklə.

Yolunu gözlərddi evdə bir maral,

Deyərdin, yer-goy də bu gözəlindir.

Qaş qara, göz qaynar, yanaqlar da al,

Gördüyün bu qarı həmin gəlindir.

Dərin mənalı, fəlsəfi məzmunlu bu poetik nüminə şair Ələddin İncəliyə məxsusdur.Yazıldığı vaxtdan -1973-cü ildən yaddaşımdadır. Onda mən təyinatla Sabirabad rayonuna müəllim işləməyə gedirdim.

Yolumu Qazaxda redaksiyadan saldım ki, ustadla sağollaşım.

Mənə bir silsilə təzə yazdığı səkkizlikləri oxudu. O qədər xoşuma gəldi ki, məcbur oldum, bəzilərini yazıb götürdüm.

İşlədiyim kənddən ona məktub yazdım, bir neçə şeir də göndərdim. Az keçmədən cavab da aldım. Ustad mənə uğurlu yol yazmış, həmin şeirləri öz işlədiyi qəzetdə çap etdirmişdi. Şeirlərimdən biri belə adlanırdı: "Hara aparırsan ay ürək, məni?”

O, uğurlu yola belə bir başlıq seçmişdi:"Poeziyaya doğru”. Yəni demək istəmişdi ki, mən bilirəm, ürəyin səni hara aparır...

Ələddin İncəli sənət yollarında məndən qabaq Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Müzəffər Şükür Məchul, Səyavuş Sərxanlı və onlarca istedadlı gənclərə qayğı göstərmiş, uğurlar diləmişdi.

Mənə yazdığı məktubda "Bu obadan olub neçə Lələmiz” deyən şairin özü də ustad idi-Lələ idi!

Ustadın bu ilin mayında tamam olan 90 illik yubileyinə ən yaxşı hədiyyə məncə qədir bilən yetirmələrinin xatirələri, ürək sözləri ola bilər, deyə düşündüm.

Və əslində insanların öz işığı sönəndə xatirələrinin işığı yanır.

Məmməd İsmayıl :

Mənim sonralar qazandığım az-çox uğurlarda sənin də payın var Ələddin müəllim.Sənin təmənnasız yaxşılığını... bu həqiqəti mən gec də olsa söyləməliyəm.

...Yadındamı, Ağstafadakı "Qalibiyyət bayrağı” redaksiyası. Biz ilk tanış olan zaman sən o qəzetdə baş redaktorun müavini idin. Şair kimi şeirlərin dillərə düşmüşdü:

Yanı gah balalı, gah təkəlidir,

Qorxaqdır, ürkəkdir, səksəkəlidir.

Gözəllik özü də təhlükəlidir,

Odur ki, tez tapır bəla ceyranı.

Bu misralar Səməd Vurğunun məşhur "Ceyran” şerindən çox sonra yazılsa da, sən o şeirin təsirindən çıxıb eyni mövzuda yeni, əvəzsiz bir əsər ortaya qoymuşdun...

Redaksiya nəzdində "Ədəbiyyat dərnəyi” təşkil etmişdin. O dərnəyə Şəmkirdən, Qazaxdan, Ağstafadan gənc şairlər axışıb gəlirdi. Onların arasında Tovuzun Əsrik-Cırdaxan kəndindən yetim, kimsəsiz bir oğlan da vardı. O yetim oğlanın özü və sözü haqda ilahi vəhlə yazdığın ilk yazı yadına gəlirmi, Ələddin müəllim?Əlin uğurlu olacaqdı...

...Bütün çabalarına baxmayaraq elçiləri "yox” cavabı ilə üstünə qayıdan o yetim oğlanın arzusu gözündə qalacaqdı.

...Sənə müraciətlə yazılmış şeir Tanrı məqamında həm də sənin şeirindir:

Ay şair Ələddin, şair dostunun

Açılmır qabağı-qaşı bir ildir.

Olub məhəbbətdən illər xəstəsi,

Ayılmır sevdadan başı bir ildir.

...O atdı özünü varın qoynuna,

Bahar günlərindən qarın qoynuna.

