Nərd taxtasına atılmış iki qoşa zər kimi
qarşılaşdıq, qoşalaşdıq bu fani dünyada. Qeyri-adi insan insan tipi bağışladın
mənə, heç vaxt heç yerdə görmədiyim, belə demək mümkünsə, çox uzaqlarda
axtardığım əlçatmaz, ünyetməz, hava, su kimi ehtiyacım olan ideal insan tipi.
Elə bil səni illər öncəsi itirmişdim indi isə tapmışam.Öz ikinci tayımı, könül
dünyamın açarını. Səni görəndə sevincimin həddi-hüdudu olmurdu, dilim topuq
vurur, tutulurdu. Əlində ən sevdiyi oyuncaq olan məsum uşaq kimi idim.Eynilə bərk-bərk
tutmağa çalışan uşaq kimi. Mən də səni itirməkdən çox qorxurdum. Az müddət bir
yerdə olar sonra ayrılardıq. Gözlərim ardınca baxar-baxardı. Səhəri günü gözləyərdim.
Gözümü saatın əqrəblərindən çəkməyərək, dəqiqələri sayaraq. O bir neçə saat mənə
uzun bir qərinə kimi gəlirdi.Gözlərimi qapıdan çəkməyərək, nəzərlərimlə bağlı
qapını dəlib, o taydan gəldiyin yolları baxışlarımla izləyərək, hətta belə demək
mümkünsə iplə çəkərək, özümə yaxınlaşdırmaq, vaxtı azaltmaq, tezləşdirmək, gəldiyin
yolu qısaltmaq istəyirdim.Tez qovuşmaq istəyi,hərarətini hiss etmək, duymaq
arzusu, məndə baş qaldırmışdı.Suya möhtac torpaq kimi ehtiyac duyurdum sənə və
bu görüşlərə.Sevgim alovlanır, alovlandıqca gur atəşi hər tərəfi sararaq məni
özünə məftun, aludə edirdi. Hər gələn günü tezləşdirmək, görüşlərimiz bitməsin
deyə, günü-günə calamaq istəyirdim.Hər gəlişini mənə Allahın bir hədiyyəsi kimi
qəbul edirdim.İnsan həyatında bəzi anlar var ki,bütün ömrü bəzəyir. Səninlə
keçirtdiyim həmən saatlar ömrümü mənalı edir, bəzək vururdu. Elə bil
ovsunlanmışdım.Hara baxırdımsa səni görurdüm. Siman gözümün önündən heç
getmirdi.
Özündə mərtəbənin, mənsəb və rütbənin heç bir əhəmiyyətini
daşımayan sevgi, Allahın bir hikməti olmaqla bərabər, özündə şerdən yüksək bədiilik
əks etdirməklə bütün məqsədləri həyata keçirə biləcək yeganə vasitədir.Sevgi
insan fikrini dəyişmək üçün ən mahir bir müəllim kimidir.Sevgi müqəddəs ruhdan
ilham alan, dünyanın əsasını qoyan canlı bir qüvvədir.Vəsfə gəlməyən sevgi həyatın
özüdür. Sevgi Allahdan sonra qarşısında səcdəyə gediləcək Allahın insanın
ruhuna bəxş etdiyi böyük aləmin kiçiyini özündə əks etdirən aynadır, güzgüdür.
Bütün gözəlliklər səndən başlanır sevgi.Sevgisiz həyat mövcud olarmı?Əlbəttə
yox! Rastlaşdığımız bütün xoşbəxt cütlüklər həyata, təbiətə nəvaziş və işıq
saçan qüvvətli çağırış deyilmi? Sevgi öz varlığını yoxluqdan tapan, yatmış
2
ürəkləri oyadan, hətta ölumu belə öldürən əsl möcüzədir.
