XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Hüseyn Əsgərov : - AXIRINCI XORUZ
Ədəbiyyat 17:17 / 27.05.2022

Günlərin bir günündə Seyyid Məşədi İbadulla Rza müəllimin evinə qonaq gəldi. Tək özü deyildi, özünün üç, qızının dörd ailə üzvünü nəzərə almasaq, qudasının doxsan yaşlı anası da onunla idi. Ev yiyəsi qonaqların rahatlığından ötrü əlindən gələni əsirgəmirdi.
Bu minval ilə bir həftə keçəndən sonra Rza müəllimin ömür-gün yoldaşı ərinə dedi:
-Göydə Allahdı, yerdə sən, ey mənim əziz ərim! Qonaqlardan yaxamızı qurtarmağın vaxtı çatmayıbmı? Bu zalımların hərəsi bir oturuma üç nəfərin yeməyini yeyir, bir azdan evimizdə heç nə qalmayacaq.
-Yox, belə yaramaz, -deyə Rza müəllim dərdli-dərdli cavab verdi, -Allahın mömin bəndələrini evdən qovmaq olmaz, şəhərdə rüsvay-caiz olarıq.
Həmin minval ilə ikinci həftə də ötüb keçəndən, soyuducu, ərzaq şkafları boşalandan, həyətdəki bibər, badımcan, pomidor və xiyar kollarının qorası da tükənəndən sonra Rza müəllimin arvadı yenə öz ərinə müraciət etdi:
-Göydə Allahdı, yerdə sən, ey mənim əziz ərim! Daha bu qonaqlar çıxıb getməlidi, bir azdan heç özümüz də yeməyə bir şey tapmayacayıq.
Bu dəfə Rza müəllimin razı olmaqdan başqa çarəsi yox idi. Seyyid Məşədi Ibadulla bağçadakı çəmənlikdə oturub heyranlıqla göydəki ulduzlara baxırdı. Rza müəllim həmin aydınlıq gecədə sıxıla-sıxıla qonağına yaxınlaşaraq, - ya Seyyid, - deyə sözə başladı, - evimizə gəlib bizi şərəfə yetirdiyiniz üçün hüzurunda min dəfə baş əyirəm. Amma Allahın buyruğu ilə deyəsən daha bizdən gedəsi olacaqsınız, çünki hər cür ərzağımız, qış üçün tədarük etdiyimiz qovurma da tükənib və axırıncı xurmanı da yemişik.
Allahın bəndəsi başını tərpətdi və dedi:
-Allah deyən olsun! Sabah sübh tezdən məni yuxudan oyat, duraq düzələk yola, çünki yolçu yolda gərək!
Sübh tezdən, elə ki, göydən ulduzlar yox oldu, Rza müəllim Seyyid Məşədi Ibadullanı yuxudan oyatdı:
-Ya Seyyid, ey Allah adamı, oyan! Allah sənin canını həmişə sağ eləsin, ailənin başından əskik olmayasan, yaxşı yol! Vaxtdı daha! Xoruz da banladı.
-Hə, sənin hələ xoruzun da var?!-deyə Seyyid Məşədi İbadulla həyatından razı halda dilləndi və sonra o biri böyrü üstə çöndü ki, müqəddəs yuxusunu sakitcə yatsın özü üçün.

3671 oxunub

InvestAZ