XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əlisəfa AZAYEV : -Qanadsız quş hekayə
Ədəbiyyat 09:05 / 23.05.2022

 

-          Ağəz, eşitdiniz də?..

-          Nəyi?..

-          Müəllimin ona quş deməsini...

Bu sözləri eşitcək ona yaxın əyləşmiş qadınlar özlərini saxlaya bilməyib güldülər. Səltənət səsə yarıyuxulu halda ayılıb, qarşıya baxanda, hələ də şagirdlərin təlim-tərbiyəsindən danışan Nadir müəllimi gördü... Valideynlərlə görüş nə çox çəkmişdi belə... Düzdü, müəllim oğlu Aydın barəsində danışanda yarıyuxulu nəsə eşitdi, ancaq quş sözünün indi onun adına deyildiyini eşidəndə lap diksinən kimi olub, incidi:

-        Çox qələt edib, bu sözü deyir... O qədər özünü quşa oxşadanlar var ki...

Səltənətin incidiyini görən qadınlar susdular. Onu sakitləşdirməyə başladılar:

-          Lətifədi də... O sənə yox, oğluna dedi...

-          Hə də... Uçar quşun yeri, məskəni olmur.

-          Avara-avara gəzib, dolanır.

Yaxşı ki, o gün Nadir müəllim hər şeydən xəbərsiz kimi valideynlər yığıncağını yekunlaşdırıb bağladı. Qadınlar gəldikləri kimi də çənə döyə-döyə yola düşdülər. Yolda yenə də Səltənətə sataşan, onu haldan çıxaran oldu:

-        Hər adama quş deyilmir ki. O da bilir kimə bu sözü deməyi də...

-        Ağəz, ey... Ağzımı açdırma ha...

-        Yoxsa, güllə olub adama dəyəcəksən?..

Kənd yerinin bu baməzəlilindən keçmə də. O gündən Səltənətə deyilən bu sözlər vaxtaşırı tez-tez təkrarlanırdı. Bir gün qadın məktəbə gedəndə lap yolda Nadir müəllimin qarşısını kəsib soruşdu:

-          Sən Allah, o gün valideynlər iclasında o nə sözdü demisən?

Nadir müəllim heyrətlənmiş halda soruşdu:

-          Nə sözü?!

-          Quş sözünü də...

-        Ağəz, mənimlə ədəbli danış... Mənim səninlə nə işim var... Bir də ki, özün orada deyildin?

-        Yorğun idim... Mürgüləmişdim.

-        Valideynlər iclası yatmaq yeridir?.. Sənin elə məsuliyyətsizliyin buradan görünür də. Uşağına qarşı çox laqeydsən. Oxumasına, yaxşı tərbiyə olunmasına fikir vermirsən.

Onun bu sözləri Səltənətə açıq getdi. İncik halda dilləndi:

-        Müəllim, mənim ağzımı açdırma ey... Quş axtarırsansa, nə çoxdur böyür-başında...

-        Ayıb olsun sənə...

-        Ayıb elə o sözü deyənə olsun.

Beləcə heç nədən Nadir müəllimlə onun münasibəti pozulmuş, qadın əsəbləşmiş halda, bir necə gün oğlu Aydını məktəbə də qoymamışdı. Direktorları Gülçöhrə xanım onu məktəbə çağıranda fikrini lap açıq demişdi:

-        Hamısının təqsiri sizin o Nadir müəlliminizdədir. Valideynlər yığıncağında söz tapmayıb, ağzına gələni danışır.

-         Nə danışıb ey?!

-         Mənə quş deyib.

-        Nə?! Kimə?!.

-        Hə də, mənə...

-        Bəs özün orada deyildin?

-        Bir az mürgüləmişdim də... Sonradan yanımdakılar dedilər...

-        Hər sözə inanırsan da?..

-        Özüm də quş sözünü eşitdim axı.

-        Kimə deyiləndə?

-        Nə bilim, axırı dedi də...

O gündən sonra Səltənət xeyrə-şərə də gedə bilmirdi. Elə yolda- izdə də uşaqlar onu səsləyib, lağa qoyur:

-          Quş... Uçar quş... Gəlir... – deyə ələ salırdılar.

-          Mən sizə kimin quş olduğunu göstərərəm!..