İnsanın ilk sevgisində təbii bir inad olar ki, bu ilk sevgi heç zaman
unudulmaz. Sevən insanların daxili,təbii sevgi ilə birləşdiyi zaman özü də bilmədən
ilahi bir şey hiss olunur. O,ulduzlu gecələrdə yandırılmış bir çıraq kimi, başdan-ayağa
qədər nur haləsi arasında olur. İşıq saçır. Qəlbən yüksəlir. Təbiət insanı məzlum
yaratsa da, sevgi insanı mələyə çevirir. Ruhun sonsuzluğu ilə səma arasında gedən
əsrasrəngiz mübadilə baş verir ki, sevən insan elə hiss edir ki, ondan nə isə
ayrılır və ona nə isə nazil olur. Qəlbində nələrın baş verdiyini özü də deyə bilmir.
Sanki sevginin nüfuz edən nuraniliyi qarşısında vəcddən yavaş-yavaş əriyir.
Sevgidə insan daimi bir maqnetik qüvvənin
təsiri altında olur ki, görünməyən bir güc sevəni, sürətlə sevdiyinə tərəf itələyir.
Zəriflikdən və məsumiyyətdən doğan eşqim sükut içərisində danışan hisslərlə bu
sirli yollarda irəliləyərək incə qanadlı bəyaz mələk şəklində bələdçimə
çevrildi, qəlbimin yoluna düşdü. Birlikdə bir həyat ümidi ilə irəlilədikcə ürəyimdə
dodaqların danışır, səsini dinləyirdim. Beləliklə sudan saf, çiçəkdən təmiz sevgi
dilimdə bir parça duaya dönüşərək ruhuma nəqş edildi, ona təzim etdi. Sevgi o qədər
təbii bir hiss, nəliyi bilinməyən elə bir maddə, cövhərdir ki, su damcılarınin
deşdiyi qayada olduğu kimi, sevgi də ətə-sümüyə bürünərək insanın vücuduna
aşılanib ömürlük məskən salır. Ürək gözüylə sevən sevənin qəlbini duya, hətta
görə bilir. Elə bil əlini uzatsa duyğularına çata biləcək kimi. Sevgi insanı gör
necə dəyişdirir. Yerində bam-başqa adam oluşdurur. Bu təsvirə gəlməyəcək bir
sirr, bir hiss, bir yorumdur. Sevənin gözündə sevilən insan yarımallaha
çevrilir. Yerdəki müqəddəs Allaha!
Rəngsizlik rənglərin əsilidir. Kim bilir, sevgi bəlkə
də dünyanı dəyişdirib, başdan-başa bu rəngsizlik üzərində sevgi rəngi olan, parlaq
al qırmızı rənglərlə əvəz edərək, sevgi sözünü, sevgi dolu bir səslə hər dildə
and sözünə çevirib, məbədə, ehkama dönuşdürəcək. Həyatımızı işıqlandıran təbəssümə
bürüyəcək. Qəlblərdə məskən salaraq ürəkləri hərəkətə gətirən, qanımızın içərisində
gəzən sevgi, kim bilir daha kimləri Leyliyə, Məcnuna çevirəcək. Onun unudulmaz
xatirələrinin, həsrət ətri verən sevgisinin bir səssiz bahar kimi buraxdığı dərin izlərini, ürəklərdə, beyinlərdə
bir dastan şəklində daha kimlər özüylə əbədiyyətə daşıyacaq. Bu,"hörmətə
layiq”, eşqin hökmdarına çevrilmiş əsl sevgilərdə, min-min olümü özündən kənar
edərək, ölüm tufanının içərisindən keçib gələn bu xoşbəxt ölümlərdə, qüdsiyyətə
qədər ucalan cəzbedici bir həyat vardır. Bir yandan da tale yaşları müxtəlif,
lakin dərdləri bir olan, yaşamaq
3
əsaslarından məhrum edilən, gözüylə sevən, elə gözlərinin
dərinliklərində də qeyb olan, gözlərinin qarasına, kölgəsinə sığınan, bitməyən
ümidlərini dinləyən, heç yaşanmamış, cəsarətsiz, çarəsizliyinə yenik düşmüş, təpədən
dirnağa qədər sevgi ilə dopdolu və zamanın qarətinə uğrayan, bu həyat yollarında nəfəsləri belə tükənən gənclik
eşqləri. Ah! Anlarla rəqabət apara bilməyən, amma düşüncələrinə də qadağan,
yasaq qoya bilməyən, baxışları ilə yalvaran məsum, məşum və müqəddəs sevgililər.
