XƏBƏR LENTİ
29 Sentyabr 2020
28 Sentyabr 2020
27 Sentyabr 2020



ABUMAHİR, MAHİR QABİLOĞLU VƏ ONUN “İTBAŞI” ROMANI - Rafiq Yusifoğlu yazır
YAZARLAR 09:05 / 13.05.2020

Demək olar ki, qələm sahiblərinin əksəriyyətinin əsərlərini oxuyandan sonra özləri ilə tanış olmuşam. Elələri də var ki, özləri ilə uzun illər tanış olsam da, yazdıqlarından xəbərim olmayıb. Bax, Mahir Qabiloğlu belələrindəndir. Mən Mahirlə dövlət televiziyasında işlədiyim vaxtda tanış olmuşam. Özü yanıma gəlib və deyib ki, Rafiq müəllim, mən şair Qabilin oğluyam. Dünən "Xəbərlər”də onun yaradıcılığı ilə bağlı bir informasiya gedib. Eşidəndə bərk əsəbiləşib. Sizinlə telefonla danışmaq istəyir, mən yığım, danışın. Ancaq xahiş eləyirəm ona acıqlı cavab qaytarmayın. Sizi çox istəyir. Bir az danışıb sakitləşəcək.

Mahir öz evlərinin nömrəsini yığdı, atasının səsini eşidəndə – papa, Rafiq müəllimlə danış, – dedi. Qabil müəllim ağızucu salamlaşandan sonra asıb kəsdi, televiziyada onun haqqında səhv informasiya getdiyini, şikayət eləyəcəyini söylədi... Mən elə onun tərzində cavab vermək istəyəndə Mahir xahiş elədi ki, heç nə deməyim... Mahirin üzünə, gözünə, onun narahat görkəminə baxıb sakitləşdim, ürəyimdəkiləri demədim...

Söhbətimiz bitdi. Mahir mənə təşəkkür edib söylədi ki, Rafiq müəllim, elə danışmağına baxmayın, atam Sizi çox istəyir...

Məhz bundan sonra səhv informasiyanın haradan qaynaqlandığı mənə aydınlaşdı. O vaxt mən Xəbərlər Baş redaksiyasında "Elm, İncəsənət, Mədəniyyət” şöbəsinin müdiri işləyirdim. Çəkilişlə bağlı məsələləri icra etdirmək ücün sədr məktubları dərkənarla mənə göndərirdi. Qabilin yubiley günləri idi. Gah o müəssisədə, gah bu müəssisədə yubiley tədbirləri keçirilirdi. Konkret tarixdə Şəhriyar klubunda keçiriləcək yubileyin çəkilişi ilə bağlı xahiş məktubu sədrin dərkənarı ilə mənə göndərilsə də, Nizami müəllim özü demişdi ki, həmin tədbiri çəkdirmə, sadəcə şifahi informasiya ver. Mən də belə etmişdim. Sən demə həmin tədbir təxirə salınıbmış. Biz isə rəsmi məktuba istinadən olmayan tədbirin "olması” ilə bağlı informasiya vermişik...

Bir neçə gün sonra "Kitabi-Dədə Qorqud”un Elmlər Akademiyasınının əsas binasında keçirilən yubiley tədbirində Qabil müəllimlə rastlaşdıq. Mənə dedikləri sözün əvəzini çıxmaq üçün yaxşı məqam düşmüşdü əlimə. Ancaq Qabil müəllim imkan vermədi ki, bir kəlmə söz danışım. Məni qucaqlayıb öpdü, "sən yaxşı oğlansan” dedi... Elə o dəqiqə hirsim yatdı və bundan sonra Qabil müəllimlıə dostluğumuzun yeni mərhələsi başladı...

Sonra elə oldu ki, Mahiri buraxılış şöbəsindən bizim redaksiyamıza keçirdilər. Onun naşı qələmlə yazdığı ilk süjet mətnlərini montajdan əvvəl oxuyub redaktə eləyən də mən idim. O vaxt heç ağlıma da gəlməzdi ki, Mahir nə vaxtsa bədii yaradıcılıqla məşğul olacaq, hətta iki cildlik roman yazacaq...