Hətta birinin anası ilə lap saçyoldusuna çıxmışdı. Bihəyanın biri idi. Qızara-qızara ona demişdi:

-        Təqsir özündədir də... Ad çıxarmısan da... Adama elə -belə quş deməzlər...

-        Yalançının atasına lənət!..

-        Elə lap lənət olsun...

Həmin gün dava-dalaşdan ürəyi soyumayan Səltənət düzbir məhkəməyə, vəkilin yanına gəldi. Şikayət ərizəsi yazdıracaqdı. Başına gələnləri olduğu kimi danışdı. Vəkil Seyidağa qımışdı:

-          Çox orjinal bir iddia olacaq.

-          Necə yəni orjinal?- deyə Səltənət maraqlandı.

-        Belə də, başqalarından fərqli... Özün deyirsən axı, sənə quş deyiblər... Quş da ki, quşdu da...

Qadın əlində iddia ərizəsi hakimin yanında olanda lap söhbət böyüdü. Hakim onun dilindən yazılanları oxuduqca gah gülümsədi, gah da qımışdı:

-          Evin tikilsin, bu nə sözlərdi yazmısan?

-          Hə də...

-          Bunları sənə həmin Nadir müəllim deyib?

-          Bəli.

-          Elə quş dedi?

-          Deyib də...

-          Şəxsən özün eşitdin?

Hakimin bu sorğu-sualından narazı qalmış Səltənət gileyləndi:

-        Bu kişiləri də elə quş öldürməsin. Hara gedirəm elə bu sözü təkrarlayırlar.

Hakim ciddiləşmiş halda ona bozardı:

Özün deyirsən də... Mənə qalanda... Uşaqlıqdan quşlardan acığım gəlir... Əlbəttə, sərçədən, sığırçından yox, daha çox elə yırtıcı quşlardan. Quzğundan, qartaldan... Onların o biri quşları qamarlamasına, ovlamasına necə sakitliklə baxmaq olar? Həmişə qan çıxarırlar da...

-        Elə bu da...

-        Kim?

Nadir müəllim...

Hakim gördü ki, qadın geri çəkilmək fikrində deyil. Əlindəki qələmi sakit halda stolun üstünə döyəcləyə-döyəcləyə nə haqqında isə fikirləşməyə başladı. Dilləndi:

-          O xalq müəllimidi axı...

-          Olsun da...

-          Onun belə-belə işlərlə arası olmaz.

-          Kişi deyil bəyəm?

-          Hər kişi başqasının bostanına daş atmaz.

Qadının əri yox idi. Nadir müəllimə beləcə ilişməsi hakimi açmadı. Ancaq əlacı nə idi. Onu çağırtdırası oldu. Direktor bu barədə ona deyəndə, Nadir müəllim dərsdə idi:

-          Yaxşı, qoy dərsi yekunlaşdırım.

-          Axırı tez elə, gözləyirlər.

Müəllim öz-özünə deyinə-deyinə dərsi yekunlaşdırıb, məhkəməyə tərəf yol aldı: "Adama deyərlər ki, nə cənfəşanlıq edirdin... Tez-tez valideynlər yığıncağı təşkil edir, iclaslarını keçirirdin. Bu da axırı... Sənin üçün necədir indi? Adın da heç nədən bədnam olub... Quşbaz kimi ortqalıqda hallanırsan...”

-          A müəllim, gəldin?..

-          Gəlmişəm...

-        Əyləşin... Bu xanım yapışıb da, yaxamdan... Əl çəkmir ki, çəkmir də...

Müəllim daha dözməyib, o an dilləndi:

-        Birinci, mən o sözü demişəmsə də... Ona yox... Başqa mənada demişəm, cənab hakim. Sonra da onun ürəyində başqa fikir yoxsa, bu söhbəti bu qədər niyə uzadır, mənim adımı da bədnam edir... Yaxşı deyil axı...

Bu an Səltənət çınqıdı:

-        Görürsən də, möhtərəm hakim. Belə yerdə deyiblər də qara məni basınca mən qaranı basım. Mənə quş deyən, dillərə salan bu, hələ utanmayıb dili də var, özünü də beləcə müdafiə edir...

-        Yox a... Qorxduq..

-        Elə qorxarsan ki!.. Quşbaz!..

-        Bax... Bunun sözlərinə bax da...

