XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



İllər - Gülnaz Qubalı yazır
YAZARLAR 12:54 / 14.03.2020

2018-ci ilin fevralı. Qubada yeni bir sabah. Bu rayon dağətəyi ərazi olduğundan bu gün də hava çox soyuq və şaxtalı idi. Həyətin görünən hissəsində yazdan qalan və öz yaşıl rəngini hələ də itirməyən sərt alaq otlarının üzərində rütubətdən yaranan, gecələr düşən şaxtadan qırov görünsə də, kiçik su gölməçələrinin üzərini nazik buz təbəqəsi örtsə belə, yerdə qar yox idi. Hər gün axşama yaxın soyuq şkalası yüksəlir, günorta isə hava mülayimləşirdi. Novalçalardan və ağacların budaqlarından su damcılayırdı. Hətta günəşin alçaqdan, tutqun çıxmasına baxmayaraq, ilıq şüaların yerə şaxələnərək səpələndiyi, üzlərdə təbəssüm yaratdığı vaxtlar da çox olurdu. Elə bil günəşin çıxması qışın sərt soyuğunu götürüb, öz istisi ilə hər şeyi hərəkətə gətirir, canlandırırdı. Belə bir gündə dəvət alaraq Salatın xanım gilə qonaq çağırılmışdım. Getdim.

Küçə qapısı açıq idi. İçəri daxil olub, alt eyvanı keçdim. Qışın soyuğu həyətdə sakitlik yaratmışdı. Bir səssizlik hökm sürürdü. Qızılgül kolları ilə əhatələnmiş bağçanı kövrək nəzərlərlə uzun-uzadı nəzərdən keçirdib, çox mütəəssir oldum. Amma hələ ümüdlərim qırılmamışdı. Bir az da keçmişə boylansaq, bu qarşımda açılan, lakin kollarında gülü qalmayan qizılgül bağçasının öz tarixçəsi və haqqında söz açılan xanımın isə öz qeyri-adi həyat hekayasi vardı. İstər-istəməz bu keçmişi təəssuratlar və xoş anlarla dolu olan xatirələr toplusu, əvvəl beynimdən və daha sonra isə gözlərimin önündən cərayan edərək bir kino lenti kimi keçməyə başladı. Bu bağçanın, bu dilsiz şahidlərin yanından eləcə ötəri keçə bilmədim. Axı, uşaqlığım və gəncliyim demək olar ki, bu həyətdə keçmiçdi.

Salatın xanım, demək olar ki, bu qızılgüllər ilə nəfəs alır. Ümumiyyətlə, bu bağçanı, bu həyəti, bu qızılgülləri bu xanımsız təsəvvür edə bilmirəm. Elə zənn edirəm ki, qızılgüllər bu xanım üçün, bu xanım da bu qızılgüllər və məhz bu həyət üçün yaradılıblar. Onları biri-birindən ayırmaq qəti olaraq mümkün deyil. Elə bil bu güllərin hərəsi Allahın əl işi olmaqla yanaşı, bu xanıma öz əvəzsiz töhfəsiydi. Cənnətdən gələn, göydən enən bir mələk şəklində gözümüzün önündə dayanaraq öz gözəlliklərini sərgiləyir, üzümüzə gülürdülər. Hər biçimdə, hər rəngdə görünərək öz müqəddəsliklərini açıq-aşkar şəkildə hər kəsə nümayiş etdirirdilər.

Salatın xanım, balaca Cənnəti xatırladan bu qızılgül bağçasını, qızılgüllərə olan böyük sevgisindən öz arzusu ilə, əsası da mühüm olanı öz əlləri ilə yaratmışdır. Bu balaca güldanlıq Salatın xanımın əi işiydi, onun yüksək zövqü və zəhmətiydi. Hər il, yaz, yay fəsillərində burada hər rəngdə qızılgül görə bilərik. Özünəməxsus ətirləri ilə, məsumiyyətin rəngi olan ağ rəngli qızılgüldən, ta tünd məxməri qaraya çalan qızılgülə qədər. Salatın xanım, bu gül kollarını soraqlaşıb, axtarıb, tapıb bu bağçada əkib-becərib. İllərlə bu gül kollarının qulluğunda durub, hər birisini uşaq kimi əzizləyib, bəsləyib, qayğısını çəkərək araya-ərsəyə gətirib. Bütün güllərin şahı olan möcüzə qızılgülü müqəddəs bilib, öpüb-oxşayıb, bir ləçəyini də yerə ayaqlar altına düşməyə qoymayıb. Bu gül kollarının hər birində, hər gülün hər yarpağında belə, bu gözəl xanımın əllərinin, torpağında isə ayaqlarının izləri var desəm, yanılmaram. Nə hikmətdirsə, qızılgül bitkisinə bağlı, vurğun olan, sevən bu xanım onlara xüsusi qayğı göstərməklə yanaşı, öz tikdiyi libaslarında, bişirdiyi şirniyyatlarda çoxunluqla qızılgülü əks elətdirib.