Mahiri iş prosesində yavaş-yavaş yaxından tanımağa başladım. Onun hadisələrə ayıq münasibəti, çoxbilmişliyi xoşuma gəlirdi. İlk nəzərdə qaraqabaq olan bu adamın məzəli atmacaları mənə lap ləzzət eləyirdi... İşçilər, xüsusən də diktor, rəhmətlik Hicran Hüseynov həmişə mənə gileylənirdilər ki, ay Rafiq müəllim, bu Mahirə deyin də bizimlə işi olmasın... Mahir isə öz işində idi... Hərdən zarafatla söyləyirdi ki, papa mənə deyib Nizami Xudiyevdən və Rafiq Yusifoğludan başqa heç kəsin sözünə baxma...

Rəhmətlik Qabil müəllimin həmişə mənə dediyi bir söz var idi: "Mahir əmanəti”...

Mən Qabil müəllimin Mahirə sevgisini də, ondan nigarançılığını da çox yaxşı başa düşürdüm... Hətta televiziyada işləmədiyim müddətdə də Qabil müəllimlə hər görüşəndə həmişə Mahirdən söhbət açar və gözləri parıldaya-parıldaya "necə oğul tərbiyə eləmişəm?” – deyə soruşardı...

Yeri gəlmişkən, Qabil müəllimlə bağlı bir maraqlı məqam da yadıma düşdü. Hüseyn Abbaszadənin həyat yoldaşı rəhmətə getmişdi. Ağəddin Mansurzadə ilə onlara getmişdik. Hüseyn müəllim evdə tək idi. Elə təzəcə söhbət eləməyə başlamışdıq ki, Qabil müəllim gəldi... Xeyli söhbət elədik. Ədəbiyyatdan, sənətdən... Birdən Qabil müəllim özünəməxsus bir tərzdə məndən soruşdu:

Rafiq, sən ağıllı oğlansan, bəs bu "filankəs” necə şairdi?

Cavab verməyə tələsmədim. Bir az ehtiyatlandım. Bunu hiss eləyən Qabil müəllim dedi:

Lap "bezdarnı”dı... Bir məqalə yaz, onu alt-üst elə.

Gülə-gülə soruşdum:

Ay Qabil müəllim, niyə özünüz yazmırsınız?

Yenə özünəməxsus bir tərzdə dedi:

Mən yaza bilmərəm. Ona görə ki, Yazıçılar İttifaqına üzv olsun deyə ona zəmanət verənlərdən biri də mən olmuşam...

O qədər güldük ki...

Bir dəfə də mən "Göyərçin” yurnalında təzə baş redaktor işlədiyim illərdə Qabil müəllim redaksiyamıza gəldi. Bizim redaksiyada baş redaktorun otağı ilə katibənin otağının arasındakı qapı dövri-qədimdən elə həmişə açıq olub. Qabil müəllim isə içəri girən kimi o qapını örtdü. Mən "Qabil müəllim, qoyun açıq qalsın” deyəndə, "yox” söylədi. – Mən səninlə davaya gəlmişəm, qoy başqaları söhbətimizi eşitməsin...

İçimdə qəribə bir nigarançılıq baş qaldırdı. Qabil müəllim isə öz poemaları haqqında danışmağa başladı və hirsli-hirsli soruşdu ki, bəs sənin bunlardan xəbərin yoxdu?

– Var, niyə yoxdu ki?

Bəs xəbərin varsa, poemalar haqqında yazdığın monoqrafiyada niyə mənim "Nəsimi” kimi əsərimdən söhbət açmamısan?

Bir az rahatlandım. Monoqrafiya stolumun üstündə idi. Onu açan kimi, təsadüfən "Nəsimi” ilə bağlı səhifə rastıma gəldi və həmin səhifəni oxumağa başladım. Qabil müəllimin sifəti işıqlandı. Cümlələrin ardını oxumağa qoymadı. Durub məni qucaqladı və öpdü: "Sən yaxşı oğlansan, böyük alimsən” dedi. Sonra kitabı məndən alıb qoltuğuna vurdu, yenə özünəməxsus bir tərzdə söylədi ki, bəs Yazıçılar İttifaqında məni fitləyib səninlə davaya göndərmişdilər. Demişdilər ki, bax bizdən yazıb, səndən yox...

