XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Ismayil Imanzadə:- MƏN SƏNİ UNUDA BİLƏRƏMMİ HEÇ... ƏJDƏR YUNUS RZA-70
HÜQUQ 09:23 / 22.05.2022
Bu gün sənin 70 illik yubileyində iştirak etməyi özünə borc bilənlərdən biri də mən olmalıydım. Ötən bazar günü Bakıya gəlməzdən qabaq illər öncəsi sənə ünvanladığım "Salam de” adlı şeirimin "printerdə” üzünü çıxarıb, adətən paytaxta gələndə əlimə aldığım çantaya qoymuşdum ki, yaddaşım məni pərt etmək "fikrinə düşsə” yadımdan çıxan yerlərini kağıza baxıb oxuyum. Ortaq dostumuz Nazir Çərkəzoğluna zəng edib demişdim ki, tədbirdə iştirak etmək mənim vəfa borcumdur. Axı, sən qəlbimin sevgi ucalığında yeri olan beş-üç dəyərli dostlarımdan birisən.
Bəlkə də on dəfələrlə, özü də qulaqlarım eşidə-eşidə demisən ki, "Bulaq” adlı şeirimlə ədəbi aləmdə ilk addım atmağımın səbəbkarı sən olmusan,-yəni mən İsmayıl İmanzadə! Səni yaxından tanıdığımdan və qədirbilən bir söz adamı olduğundan, inanıram ki, bu kəlmələri çoxlarının yanında demisən. Yaxşı yadımdadır, o vaxt sən orta məktəbin son sinifində şagird, mənsə çox cavan bir müəllim idim. İşlədiyim məktəbdə sənin kimi beş-on ədəbiyyat həvəskarının olduğunu öyrənən kimi, "Ümid” adlı bir ədəbiyyat dərnəyi yaradıb, hamınızı oraya cəlb elədim. (Yeri gəlmişkən, 1978-ci ilin yanvarında bu dərnəyin "varisi” qismində rayon komsomol komitəsinin büro qərarı ilə "Ümid” Ədəbi Klubu yaradılan kimi rayonumuzun yaradıcı gənclərini bir araya gətirdim) Deyəsən iki il qabaq sənə demişdim ki, Əjdər müəllim, əgər bir də o vaxtlar "Ümid”in bir neçə üzvünün,-sənin, Nuridənin, Mahirənin və adlarını yada sala bilmədiyim iki yeniyetmə yazarın rayon qəzetində dərc etdirdiyim şeirlərini xatırlatsan, mən də sənin heç vaxt unuda bilməyəcəyim bir neçə xeyirxahlıqından söz açacağam. İndiyə qədər həm doğma rayonumuzda, həm Mingəçevirdə, həm də digər məkanlarda ilk kövrək addımlarını atan ədəbiyyat sevdalılarına xeyir-dualar verib, onların yazılarının dərc olunmasına nail olmuşam, özü də heç birində umacağım nəsə olmadan. Mən təbiətən etdiyim yaxşılıqları yadımda saxlayan şəxs deyiləm, bəlkə ona görə ki, kimsə haqqımı tapdalayanda etdiyim yaxşılıqları elələrinin başına qaxanc eləməyim. Ancaq zaman-zaman yazılarının mərkəzi və rayon qəzetində dərc edilməsində böyük pay sahibi olduğum, hətta sovetlər dönəmində "Gənclik” nəşriyyatında tematik plan əsasında kitablarının çap edilməsinə yardımçı olduğum, ədəbi şöhrətimə şərik etdiyim bir neçə "dostum” heç vaxt deməyiblər ki, bizi də ədəbi aləmə gətirən İsmayıl İmanzadə olub. Deməyiblər, desəydilər yəqin ki, gec-tez eşidərdim!
Həə, indi gəldik sənin dar günümdə mənə etdiyin yaxşılıqların üstünə. Biz ağır bir elin övladlarıyıq, az qala tanışlığımızın tarixi yarım əsrin özü boydadır. Bəxtəvər günlərimizdə rəhmətlik qardaşın Məcnun müəllim, sən və həyat yoldaşlarınız qonağım olanda, hansı evə-mülkə sahib olduğumun da fərqində idiniz.
