XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



“YENİ SƏS”İN KÖHNƏ SÖZ KÖRPÜSÜ - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 09:29 / 19.03.2020

Yurdumuza Bahar gəlir... Ay işığı sərhəd nişanı olan çayın hər iki sahilin nura qərq edib. Bu adi çayı deyil, həm də qərinələr boyu bir-birindən ayrı düşən doğmaların göz yaşıdır. Çayın sahilindəki o taylı bu taylı eyni cinsli ağacların və kolların kölgəsi gümuşü sularda yuyunur. Dərələr sanki dərin yuxuya gedib. Üzü aşağı axan dağ cayı yorulmadan, yuxu bilmədən cağlayır. Çayın sahili boyu görünən sal qayalar sanki keşikdə dayanan əsgərlər kimi dərin düşüncələrə dalıblar. Bir-birinə paralel çayboyu uzanan iki sahil... Bir – birinə "yad” olan doğma ağaclar və adamlar. Nə vaxtsa insanlar bu sahildən o sahilə uçan quşa da həsəd aparıb, üzən balığa da... Amma iki sahil arasında həmişə Söz körpüsü olub. O sahildən bu sahilə məhəbbətlə söz qoşanlar, bu sahildən o sahilə həsrət ilə boylananlar, nəğmələrin qanadında görüşüblər... "Yeni səs”in KÖHNƏ söz körpüsündə qəlbimdən keçən şeirlərin bir neçəsini Sizinlə bölüşmək istədim.

O SAHİLDƏ, BU SAHİLDƏ


Gurşad tökdü, tufan oldu,

Araz daşdı, ümman oldu.

Qayaları al qan oldu

O sahildə, bu sahildə!


Bir-birindən cida düşdük,

Dirigözlü oda düşdük.

Biz yadlara neyləmişdik?!

O sahildə, bu sahildə!


Ürək dustaq, Vətən məhbəs,

Hanı Babək, Cavanşir bəs?

Həyat bu cür qala bilməz

O sahildə, bu sahildə!


Nə həsrət, nə hicran olsun,

Vahid Azərbaycan olsun!

Qoy birləşsin, bir can olsun

O sahil də , bu sahil də!


Xəlil Rza Ulutürk 


Yol gedirdim Məmməd Araza


Yol gedirdim Araz çayı boyunca,

Məmməd Araz şeir dedi doyunca,

Heyrətləndim bu hikməti duyunca,

Arazlar nə yaman sözlü olurmuş…


Gördüyümü misra-misra yazandım,

Özüm bildim: nə itirdim, qazandım.

Şaxta idi, istilədim, qızındım –

Arazlar nə yaman közlü olurmuş…


Məmməd Araz Araz olub daşardı…

Araz çayı şair kimi coşardı.

Bir meh əsdi, gözüm yaman yaşardı–

Arazlar nə yaman duzlu olurmuş…


Vaqif Məmmədov


Yaxşılıq...


Söz var - ürəkləri döndərər buza,

Söz var - bu dünyanı sənə bağışlar.

Nə yaxşı, tikanlar azdı çiçəkdən,

Nə yaxşı, dünyada çoxdu yaxşılar...


Hardasa "Qıl körpü" gözləyir bizi,

Hər kəsi yerinə layiq biləcək.

Sən dönmə yolundan, ay yaxşı adam,

Balıq bilməsə də, Xaliq biləcək...


Bəxtəvər - hər sərvət toplayan deyil,

Həyatın sirrini bilən adamdır.

Bəlkə də, dünyada ən güclü insan

Bir damla göz yaşı silən adamdır...


Yaxşılıq - bir dəndi, atsan torpağa,

Min ruzu yetirər ömrün qışına.

Nə suda əriyər, nə odda yanar,

Min illər ötsə də, çıxar qarşına...


Baba Vəziroğlu


Ağ günə çıxdımı qara gözlərin?


Yuxumu gözümdən oğurlayan qız,

Ag günə çıxdımı qara gözlərin?

Elə ağladım ki, arxanca sənin

Yuyuldu yollardan ayaq izlərin…


Daha tükənmişəm, daha bitmişəm,

Sənin nə vecinə, rahat yatırsan…

Mən sənə haqqımı halal etmişəm,

Sən niyə yuxuma haram qatırsan?


Xəzər Süleyman


Əziz "Yeni səs” izləyiciləri! Torpağın min bir yerdən cücərdiyi yazın bu vədələrində hər iki sahildə ana təbiət ətir saçan çiçəkləri, gülləri ilə göz oxşayıb, könüllərə təravət çiləyir. Qoy yaz ağzı sizin də qəlbinizdəki arzular o güllər kimi pardaxlanıb, çiçək açsın, bir-birinizə sevgi-sevinc bəxş etsin!

Bayramınız mübarək olsun!

Nurəddin ƏDİLOĞLU


6056 oxunub

InvestAZ