XƏBƏR LENTİ
31 Mart 2020



TARİXİ ÖZÜNDƏ YAŞADAN POEMA Vaqif Aslan - 70
Ədəbiyyat 19:15 / 25.03.2020

XX yüzil sonu - XXI yüzil (önləri) Şəki ədəbi mühitinin görkəmli nümayəndələrindən biri, istedadlı şair Vaqif Aslandır.

 

V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərləri içərisində "Ruhlarla söhbət" poeması xüsusilə fərqlənir. Poemanı şairin yaradıcılığının şah əsəri də hesab etmək olar. Poema Abdulla Əfəndizadənin "Hər ürəkdə zəbt olubdur, Ya ölüm, ya Türkiyə" mənzumələr toplusu ilə səsləşir. Əsər 28 fəsildən ibarətdir.

 

Əsərin yazılmasında böyük məsuliyyət hissi duyan şair poemanın "Xeyir və dua" bölməsində ana və atasının ruhlarının dilindən bu şərəfli işi xüsusilə vurğulayır.

 

Oğlum, gəl bu daşı ətəyindən tök

Türk qoca palıddır yer üzərində.

Başı göylərdədir, kökü dərində

Allaha çatarsan, yuxarı qalxsan

Gözlərin qaralar aşağı baxsan.

Altına girmisən çox ağır yükün

Birinci qatdadır kökləri türkün.

Nə vaxt ki, edilib bu dünya bina

Türk qövmü ilk sakin olubdur ona.

 

Poemanın "Haqq da var, divan da" adlı bölməsi daha maraqlıdır. Bu bölmədə tariximizdə qanlı izlər buraxan, türk xalqının amansız, qəddar düşməni olan Stalin, Qorbaçov kimilərin haqq divanında hesab verməsi, öz bəd əməllərini boynuna alması haqqın qələbəsi kimi götürülür...

 

Poemanın "Şəhid ruhlar" adlanan bölməsində şair tarixi şəxsiyyətlərlə yanaşı zəmanəsinin böyük ədiblərini də yaddan çıxarmır. "Bu dünyadan mən əl çəkə bilmərəm" ifadəsi ilə M.Müşfiqin "Bu gözəl dünyadan necə əl çəkim" misrasına, "Yerə yatın, kazaklardır atanlar" ifadəsi ilə görkəmli dramaturq C.Cabbarlının "1905-ci il" əsərinə, "Demədinmi qalxan bayraq enəmməz" ifadəsi ilə M.Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinə işarəsi ilə poemanı daha da rəngarəngləşdirir.

 

Əsərin "Faciə", "İnkir-Minkir" və "I Şah Abbas" bölmələri daha maraqlıdır. "Faciə" bölməsində - xanlar xanı olmaq istəyən millətini, torpağını quruca bir ad, vəzifə üçün satan, özgə himayəsində yaşamağı özünə fəxr hesab edən Qubalı Fətəli xanın rüsvayçı əməllərindən söhbət açılır. Şair milləti birləşdirib özgəyə itaət edən, bu xalqı nəsil-nəsil xəcalətə salan insanın ellər gülüncü, aylar-illər gülüncü olmasını istəyir. Eynən də "İnkir-Minkir", "Şah I Abbas" bölməsində də öz soyunun qənimi kəsilən, türkü-türkə qırdıran, türkü öz yurd-yuvasından didərgin salan, erməni kimi qaniçəni, bəşəriyyətin bəlası olan bu nankor xalqı türkün başına bəla eləyən Şah I Abbasın əməllərindən bəhs edilir.

 

Poemanın "Giley", "Umu-küsü", "Sual-cavab" bölmələri də mövzu cəhətdən rəngarəngdir. "Giley" bölməsində qardaş qanı axıtmaqla fəxr edən, 1514-cü il tarixin türklük, türk milləti üçün səfalət səhifəsi olan Çaldıran döyüşü və onun qurbanları olan Şah İsmayıl və Sultan Səlim fenomenləri qarşılaşdırılır. Şair Şah İsmayılın dilindən xalqının başına gələn müsibətə, qardaş qırğınına ürək yanğısı ilə cavab verir.

 

Mənə bir dərs oldu Çaldıran

Bu döyüşdür türkü atdan saldıran

Bir qılınc ki, kəsib türkün başını,

Paralayıb torpağını, daşını.

Öyülməyə dəyərmi:

Bir qılınc ki, məni məndən eləyib

Qanı-qandan, canı-candan eləyib.

Mənimkidir deyilməyə dəyərmi?

 

"Umu-küsü" bölməsində Əmir Teymurun və İldırım Bəyazidin etirafları da düşündürücü və səmimidir.

