XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - Ümidin közərən anında... «Dəli kimi» əlimdən tutdu
YAZARLAR 17:16 / 26.05.2022


İndi barəsində yazdığım şeirin müəllifini Azərbaycan oxucusu tanıyır. Necə deyərlər, üz-üzə, ortalıqda olan şairlərimizdən biridir. Eyni zamanda onun sözü də elə ortalıqda, yəni oxucusunun diqqətində, yaddaşında, masasının üzərindədi. Bax, bu mənada düşünürəm ki, bu şairi sözümün əvvəlində təqdim etməyə ehtiyac yoxdu. Yaxşısı budur ki, onun sizə təqdim edəcəyim «Dəli kimi» şeirini birlikdə nəzərdən keçirək. Necə deyərlər, duyduğunuz, anladığınız, görüb-hiss etdiyiniz kimi çözək bu şeiri...
Mən dəfələrlə yazılarımda vurğulamışam ki, şeir, nəsr, poeziya, bir sözlə ədəbi yaradıcılıq müəllifin ömrünə həm ömür calayır, həm də ömründən ömür kəsir. Çünki dəyərli söz yaşanan sözdü, yaşanan sözü də ifadə etmək və yaşamasına təminat vermək istedadla yanaşı, ürəyin hərarətini də, qanını da, şirəsini də, hətta çırpıntısını da alır müəllifdən qoşur şeirə, mislalara, çatdırır oxucuya. Onda oxucu sevir şeiri, köçürür onu yaddaş kartına. Və yaxud da o şeirin olduğu kitabı əlinin altında saxlayır - dərdləşmək üçün,  bölüşmək üçün...
Səhər-səhər qayğılı, bir az da küskün halda kitab rəfimə diqqət yetirirdim. Gözüm kitablara baxsa da, fikrim uzaqlarda idi. Özüm də hiss etmədən rəfdən bir kitab götürdüm. İnanın ki, yazı masımın arxasına gəlib əyləşənə kimi baxmadım o kitabın nə adına, nə müəllifin kimliyinə. Elə həmin o fikirlərin içərisində də açdım kitabı, ilk oxuduğum «Dəli kimi» oldu. Oxudum şeiri. Bir meh kimi keçdi içimdən, sanki fikir dumanını, fikir buludunu ayazıtdı... Və başladım şeirin ilk bəndini pıçıldamağa.

Sənsiz gecə girirəm yad kimi otağıma,
Dərdin içir qanımı canımdan zəli kimi.
Uzanıram yerimə qor dolur yatağıma,
Durub həyət-bacanı gəzirəm dəli kimi...

Bəli, bu bəndi oxudum, öz-özümə pıçıldadım və məni uzaqlara çəkib aparan fikrin ipucunu tapmış kimi sevindim. Anladım ki, bu otaq da, bu şəhər də, elə bu həyatın özü də sənsiz adamı dəli edir. O dəliliyin adını bilənlər bilir, bilməyənlər də onu Şeyx Füzulidən, onun Məcnunundan soruşa bilərlər. Onda indi oxuduqları bəndin qapılarına enəcək və tənhalığın nə demək olduğunu sənsizlik dərdinin dözümsüzlüyünü anlayacaqlar. Və mən də bu anlayışlı oxucularıma qoşulub özüm öz dünyamdan bir bənd də dilə gətirəcəm:

Gecədir...sükutdu...bir də pəncərə,
Baxıram...susuram...göyə əl çatmır...
Bir az kədərlidi gülüm, mənzərə –
Amma deyirlər ki, mələklər yatmır...

İndi anladınızmı, mənim xilaskarım olan «Dəli kimi»nin gücünü. Yəqin bu etirafımı səmimi qarşılayarsınız. Həqiqətən söz adamın dərdini içindən çıxara bilir... xilaskar ola bilir! Bu,  Allahın şairin qəlbinə, ruhuna hopdurduğu sözün gücüdü. Hər sözdə o güc olmur. Odur ki, bu tənhalığın, bu təkliyin, bu sənsizliyin içində artıq mənə nəfəs verən, məni ayaqda durmağa kökləyən misranın, bəndin ardınca gedirəm. Şair yazır ki:

Rahat buraxmır məni içimdəki fırtına,
Bir sən, bir Tanrım bilir fikrim nədir, dərdim nə?
Sənsiz bu dərdlə mənim əlim çatmaz bir yana,
Tanrım səni xəlq edib çarə mənim dərdimə.