Mən həsrət çəkirəm yarın qoynuna,

Orda ləzzət çəkir naşı bir ildir.

...Ay Məmməd ,haqlayar səni subaylıq,

İslanar, quruyar verdiyi yaylıq.

Onun körpəsinin yaşı üç aylıq,

Mənim həsrətimin yaşı bir ildir.

...Bir şaxtalı qış günündə Bakıdan Ağstafaya şairlər gəlmişdi.Gədəbəyə oxucularla görüşə gedəcəklərdi. Yerli şairlərdən birini də özləri ilə görüşə aparmaq istəyirdilər.

Adamı donduran qış soyuğunda Gədəbəyə gedəcək əyin-başım yoxdu.Əynindəki təzə paltonu çıxarıb o yetim oğlana geyindirəcəkdin.

Oğlan güzgüdə özünə baxdıqca baxır, vurulduqca vurulurdu.

Və o zaman güzgüdə ikinci bir adam da peyda olacaqdı. "Ayə, bu kimin paltosudur, keçirmisən əyninə, soyun, soyun, başın haqqı, heç sənə yaraşmır, özgə danası bağlayanın çatısı əlində qalar, soyun...”

Bu rəhmətlik Hüseyn Arifin səsi idi.

...Əziz qardaşım, bir ildən sonra o yetim oğlanı Ağstafada qalıb qəzetdə işləməyə qoymayacaqdın: "Çıx get, Bakıya, burada qalsan əyalət küncündə məndən beş-betər olacaqsan.”

Məmməd Dəmirçioğlu:

"Çox duru insandır, Ələddin İncəli. İncə dərəsinin ilk şairidir, söyləsək, yanılmış olmarıq.Bütün ömrünü şair kimi yaşamış, xeyli sayda kitabların müəllifidir. Bu müdrik insan o nadir insanlardandır ki, bir adamın könlünü qırmamış, ancaq yaxşılıq etmək,qayğı göstərmək, əyiləni düzəltmək kimi işlərlə məşğul olmaq ömrünün, yaşamının kredosu olmuşdur”

Qafar Sarıvəlli:

"Ələddin İncəli hər dəfə Bakiya gələndə məni tapır, mənimlə görüşürdü. Hətta mənə bir neçə şeir də həsr etmişdi:

Gözəllik ovçusu olduq hərəmiz,

Mən şair, sən rəssam-birdi bərəmiz.

Yazda tamaşadı İncə Dərəmiz,

Vəsfini mən yazım, rəsmini sən çək!

İbrahim İlyaslı

"Ələddin İncəli-bu imza bizim uşaqlıq, eləcə də yeniyetməlik çağlarımızda bir mif kimi qəbul olunmuşdu. Mif kimi də əlçatmaz idi.

AYB Qazax Zona filialının ofisində ilk dəfə onu görəndə əməllicə özümü yığışdırdım.”

Həmid Ormanlı:

"Hacı Mahmud babamdan sonra tanıdığım ilk İncəliydi Ələddin müəllim.İncə dərəsinin ruhu onlarda yaşayırdı.”

Ramiz Qusarçaylı:

"Onunla iki dəfə Qazaxda, Səməd Vurğunun 100, Barat Vüsalın isə 60 illik yubiley tədbirlərində görüşmüşəm.

"Nə qədər ki ,söz var, sənət var, biz varıq,”-dedi.

Natəvan Dəmirçioğlu:

"Özündən əvvəlki min beş yüz illik Oğuz şeirinin mayasına haram qatmadan yazıb-yaratmış Ələddin İncəlinin şeir tariximizdə öz xidmətləri var...

İncə dərəsinin bütün müasir şairləri Ələddin İncəlinin yolunu gəlir. İncə şair yolunun karvanına o sarvanlıq edir. Qafur Qulam deyirdi: Ustadını ötən şagird ustadının bayrağıdır.” Şair Ələddin İncəlinin Ağamalı Sadiq Əfəndi, Təcnis İlqar, İbrahim İlyaslı kimi dalğalanan uca bayraqları var.”

