Qoy sənin başına dolanım, Allah,
Olmasın yanında yalanım, Allah.
Şeirdir olanım , qalanım , Allah,
Sən məni nə üçün şair yaratdın?
Əsən küləklərin dərs deyirdimi,
Çəkdiyim ağrılar dərs deyildimi?
Öz dərdim özümə bəs deyildimi,
Sən məni nə üçün şair yaratdın?
Qızmar səhralarda əsən mehəm mən,
Güldə şəbnəməmsə,otda şehəm mən.
Sanki bu dünyaya cavabdehəm mən,
Sən məni nə üçün şair yaratdın?
Gərək bir qanadlı quş yaradaydın,
Əngin səmalara tuş yaradaydın.
Ya da ki bir qara daş yaradaydın,
Sən məni nə üçün şair yatratdın?
Qoruya bildimmi özümü yaddan,
Nəfsimi ləzzətdən,ağzımı daddan.
Çıxartdım oğlumu,qızımı yaddan,
Sən məni nə üçün şair yaratdın?
Qarış bu torpağa, diril dən kimi,
Hörük sünbüllərə hörül dən kimi.
Dirilləm hər sözü dirildən kimi,
Yaxşı ki, sən məni şair yaratdın!
Gül kimi bitirdin daşda bu ömrü,
Tapşırdın bir dəli eşqə bu ömrü.
Yaşaya bilməzdim başqa bir ömrü,
Yaxşı ki, sən məni şair yaratdın !
2276 oxunub