XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Ramiz Qusarçaylı: - Bir Aladaş axşamı
YAZARLAR 12:12 / 22.06.2022

Ağ papağı sürüşərək gözünün üstünə düşən Şah dağının güllü-çiçəkli qoynunda bir Aladaş təsnifinə qonaq oldum.
Sirli-sehrli mənzərələrin içindən qıy vuran bu təsnifin hər çalarında ləçəkləri kəpənək qanadlarına qarışıb mehlə sığallanan dağ çiçəkləri, koldan kola uçuşan quşların şux simfoniyaları, qayaların şəlalə hörüklərinə dolaşan dumanın dərələrin nəmli dodaqlarına çəkilən nəmli sükutu, Ləzə bulaqlarının yanğılara buz çəkən heyrətamiz məlhəmi, Şahnabatın daşlara çırpılıb sahilə səpələnən sularının şaqraq sədaları canlanır.
Bu təsnifin yaddaşına min illərin səs xəzinəsindən süzülüb gələn milli muğamlarımızın kövrək və ürək odlayan zəngulələri, azman tarın dağ oynadan hayqırtıları, qara zurnanın dəli-dolu kişnərtiləri, yastı balabanın məlahətli sədaları, qədim neyin həzin melodiyaları həkk olub.
Bu yerlərin vüqarlı və zəhmətkeş insanlarının Aladaşdan pərvazlanan Vətən sevgisi, Vətən ucalığı, Vətən fəlsəfəsi Aladaş təsnifinin qayəsi olub.
Bu axşamın baş qəhrəmanı Yunis Əmrənin təbirincə desək,- sevəlim, seviləlim deyən sadə bir iş adamı Sabir müəllmdir, elin təbirincə desək,-Sabir Txa (qardaş)!
Yaxın kənd və ətraf obaların təhsil ocaqlarından boy verən istedadlı və qabiliyyətli balaların mükəmməl təhsil görüb dünyəvi biliklərə yiyələnməsinə, uğurlu və sağlam gələcəyinə işıq tutan ürəyi var Sabir müəllimin. Göyərən toxumla, uzanan otla torpağın ağrı-acısı canından çıxdığı kimi çalışqan və bacarıqlı uşaqların qazandığı nailiyyətlərlə də Sabir müəllimin yorğunluğu canından çıxır, ruhu dincəlir, yaşam tərzi və yaradıcı fəaliyyəti bir az da zənginləşir...
Dillərdə mifə çevrilən Aladaş bu yerlərin xeyirxahlıq ocağıdı, halallıq rəmzidi, mərdlik simvoludu, dostluq mənbəyidi.
Bu yerlərin dağ ürəyidi Aladaş, bu ellərin söykənc yeri, güvənc yeridi.
Aladaş məğrur və ləyaqətli insanlarının məclislər məskənidi, şənliklər, şölənlər meydanıdı.
Bu məclislərin, bu şənliklərin başında ürəklərə dağ çəkilən dünyanın dağlarına ürək çəkən dağ ürəkli Sabir müəllimi var,- üzündə min illərin müdrikliyi, gözündə elinin-obasının qürurverici fərəhi yaşanan Sabir müəllimi.
Bir yay axşamı Aladaşın Sabir müəlliminə, Sabir müəllimin Aladaşına qonaq olduq, Aladaş təsnifini bir də yaşadıq.
Mən bu təsnifin qədirbilən yurddaşlarımız tərəfindən yüz illərlə oxunacağına əminəm.
* * *
Dağ ətəyi, ay işığı, su səsi,
İlk sevginin, son ümidin qu səsi,
Duyğu-duyğu, söz-söz içim bu səsi
Duyğu şəklim, şəkil sözlüm Aladaş,
Üfüq qaşlım, Günəş gözlüm, Aladaş!
Boy boylayan dağ boyu, dağ rəngi var,
Daş daşlayan dağ çayı, dağ cəngi var,
Ruh oynadan "Ləzginka” var, "Cəngi” var,
Qopuz səsim, ozan səsim, Aladaş,
İman səsim, azan səsim Aladaş!
Zindanmuruq məbəd yerim, pir yerim,
Hər qalası əfsun yerim, sirr yerim,
Mələk-mələk nur göyərdir hər yerim
Göy qanadlı dağ gözəlim, Aladaş,
Xəzəl gülüm, gül xəzəlim Aladaş!
Qoşa qumru qonur qumun dəlisi,
Yol üstündə yellər öpür vələsi,
Gedən gedib, gələn bir də gələsi,
Arıların gül yuxusu, Aladaş,
Çiçəklərin bal qoxusu, Aladaş!
Şahlar şahı Şah dağımdı baş qalam,
Daş kitabəm, daş qalaçam, daş qalam,
Kaş bu dağda daşa dönəm, daş qalam,
Daş ocağım, ocaq daşım, Aladaş,
Könül daşım, qucaq daşım, Aladaş!

3900 oxunub

InvestAZ