XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Bəşəriyyətin “37-ci ili”
Ədəbiyyat 13:12 / 30.03.2020

Sabah qız nəvəm İlahənin ad günüdür. Amma aramızda yarımsaatlıq məsafə olsa da ilk dəfə mən onun ad günündə iştirak edə bilməyəcəm. Artıq 7 gündür ki, sevimli nəvələrimin üzünə həsrət qalmışam...

Bu həsrət 70 gün də çəkə bilər, 7 ay da... Lap elə ömürlük də!.. "Ömürlük” deyəndə mən nə dünyaya meydan oxuyan koronavirusu nəzərdə tuturam , nə də öz əcəlimlə öləcəyimi. Çünki tarix boyu HƏQİQƏTİ dərk edib, onu məqamında söyləmək də insanın vaxtsız ölümünə səbəb olub!..

Bu fikir son vaxtlar tək-tənha gəzdiyim guşədən Xəzərin bağrına sancılmış XƏNCƏRİ xatırladan Narginə baxarkən ağlıma gəldi. Xalq arasında "ölüm adası” deyilən Nargin hər dəfə adamın yadına 37 –ci ilin qurbanlarını salır. Axı, 37-ci il qurbanlarının da çoxunun ömrünə həqiqəti demək "cəhdi” son qoymuşdu.

Ona görə çalışacağam ki, həqiqəti söyləmək fikrindən "uzaq” olum. Fəqət 37 –ci ilin kütləvi qırğınları təkcə Sovet cəmiyyətinin faciəsi idisə, bu gün dünyanı təşvişə salan "Taclı” virus bütün Bəşəriyyətin faciəsidir. İndi də adamlar kütləvi şəkildə qırılır, öz "SİBİR”lərinə "sürgün” olunur, ev dustağına çevrilirlər. İndi də çox adam mənim kimi nəvələrinin üzünə həsrət qalır və s...

37-ci illərdə olduğu kimi indi də insanlar bir-birlərindən bacardıqca gen gəzirlər. Hətta uzaqdan-yaxından bir- birini görən adamlar ən əziz dost-tanışına koronavirusun potensial "daşıyıcısı” kimi baxırlar.

Bəs bu gün dünyanın üzləşdiyi BƏŞƏRİ FACİƏ ilə 37 –ci illərin qırğınlarının nə əlaqəsi ola bilər? Axı 37-də bu və ya digər xalqın işıqlı beyinləri el arasında "Troyka” deyilən "Üçlük üzvlərinin” məhkəməsiz qərarları ilə məhv edilirdi. Bu gün isə TAXT-TAC varisi olan şahzadə də bu xəstəliyə yoluxur. Yüzlərcə fərman verən Baş nazir və baş nazirin zövcəsi belə "taclı” virusun "fərmansız” qurbanı olur... Axı bu "taclı” vurus taxt – tac, varlı -kasıb, iqtidar-müxalifət, iş adamı və işsiz, ziyalı və savadsız tanımır!

Kimi koronovirusu Allahdan, kimi Ana təbiətdən gələn bəla adlandırır... Dünyanın başı üzərində dolaşan bu qorxunc kabus böyük dövlərlərin özündənrazı liderlərini belə aciz duruma salıb.

Məsələ burasındadır ki, 37-ci il həm də Stalinin bir növü Kremldə öz liderliyini qorumaq ideyasından qaynaqlanırdısa, bu gün koronavirusa da dünyaya AĞAlıq etmək siyasi istəyin acı bəhrəsi kimi baxmaq olar!.. Digər tərəfdən əhalisi milyard yarıma çatan Çində demoqrafik problemin həlli üçün nəzərdə tutulan bu " gizli silahın” "ÇİN SƏDDİNİ” aşıb yer üzündə böyük fəlakətə çevriləcəyi bəlkə də onu "icad” edən(lər)in heç ağlına gəlməmişdi?!. Necə deyələr, özgəyə quyu qazan özü ilə bərabər bütün çevrəsini də quyuya salıb!

Haşiyə: ABŞ-ın Harvard Biokimya İnstitutunun professorunun etirafı: "Koronavirus ABŞ Müdafiə Nazirliyi ilə müqaviləyə əsasən hazırlanıb. Virusun Çinin Vuhan şəhərində yerləşən bir laboratoriyaya köçürülməsi lazım idi, lakin təhlükəsiz tədbirləri düzgün şəkildə həyata keçirilmədiyindən, bu virus Çinin Vuhan şəhərindən başlayaraq bütün dünyaya yayıldı.

(Mənbə: http://sizinyol.com/2020/03/28)

Bəli, tarixdə də taunun və ya vəba kimi epidemiyaların qəsdən yayılması hallarına rast gəlinib. Eləcə də koronavirusdan daha güclü və daha çox insan ölümünə səbəb olan epidemiyalar olub! Lakin o epidemiyaların ətrafında indiki qədər hay-küy, panika yaradılmayıb. Görünür, müasir dövrün informasiya texnologiyaları, media və sosial şəbəkələri bu mövzu ətrafında süni ajiotaj yaratmaqdan sığortalanmayıb.