 

Əsərin "Ulu ruhun cavabı" bölməsində ozanlar ozanı Dədə Qorquddan danışılır, qılıncla saz qarşılaşdırılır. Qılıncı olmayan millətin boy atmadığını, qılıncın ad-san, şöhrət olduğunu yazan şair namərdin, yaltağın əlində alçaldığını, pas tutduğunu da vurğulayır. Şair sazın da qüdrətindən, böyüklüyündən hələ "Dədə Qorqud elindən gələn" ucalığından, müqəddəsliyindən söhbət açır.

 

Sazın da, sözün də sirri var balam,

Qılınc da ad alır mərdin əlində

Namərdin əlində alçalar balam

Sazsa inildəyər dərdin əlində

Yaltağın əlində pas atar qılınc

Ölən şöhrətinə yas tutar qılınc

Yaltaq nə utanar, nə də ar eylər

Qılıncı hörmətdən salıb xar eylər.

 

Poemanın "Novruz bayramı və Məlikşahın giley-güzarı" bölməsində əsrlər boyu tarixi, yaddaşı, bayramı, toyu-düyünü unutdurulan, lakin Məlikşah Cəlaləddin və II Şah Abbas kimi tarixi şəxsiyyətlərin sayəsi nəticəsində özününkünü özünə qaytaran bir xalqın taleyindən söhbət açılır. Şair poemanın "Məndən söyləməkdir, səndən eşitmək" bölməsində maraqlı faktlar verir. Yunan və türk xalqlarının adət-ənənələrindən yazır. Şair əsərdə dəfn etmə yas mərasimini gözəl izah edir, yunanların dəfn etmə zamanı ölünü yandırmağını, türklərin isə torpağa basdırıldığını göstərir. Şair türkün sayəsində geyinməyi, çimməyi, daranmağı öyrənən, türkə "barbar" deyib onun var-yoxunu mənimsəyən, özününkü olmayanı öz adına çıxan qeyri-əxlaqi dəyərlərdən söhbət açır.

 

Əsərin "Sual-cavab", "Ruhların məhkəməsi" bölməsi daha maraqlı və təsirlidir. II Göytürk imperatoru Bilgə Xaqanın ruhu ilə söhbətləşən şair söhbət əsnasında xalqının başına gətirilən müsibətlərdən, türk xalqları arasında birlik və bütövlüyün olmaması nəticəsində boyunduruğ altında yaşamasından, öz torpağında qul olan, qaçqın olan, öz torpağında özünə yad olan, bölgə-bölgə paralanan, nəsil-nəsil qaralanan xalqların müasir taleyindən ürək ağrısı ilə danışır.

 

Əsərdə Bizans imperatoru Qustinyanı qadın şücaəti ilə diz çökdürən Bur-Arıq və öz ağlı, zəkası ilə iki xalqı qırğından qurtaran Çiçək Xatun kimi qadın obrazların verilməsi təsadüfü deyil. Şair göstərmək istəyir ki, öz ağlı, zəkası, şücaətiylə kişiləri geridə qoyan, "Aslanın erkəyi, dişisi olmayan" dünyanın qadın fatehləri də vardır. Şair qadının böyüklüyünü, ucalığını "Qadın" şeirində də poetik ifadələrlə verir.

 

Qadın - ömrümüzün bəzəyi, naxışı

Həmişə müqəddəs sanmışıq onu

İnsan sevə bilir, sevir, nə yaxşı

Yoxsa verəmməzdik onun borcunu...

Ümumiyyətlə, V.Aslan bizi türk azmanlarının bütöv bir silsiləsilə görüşdürür. Şair Məlik şah, Alp Arslan, Bilgə Xaqan, Attila, Mete xan, Alp Ər Tonqa kimi tarixi şəxsiyyətləri türkün böyüklüyünü, qüdrətini göstərən şəxsiyyətlər kimi təqdim edir.

 

V.Aslan poemada tarixi dərindən bilən gözəl bir tarixçiylə yanaşı həm də ana dilini, ana dilinin qayda-qanunlarını, fonetik xüsusiyyətlərini mükəmməl bilən bir dilçi kimi də nəzərimizi cəlb edir. Bu cəhətdən onun Şumer, Akkad, Assur, Babil, Manna, Midiya sivilizasiyalarının türk mədəniyyəti ilə təmasından, həmin sözlərin etimologiyasından bəhs etdiyi fikirlər maraqlıdır.

 

V.Aslan poeziyası dərin, mənalı, özünü oxucusuna sevdirən poeziyadır və bu poeziyanın geniş elmi-tədqiqata ehtiyacı vardır.

 

Tural ADIŞİRİN

AMEA Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi


380 oxunub

InvestAZ