Xalq şairi Nəriman Həsənzadə:

"Nizamiyə şah misramtək hörmət eyləyin,

"Cəmiyyətdən” Vidadini dəvət eyləyin.

Akif mənim gəncliyimdi, diqqət eyləyin,

İncəlinin dilindədir şeiri Vurğunun,

Yanımızda boş qalmasın yeri Vurğunun!”

Rəfail İncəyurd:

"Ələddin İncəli sadə, sadəlövh, saf, pak, içi ilə çölü üst-üstə düşən fərqli bir şəxsiyyət idi. Anadangəlmə şairiydi.”

Humay Həsənova (qızı)

O , həmişə 8 rəqəmindən qorxardı. Çünki 8 oktyabr 1988 -ci ildə sevimli həyat yoldaşını itirmişdi... Özü isə 8 noyabr 2017-ci ildə 88 yaşında dünyasını dəyişdi.

Keçən yüzilliyin 90 –cı illərinin əvvəllərində yurdumuza qarşı yenidən erməni təcavüzü başlayanda bu mübariz şair rayon mərkəzindən ucqar sərhəd kəndinə-doğma Kəmərliyə köçür. Köçür ki, kənd ayaqda dursun, yerli camaatın müqaviməti daha da artsın. O bu məqsədlə kənddə səngər də qazır.”

Mübariz Qaragözlü:

"Dəfələrlə mərkəzdəki saysız-hesabsız dostlarının dəvəti, köməyi, çağırışı, bəzən təkidi ilə "yuxarılara” getmək imkanı olsa da Qazağı,İncəni tərk etmədi!

Dəfələrlə "Mübariz, arvad beçə kəsib” " yaxşı bozartma bişirib, dərsini qurtar, bizə gəl, tək boğazımdan keçmir” deyirdi.

Yeməkdən qalxandan sonra "Mişarı, bağ qayçısını nizamlamışam, calaq vuracağıq”-deyirdi. Bağa yollanırdıq...

Səhv etmirəmsə 80 illik yubileyində çıxışımda "Ələddin müəllim, sən mənə şeir yazmaq öyrətdim, mən də sənə calaq vurmaq öyrətdim, qalan borcum nə qədərdir?” söyləmişdim.Ona ləzzət eləmişdi, tez-tez onu danışıb gülüşürdük.

Vaxtaşırı zənginləşirdik. Axır vaxtlar ağrılarının ağırlığını duymuşdu, bilirdi.

-Mübariz, məni layiqli, urvatlı dəfn edərsiniz. Hikmətə də (oğluna) tapşırmışam, Barata da (Barat Vüsala) məktub göndərmişəm,- demişdi...”

...Düz deyirdi ustad!

Ölümündən bir az əvvəl Bakıdan yazıb mənə bir şeir göndərmişdi.

"Barat Vüsala məktub” adlanan bu şeir belə başlayırdı:

Mən getdim ay Barat, salamat qalın!

Ulu Tanrımıza əmanət qalın!

Hər uçmaq istəyən bala tərlana

Ustad kimi verin qol-qanad, qalın!

Bu şeirin məzmunu və içindəki ürfani işığı adama Vaqif Səmədoğlunun ölümündən qabaq dediyi (elan etdiyi!) kişiyanə, mərdanə çağırışı xatırladır: "Sizi özümün yasıma dəvət edirəm!”

Həmin şeirin bir beyti isə elə bil, Dədə Qorqudun dilindən çıxmışdı:

Nə bilər dünəni hər təzə toylu,

Göz ol cavanların tərbiyəsinə.

...Dediyi kimi, Bakıdan bizə son dəfə sözü gəldi, sonra özü gəldi.

Yanına getdik. Mən də, ədəbi məsləhətçi Mustafa Rasimoğlu da, gənc şair Elnur Süleymanlı da fikrini qarmaqarışıq duyğulardan yayındırmağa çalışdıq. Güldürmək istədik kefini açmaq üçün.

