XƏBƏR LENTİ
29 Sentyabr 2020
28 Sentyabr 2020
27 Sentyabr 2020



Qələbənin canlı yaddaşı… - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 09:54 / 11.05.2020

Qələbə -75

İkinci Dünya müharibəsinin iştirakçısı Simran Quliyev haqqında ilk dəfə 45 il əvvəl, faşizm üzərində qələbənin 30-cu ildönümü qeyd olunanda yazmışdım. O vaxt orta məktəb şagirdi idim. Simran Quliyevlə birlikdə müharibə veteranları Əbil Kərimov və Abıgül Mirzəyevin məktəbimizin yuxarı sinif şagirdlərinə müharibənin ağrı-acılarından, faşizmin bəşəriyyətə vurduğu yaralardan ürək ağrısıyla elədiyi söhbətləri illər keçsə də unutmaq olmur.

O dəhşətli, qanlı-qadalı döyüşlərdə kəndimizin 150 sakini iştirak etmişdi, onlardan 73 nəfərinə Qələbə gününü görmək nəsib olmamışdı. Yadımdadır, o görüşdə ədəbiyyat müəllimi Xudakərim Fərzəliyev (Məftun) müharibədə həlak olan həmkəndlilərimizin xatirəsinə həsr elədiyi "73-lər” adlı şeirini də oxumuşdu.

Dünyanın başı üzərində dolaşan pandemiya kabusu ilə əlaqədar ölkəmizdə yaranmış karantin rejimindən öncə Simran kişi ilə istər kənddə, istərsə də Bakıda xeyir-şər məclislərində görüşərdik. Əlində əsa gəzsə də qıvraq görünürdü. Müharibədə olub-keçənləri xatırlayanda xəyalən yenidən o illərə qayıdırdı. Ukrayna və Belarusiya cəbhəsində döyüş yolu keçən ağsaqqal veteranın xatirələri "Masallıdan Qələbəyədək" adlı kitabın birinci hissəsində yer alıb. 3 hissədən ibarət olan olan bu ensiklopedik kitabı Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri, eyni zamanda Qarabağ müharibəsinin veteranı Məmmədağa Şiriyev tərtib edib.

Beş il öncə "Xalq və ordu birdir" devizi altında bədii-təşviqat marafonuna hazırlıq ərəfəsində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani Masallının Xırmandalı kəndinə Qələbənin yükünü çiyinlərində daşıyan Simran Quliyevi ziyarət etmişdir. (Şəkildə) Onu da qeyd edim ki, Abdulla Qurbani hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir.

Simran kişinin gümrah qalmasının və uzunömürlü olmasının bir səbəbi də zəhmət adamı olmasındadır. Müharibədən sonra əvvəl kolxozun qarajında çalışıb, Salyan Kənd Təsərrüfatı Texnikumunda qiyabi yolla təhsil alıb, mexaniklik ixtisasına yiyələnib, Uzun illər yük maşını idarə edib. Kənd təsərrüfatı maşınları üzrə mühəndis vəzifəsində çalışıb. Eldə-obada halal zəhməti ilə tanınıb.

Onu tez –tez rayonda keçirilən tədbirlərə dəvət edirlər. Simran kişi həm müharibə veteranı, həm də el ağsaqqalı kimi sayılıb seçilir.

Həmişə İkinci Dünya müharibəsi veteranlarına göstərilən dövlət qayğısından onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlardan razılıqla söhbət açır. Deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24 aprel 2020-ci il tarixli Sərəncamı biz veteranların xüsusi diqqət və qayğı ilə əhatə olunduğumuzun növbəti təzahürüdür.

Bu gün Simran Quliyev kimi veteranlarımızın ömür yolu gənc nəslin mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ən dəyərli örnəkdir. Onu da qeyd edim ki, İndi Simran kişinin 95 yaşı var. 11 övlad böyüdüb boya-başa çatdırıb, 28 nəvəsi, 14 nəticəsi var.

Böyük oğlu Ağaşirin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neftin, qazın emalı və neftkimya üzrə direktor müavini vəzifəsində çalışır. O, atasının zəfərlə qayıtdığı Almaniyada hərbi xidmətdə olmuşdur. 2003-cü ildə neft sənayesində xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Şöhrət ordeni”nə layiq görülmüşdür.

A. Quliyev kimya üzrə fəlsəfə doktorudur. 30-dan çox neft sənayesi üzrə elmi məqalənin və bir patentin müəllifidir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə neftçilərin peşə bayramı və "Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə "Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib.

Müharibə veteranının müxtəlif sahələrdə çalışan digər övladları da özü kimi zəhmətkeşdir.

İkinci Dünya müharibəsinin veteranı Simran Quliyevin ən böyük arzusu işğal alrtındakı torpaqlarımızn azad olmasıdır. O, bu arzusu barədə belə deyir: "Bu gün Azərbaycanda qüdrətli ordu formalaşıb. İnanıram ki, milli ordumuz xalqımıza düşmən üzərində qələbəmizin sevincini yaşadacaqdır...”

Nurəddin Ədiloğlu.


3659 oxunub

InvestAZ