Allaha, Torpağa, gözəlliyə bağlı olan, bir sözlə həyatın can damarını tuta bilən bu xanım, həmişə, hər gün sübh tezdən durub bağçaya girərkən güllərin gözəlliyi bu gözəl xanımın üzünə yansıyar, ətirli rayihəsinə bürüyərdi. Yaz günəşinin bərq vuran aydın şüaları altında bu iki gözəllik üz-üzə durarkən daha bir əsrarəngiz gözəllik yaradaraq insanın gözlərini qamaşdırardı. Yağışlı günlərdə isə qarşımızda başqa bir gözəllik, başqa bir aləm açılırdı. Belə ki, yağış yağdıqca bu gülləri sığallayıb, tumarlayardı. Yarpaqlarını yuyub-təmizləyərdi. Yağışdan sonra isə par-par parıldayan ləçəklərin üzərindəki su damcıları, günəşin parlaq şüalarını özündə əks etdirib, brılyantlar kimi bərq vuraraq ətrafa şəfəq saçırdılar. Bu füsünkar gözəlliyi dil iıə təsəvvür etmək qeyri-mümkündür. Adam bu qeyri-adi, göz oxşayan mənzərəni görəndə təbiətin yaratdığı bu müdhiş əsərin tamaşasına duranda, heyran qalıb, valeh olur və ürəyi riqqətə gəlirdi.

Onu da deyim ki, bu xanım güllərin dilini də çox yaxşı bilir. Demək olar ki, o, öz bağçasının əsl bağbanıdır. Axı qızılgüllər də canlıdırlar, onların da ruhu, dili və insan kimi öz tərcümeyi halı var. Onlar da bizim kimi nəfəs alır, budaqları sınanda ağlayır, sızlayır. Danışa bilməsələr belə bütün havalarda istiyə, soyuğa, yağışa, qara öz təsirini göstərərək haldan-hala düşürlər, öz vücüd dilləri ilə nə demək istədiklərini bizə başa salırlar.

Dərilməli olan gülləri tanıyıb seçən bu xanım öz bağ qayçısı ilə bu güllərin saplağının hansı uzunluqda kəsilməli olduğunu da yaxşı bilir. Güllərin tam açılması və uzun müddət təravətli qalması üçün isə gül dolu qabı alaqaranlıq bir otaqda küncdə saxlayar və həmən qabdakı suyun içərisinə bir-iki tikə qənd salardı. Təxminən bir həftədən sonra isə həmən güllərin suyunu dəyişər və hər bir qızılgülün saplağından 1sm. kəsib götürərdi ki, güllər sudakı mineral və üzvü maddələri yaxşı əmə bilsin. Beləliklə, bu xanım güllərin ömrünü bu üsülla bir neçə gün də uzada bilirdi.

Daha sonra, başqa bir üsulla Salatın xanım, qızılgül kollarını daha məhsuldar edir. Belə ki, dərilmiş qızılgüllər bir müddətdən sonra saralıb-solub qurumağa başlayır. O isə, bu qızılgül ləçəklərini atmır, onları səliqə ilə tacından ayıraraq, ləçəkləri və ətirli toxumlarını, yenə də eynilə hər qızılgül kolunun dibinə ovuc-ovuc tökür ki, həmən qızılgül ləçəkləri və toxumlar torpağa qarışaraq bir münbitlik əmələ gətirsin, gübrə olsun və həm də həmən ləçəklərdə olan ətir bu gül kollarının canına hoparaq, növbəti ilə bol və daha ətirli güllər bitirsin.