Bu gün artır ənənəvi "şərq” müdrikliyi "qərb” siyasəti tam mənada özünümüdafiə xarakteri daşıyır. Necə deyərlər, bəzən şübhəli məqamlar olsa da, dünənə kimi qan-qan deyən siyasi xadimlər sülhpərvər, MƏRHƏMƏTLİ lider roluna girib öz reklamları ilə məşğuldurlar. Bu günədək əhalisini ac-yalavac saxlayan, insan sağlamlığına büdcədən ən az pul xərcləyən, ölkəsinin aztəminatlı ailəsini, qocasını-uşağını düşünməyən dövlət başçıları belə bu xəstəliklə mübarizəyə milyardlarla vəsait ayırırlar...

Və bu "savaşda” da Azərbaycanın adı ön sıralrda çəkilir. Bax, bu məqamda nədənsə yenə qeyri-ixtiyarı 37-ci ili xatırladım. Çünki 37-ci ilin qurbanlarının sayına görə Azərbaycan başqa sövet respublikaları ilə müqayisədə "lider” idi...

Aradan 37 il keçəndən sonra Azərbaycan yenə lider oldu. 70-ci llərdə pambıq və üzüm planlarını artıqlaması ilə "yerinə” yetirən, SSRİ-də sosializm yarışlarının qalibi kimi...

Və aradan daha bir 37 il də keçdi ... Yox! Bu son otuz yeddi ildə Qarabağ BAŞDA olmaqla nələri və kimləri itirib, nələri qazandığımızı sadalamaq fikrindən tam uzağam. Axı 37-ci il həmişə bizim içimizdə olub... Bir MİLLƏT olaraq 37-nin XOFU bizdə öz taleyimizə biganəlik hissi formalaşdırıb. Yəni illər ötsə də biz 37-dən uzaqlaşmaq fürsəti qazana bilməmişik.. Əksinə növbəti 37-ci illə vur-tut indi bizi 17 il ayırır...

Bəli, 2037-ci ilə necə deyərlər, bir igidin ömründən az vaxt qalıb. Bu arada bildirirəm ki, mən öz doğma və isti SİBİRində yaşayan insan oğlunun bədii düşüncələrini "37-ci ilin adamı” "2037-ci il” (fantastik qarabasma) hekayələrimdə qələmə almışam. Hətta oxucularımdan biri bu iki hekayəni yazandan sonra sağ qaldığımı möcüzə adlandırır. Mən əslində nə yeni Amerika kəşf etmişəm, nə də dahiyanə bir yazı yazmışam. Ola bilsin ki, ötən əsrin 37-ci illərinin qorxunc olaylarını 100 il sonra – yəni 2037 - ci illərdə baş verə biləcək hadisələr KÖLGƏDƏ qoysun! Və ya tam əksinə, hər şeyi İŞIĞA çıxartsın!..

Amma dəqiq bilirəm ki, 37-ci il "ənənəsi” həmişə bizim düşüınən beynlərimizi aradan götürüb. 50-cı illərdə akademik Heydər Hüseynovun "intiharı”, 60-cı illərdə ictima-siyasi xadim Şıxəli Qurbanovun müəmmalı ölümü, 90-cı illərdə 38 yaşlı milyonçu-xeyriyyəçi Yelmar Məmmədov, haqsızlığa boyun əyməyən akademik Ziya Bünyadov, 21- ci əsrdə jurnalist Elmar Hüseynov və general Rail Rzayev kimi vətənpərvər adamlara sui-qəsdlər, eləcə də bu gün İstanbulda 52 yaşlı tanınmış iş adamı – messenat Mübariz Məsimovun həbsdə saxlanması 37-ci ilin qeyri-insani cəza metodlarından qaynaqlanıb...

Bu gün 37-ci ilin Beriyaları BEYNƏLXALQ miqyasda mövcud olsa da, biz hələ də baş verən bütün proseslərə, hətta koronavirusla mübarizəyə Azərbaycansayağı yanaşırıq. Yəni sadə xalqın dediyini, bəyənib -sevdiyini hakim dairə, hakim dairənin ehtimad göstərdiyi və ya güzəşt etdi onlarca adamların "günahını” aşağılar "həzm” edə bilmir. Bəlkə elə buna görə biz təkcə erməni kimi aşkar, koronavirus kimi gizli düşmənlərlə deyil, həm də özü-özü ilə döyüşən xalqın faciələrini yaşaya-yaşaya gələcəyə gedirik! Bu məqamda yazıçı Seyran Səxavətin bir fikrini xatırladım: "Bir gün Yer kürəsinin oksigeni tamamilə tükənə bilər, planetin bütün canlıları məhv olar, qırılar. Amma azərbaycanlılardan birinin də burnu qanamaz.Çünki biz oksigenlə yox, yalanla nəfəs alırıq..."

Sonda evimizə və özümüzə qapandığımız bu çətin günlərdə hamıya, xüsusilə, HƏQİQƏTLƏ nəfəs alan, Azərbaycançı, ƏDALƏTİ sevən və İNSANa dəyər verən soydaşlarımıza cansağlığı arzulayıram.

Nurəddin ƏDİLOĞLU. (29.03.20)



7203 oxunub

InvestAZ