İbrahim Yusifoğlu ilə ruh
təması
Bəri başdan deyim ki, Azərbaycanın
hər yeri mənim üçün doğmadı, əzizdi və bu canım, məmləkətimin hər bucağında isinə
biləcəyim ocaq, döyə biləcəyim qapı var. Bu şəxsən mənim bir insan xoşbəxtliyimdi.
Bununla hər zaman əlimi ürəyimin üstünə qoyaraq həmişə fəxr etmişəm. Necə deyərlər,
gedəcək yerim olduğu üçün.
Bəli, bu canım, məmləkətimdə
mənim üçün xüsusi bir guşə də var, ünvan da var və çox qəribədir ki, Azərbaycan
sözündən sonra adında «CAN» ifadəsini tapmış ikinci məkandı həmin o dediyim guşə!
Mən bunu zaman-zaman düşündüm və anladım ki, adının içərisində «CAN» olan Azərbaycanla
Naxçıvan əslində bir tamlıqlı, bir bütövlükdü. Ortada tarixin hansısa bir dövründə
düşmənin aramıza özünü təpməsi bu bötöv torpağı bir-birindən azacıq aralı salıb.
Amma və buna baxmayaraq can həmişə və hər kəsdə bütöv olub. Elə bu gün də mən o bütövlüyü
görürəm. Ona görə də ilindən, günündən, məqamından asılı olmayaraq ürəyim məni həmişə
Naxçıvana – o gözəl ünvana çəkibdi. Yol çantamı çiynimə alanda «Ya Allah» deyib
yola düşəndə bilmişəm ki, doğmaların elinə, evinə üz tutmuşam. Getdiyim yer, sevdiyim,
özümün, ürəyimin bütöv olduğu yerdi.
Bax, bu mənada Naxçıvandakı ədəbi mühit də mənim üçün həmişə doğma olubdu. Oxumuşam, öyrənmişəm, izləmişəm.
Dəyərli şair qardaşım İbrahim Yusifoğlunun
bugünlərdə kitablarını vərəqləyirdim. Qarşıma «Əlincə» çıxdı. Oxudum və bir də gördüm
ki, yenə Naxçıvandayam, yenə Əlincə qalasındayam. Bu möhtəşəm qalanın divarları
arasında, Naxçıvandakı dostlarımla, indiki məqamda isə İbrahim Yusifoğlu ilə söhbətləşirik.
İbrahim deyir ki:
Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qurur mənbəyimiz məğrur Əlincə.
Şair qardaşımın coşğulu bir
tərzlə Əlincəni mənə, oxuculara təqdim etməsi, təbii ki, mənim də könlümü atlandırır,
məni də bu ab-havaya qoşur. Özüm də hiss etmədən Əlincəni anladığım, duyduğum, dərk
etdiyim kimi İbrahimə təqdim edirəm:
Cığır-cığır, ləpir-ləpir oxşayıb
Yaddaşını vərəqləyib, yoxlayıb
Mən tarixin sükutunu oxlayıb
Sehirləndim, qucağına gəlincə-
Əlincə!
Bəli, doğurdan da sehirlidi
Əlincə, hər daşı, hər naxışı sirdi, tarixdi, danışan dildi, göstərən, təqdim edən
rəsm əsəridi. Ona görə də buradakı sükut adamı vahimələndirmir, əksinə adamı dindirir,
danışdırır, yavaş-yavaş söhbət səni özü ilə çəkib Babəkə, Cavanşirə, daha neçə-neçə
qəhrəmanlara, şahlara, sərkərdələrə doğru aparır. Burda qılınc çalan, burda baş
qoyub gedən neçə-neçə insan canlanır göz önündə və elə həmin məqamda da İbrahim
Yusifoğlu deyir ki:
O adi dağ deyil, Nəqşicahanın
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub
başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.
Əlincə ən acgöz, zalım şahları,
Tanrıdan güc alıb, bələyib
qana.
Bədniyyət, qaniçən Miranşahları
Qoymayıb illərlə girə qoynuna.