Artıq oxuduğunuz şeir sizin də içinizdə öz işini görməkdədir, sizin də ürəyinizdə, könlünüzdə sıxıntı olan, narahatlıq yaradan təklik, kədər, həsrət əl-ayağını yığır özünə. Deməli, şair istəyinə çatıb. O, öz ruhu ilə bizim ruhumuza qoşulub dərdimizə, həsrət və kədərimizə qarşı həmlə edibdi. Qoşalaşan ruhlar gücləniblər. İndi onlar həsrətin səngərini yarıb vüsala doğru gedirlər - Sənin və Tanrının bildiyi məqsədə çatmaq üçün. 
Zaman-zaman Tanrının və Sənin bildiyini mən dörd divar arasında pıçıldamışam. Bu gün də elə dörd divar arasında o pıçıltıları davam etdirirəm. Deyirəm ki:

Sükuta qoşulub ürək döyüntüm,ara.
Qəfil bir səs gəldi – mən də döyükdüm –
Qanadı gözümün dibində yara.

Bu gələn səs sevginin səsi olmaqla yanaşı, həm də nəfəsi idi. O səs də, o nəfəs də Tanrının xeyir-duası ilə döymüşdü qapımı, məni tənhalığın əlindən almaq üçün... Amma buna qədər kitabdan oxuduğum şeir kökləmişdi məni. Məhz onun işığında yaşamağa başlamışdım sənli anlarımı. Bu qiyabi, xəyali olsa da mənə xoş idi. Çünki Tanrım səni məhz mənim üçün xəlq edib. Varlığına şükürlər  duası mənim dilimdə səslənir hər an. Həmin dua ilə qayıdıram yenə şeirə:

Gündüzlər səninləyəm, gecələr xəyalınla,
Sənsən daha həyatım, sənsən daha taleyim.
Həmahəngdir, həmrəngdir hər an halım halınla,
Halın sənə əyandır, ayrı sənə nə deyim.

Gördünüzmü, necə sonluq, necə məntiqi bir nəticəylə baş-başa qaldıq. Şair dedi ki, artıq hər şey ortadadı, həmrəngdi, həmahəngdi, Sənin halınla eynidi. Bu isə o deməkdir ki, mən də o halın eyniyəm, o rəngin içərisindəyəm. Ona görə də bu eyniyyətdə olmaq artıq əlavə sözə yer saxlamır. Yalnız SEVİRƏM!  - deməkdən başqa. Əslində isə SEVİRƏMi biz öz durumumuzla, öz xəyalımızla, öz davranışımız və yaşamımızla hər an təkrarlayırıq, hər an deyirik. Elə bu məntiqi təsdiq üçün mənim dediyim son bənd kimi:

Önündə durduğum yorğun pəncərə,
Bir tayı bağlıdı... bir tayı açıq.
Həsrət çevriləndən gülüm xəncərə,
Biz uzaq düşmüşük – vüsala acıq!..

Gördünüzmü, mən də o ruhla, o ifadə olunan hislərin işığı ilə gəlib yenə vüsalın qapısına çatdım. Onun aclığını, yaşadığımı etiraf etdim. Və bir də xüsusi olaraq vurğuladım ki, yolunu gözləyən pəncərəm də yorğun düşüb. O da həsrətdən bezib. Bir tayı səsin üçün, nəfəsin üçün açıq qalan pəncərəm... 
Hə, bu yazının yazılışına, bu duyğuların ifadəsinə səbəbkar olan «Dəli kimi» şeirin müəllifi Mübariz Məsimoğlu mənim duyğularıma dəstək oldu. Çiyin-çiyinə, ürək-ürəyə, ruh-ruha söykənib həsrətin bir anını vüsala çevirməyə xəyalən cəhd etdim. Bilmirəm o vüsalın nəfəsini sizə, ən əsası isə Sənə çatdıra bildim, yoxsa yox?! Əgər çatdıra bilmişəmsə, onda, demək hələ ümidin dizi bərkdi...

3520 oxunub

InvestAZ