XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Adil MİSİRLİ: - Ağcabədidə şəhidlərin xatirəsi əbədiləşdirilib
HÜQUQ 14:59 / 19.05.2022

Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri – Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi ilə sözügedən kənd mərkəzində bulaq kompleksi inşa edilib. Xatirə bulaq kompleksi üzərində şəhidlərin mərmərdən şəkilləri həkk olunub.
Adıçəkilən xatirə bulaq kompleksi xeyirxah kənd sakinlərinin təşəbbüs və dəstəyi ilə hazırlanıb. ətrafı abadlaşdırılıb.
Bu günlərdə xatirə bulaq komleksinin açılış mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi polkovnik-leytenant Qabil Rzayev, kənd sakinləri, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, şəhidlərin doğmaları, kənd icra və bələdiyyə nümayəndələri, media mənsubları iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olmuş İmamqulubəyli kəndinin igid oğulları haqqında öz ürək sözlərini bölüşüblər. Qeyd olunub ki, onların əziz xatirəsi həmişə hörmətlə anılır, adları böyük ehtiramla yad olunur. Kənddə tikilib istifadəyə verilən bulaq kompleksi onların xatirəsinə olan el məhəbbətinin təcəssümüdür. 
Tədbirin sonunda kənd məktəblilərinin təqdim etdikləri ədəbi-bədii kompazisiya iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. 
*       *       *
Vətən yolunda canlarını fəda edən şəhidlərimizin adları hər yerdə hörmətlə çəkilir, xatirələri dərin sayğı ilə yad edilir. Onların unudulmaz xatirələrini əbədiləşdirmək üçün yurdumuzun vətənpərvər övladları imkan daxilində əllərindən gələni əsirgəmirlər.
C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq Mürşüd Quliyevin təşəbbüs və təşkilatçılığı ilə kəndin yaxınlığındakı ərazidə yerləşən adsız təpədə və onun ətrafında Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə meyvə bağı salınıb. Burada 380 ədəd göyçə alçası, 270 ədəd armud, 250 ədəd badam, 150 ədəd ərik, 50 ədəd qoz, 50 ədəd gilas, 30 ədəd fındıq və 20 ədəd nar ağacı əkilib. Bağın salınmasına M.Quliyevin ailə üzvləri dəstək olub.
Ağaclara hazırda vaxtlı-vaxtında qulluq edilir, onların normal böyüməsi üçün lazımi tədbirlər görülür.
Xeyriyyə məqsədi ilə əkilən ağaclar bar verəndə meyvələr şəhid ailələrinə və imkansızlara paylanacaq. 
Başladıqları bu xeyirxah işdə Mürşüd müəllimə uğurlar arzulayırıq!


2456 oxunub

InvestAZ