XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Özünə sadiq Abbas Abdulla - Kamalə Abiyeva yazır
YAZARLAR 09:00 / 13.05.2020

AYB- də görüşlərimizin birində mənə kitabını vermişdi. Kiçik bir kitabdı. Dəqiq bilmirəm, bəlkə də son kitabıdı. 2015 – ci ildə "Borçalı” İctimai cəmiyyəti tərəfindən çap olunub. Niyəsini özüm də anlamadım, amma kitabı vərəqləyib Onu xatırladım. Onun haqqında bildiklərimi düşündüm: 1940 - cı ildə Gürcüstanın tərkibində olan Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsilini də Bolnisidə alıb. Sonra Bakıya gəlib. Təhsilini davam etdirib, ADU – nun filalogiya fakültəsində qiyabi oxumaqla bərabər, zavodda fəhlə, çilingər işləyib. Sonra aspirantura və s. Ədəbiyyatı sevib və sözün də fəhləsi olub. 1977- ci ildən, AYB – nin üzvü idi. AYB – də və onun mətbu orqanlarında "Ulduz” jurnalı və "Ədəbiyyat və incəsənət” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Şair, tərcüməçi, ədəbiyyatşünas… Azərbaycanın Əməkdar mədəniyyət işçisi…1992 – 1997 – ci illərdə Azərbaycan Respublikasının Türkiyədə Baş konsulu …Bura daha nələrsə əlavə etmək olar. Hətta bəzəkli sözlər də tapmaq, ya sözlərlə bəzəmək də olar. Mən bunları düşünəndə O sağ idi. Ölümü belə səssiz – səmirsiz olan Abbas Abdulla həyatda idi. Son illərdə ara – sıra tədbirlərdə gözə dəyən, səssiz – səmirsiz bir tərəfdə oturan, sonra sakitcə çıxıb gedən Abbas bəyin belə sakitcə "getməsi”yenə də ağrıtdı məni. Son zamanlar onun özünəməxsus səsini eşitmirdik, eşitmədik. Amma ürəyində sözü çoxdu. Nə qədər işlər görmək istəyirdi. Onun Vətən sevdalı ürəyinin, düşüncələrinin səsi hər yerdən haray – həşiri gələnlərdən daha möhtəşəm idi. Onun sükutu daha möhtəşəm idi. Bu sükut danışırdı əslində. Sadəcə ürəkbulandıran hay – küylər bu səsi eşitmirdi. Eşitmək istəyənlər, eşidə bilənlər eşidirdi. Şair, tərcüməçi, ədəbiyyatşünas…O kim idi? Şəxsiyyət idi. Necəydi O? Böyük idi! Onu 80-ci illərdən tanıyırdım. Çox səmimi, özünə sadiq insan idi. O vaxtlarda ona rast gələndə çoxları kimi yalandan üzünə gülməzdim( sonralar əmin oldum ki, gülüşlərin çoxu saxta olur) qabağına yüyürməzdim, çox sayğı duyurdum, amma sadəcə salam verərdim. Arada kefimi soruşardı. İllər sonra, yəni bütün olaylar yaşanandan sonra bir - neçə dəfə AYB - də rast gəldim. Ona olan soyuq münasibətdən mən də üşüyürdüm. Ötən illərdən fərqli olaraq onu görəndə qabağına gedirdim, onu görməkdən duyduğum sevinci hiss etdirirdim. Söhbətləşirdik, nələrisə xatırlayırdıq. Duyğulandığını hiss edirdim. Bir görüşümüzdə imzalı kitabını verdi. Həmin imzaya bir də baxdım: Kamalə xanıma dərin hörmətlə və dərin sevgilərlə Abbas Abdulla.

Bir – neçə gün sonra ölüm xəbərini eşitdim. Yenidən kitabı əlimə götürdüm: TÜRK OĞLU TÜRKƏM.

Azdırır yolunda azanlar məni,

Gündə bir kəndirdən asanlar məni.

Bu qansız amansız insanlar məni

Nədən incidirlər, bilməm suçumu…

Türkçü idi, Turançı idi. Milli Azadlıq Hərəkatının həqiqi öncüllərindən idi. Bəlkə "o qansız, amansız insanlar” üçün bu suç idi. Bunu bilirdimi?

Abbas Abdullayam, Hacaloğluyam,

Qəm – kədər udmuşam, dərdlə doluyam.

Sormayın nəfəsi nədən odluyam,

Bir sirr alov – alov yaxır içimi…

Əlbəttə bilirdi. Sadəcə bu sirri Vətən dərdli ürəyinə büküb saxlayırdı.

Ölüm xəbəri ağır oldu, kədərli oldu çoxları üçün. Sosial şəbəkədən öyrəndim bunu. İlk olaraq İradə xanımın (İradə Tuncay) paylaşımında oxudum. Sonra Aqil Abbasın yazısını oxudum: " Türk dünyasının böyük kişilərindən biri öldü.” Əslində "Ədalət”də yazını görəndə sevindim. "Çox sağ olun Aqil bəy” dedim özlüyümdə. Həqiqətən Onun "bir titilu vardı : Kişi oğlu Kişi idi”! Doğru. Əlöpən, əyilən deyildi. Əqidəsi vardı və öz əqidəsinə sadiq idi. Bir də öz –özümə pıçıldadım:

Ölmək üçün yaşamaqdı bizimki ... Sən başqaydın...

Sən ölümü adlamışdın. Sükut deyildi səninki .Sən susmadın. Sən sadəcə sükutunda çığır-bağır salanları batırdın...

Böyük Məmməd Araz hələ 50 il bundan oncə deyib ki, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

50 il bundan öncə deyib. Çünki o Vətən daşı olmaq duyğusuyla yaşayıb. Araz olub. O illərdə ARAZ olmaq asan deyildi. Bunun acısını da çəkib, amma Vətənini sevib. Və şeiri oxuyandan bu misralar beynimə ilişib qalıb illərdi. Bu torpaqda doğulanlar, böyüyənlər, suyunu içənlər saysız – hesabsızdı. Bu torpağa "Vətən” deyənlər də saysız – hesabsızdı. "Vətən” deyib bağıranlar, amma Vətənin nə olduğunu bilməyənlər də çoxdu. Vətən - nə doğulduğun, nə böyüdüyün, nə puldan harınladığın, nə kasıbçılıqdan əziyyət çəkdiyin yer deyil. Vətən - daşı olmaq istədiyin yerdir. O – Abbas Abdulla da VƏTƏN daşı idi.

Kamalə Abiyeva



2032 oxunub

InvestAZ