Sanki Allah insana, arzu etdiyini bu baxışlarda təcəssüm etdirmək iqtidarı vermışdir.
Yaşamın açarı sevgi, sevənin dərmanı vüsaldır deyə boşuna söyləməmişlər.
"Eşqdir mehrabı uca
göylərin,
Eşqsiz, ey dünya, nədir
dəyərin?!
Eşqsiz bir adam bir
neydir-qırıq,
Yüz canı olsa da,
ölüdür artıq”.
Deyir, Dahi Nizami Gəncəvi. Beləliklə səni özümə
bağlamaqdan ötrü əlimdən gələn bacardığım ən gözəl işləri etməyə çalışırdım.Hələlik
ki, buna nail olmurdum. Amma ruhdan da düşmürdüm.Hissiyatım məni gələcəyə
çağırır, iradəmə hakim olmağa səsləyirdi. Axı sevgi çox şeyə qadirdir.Başa
düşürdüm ki, ən qəddar insan deyil (ifadəmə görə üzr istəyirəm) heyvan belə
sevgi qarşısında acizləşir, əriyir sonunda isə qarşılıq göstərərək məğlub olur.
Sevgimi isbat etmək üçün hər şeyə hazır idim. Özünü sevgilisi, sevgisi uğruna
oda vuran, pərvanə kimi. Öz sevgisi
uğruna yanar şölənin ətrafında dövrə vuraraq, dolanaraq özünü oda yaxan,
yandıran sonunda isə qurbana çevrilən pərvanə misalı.Beləliklə öz sevgimi şerlərə
tökməyə başladım. Misraları ard-ardınca sənin adınla bağlayaraq inci kimi
düzürdüm. Beynimin və qəlbimin dərinliklərində hər an, hər dəqiqə səni fikirləşirdim.
Məhəbbət ürəyə düşəndə ürəyi şəfəqləndirir, öz işığını üzünə salır. İnsanın
görkəmi də xoşbəxt, bəxtəvər olur. Sevgisi olmayan insan isə yetimləşir, acizləşir.
Ömrü yarıda qırılır. Ümid məni əlimdən tutub aparırdı. Səninlə demək olar ki, səadətimi,
xoşbəxtliyimi tapmışdım. Ehtiyac duyduğum bir parça xoşbəxtliyimi.Üzərindən iki
il keçməsinə baxmayaraq o sevgi heç azalmayıb ki, əksinə artıb. Adın gələndə,
telefonumun ekranında nömrən görünəndə ürəyim atır, həyəcanlanıram. Əyər sevgi
həqiqi sevgidirsə heç vaxt ölməz, min illər keçsə belə. Sevincli-acılı gunlərimiz
də oldu, kusub barışdığımız günlər də.İstəmədən fikirlərimizin toqquşduğu
4
vaxtlar da. Amma bir müddətdən sonra yenə də heç nə
olmamış kimi ünsiyyət tapır, mehribanlaşırdıq. Hərdən gözlərimi yumaraq iki il
öncəsindəki o günlərə göz gəzdirdikcə böyük fərqi hiss edirəm. Öz-özümə məhəbbətin
ağrılı-acılı günləri, əzabı da xoşdur deyirəm. Çünki hər qaranlıq gecənin bir
işıqlı sabahı olar.Evimizin abu-həvası təmamilə dəyişilmişdi.Bir neçə illik
daşlı-kəsəkli keşməkeşli yollardan keçərək təkbaşıma keçirtdiyim boşluq sonunda
dolmuş, yerini çox xanımın arzuladığı sevgiyə vermişdi.Üzümün ifadəsi, üz
cizgilərim dəyişib, daha mülayim, daha cazibədar olub təbəssüm ilə əhatələnmişdi.Çünki,
sidq ürəkdən, ülvi bir məhəbbətlə, göz işığı sevən kimi sevirdım. Günlərim beləcə bir-birini əvəz edərək
su kimi axıb, öz axarı ilə gedirdi. Gunlər həftələri, həftələrsə ayları əvəz edərək
