XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Qərənfil DÜNYAMİNQIZI : - Əsl vətəndaş yetişdirilir
Maraqli 10:56 / 24.05.2022

         Ulularımızın gözəl bir deyimi var ki, "indinin kökü keçmişdədir və keçmiş gələcəyin iynəsidir”. Bu keçmişimizi, kökümüzü dəqiq, dürüst öyrənərək vətənə torpağa xalqa bağlı bir gənclik yetişdirməliyik. Əslində 44 günlük Vətən savaşımız, qələbə zəfərimiz sübut etdi ki, bu gənçliyi yetişdirmişik. O, gənçlik ki, canı, qanı bahasına cəsarətilə tarix yaradaraq, yazaraq "keçmişin keşikçisi, sabahın təminatçısı” olduğunu sübut etdi. O, gənçlik ki, ümidləri doğruldaraq, zəfəri gerçəkləşdirdi və qanını torpağa qataraq onu bir daha müqəddəsləşdirdi. 
       Deyirlər "varislik və vərəsəlik çox böyük yük və hədsiz məsuliyyətdir”. Bu gün vətənimizə, dövlətimizə, torpağımıza layiq varislər yetişir. Təbii burada daha çox məsuliyyət ailənin, xüsusən də orta məktəb müəllimlərinin üzərinə düşür. Bu  günlərdə Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən 227 saylı tam orta məktəbdə "Qarabağa qayıtdıq!” adlı keçirilən tədbir bir daha bu fikri təsdiqlədi. Məmləkətimizin cənnət diyarı olan Qarabağ sevgisini, möhtəşəmliyini əks etdirən bu tədbirdə ən kiçik detal belə qürur və fəxarətlə, çox böyük məsuliyyətlə öz əksini tapmışdır. 
       Tədbirdə Bakı şəhər üzrə Təhsil İdarəsinin rəhbər heyyəti və bir qrup əməkdaşları, Səs Media qrupunun təsisçisi Bəhruz Quliyev, millət vəkilləri Könül Nurullayeva və Ceyhun Məmmədov, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Axundov və başqaları iştirak etdilər. Məktəbin direktoru Sevinc Hüseynova tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını məktəbin həyətində nümayiş olunan sərgi və kompozisiyalara baxmağa dəvət etdi. 
     VII "A” və X "B” sinif şagirdlərinin iştirakı ilə S.Vurğunun "Vaqif” pyesindən, VII "D”, IX "A”, X "B” sinif şagirlərinin ifasında Xan qızı Natavanın Xasay bəy Usmiyevlə görüşündən hazırlanan kiçik səhnəçiklər gurultulu alqışlara səbəb oldu. 3 "A” sinifinin şagirdləri əyani olaraq üstlərində əks etdirdikləri Qarabağın milli geyimlərinin tarixi haqqında maraqlı bilgilər söylədilər. Elvin Musayev, Yusif Quliyev, Zəhra Abıyeva, Ömər Rüstəmov və Fateh Mərdanzadənin bilgiləri maraqla dinləndi. "Qarabağ uşaqların gözü ilə” əl işlərindən ibarət olan sərgini isə məktəbin VIII "B” sinifinin şagirdlər təqdim etdi. Onu da qeyd edək ki, bunlar məktəbdə cari tədris ilindən tətbiq olunan STEAM layihəsinin gözəl bəhrəsi idi. 
      Hər bir tədbir iştirakçısının qürur, fəxr hissi və gürultulu alqışlarla salamladığı, bir zaman bu məktəbin şagirdləri olan, bu gün isə 44 günlük Vətən müharibəsində tarix yazan qaziləri oldu. Sonra yuxarı sinif şagirdləri hərbi sıra düzülüşü ilə Vətən müharibəsi Şəhidlərinin rəsimlərini daşıyaraq, onların əziz xatirəsini yad etdilər. 
      2 "A” və 11 "A” sinif şagirdlərinin ifasında "Qarabağ Azərbaycandır” mahnısının sədaları altında üç rəngli bayrağımızın əzəmətli gəlişi tədbir iştirakçılarını daha da şövqə gətirdi. 2 "A” sinif şagirdlərinin ifasında "Xarı bülbülüm”, 7 "A” sinif şagirdlərinin hazırladığı "Bütöv Azərbaycan komposisiyaları, 5 "D” sinif şagirdlərinin "Xarıbülbül” rəqsi tədbir iştirakçılarının gürultulu alqışlarına səbəb oldu.   
    Tədbir zamanı bəlli oldu ki, onun belə yüksək səviyyədə keçəsində bütün məktəb kollektivinin çox böyük əməyi olub. Xüsusən də məktəbin direktoru Sevinc Hüseynova, müavin İlhamə Mirzəyeva, müəllimlərdən Rəqsanə Abdullayeva, Aynur Kərimova, Mehriban Məmmədova və başqalarının adlarını çəkə bilərik. 
      Əslində 227 saylı məktəbin kollektivi hər zaman belə təbdirləri, yüksək naliyyətləri, uğurları ilə çoxlarına nümunədir. Çünki məktəbdə tədris-təlim, nizam-intizam işləri yüksək səviyyədə həyata kecirilir. Məsələn, 2020-21-ci tədris ilində "Onlayn dərs” müsabiqəsində BŞTİ rəhbərliyi tərəfindən məktəbin iki müəllimi Səmər Hacıyeva və Rəna Quliyeva diplomla, Lətafət Nəsibova isə Fəxri fərmanla qiymətləndirilib. Elə həmin tədris ilində məktəbdə vətənpərvərlik mövzusunda "Ən yaxşı videotəqdimat” yaradıcılıq müsabiqəsi kecirilib, IX "A” sinif şagirdi Məriyəm Əliquliyeva ARTN rəhbərliyi tərəfindən II yerə layiq görülüb, diplomla mükafatlandırılıb. XI "A” sinif şagirdi Rübabə Aslanova buraxlış və blok imtahanlarında ən yüksək nəticə əldə edərək Prezident təqaüdünə layiq görülüb.
   2021-ci tədris ili də məktəb üçün ilk günlərdən uğurlu başlayıb. Məktəbin müəllimi Rəna Kərbalayeva "Yaradıcı müəllim” müsabiqəsində BŞTİ –nin rəhbərliyi tərəfindən "Təşəkkürnamə” ilə təltif edilib. RFO-da XI "B” sinif şagirdi Xəyal Əlizadə Tarix fənni üzrə final mərhələsində respublika birinciliyini qazanıb.
     Müəllim və şagird heyətinin bu qürur verici faktlarını bir az da sadalamaq olar. Lakin məqsədimiz bu deyil. Məqsədimiz odur ki, 227-saylı tam orta məktəbdə Azərbaycan dövlətinə, dövlətçiliyinə, azadlığına bir sözlə Vətəninə, torpağına, xalqına, milli-mənəvi dəyərlərinə layiq əsl vətəndaş yetişdirilir.

2254 oxunub

InvestAZ