Haqqa gedən yolları kişi kimi düz yürü,
Nə sağa, nə də sola yolunu burma, oğlum.
Otuz - qırx ilə ancaq, böyüyüb ağac olur,
Üç günə bar vermir ha, əkilən xurma, oğlum.
Ən uca məqamlara, çalış özün nail ol,
Əqidənin uğruna, yeri gəlsə sail ol,
Azdı, çoxdu, nədisə qismətinə qail ol,
Heç kimin tikəsinə əlini vurma, oğlum.
Gözünü qorxutmasın şərin öydüyü ordu,
O qanlı cəlladların qara baltası kordu,
Hamı yaxşı oynayır, hərə bir aktyordu,
Bu gördüyün nə varsa qurmadı, qurma, oğlum.
Hesabı var hardasa yaşanılan beş günün,
Bir şirin meyvəsisən mənim ülvi eşqimin,
Yaralama qəlbini acı sözlə heç kimin,
Hətta qarışqanın da könlünü qırma, oğlum
Nə gələn bizimkidir, nə gedən bizimkidir,
Bu torpaq, bizimkidir və bu dən bizimkidir,
Dərdiylə, əzabıyla bu vətən bizimkidir,
Hər eşşəyin sözüylə oturub durma oğlum.
1847 oxunub