Gül kollarının sayını artırmaqdan ötrü isə, bu xanım hər ilin payız mövsümündə, budama dövrü zamanı, hər rəng gül kolundan olan kəsilmiş budaqlardan bir qismini ayırar, onları münbit torpağda çəpəki vəziyyətdə basdırardı ki, kök atsın və cücərib yeni qızılgül kolu əmələ gəlsin. Bunun üçün də torpağı daim nəm saxlamaq lazım gəliridi. Bu əiverişli şərait payız fəslində olduğu üçün bu proses də payızda aparılırdı. Doğrudan da bu iş gözəl nəticə verirdi və yerə basdırılan budaqlarda yaz fəslində, qırmızı, parıltılı pöhrələr görünürdü. Beləliklə də bu xanım qocalmış və qurumuş kolları, bu cavan fidanlarla əvəz edər, gül kollarının sayını artırardı. Həyəti gül ilə zənginləşdirər və bağçanı cavanlaşdırardı. Təkcə onu deyə bilərəm ki, Calatın xanım qızılgüllərdən çox böyük və sonsuz həzz alır. Elə bil bu qızılgüllərin kökü heç torpaqda yox, onun ürəyındə bitmişdi. Qızılgül dolu güldan həmişə gözünün qabağında olar. Dəqiqələrlə bu güllərə sirli bir maraqla tamaşa edərək, ”Bu gözəl dünyadan necə əl çəkim” misrasını dilində səsləndirməsi mənim hələ də qulaqlarımda cingildəyir. Hələ bu kiçik, səliqə-səhmanıyla göz oxşayan bağçada, yaz fəslində nəğməkar bülbüllərin gözəl nəğmələrini eşidəndə burada güllər ilə bir vəhdət, ayrı bir dünya yaranırdı ki, gəl görəsən.

İndı isə ana təbiət öz sərt qanunlarına riayət edərək, soyuq və şaxtanın təsirindən bu gözəlliyi məhv edib, yarpaqlarını yerə tökərək xəzəl etmişdi. Ilk əvvəl yağış, sonra isə qar yeri döyəclədikcə torpağa qarışdırmışdı. Uzaqdan budaqlarda gün işığına möhtac olan, adda-budda açılmamış qızılgül tumurcuqları görünürdü ki, onlar da bu soyuğa, bu sazağa dözməyərək, büzüşüb, öz yaşıl köynəyində gizlənməyə çalışaraq, gecələr düçən ayazın təsirindən qara rəngə çalırdılar.

Bəzən ürək istəyəni, ürək deyəni təbiət fərqinə varmadan bizdən əsirgəyir və hətta alır. Yazdan cəmi bir neçə ayın keçməsinə baxmayaraq elə bil əbədiyyət keçmişdi. Gül fəslinin izləri təmamilə silinib getmiş, yaşıllıqdan isə heç bir əsər-əlamət belə qalmamışdı. Qış fəsli özünü tez-tələsik yetirərək, sərt üzünü göstərmişdi. Elə bil sirli-sehrli aləm, öz qanunları ilə bu qızılgül kollarını özünə tabe edərək, öz vəzifəsini görməyə sövq etmişdi. Belə ki, bu qızılgül kolları yaz mövsümündə öz bəhrəsini verib, sonra isə yarpaqlarını tökərək, taleyinə məhkum olub, öhdəsinə düşən işi görüb, dərin yuxuya gedərək lüt-üryan şəkildə təbiətə boyun əyib, torpağa pərçimlənib təslim olmuşdular.

Həyat isə öz ahəngi ilə davam edirdi. Əlbəttə ki, yenə də təbiətə can verən, min cür ətirləri ilə bizi bihuş edən, güllü, çiçəkli, bülbüllü yaz fəsli gələcək. Zamanın sirli pərdəsi aralanacaq və bu qızılgül kolları yenidən yaşıllaşaraq, pöhrə verib, daha da gözəlləşərək cücərəcək. Yenə də uca Yaradanın onlara bəxş etdiyi müxtəlif rəngli gülləri ilə bizi, əsası da Salatın xanımı ürəkdən sevindirəcək.

Bu ğözəl , nostalji hisslərin əhatəsindən, xəyallar aləmindən ayrılaraq, bir az da irəliləyib, koridoru keçərək taxta məhəccərdən tuta-tuta pillələri adlayıb, aramla yuxarıya, xəstə yatağında yatan, illərimin dostu olan, ixtiyarlamış doxsan iki yaşlı Salatın xanımın otağına tərəf irəlilədim.

