XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU «Nur ocağı – Mir Mövsüm Ağa»
YAZARLAR 08:16 / 27.05.2022


Azərbaycanda yaşayan hər bir şəxs bu adı eşidib və böyük əksəriyyət də bu adın sahibinin uyuduğu ziyarətgahı da tanıyır. Digər tərəfdən müsəlman dünyasında böyük əksəriyyət üçün önəmli şəxslərdən olan, varlığı və həyatı ilə hər kəsi heyrətləndirən bu şəxs dünən də, bu gün də, elə sabah da, ümid, inam kimi yaddaşlara köçüb ürəklərdə yaşayır. Birmənalı şəkildə vurğulamaq istəyirəm ki, onun adı həm and yeri, həm də inam yeridir. Özü də bu şəxsin ziyarətçiləri arasında yaşından, aid olduğu zümrədən, hətta dinindən də asılı olmayan kifayət qədər insanlar var ki, onlar həmin ziyarətgaha böyük inamla, ümidlə, heyrət və sevgi ilə üz tuturlar. 
Yəqin ki, söhbətin Mir Mövsüm Ağadan getdiyini artıq hiss etdiniz. Və xatırlatmaq istərdim ki, onun barəsində zaman-zaman yazılıb, yazılır və yazılacaqdır. Ona görə ki, bu şəxs öz həyatı ilə hər kəsi heyrətləndirmiş, hər kəsin diqqətində olmuşdur. Bu da o deməkdir ki, Mir Mövsüm Ağa dünən də, bu gün də, sabah da bizimlə birlikdədir. Bax elə bu inancla, bu sevgiylə əlimdəki kitab barəsində sizə bilgi vermək istəyirəm. 
Mir Mövsüm Ağa barəsində növbəti kitab işıq üzü görüb. Bu yeni kitabın müəllifi şair-publisist ədəbiyyat araşdırmaçısı Vaqif İsaqoğludur. Müəllifin özünün də vurğuladığı kimi, daxili tələbatının və ən vacibi ürəyinə hakim olan ilahi bir sevginin diktəsi ilə o çox qısa bir zaman kəsiyində Mir Mövsüm Ağa barəsində kitab yazmağa müyəssər olubdur. Vaqif İsaqoğlu mənimlə söhbətində vurğulamışdır ki, onun özü də hiss etmədən, hardansa ürəyinə, iç dünyasına, ruhuna, Mir Mövsüm Ağa ilə bağlı düşüncələr hakim olmuş və o da bu düşüncələri kitaba çevirmişdir.
«İmza» nəşrlər evində şair-publisist, prezident təqaüdçüsü Tural Cəfərlinin redaktorluğu ilə işıq üzü görmüş «Nur ocağı - Mir Mövsüm Ağa» kitabı 160 səhifədən ibarətdir. Kitabda Vaqif İsaqoğlunun Mir Mövsüm Ağaya həsr etdiyi şeirlərlə yanaşı, məqalələr də yer almışdı. Həmçinin kitabın sonunda Mir Mövsüm Ağanın özünün və doğmalarının, eləcə də müəllifin özünün və doğmalarının ziyarətgahda portretləri də oxuculara təqdim olunmuşdur. 
Ümumiyyətlə, bu kitabı gözdən keçirdikcə şəxsən mən ruhən həmin ziyarətgahda olub, Ağanın əlindən öpüb onun nurunu öz üzərimdə hiss edirəm. Düşünürəm ki, bu kitabla tanış olan hər kəs də məhz həmin hissləri yaşayacaqdır. Elə bu istəklə də müəllifə uğurlar, oxuculara isə kitabla baş-başa qalmağı arzu edirəm. Bütövlükdə isə hər birimizə ,Mir Mövsüm Ağanın cəddi köməyimiz olsun! - deyirəm.

3984 oxunub

InvestAZ