Hakim məhkəmədəki sakitliyi bərpa edərək, bəzi mətləbləri aydınlaşdırmağa çalışdı:

-          Yaxşı... Bu o gün valideyn iclasında iştirak etmirdi?

-          Edirdi.

-          Bəs bu quş sözünü özü eşitməmişdi bəyəm?

Zalda yenə gülüş səsləri eşidildi:

-          Yatıbmış da...

-          Nadir müəllimi yuxuda görürmüş...

-          Birdən səksənib də...

Səltənət onlara açıqlanırmış kimi səsləndi:

-          Bu söz-söhbəti yığışdırın. Hamının öz abır-həyası var.

-          Gecə quşusan da...

-          Yox, gecə kəpənəyi...

Hakim o gün onları sakitləşdirib yola salsa da, qadın bir necə gün sonra yenə yanına gəlib, iddia ərizəsi ilə maraqlandı. Onu sakitləşdirmək üçün dedi:

-        Nadir müəllim hörmətli adamdı. Bir sözdü ağzından çıxıb da... Özü də hələ bilinmir o sözü sənin üşün deyib, yoxsa oğlun üçün...

-        Canı çıxsın, deməyəydi də...

-        Yəni bu sözü deməkdə onun bir məqsədi olub?

-        Mən nə bilim.

-        Sən iddiaçısan axı...

-        Subut eləyin də...

-        Bu cinayət işi deyil, mülki işdi... Məhkəməyə kömək etməlisiniz.

-        Cinayət işi də qaldıra bilərsiniz.

-        İndi deyirsiniz ki, o sözə görə müəllimi damladaq?

-        Bu bəyəm balaca sözdü?!.

Hakim onun bu sözlərindən cana doymuş halda dilləndi:

-        Bax, elə bu kimi fikirlərinə, sözlərinə görə səni götürüblər hoydu-hoyduya da...

Qadın acıqlı halda çıxıb gedəndə, işdən yuxarı məhkəməyə şikayət verəcəyini dedi. Bu səbəbdən də hakim Nadir müəllimi yenidən məhkəməyə çağırası oldu. Məhkəmə quruldu hakim yenə də üzünü Səltənətə tutub dedi:

-        Həyatdı da... Səhvsiz insan olmur. Nadir müəllim də o gün görünür əsəbi, yorğun olub. Məktəb, müllim işidi də... Bəlkə bağışlayasız, barışasız...

-        Yox, o mənə quş deyib...

Nadir müəllim özünü saxlaya bilməyib o an dilləndi:

-          Sənə yox...

-          Bəs kimə?!

-          Oğluna...

-          Yalandı...

-        Sənə desəydim də... Elə yaxşı mənada deyərdim. Göyərçin də quşdu da... Ağ, yaraşıqlı... Bunun nəyi pisdi ki?

-        Sən belə deməmisən axı!.. Pis mənada demisən!..

-        Ay Allah, indi gəl bundan baş aç- deyə Nadir müəllim əsəbi, hirsli halda özünü öyürmüş kimi dilləndi:

-        Görürsüz də... Bir məktəb deyil... Elə biz də burada zülm çəkirik... Belələrinin əlindən...

Müəllim öz-özünü qınadı, baş alıb getdi:

-        Elə mənə haqq edir... Adama deyərlər ki, neyləyirdin bunu valideyn iclasına dəvət edirdin. Onsuz da uşağı oxumur. Dərslərinə nəzarət eləmir də. Bu gecələr nə işlə məşğul olur ki, dayanan kimi bunu yuxu basır.

Onun bu sözləri zalda hədsiz canlanmaya, gülüşə səbəb oldu, fikirlər deyildi:

-          Düzdür...

-          Gecə quşudur da...

-          Gecə filmlərinə baxır da...

Səltənət pərt halda özündən çıxdı, çınqıdı:

-        Ədey... Müəllim... Baxmaram, uşağıma dərs deməyinə... O qalstukunu boğazına kəndir edib, səni elə boğaram ki... Bu sözləri get arvadına, qızına de... Hamı özünə görə bir kişinin qızıdı... Məni nə vaxt yolunu azan görmüsünüz? Necə ildir yetimdar anasıyam... Öz başımızı saxlayırıq da. O çörək zavodunda bircə gecə işləsən, ağlın başına gələr.