***

Otağa daxil olanda Salatın xanım öz çarpayısında əyləşmişdi. Xəstə könlü kövrək, həssas olar deyiblər. Qapısının yanından ötüb keçən hər ayaq tappıltısına, hər səsə dönər baxar, bir həmdəm, qulaq yoldaşı axtarar ğözləri. Hələ ürəyindəki arzularını, diləklərini həyata keçirə bilməyibsə. Bu yerdə Nəriman Həsənzadənin iki misrası yada düşür;

De, nədir həyatda səadət ,gülüm,

"Bir könül xoşluğu, bir az təbəssüm”.

Həmişə nikbin əhval-ruhiyyə sahibi olan bu xanımın gözlərinin dərinliyinə, bu gün nədənsə, bu gözəl çöhrəyə yaraşmayan bir hüzün, bir niskil qonmuşdu. Elə bil illərin yorğunluğu canına hoparaq, onu gücdən-taqətdən salmışdı. Qayğılı və küskün baxışlarını yerə dikərək, bir nöqtədə cəm etmişdi. Ananın bu halını görcək sanki sinəmə bir ağırlıq çökdü. Onu nəzərlərimlə süzərək ürəyimdən keçən bu sözləri öz-özümə pıçıldadım;- Eh, deyirəm ki, ay Salatın xanım, ömür təkcə yaz havası ilə nazlansaydı nə vardı ki? Ən dözümlü varlıq olan insan, doğumundan-ölümünə qədər nə cəfalara dözmür, nə dərdlrə tablaşıb, qatlaşmır? Əlbəttə, ən gözəl çağların, ən şirin anların belə bir vaxt bitməsi, sonu olur. Ömrün də fəsillər kimi payızı, qışı, sərt üzü olarmış. Bir çox gülən üzlərin arxasında nə dərdlər var.

Həyatını, ömrünü yaradılıcığa, müqəddəs və ətrini bildiyi torpağa, zəhmətə, ailəsinə adamış bu xanım bir neçə il idi ki, öz sevimli qızılgül bağçasından, qızılgüllərindən ayrı düşmüş və bu ayrılıq həsrəti öz dərin izini buraxaraq onu sarsıtmışdı. Xəstəliyinin ucbatından yatağından qalxa bilmirdi. Könülləri tar-mar edən mənfur xəstəlik, öz kəlbətin əlini ananın yaxasına sancmışdı. Hər keçən gün isə öz fəsadlarını göstərirdi. Doğrudan da həyat bizə bir vaxt bol-bol verdiyini, eləcə də bol-bol bizdən alır. Vaxtsız gələn xəstəlik və illər öz işini görmüş, əhdini pozmuşdu. Ananın saçları dağ qarını xatırladırdı. Fələyin gərdişi və zaman sanki onun əleyhinə işləyirdi.

Salatın xanım məni görcək məsum uşaq kimi gülümsəyərək, mehribanlıqla, səmimi və mülayim bir tərzdə həmişəki kimi kef-əhvalımı xəbər aldı. Mən də eyni tərzdə astadan "yaxşıyam” deyərək cavab verib, həmişəki yerimdə, pəncərə qarşısındakı kürsüdə yerimi rahatladım. Qısa zaman dilimi içərisində keçmişi xatırladan əhvalatlardan və birlikdə keçən şirin, ötən günlərimizdən xatırlayıb, ikimiz də həm sevinir, həm də ömrün vəfasızlığından gileylənib, vaxtı maraqlı və dolğun keçirtməyə çalışırdıq. Hafizəsindən, yaddaşından heç nə silinib getməmişdi. Daxili aləmi çox zəngin idi. Ana çox ürəkdən danışır, danışdıqca da sözlərindəki ecazkarlıq məni tilsimləyərək keçmişə aparırdı.

