Kimlər ölmədi ki,
kimləri öldürmədik bir ümid uğruna?!
Kimləri göndərmədik arzu dalınca,
Simurq lələklərinə təşnə?
Hər tort üstündə yandırılıb üfürülən dilək şamları kimləri çatdırdı ki, niyyətlərinə?!
Hər yola çıxanın qapı dalında bir ağlayanı qalmadımı
içində həsrət şamı,
gözündə payız buludu,
xəyalların geri dönüşünə hamilə?
Sən də tor atmadınmı mənim kimi dəryaya qızıl balıq arzusuyla, ürəyində üç arzu?
İstər ibadət et məscid hücrələrində,
istər şam yandır kilsə divarlarının arasında, sənin də, mənim də könlümdə Allah,
niyyətimiz Allaha,
başımızın üstündə yenə Allah...
Eşitmək, nəsib etmək ona qalmış,
diləmək bizə...
Kimlər keçmədi ki könlümüzdən,
kimlər qalmadı ki ürəyimizdə,
bir eşq uğruna ölənlər...