Hakim pərt halda ona tərəf baxdı, qadına qayğı ilə yanaşmağa çalışdı:

-        Kim nə deyir ey... Zəhmətkeş xanımsan... Müəllim də bu sözü heç pis mənada deməyib...

Məhkəmə işinə fasilə verdi. Hakim bayıra çıxdı. Çinarlıqda gəzinə-gəzinə deyib-danışır, məhkəmədə deyilənləri müzakirə edirdilər:

-          Balam, Nadir müəllim yəni belə adamdı?

-          Nə mənada?..

-          Görmürsən... Girişmək istəyirmiş də qadına...

-          Yox ey...

-          Ə, nə yox... Dura-durmaza ona niyə ona quş desin?

-          Bu sözü heç ona deməyib axı.

-          Bəs kimə deyib?

-          Oğluna.

-          Oğluna niyə?

-          Yaxşı oxumadığı üçün.

Fasilədən sonra məhkəmə işə başlayanda hakim ilk sözü ona verdi. Nadir müəllim kövrək bir səslə dedi:

-          Bağışlayın məni... İlk növbədə elə Səltənət xanım bağışlasın...

Qadın incik halda dilləndi:

-          Bəxtəvər olmasın heş xanım olanlar.

-          Sakit...

Nadir müəllim eynəyini taxa-taxa yazdığı qeydlərə nəzər salaraq dedi:

-        Ömrümün bu vədəsində məhkəməyə düşmək mənim üçün çox çətin, xoşagəlməzdi. Özü də nəyə görə... Elə mənə haqq olur... Tez-tez söhbət zamanı hikmətli sözləri deməyi sevərdim. O gün də valideynlər yığıncağında hər şey yaxşı idi... Dərs dediyim şagirdlərin valideynləri ilə görüşmək mənim üşün həmişə hadisə, yaddaqalan olur... Düzdür, son vaxtlar nədənsə belə yığıncaqlara daha çox qadınlar gəlir...

Zaldan səslər eşidildi:

-          Düzdür...

-          Kişilərin başı qarışıqdı da.

-          Çörək qazanmağa gediblər...

Hakim yenə də sakitliyi bərpa edərək, Nadir müəllimin danışması, fikrini yekunlaşdırması üçün şərait yaramağa çalışdı:

-          Bir imkan verin də... Qoyun kişi sözünü desin...

-        Kişi... – Bu sözü deyəndə müəllim qımışan kimi oldu: - Zəmanə dəyişib də... İndi daha çox qadınlar öndə gedir, fikir deyir, şikayətçi olur...

Yenə səslər eşidildi:

-          Bəs nə bilirsən...

-          Avropa Şurası...

-          ATƏT...

Hakim lap əsəbləşən kimi oldu. Səsləndi:

-          Sakit olun da dedim!

Nadir müəllim öz sözünə davam etdi:

-        Məktəbdə də belədi... Nə isə... İnsan belə yerdə əyləşəndə uşaqlaşır da... Hə, həmin söz... Quş... Qaranquş...Yox ey... Mən nə danışıram...

Zalda gülüş səsləri bir anda baş alıb getdi:

-          Qarğa...

-          Qara quş...

-          Dimdikli...

-          Qartal...

Hakim də özünü saxlaya bilməyib gülümsədi. Nadir müəllim özünü ələ alıb, sözünə davam edə bildi:

-        Bəli, mən həmin gün sadəcə olaraq bir hikmətli söz demişəm... Sonradan yadıma düşüb... Demişəm ki, oxumayan şagird... Elə biri Aydın... Kimə pislik edir ki... Belələri haqqında nahaq yerə demirlər ki, qanadsız quşdu... Bəli, oxumayan, elmi mənimsəməyən şagird əsl mənada qanadsız quşdu... İndi mənim sözlərimi sonradan başqa yerə yozublar, daha mənim nə təqsirim?..

 Beləcə, həmin gün məhkəmə yekunlaşsa da, hamı dağılışsa da, Səltənət bu tənədən ömrü boyu qurtara bilmədi. Ona görə də nahaq demirlər ki, mənasız yerə söz oynadan, küyə gedən olma. Belə hərəkət, canfəşanlıq bumeranq silahı kimidi. Çox vaxt elə qayıdıb həmin adama zərər verir...



2369 oxunub

InvestAZ