XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU:- “Adil Cəmilin poeziyası”
YAZARLAR 12:52 / 26.05.2022


Oxucular tərəfindən imzası kifayət qədər tanınan yazarlarımızdan biri də şair-publisist Vaqif İsaqoğludur. Ötən əsrin 80-ci illərindən bədii yaradıcılığa başlamış Vaqif İsaqoğlu oxucuların qəlbinə özünün şeirləri və publisist yazıları ilə yol tapmışdır. Belə ki, onun daha çox sevgi şeirləri, vətən, əsgər və uşaqlarla bağlı poetik nümunələri həmişə maraq doğurmuşdur.
Vaqif İsaqoğlu müəyyən zaman kəsiyində, yəni birinci qarabağ müharibəsi dövründə hərbi jurnalist kimi çalışmış və tez-tez ön səngərdə olmuş, Azərbaycan əsgəri barəsində bir-birindən maraqlı silsilə yazılar yazmışdır. Hərbçi, jurnalist, mayor Vaqif İsaqoğlu Cəfərov yaş həddinə görə təqaüdə çıxdıqdan sonra daha çox ədəbiyyatşünaslıqla məşğul olmağa başlamışdır. Onun Azərbaycanın tanınmış söz adamları barəsində bir-birindən maraqlı araşdırma yazıları kitab halında işıq üzü görmüşdür. Elə bugünlərdə həmkarımız Vaqif İsaqoğlu hər bir Azərbaycan oxucusunun özünə, sözünə bələd olduğu, dəyər verdiyi müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Adil Cəmilin çoxşaxəli, rəngarəng yaradıcılığı barəsində müfəssəl bir kitab ortaya qoymuşdur.
«Adil Cəmilin poeziyası» adlanan bu kitabın redaktoru şair-publisist Sərvaz Hüseynoğludur. Kitab «İmza» nəşrlər evində işıq üzü görüb. 240 səhifəlik bu kitab, monoqrafiyanın önəmli cəhətlərindən biri Adil Cəmil yaradıcılığına özəl baxış, özəl münasibətdir. Yəni, Vaqif İsaqoğlu Adil Cəmilin poeziyasını özünün baxış bucağı altında araşdırmış, onun diqqətçəkən tərəflərini qabartmış və bu ədəbi priyomdan istifadə etməklə oxucu ilə Adil Cəmil arasındakı anlaşma məsafəsini daha da qısaltmışdı. Zənnimcə bu, şair-oxucu münasibətlərindəki səmimiyyətin ifadəsi baxımından çox önəmlidir.
Vaqif İsaqoğlu bu monoqrafiya kitabını işləyərkən Adil Cəmilin əsərləri ilə yanaşı uyğun saydığı mənbələrə, yəni ədəbiyyatla, sözlə bağlı Bəxtiyar Vahabzadənin, Aydın Məmmədovun, Yusif Seyidovun, eləcə də digər müəlliflərin fikirlərindən yararlanmışdır. Kitab «Ön» və «Son» sözlərlə başlayıb bitməklə yanaşı beş fəsildən ibarətdir. Həmin fəsillərin hər birində Adil Cəmilin yaradıcılığı qruplaşdırılır və bu qruplaşmalar da fəsilə uyğun şəkildə diqqətdən keçirilməklə dəyərləndirilir.
Düşünürəm ki, Vaqif İsaqoğlunun «Adil Cəmil poeziyası» onun uğurlu ədəbi nümunəsi olmaqla yanaşı, həm də Adil Cəmil poeziyasına verilən daha dolğun qiymətlərdən biridir. Bu münasibətlə kitabın müəllifinə və onun qəhrəmanına uğurlar diləyirəm.

3660 oxunub

InvestAZ