Doğrudan da insan bir sirrdir. Onu hər adam eləcə asanlıqla çözə bilmir. İnsanın beyninə girməkdən ötrü, əvvəlcə gərək onun ürəyinə yol tapasan, necə deyərlər o ürəyi fəth edəsən. Bilavasitə insanın xoşuna gəlmək yox, gərək hörmətini də qazana biləsən, ən ümdə vəzifən isə, sevgini verib və onu almaq bacarığın olmalıdır. İnsan-insana sevgini sözlə də verə bilər, baxışları ilə də, gözəl əməlləri ilə də. Sevgi insanı bütün xəstəliklərdən uzaqlaşdırır. Bütün çatışmayan amilləri aradan qaldırır. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, təcrübələrim əsasında, yaşlı insanların daxili aləminə bir qədər, azacıq da olsa nüfuz edə bildiyimdən, yaş fərqimiz çox olsa belə Allahdan bu xanımla həmişə sözüm-söhbətim tuturdu. Saatlarla bir yerdə olar, şair və yazıçıların əsərlərinə müraciət edərdik. Müxtəlif əsərlərdən statlar gətirər, hətta əzbərləyər, yeri gəldikcə bir-birimizə söyləyərdik. Biz demək olar ki, əksərən günlərimizi belə, poeziya günləri kimi keçirərək zövq alar, həyatımıza bədii naxışlar vurardıq. Onu da deyim ki, şair ruhlu bu xanıma xəstəlik heç cür yaraşmır, amma buna baxmayaraq o heç ruhdan da düşmür. Öz həyatını bir incəsənətə döndərən bu xanım, bu gündə də dilindən şer parçalarını əksik etmir, günlərini maraqlı, həyatın musiqisi altında keçirməyə çalışır. Ananın dodağına gülüş qonmüşdu. Bayaqkı niskil təmamilə gözlərindən silinib getmiş, əvəzində isə bir sevinc işartısı, bir parıltı, ümid bürümüşdü. Mənə və bir çoxlarına qızılgülü sevdirən bu xanıma ilk növbədə ağlıma gələn bir sualla müraciət etmək, məxsusi olaraq ünvanlamaq fikrinə düşdüm. Və araya çökən dərin sükutu pozaraq üzümü bu incə xanıma tutub, alçaq və mülayım bir səslə müraciət etdim.

Qızılgüllərlə nəfəs alan Salatın, siz ömrünüz boyu qizılgülü həm əkmisiniz, həm çəkmisiniz, həm də tikmisiniz. Demək olar ki, siz bu gülü həm sevib, həm sevdirib, həm də dəyərli bir şəxs kimi hörmət etmisiniz. Belə olan təqdirdə özünüz qızılgülü kimə təqdim edərdiniz? - deyə xitab edərək, bayaq beynimdən keçirtdiyim, çek-çevir etdiyim sualı birbaşa verdim. Deyəsən ürəyinın sarı siminə toxunmuşdum. Bu sualı eşitdikdə dərdli ana həm kövrəldi, həm də sevindi. Öz 67-illik ömür-gün yoldaşı Cabir müəllimi itirdikdən sonra isə mehrini demək olar ki, bütünlüklə övladlarına və öz sevimli qızılgüllərinə salıb yaşayırdı. Allahdan tək umacağı isə xoşbəxtliyin ən böyük rəmzi sayılan sağlamlığına qovuşmaq, yarım qalan arzularını həyata keçirtməkdir.

Əlbəttə ki, insan hisslərini gizlədə bilmir. Və yaxşı deyiblər ki, hər bir insan öz dilinin altında gizlənib. Ananın verəcəyi cavabı səbirsizliklə gözləyirdim. Araya sükut çökdü. Hər ikimiz süküt içərisində öz daxili hisslərimizə qapılmışdıq. Ümumiyyətlə, bu xanım heç bir suala birdən cavab verməz, bir neçə saniyə fikirləşər, sonra cavab verərdi. Həmişə də öz ağıllı cavablarıyla hər kəsi təəccübləndirən bu xanım, bu dəfə də öz cavabıyla məni təəccübləndirərək fikirləşmədən ”ağıllı insanlara”- deyərək gülə-gülə cavab verdi.

Mədəniyyətin və sevginin tərənnümçüsü, simvolu olan qızılgülü adətən qadınlara, hətta gözəl xanımlara təqdim olunduğunun fərqindəyik. Amma, bu xanımın həyata baxışı tam fərqli olduğundan əlbəttə ki, ondan belə bir cavabı da gözləyirdim. Hər yaş dövrünün öz gözəlliyi var. Uzunömürlülüyü, qocalığı, zirvə, şərəf sayan " qocalıq hörmətdir, qocalıq hər adama qismət olmur”, deyən bu xanım, yaşının ahıl vaxtına, həmən həddə doxsan üç yaşına gəlib çatıb. İndi isə Allah tərəfindən özü bu iltifata, bu mükafata layiq görülüb.

