XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Xlorsatan qadının hekayəsi   - Abid Tahirli yazır
Ədəbiyyat 17:40 / 28.03.2020

  ("XXI əsrin hekayələri” silsiləsindən)

 

     Səhər tezdən "Xlor, mebel yağı, kislota, ağ nöyüt, xlooor!”- deyə cır və fasiləsiz səslə qışqıran qadının səsi qonşum Nadiri, deyəsən, bu dəfə  lap hövsələdən çıxarmışdı. O, bədəninin yarısını balkondan çıxarıb həyətin tən ortasında dayanan, müştəri gözü ilə bir-bir balkon və pəncərələri süzərək, "Xlor, mebel yağı, kislota, ağ nöyüt, xlooor!”- kəlmələrini tez-tez təkrarlayan qadına tərəf od püskürməyə başladı:

- Ay, həyasız, nə olub, səhərin gözü açılmamış bayquş kimi ulayırsan? Qoymayacaqsan, öz xarabamızda rahat yatmağa? Bəsdir də, bu qədər də olmaz axı!

      Qonşumun qəzəbli, acı sözlərindən sonra digər balkonların pəncərələri də açılmağa başladı. Əsnəyə-əsnəyə, gözlərini oya-oya gah məhəllənin ortasında dim-dik dayanan qadına, gah da az qala balkondan Nadirə tərəf boylanan qonşular  bu atışmanın nəylə nəticələnəcəyini maraqla gözləyirdi. Kimi ürəyində  "Adam bir loxma çörəyi üçün çalışır də, neynir, oğurluq eləmir, pis işlə məşğul olmur ki?-deyə fikirləşir,  Nadiri qınayır, kimi də "Əşi, düz deyir də, gərək səhər yuxumuza zəhər qarasan?”-deyə Nadirə haqq qazandırırdı. Amma yəqin ki, hamını bir fikir birləşdirirdi: qadın sakitcə çəkilib gedəcək. Yox, belə olmadı. Daş qayaya rast gəlmişdi.  Qadının ağzı açıldı- nə açıldı:

     -Həyasız sənsən, sənin evindəkilərdir, ay haramxor! Yatırsan, cəhənnəmə ki, yat! Halal zəhmətimlə evimə çörək aparıram da. Gözünə girir? Bu qədər yüklə Sumqayıtdan bura kefə gəlmirəm ki?...

      Nadir dayanmaq bilməyən  qadınla söhbəti uzatmağın  mənasızlığını görüb, yavaşca balkondan çəkildi...Qadın isə öz işində idi, sanki Nadirə acıq verirmiş kimi müştərilərini daha bərkdən səsləyirdi: "Xlor, mebel yağı, kislota, ağ nöyüt, xlooor!”...

     Səd-sərhəd bilməyən koronovirus qorxusu hamını öz mənzilinə kilidləmişdi. Spirt, maska, dezinfeksiya məhlullarına tələbat artmışdı. Həm həmin məhsullardan istifadəyə, həm də bu çətin günlərdə evdə qalmağa üstünlük verən  Nadir vəziyyətdən çıxış yolu axtarırdı. Birdən onun  nə isə yadına düşübmüş kimi cəld hərəkətlərlə mənzilindən çıxdı, üzbəüz qonşusunun qapısını ehmalca taqqıldatdı. Qonşu qapını açanda Nadir üzrxahlıq edib dedi:

- Sən həmişə o xlorsatandan mal alırdın, həmişə də tərifləyirdin ki, onun xloru həm keyfiyyətli, həm də ucuz olur.

Qonşu təəccüblə:

-Hə, nə olub ki?

- Heç, xlor lazımdır, Evdən də çıxmaq istəmirəm, deyirəm, bəlkə o qadının əl telefonu sizdə olar. Siz biləni zəng etsək, o, bizə xlor gətirər? 


4075 oxunub

InvestAZ