"Xatirə kəcavəsi” kitabım təzəcə çapdan çıxmışdı. O kitabda yazıçılarla bağlı qələmə aldığım xeyli lətifə var idi. Ona görə istəmirdim ki, bu kitab Qabil müəllimin əlinə keçsin. Ancaq sən saydığını say. Yazıçılar İttifaqında təsadüfən Qabil müəllimlə rastlaşdım. Əlimdə kitabı görüb aldı və qaytarmadı. Öz-özümə dedim ki, baho, yaman yerdə axşamladım. Özü ilə bağlı yazdığım lətifələri oxusa, yenə həngamə qoparacaq...

Nə etmək olardı, artıq iş-işdən keçmişdi.

Bir neçə gündən sonra Mahir mənə zəng eləyib hal-əhval tutdu və bir söz soruşmağıma macal vermədən dedi ki, papa Sizinlə danışmaq istəyir... Haray haraya çatası idi... Qabil müəllim başladı, nə başladı... Ancaq gözlədiyimin tamam əksinə olan sözlər söylədi. Dedi ki, sənin "Xatirə kəcavəsi” kitabını oxudum. Oxumadım e, içdim. O qədər gözəl kitabdı ki, hətta mənə sataşmağın da xoşuma gəldi...

Qabil müəllim məni xeyli tərifləyəndən sonra yenə telefonu Mahirə verdi. Dedim ki, ay Mahir, sən məni lap öldürdün ki... O da bic-bic güldü...

Bütün bunları nəyə görə yazdım? Ona görə ki, mən Mahiri belə tanıyırdım. Lap az-az görüşsək də, hər dəfə Mahirlə söhbət eləyəndə görürdüm ki, insanlararası münasibətdə mənim fərqinə varmadığım məsələləri çox ayıq başla müşahidə və təhlil eləməyi bacarır...

Sonra Mahir oğlum Gündüzlə oturub-durmağa başladı, mənimlə eləyə bilmədiyi zarafatları onunla elədi... Bütün bunlar haqda, onların qeyri-adi sərgüzəştlərindən xəbərim var idi. Oğlumla açıq-saçıq zarafatlar eləsə də, Mahirin həmişə mənimlə hörmətlə danışması, böyük-kiçik sərhədini gözləməsi xoşuma gəlirdi.

Bir dəfə səhər-səhər maşınımı nəşriyyatın həyətində saxlayıb, 77 nömrəli marşurutu gözləyirdim ki, onunla İçərişəhərə, oradan da ADPU-ya dərsə gedim. Yanımda bir qara cip dayandı və gördüm ki, kimsə məni çağırır. Baxıb gördüm ki, Mahirdi. Dedi ki, Rafiq müəllim, hara gedirsiniz, mən aparım. Nə qədər elədimsə, əl çəkmədi. Dedi ki, mən hər adama maşın saxlayan deyiləm ha. Heç keçmiş sədrimiz də olsa ona maşın saxlamazdım... Gülüşdük. Birdən Mahir gözləmədiyim halda məndən soruşdu:

Rafiq müəllim, Nizami Xudiyevin 60 illiyi ilə bağlı məqaləniz nə vaxt çap olunmuşdu "Xalq qəzeti”ndə?

Mən fikirləşincə, Mahir öz sualına özü də cavab verdi:

Aprelin birində.

Sonra ikinci sualı verdi:

– Bəs Alışanov Gündüzü nə vaxt içdən çıxarıb?

– Bilmirəm

Aprelin 20-də... Burda bir əlaqə görmürsünüzmü?

Hər şey mənə aydın oldu...

İlk nəzərdə bu söhbətlərimin məsələyə, yəni daha konkret desək, "İtbaşı” pomanına o qədər də aidiyyəti yoxdu. Ancaq Mahirin daim ünsiyyətdə olduğu qonşuları, atasının dostları, ölkənin görkəmli adamları, şair və yazıçıları ilə əlaqəsi, onların söhbətlərini dinləməsi "İtbaşı” romanını yazanda onun əhəmiyyətli dərəcədə köməyinə çatmışdır. Müasir həyat, onun ağrılı-acılı problemlərini yaxşı bilən Mahir Qabiloğlu həmin hadisələri "Padşah nağılı” içərisində əridərək maraqlı bir əsər yarada bilmişdir. Doğrudur, burada mənim ruhuma uyğun olmayan, xoşuma gəlməyən məqamların açıq-saçıq təsviri də var, ancaq insafən demək lazımdır ki, Mahir Qabiloğlu şahidi olduğu ağrılı-acılı həyat, məişət problemlərini folklor libasında təqdim etməyi, oxucunu düşündürməyi bacarmışdır. O, günümüzün ağrılı-acılı reallıqlarını nağıl libasına bürüyüb, oxucunun qarşısına çıxarmaq cəhdi göstərmişdir...