Bu görüş eyni zamanda mənim üçün qürur və hüzün verən bir görüş olmuşdu. Belə ki, hisslərim məni aldatmamışdı. Nadir görülən bir hadisə ilə qarşılaşmışdım. Xəstəliyə deyil, xəstəliyi özünə tabe, ram edən mübariz bir xanımla həmsöhbət olmuşdum. Hörmət bəslədiyim və bu halıyla çox böyük səbr, təmkin nümayiş etdirərək, möhkəm iradə və eyni zamanda ruh yüksəkliyi ilə xəstəliyinə hər vəhclə qalib gəlməyə çalışan, hardasa bir əsri haxlayaraq, zamanla yarışan, yaşama ümidi ilə dolu olan cəsarətli bir xanımla üz-üzə oturmuşdum. Bu günkü günümü çox mənalı və uğurlu keçirtmişdim deyə sevinir və xoş keçən bu anların ömrünü bir da uzatmaq istəyirdim. Eyni zamanda bu dünyagörüşü geniş olan, müdrük xanımın ruhunun delta rəqəmini əlimdə flaqman edərək, demək olar ki, bu gün yenidən kəşf etmişdim.

İncə ruhlu, qeyri-adi təsir gücünə malik, ruhuma yaxın olan bu xanım və mən inanırdıq ki, bir gün boz buludlar dağılacaq və yerində al-əlvan qalib günəş görünəcək. Hər çətinliyin arxasında bir asudəlik, bir asanlıq var, deyən şəxs bu fikri eləcə boşuna söyləməmişdir. Zərif və zəif cinsin nümayəndəsi sayılan və eyni zamanda çox güclü xarakter nümayiş etdirməyə çalışan bu xanımda bu qədər güc, iradə, əzm, ümid, səbr, təmkin hardan idi? Əlbəttə ki, ilk əvvəl Allah, sonra isə ağlı onun köməyinə gələrək mükəmməlliyin zirvəsini qazandırmışdı. Və əlbəttə ki, ümidə söykənən ürək heç vaxt sönməz. Mənə hüzün verən, yaralayan isə Salatın xanımın bizə yadigar qalan cavanlığı və şaqraq gülüşləri idi.

Axşam çoxdan düşmüş, ayrılıq dəmi gəlib çatmışdı. Günəş qürüb edib , Ay da çıxaraq həmişəki kimi öz nur kürsüsündə oturmuş, ətrafı süd rənginə boyamışdı. Ulduzlar da göy üzünə zər səpilmiş kimi sayrışırdılar. Çox uzaqlardan parlaq bir dan ulduzu isə öz gur işığı ilə bərq vururdu. Mən bu ulduzun əsrarəngiz cazibəsinə qapılmışdım və ulduzların insan həyatında mühüm rolunun olduğunu lap çoxdan, uşaqlıqdan bilirdim. Mənə belə gəlirdi ki, bu ulduz da Salatın xanımın ulduzu olmaqla yanaşı, elə məhz bu xanıma güc və güvən təlqin edərək, onu salamlamaq üçün göyün tən ortasında dayanmışdı. Yeri gəlmişkən nəinki ulduz, hətta bir gül belə açılmış vəziyyətdə sənə tərəf boylanıbsa, budaqdakı hər hansı quş üzünü sənə tutub öz nəğməsin oxuyursa, demək o gül də, o quş da səni salamlayır, üzünə gülür.

Bu gözəl təəssuratlar altında sağollaşıb gözəlliyi hələ də solmayan bu xanıma Allahdan şəfalar diləyərək evdən ayrıldım. Ürəyimdə gizlincə etdiyim duaların bir gün buludlara çatacağına və ordan da uca Allaha yetişəcəyinə tam əminliklə inanırdım. Və indi də mən çox böyük səbirsizliklə qızılgüllərin açılmasını gözləyirəm. Gözləyirəm ki, ətri insanı bihuş edən bu bahar şəbnəmli qızılgüllərdən dərərək iri bir buket düzəldib, hər gününü Allahın bir hədiyyəsi kimi qəbul edən Salatın xanıma bağışlayım.

" Bir xoş söz , pis həkimdən yaxşıdır”, demişlər. Yol çəkən bir cüt niskilli gözləri sevindirib, qəmgin fikirlərin çulğaladığı bu xanımla fikir mübadiləsi yürüdərək və söhbəti xoş notlar üzərində tamamlayıb, yüksək ovqat bəxş edərək arxamca qoyub gəldiyim üçün çox sevinirdim. Qaranlığın örtüyü altında yolboyu düzülən küçə dirəklərindəki lampalardan aşağıya süzülən işıq zolağından isə zərrəciklər ilə birlikdə ağ kəpənəklər kimi uçuşaraq rəqs edən qar dənəcikləri də əks olunurdu.


2371 oxunub

InvestAZ