Dedim ki, Ələddin müəllim, yadındamı bir səhər Qazaxda "Dəmir körpü”nün o başında qarşılaşdıq. Sən şəhərin mərkəzi tərəfdən gəlirdin. Mənsə işə tələsirdim. Soruşdum ki, belə gecdən (yəni tezdən) hardan gəlirsən belə?

Dedin:

İndicə qapını döyüb gəlirəm,

Arxanca o ki, var, söyüb gəlirəm.

Dəsvaha şeirin davamı məndən gəldi:

Mən də Kosalardan eşidən kimi,

"Ələddin İncəli!” deyib gəlirəm.

Dodağı qaçdı:

"Hə, yadıma düşdü.”

-Gilas əhvalatı necə, yadından çıxmayıb ki? Məndən gilas istəmişdin ha, demişdin ki, bizim arvad onun mürəbbəsini çox xoşlayır.

Düz bir aydan sonra gilaslar soyuyanda görüşəsi olduq. Sən "Ə, bə gilas nə oldu?” deyəndə mən "Eşitməmisənmi, gilasdan yıxılmışdım”- dedim.

Əhvalatı nağıl elədim:

Qapımızda yekə bir şirin gilas ağacı vardı. Onun başına çıxmaq istəyəndə tutduğum bir quru budaq necə qırıldısa zərbə əvvəlcə məni ağacın gövdəsinə çırpdı, sonra da kəndirbaz kimi ondan bərk yapışdığım üçün budaq qarışıq özümü bir az tarazlayıb yerə sərildim. Yaxşı ki, heç nə olmadı.

Sən bir balaca ağ kağız götürüb bədahətən nəsə yazdın, oxu, dedin.Oxudum:

Eşitdim gilasdan yuvarlanıbsan,

Ağrıyıb, acıyıb, qübarlanıbsan.

Sənə nə eyləyib, gilas eyləyib,

Səni həm yıxıb, həm xilas eyləyib.

Kağızın o biri üzü mənlikmiş, mən də bədahətən götürüb belə yazdım:

Yadımdan çıxmayıb ağ gilas payın,

Görəndə üzünə baxa bilmədim.

Qırmızı gilasdan elə yıxıldım,

Vallah, ağ gilasa çıxa bilmədim.

(Bizlərdə şirin gilasa rənginə görə qırmızı gilas deyilir.)

Bir şəklin var, ustad!

Əlində bir vərəq tutmusan.

Özünə sarı olan tərəfinin yazılı, arxa hissəsininin isə ağ olduğu görünür.

Ömür də o vərəqə oxşamırmı?

Bir tərəfə yazılı, o biri tərəfi isə ağ halda.

O tərəfə də istəsən də nəsə yazmağa macal çatmır...

P.S .Bir filosofdan soruşiblar: "Volter Şekspirdən nə ilə fərqlənir?” Filosof cavab verib: "Volter deyib:” Mən ağlamaq istəyirəm, amma Şekspir ağlayır.”

Bu fikri bir az başqa cür yozmağa çalışaq: "Şairləri bir-birindən necə fəqləndirmək olar?” Yəqin ki, cavab belə olardı: "Şair var ki, deyib:

"Mən şeir yazmaq” istəyirəm” Şair də var, artıq şeir yazır.”

Ələddin İncələli ikinci qismə aid şairlərdəndi. Bunu Məmməd İlqar ona həsr etdiyi şeirdə daha dürüst ifadə edib:

Halaldı bu haqqa nail olmağın,

Halaldı bu haqqa qail olmağın.

Şair Ələddin tək şair olmağın

Bir yetmiş qədər də şərti var, abi!

Bu şeir yazılanda Ələddin İncəlinin 70 yaşı tamam olmuşdu. Onda M.İlqar demişdi ki, Ə.İncəli kimi şair olmağın 70 şərti vardır. Bu il ustadımızın 90 yaşı tamam olur. İndi yaxşı şair olmağın şərti bir az da artıb, dəyişib, çətinləşib.İndi təzə hesabla Ələddin İncəli kimi yaxşı şair olmağın 90 şərti var.

BARAT VÜSAL



13521 oxunub

InvestAZ