Qəhrəmanların düşdükləri şəraitə uygün söylədikləri fikir və mülahizələr əslində müəllifin özünə məxsusdur və onun ayıq düşüncəsindən, təhlil etmə qabiliyyətindən xəbər verir. Təsvirlər o qədər dəqiq cizgilərlə işlənib ki, əsərdəki "əndrabadi” adlı obrazların prototipini təsəvvürə gətirmək də o qədər çətin deyildir. Məsələn, əsərdəki Abumahirlə Qabilin oxşar cəhətləri, cizgiləri təbəssüm doğurur. Bu sözləri digər obrazlara da aid etmək olar və bunların "müəllif sirri” kimi qalmağına üstünlük verirəm. Qoy ayıq oxucu özü bu haqda düşünsün, özü bir qənaətə gəlsin...

Digər bir məqam. Əsərin bir yerində Karzat şah Göyverən şaha "səbəbini ancaq ikilikdə deyə bilərəm” söyləyir. Mahir isə öz qəhrəmanlarından fərqli olaraq "yalnız ikilikdə deyilə bilən söz”ü hamının arasında demək cəsarəti tapır özündə və bunun da cəmiyyətdə birmənalı qarşılanmayacağı təbiidir...

Romanın mərkəzindəki ən əsas məsələ əsrlərdən bəri davam eləyən şah və rəiyyət, rəhbər və xalq problemidir. Zaman keçdikcə bu problemlər fərqli şəkildə təzahür etsə də, əslində mahiyyət dəyişmir...

Mahirin təkcə təsvir elədiyi hadisələrin yox, elə işlətdiyi sözlərin, adların da alt qatına kinayə var. "Yolaverənlər məmləkəti”, "Göyverənlər”, "Karzat”, "Barzat”, "Kaminat”, "İtbaşı”, "Qulaqkəsənlər məhləsi”, "Evyıxanlar məhləsi”, "Ağzıcırıqlar məhləsi”, "Boşboğazlar məhləsi”, "Dürəng”, "Bədrəng”, "Birrəng”, "Barantay”, "Bəygülü”, "Xangülü”, "Dürgülü”, "Nazgülü”, "Şahgülü”, "Dümbələk” və s.

Dövlət işlərini unudub hərəmxanalarda əylənən, tiryək çəkib məsti-xumar olan, öz başına gətirilən müsibətlərin əvəzini xalqdan çıxmaq, hamını öz gününə salmaq istəyi Mahirin baş qəhrəmanının həyat kredosudur. "Görəcəksən, bu bizim hamımızı öz gününə salacaq” xofu digər obrazların daxili dünyasını, hiss və həyəcanlarını bütün dərinliyi ilə açmaq gücündədir. Taxt-tacı qorumaq, sərvət toplamaq hərisliyi, bu maqsədə nail olmaq üçün xalqın, kütlənin başına gətirilən oyunlar, onları itaətdə saxlamaq yolları və üsulları, cəza, işgəncə metodları nə qədər dəhşətli olsa da, əslində həyat hadisələrindən qaynaqlanır. Xalqın malını talayıb çapan, onlara zülmlər verməklə gözlərini qorxudan, itaətdə saxlayan əyanların bədii obrazını ümumi sözlərlə yox, detallarla yaratmaq cəhdi təqdirəlayiqdir.

İtbaşının danışdığı rəvayətdən sonra "Əsl şah balığı qarışqaya yem etməz, balıq balığa yem olmalıdır” qənaəti düşündürücüdür. Sadə insanlardan birinin "Hər gələn bir qanun çıxarıb, ara yerdə biz bədbəxt olmuşuq” fikri kütlənin ağrı-acılarını lakonik şəkildə ifadə edən bir kəlam kimi yadda qalır. "İnsanların təfəkkürü onların ciblərinin dərinliyi qədərdir”, "Xalqı ağ günə çıxarmaq üçün qara günə yığdığını gərək əlindən alasan”, "Xalq heç vaxt udmayıb, udan onları ayağa qaldıran, bunun üçün şərait yaradan saray əhli olub”, "Dövlət rəvayətlərlə idarə olunur, özü də uydurma rəvayətlərlə”, "Rəhmli, ədalətli olsan, dövlət dağılar”, "Məmləkətdə belə xəbər yayılıb ki, əgər bu işlər əyanların cibinin hesabına görülürsə, onda bizim ödədiyimiz vergi hara gedir”, "Elə ki, camaat artır, dolanışıq çətinləşir, giley-güzar artır, bax onda müharibə sövdələşməsi meydana gəlir” və s. qənaətlərində əslində bir həqiqət vardır.