Şairin həm sevgi, həm vətəndaş
duyğusu ilə ifadə etdiyi, daha doğrusu, oxucuya və mənə tanıtdığı Nəqşicahanın,
onun bir parçası olan Əlincənin təsviri hardasa rəssam işi kimi görünür. Elə bilirəm
ki, İbrahim müəllim sözlə dediyini həm də fırça ilə çəkir gözlərimin önündə. Əslində
bu elə belədir. Doğurdan da şeirdəki təqdimat gücü poeziya ilə rəssamlığın birləşməsinə,
bir-birini tamamlamasına gətirib çıxarıb. Deməli, mən də hardasa, elə bundan istifadə
etməklə, daha doğrusu, ziyarətində olub gördüyüm Əlincənin bu təqdimatından da yararlanıb
yazıram:
Pillə-pillə üzü göyə qalxıram
Göy üzündən üzü göyə baxıram
Gördüyümü gözlərimə yığıram
Toxunuram təmas incə, əl incə
–
Əlincə!
Yəqin ki, mənim bu hisslərimi
siz də özününküləşdirə bildiz. Bunu ona görə əminliklə və yəqinliklə ifadə edirəm
ki, Əlincəni görmədən, orda o tarixlə baş-başa qalmadan mənimlə çətin ki, razılaşasınız.
Doğrudu, indiki məqamda İbrahim Yusifoğlu
həmin gerçəyin təsdiqində mənimlə bir arada, bir məntiqdə dayanıb və deyir ki:
Qalada igidlər döyüş anında,
«Cəngi» səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.
Burda sipər olub hər daş,
hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da torpağa,
çaya,
Güllər öz ətrini saxlayıbdılar.
Məncə İbrahim müəllimin bu
rəsmindən, bu şövqü, poetik hökmündən sonra bir anlıq susmaq lazımdı. Ən azından
öz ətrini saxlayan güllər xatirinə. Son gücünü də döyüşə, düşmənə müqavimətə həsr
edənlərin ruhu naminə. Və mən də belə edirəm. Susuram, eşitdiyim misraların yaratdığı
auranın içərisində öz zamanımın pıçıltısını dilə gətirirəm:
Zaman burda ayaq üstə – diridi
Duyduğumu yazmalıyam, yeridi
Yurd həsrətim ümid tapdı – kiridi!
Əfsanəni, dözümünü bilincə
–
Əlincə!
Doğurdan da yeri gəlib, mən
o zaman da, elə indi də əminliklə özüm üçün bir nəticə çıxarmışdım. Yurd həsrəti
qalib gələcək. Çünki tariximiz təkcə Əlincənin yox, onun timsalında tariximizdə
bu gün də qalan neçə-neçə qalamızın sirlərini, möcüzələrini, lap konkret desəm,
özünü yaşadır. Deməli, xalqın qan yaddaşı ilə yanaşı, sənət, söz, eləcə də abidələrlə,
mədəniyyətlə bağlı yaddaşı da onu həm yaşadır, həm də sabahlara daşıyır. Ona görə
də tarixi güc verir, qorxutmur! Demək haqqımız bizimlədir. Bunu İbrahim
Yusifoğlu da öz oxucusuna, eləcə də mənə deyir:
Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bu günkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!
Sonuncu misradan
yapışaraq demək istəyirəm ki, İbrahim Yusifoğlu təkcə öz düşüncəsini, öz
hökmünü şeirə çevirməyib. O hamımızın tariximizə və bugünümüzə olan sevgimizi,
sabahımıza olan inamımızı, Əlincənin mətinləşməsi timsalında bir möhür kimi
sonluq edibdi. Şeirə bu cür nöqtə qoyubdur. Mən də Əlincədə olarkən Şuşa həsrətini,
Qarabağ nisgilini yekunlaşdırmağın Əlincə zirvəsini, Əlincə ucalığını görməklə,
duymaqla ifadə etməyə çalışmışdım. Onda yazmışdım ki:
Burda başım göy üzünə dəysə
də,
Nisgilim var – dilimdəki
nəysədə!
Şuşa dərdim büküb məni əysə
də –
Dözəcəyəm düşmən bağrı dəlincə
–
Əlincə!
Hə, mən İbrahim Yusifoğlunun «Əlincə»sinin işığında ondan izn almadan, elə onun özünü də götürüb birlikdə Əlincəyə getdim. Bu səfərdə təkrar Əlincəni ziyarət etmək, sözün işığında Əlincəni təkrar, misra-misra oxumaq ruhumu rahatladı, yaddaşımı təzələdi. Məni tarixlə baş-başa, üz-üzə gətirdi. Hiss etdim ki, Əlincə də bu anlar üçün məmnundur. Deməli, təşəkkür həm Əlincənindi, həm də İbrahim Yusifoğlunun. Məni xəyalən Əlincəyə, Naxçıvana apardığı üçün.