24 oktyabr 1993-cü ildə gecə yarısı Araz çayını adlayıb, Biləsuvardakı qaçqın düşərgəsinə gələndən sonra heç kimin minnətini götürməyim deyə, tanıyıb-bilmədiyim Mingəçevirə üz tutub, buradakı yataqxanalardan birində darısqal və bomboş otağa sığındığmı da öz gözlərinlə görmüşdün. Həmin o məşəqqətli günlərimin birində pedaqoji üniversitetin IV kursunda oxuyan qızıma baş çəkməyə gedəndə rastlaşan kimi "yaxamdan yapışıb” məni evinə apardığını da yaxşı xatırlayıram Səhər ömür-gün yoldaşın Solmaz xanım şəxsi maşınına mənimçün sovqat qoyanda, etiraz etsəm də, xeyiri olmadı. Pay verdiyiniz bir təzə köynək, bir cüt corab, bir əl dəsmalı və bir qalstuk... o vaxtkı məşəqqətli günlərimdə mənimçün ən qiymətli bəxşişə bərabər idi. Rəhmətlik professor Abbas Hacıyevin qızıma zarafatla: "A şair balası, yamanca kasıblamışam!”-deyəndə, "Müəllim, beş on gündən sonra imtahanınız başlayacaq, onda kasıblığın daşını yəqin ki, atarsınız!” sözləri o boyda kişini necə yandırıb-yaxmışdısa bir "patok” tələbənin qarşısında: "Səni imtahandan kəsib, məktəbdən qovdurmasam, məndən pis adam yoxdur!"-demişdi və üstünə göndərdiyim tanış alimlərin heç birini yaxına buraxmamışdı. Bax, onda Abbas müəllimin könlünü alıb, fikrindən döndərən də sən olmuşdun! Birini də deyim; 1997-ci ilin 19 dekabr tarixində Mingəçevir Dövlət Dram Teatrında yaradıcılıq gecəm keçiriləndə, sən rəhmətlik əmim oğlu Cəmil İmanovla birlikdə qarlı-covğunlu, yolların buz bağladığı bir vaxta tədbirə gəlməklə, məni çox məmnun etmişdiniz. Daha hansını deyim, onsuz da mənə yönəlik xeyirxah addımlarını saymaqla qurtaran deyil! Bakıda AYB Mingəçevir bölməsinə aid olan tədbirlərin hamısında iştirak edərək, bizi şərəfləndirmisən, dəfələrlə qarşı-qarşıya oturub duz-çörək kəsmişik, hamısının da hesabını sən vermisən. Yox, sən təkcə mənim nəzərimdə xeyirxah, təmənnasız dost deyilsən. Əvvəlcə elmli-bacarıqlı bir elm adamı kimi çalışdığın pedaqoji institutda, sonra da iyirmi ilə yaxın rəhbər elmi vəzifələrdə işlədiyin Polis Akademiyasında minlərlə tələbənin ən sevimli müəllimi olmusan, özü də heç bir umacağın olmadan!
Bir vaxtlar ilk dəfə "Bulaq” adlı şeirinlə oxucu qarşısına çıxsan da, sonralar yazdığın şeirlərin dənizə qovuşmağa can atan çaylar kimi səni ədəbi aləmə qovuşdurub. İndiyə kimi xeyli sayda kitabların nəşr olunub, şeirlərin ölkəmizin sədlərini də aşıb keçərək səni yaxın-uzaq ölkələrdə ən istedadlı və ən məhsuldar bir şair qismində tanıdıb. Mən ata elimizi, cənnət timsallı Qarabağımızı 28 il ərzində misra-misra ağlayanda, sən şeir-şeir sızlamısan! Sən təpədən-dırnağa vətənpərvər bir söz əhlisən, alim-şair Əjdər Yunus Rza, ehtiyatda olan cənab polis polkovniki Əjdər Yunusov!
Təəssüf ki, sənin ən əziz günündə-70 illik yubileyində özünə izah etdiyim üzürlü səbəbdən iştirak edə bilmədim. Deməli, qonaqlıq vermək növbəsi mənim üzərimdə qaldı! İnşallah, mən buna can-başla razı. Bununla bərabər, sənin yeni kitabın əlimə keçən kimi ədəbi yaradıcılığın barədə bir yazı yazmaq da mənim vəfa borcumdur! Təki sağlıq olsun! Həliksə 70 illik yubileyin münasibəti ilə səni ürəkdən təbrik edir, möhhkəm cansağlığı, könül xoşluğu, ailə-övlad sevinci və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
İSMAYIL MƏRCANLI İMANZADƏ
21.05.2022, 01-59
Bir 1 nəfər şəkili ola bilər

3876 oxunub

InvestAZ