səninlə düz iki ili beləcə geridə qoyduq. Müntəzəm görüşməsək belə o məhəbbət
odu ürəyimdə baş qaldıraraq qığılcımdan böyük atəşə, tonqala çevrilmişdi. Heç
vaxt sönməyən, hətta ucu buludlara çata bilən iri bir tonqala. Ged-gedə
ulduzumuz barışdı və sən başqalaşaraq mənə daha mülayim, daha real nəzərlərlə
baxmağa başladın. Bu hal məni daha çox sevindirirdi. Fikirlərimiz üst-üstə düşəndə
isə hər ikimiz sevinir, şad olurduq. Bu hala ürəyim fərəhlə döyünür, dağa
dönürdü. Həyat doğrudan da çox qəribədir.Taleyin isə öz yazısı, öz
şıltaqlıqları var. Nəyə nail olmuşdumsa bunu da öz sonsuz sevgimlə, sevgimin
yenilməz gücü ilə qazanmışdım. Həyata baxışım başqalaşaraq sənə daha möhkəm,
qırılmaz tellərlə bağlanmışdım. Səbr köməyimə gəlmiş, məni daha əzmli etmişdi.
Elə bil taleyim öz əlimdə idi, hər şey ola bilərdi. Ürəyimdən gələn bir səs məni
səsləyərək daha mətin, iradəli olmağa, heç nədən çəkinməyərək ürək gözü ilə irəliyə
baxmağa sövq edirdi. Axı ürək hisslərin yuvasıdır. Mənə elə gəlir ki, bizim
alıb-verdiyimiz nəfəs də eyni, ürəyimizin döyüntüləri də eyni döyünür. Gözlərimiz
eyni yerə baxır, eyni şeyi görürük. Hətta sevinəndə də eyni, kədərlənəndə də
eyni kədərlənirik. Sevgim məni yaşadır, cavan, gümrah saxlayır. Sevgi mənim
ruhumdur, qol-qanad gərir üzərimə. Sevgi insana acı dili də unutdurur, sözlərinə
bal-şəkər qatır, sevgidə yalnız insanın gözünə gözəlliklər görünür. Hətta sevgi
olan yerdə çirkin də gözəl görünə bilir.
Eşq-öz üç hərfi ilə bütün dünyanı fəth edib. Ən
qüdrətli sərkərdələrdən belə güclüdür sevginin gücü. Ya ölümə qalib gəlir, ya
da öldürür. Hər ikisinə də qadirdir. Allah bizi birləşdirərək bəlkə də bir daha
yer üzərində sevgisi güclü olan bir qadını nümayiş etdirdi.Bu mənəm ki,
hal-hazirda da sevgim günəş kimi parıldayır; qaranlıq gecədə də, işıqlı
5
gündüzdə də olduğunu bəyan edir. Beynimlə, ağlımla
dərk edərək, məntiqimlə hərəkər edərək, dözümlülük nümayiş etdirərək, qəti qərar
qəbul edib təkcə səni, ən yüksək, güclü məhəbbətlə sevir, sevəcək və bu ali məhəbbəti
ən uca mərtəbədə, zirvədə tutaraq, kirlətməməyə çalışacağam. Qəlbimin dərinliklərində
isə sənin təmiz və müqəddəs adını həmişə qoruyacağam. Dimdiyində ağ qızılgül tutmuş göyərçin kimi yüksək səmaların ənginliklərindən
süzərək hər zaman səni gözdən uzaqlarda, tərtəmiz bir dünyada gözləyəcəyəm.
Gözləyəcəyəm ki, qoşalaşaraq, bir olaraq, əsl sevgini tərənnüm edərək, hər kəsə
səadət bəxş edək. Göylərin qapısından hər kəsi alqışlayaraq sevgi yağışı
yağdıraq. Günəşin şüaları kimi bərq vuraraq yerlərə sevgi ələyək.