Dünyanın bütün dövrlərində zalımlar və məzlumlar, əzənlər və əzilənlər olub. Qəddarlıq, amansızlıq hakimiyyəti əldə saxlamağın ən əsas vasitəsinə çevrilib. Cəmiyyəti ədalətlə idarə etmək istəyi arzu olaraq qalıb, həmişə iflasa uğrayıb və adil şahların hakimiyyət müddəti qısa olub... Bunu Mahir öz əsərində desə də, deməsə də tarixi faktlar bu amansız həqiqəti inkar etməyə imkan vermir. Qəddar Alqan şah, onun övladları Həqqi və Barəngahın timsalında bunu bir daha görürük. Kim təxt-tac yolunda hətta ən əziz adamını qətlə yetirməyi bacarmırsa, o uduzur, nə qədər ağıllı, kamallı olsa belə uzaqbaşı İtbaşına çevrilir. Bir mühüm məqam da ondan ibarətdir ki, ağıllı, kamallı, düşüncəli adamlar idarəçiliyə həmişə mane olurlar, elə buna görə də onlar müxtəlif yollarla hoqqa, içki hərisliyi ilə, yoluxucu xəstəliklərlə zərərsizləşdirilir və bu acı həqiqətin bədii əksi var Mahir Qabiloğlunun "İtbaşı” romanında.

Cəmiyyətdəki ədalətsizlik, haqsızlıq, zorakılıq, qəddarlıq ədalətli şah ideyasının yaranmasına zəmin yaradıb. Nizaminin qəhrəmanlarından Mirzə Fətəli Axundovun Yusif Sərracına, Anarın "Ağıllı padşahın nağılı”ndan Mahir Qabiloğlunun "İtbaşı”romanının qəhrəmanlarına kimi hamı tam eyni olmasa da, təxminən bir-birinə oxşar yol keçib. O dünyadakı Qıl körpüsü xofunun real həyatda "Göyverən körpüsü” ilə əvəzlənməsi Mahir Qabiloğlu fantaziyasının məhsuludur və yetərincə maraqlıdır...

Romanın strukturuna gəldikdə, əslində o, söhbətlər silsıləsi üzərində qurulub və elə buna görə də şərti olaraq əsəri "söhbətlər romanı” da adlandırmaq olar. Hər yerdə: istər sarayda, istər ayrı-ayrı evlərdə, istər hərəmxanada, istər fahişəxanada, istərsə də İtbaşının komasında olan söhbətlər romanın əsas məzmununu təşkil edir. Nağıllardan gəlmə "təğyiri-libas” olub xalq arasında olma məişət problemlərini bütün çılpaqlığı ilə əks etdirməyə yardımçı olur. Qəhrəmanların öz mülahizələrini əsaslandırmaq üçün rəvayətlərdən, lətifələrdən istifadəsi də məqbul variantdır. Müəllifin istər tarixi hadisələrdən, istər folklordan, istərsə də klassık ədəbiyyatdan bəhrələnməsi, real həyat hadisələrini bu prizmadan əks etdirməyə çalışması əsərin məziyyətlərini şərtləndirən əsas amillər sırasındadır.

Sonda mənə nə vaxtsa "Mahir əmanəti” deyən şair Qablin ruhunu şad eləmək istəyi yaranır. Ruhun şad olsun, Qabil müəllim, yolunu ləyaqətlə davam etdirən Mahir Qabiloğlu var... Nə yaxşı ki, öz başlanğıcını keçmişdən götürən həyat üzü gələcəyə doğru davam eləyir... Bəşər haqq-ədalət axtarışındadır... Ancaq onu tapacaqmı?

Rafiq Yusifoğlu

şair, folologiya elmləri doktoru, professor

09.05.2020


2733 oxunub

InvestAZ