XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



REGİON POEZİYASI 4: - Nizaməddin Şəmsizadə
Ədəbiyyat 13:55 / 16.05.2022
Elnur Baxış istedadlı cavan şair, ədəbiyyatımızın həm ölkədə, həm də beynəlxalq arenada təmənnasız təbliğatçısıdır. Əslində, Region poeziyasına mənim marağımın yaranması Elnurun xidmətidir. O hazırda ədəbiyyatımıza böyük məhəbbət, milli sərvətlərimizə hörmət və qayğı ilə səmərəli kordinator işini icra edir.
Elnurun beynəlxalq əlaqələri çox genişdir: Türkiyə Cümhuriyyətində pedaqoji elmlər doktoru, şair-tərcüməçi türk Dünyası Araşdırmalar Mərkəzinin direktoru Kənan Çorbaca, şairə - tərcüməçi Batman Həcər Sağlam; İraqlı şair - mütərcim Qasım Babaoğlu, Qazaxıstandan şair - tərcüməçi Sayat, İrandan şair -tərcüməçi, "Ədəbi körpü" jurnalının baş redaktoru Səxavət İzzəti, Özbək Respublikasından şairə - mütərcim Gülzar Şərifova, tərcüməçi Xasiyyət Rüstəmova. Yenə Özbəkistandan yazıçı - tərcüməçi, fılologiya elmləri doktoru, Mədəniyyət Universitetinin müşaviri Macufan Yoldaşev.
İstedadlı bir şair kimi o işıqlı adam, ədəbiyyat sevgisi ilə nəfəs alan millətsevər oğuldur. Onun bəzi şeirləri aşıq ədəbiyyatı, folklor ruhunda, qoşma, gəraylı, bayatı tərzindədir. O bəzi müasirlərinə üz tutaraq milli dərdlərimizi, itirilmiş yurd yerlərinin həsrət və niskilini qələmə alır: Bu baxımdan onun Kəlbəcərli müəllim, el şairi İdris Verdiyevə, görkəmli saz-söz ustası aşıq Əhlimana xitabən yazdığı şeirlər diqqətimi cəlb etdi:

Elnur Vətən deyib ağlaram hər an 
Vətənimdə Vətən olubdur talan 
Uçam Dəlidağa, mən qanad çalan 
Könlüm evin yıxdın, ay Hacı İdris.

"Vətənimdə Vətən olubdur  talan" - deyən şairin Vətən duyğusu, Vətən dərdi, itirilmiş yurd həsrəti dərindən - dərindir.
Dostum aşıq Əhliman Şirvanlıya qətiyyən şairlik iddiasında olmayan mən də 
şeir yazmışam. Bir beytini qeyd edirəm:

Sazın simlərindən asdırın məni,
Sonra çanağında basdırın məni.

Elnur Baxışın şeirində isə Aşıq Əhliman sənəti belə zikr olunur: 

Deyir Şirvan şikəstəsi 
Aləmə yayılır səsi 
Azərbaycan xəritəsi, 
Əhlimanın sazındadır.

Hər sözü deyir düzünə
Düşmüşəm onun izinə.
Tapılmayan bir xəzinə
Əhlimanın sazındadır.


Elnur Aşıq Əhliman vətənpərvər və vətəndaşdır demir, "Azərbaycan xəritəsi Əhlimanın sazındadır"  deyir, aşıqın sənətini "Tapılmayan xəzinə" adlandırır. Belə bənzəmələr bir şair kimi özünəməxsusluğunu əks etdirir: sadə, aydın və simvolik - obrazlı deyim tərzi!
İtirilmiş, tərk edilmiş Yurd həsrəti onun şeirlərinin başlıca mövzusu, bədii -fəlsəfı pafosunu təşkil edir:

Elnur Baxış qovulmuşuq,
Vətən deyib yorulmuşuq.
Dərd içində qovrulmuşuq,
Səpələnib külüm Göyçə.

Tarixi bir ədalətsizlik nəticəsində bir neçə yerə bölünmüş Vətən dərdi gənc şairin qəlbində qovrulur. Göyçə, İrəvan, Zəngəzur, Arazla ikiyə bölünən, Dərbənddən, Borçalıdan Həmədana qədər uzanan Vətən həsrəti, Təbriz sevgisi Elnuru bir şair - vətəndaş olaraq bizə tanıdır.

Elnuram, nə yaman dəhşətdi, Allah!
Sevginin özü də bir dərdi, Allah!
Sinəmdə sevgimi tərpətdi, Allah!
Ömrümdə əbədi qalan görüşlər.

Əlbəttə,  yaralı vətənin şairi olmaq, onu sevmək, özü o tayda arzuları bu tayda qalan qızların sevgisi əsl faciədir. Dərdi çox olduqca şair daha artıq şair olur: "Dərd şairliyin əsas sərmayəsidir" (Füzuli). Dərd, əsir torpaq həsrəti, El məsubu qeyrətli bir vətəndaş, söz aşiqi Elnur Baxışı şair edib.

Son görüş, ayrılıq, kövrək baxışlar
Axdı gözlərimdən, süzüldü yaşlar.
Çəkildi sinəmə qəmli naxışlar
Əlvida anacan, əlvida sənə.

Baxışın gözündən getmir bircə an 
Donur damarında, ürəyimdə qan. 
Məni bu dünyaya bəxş edən insan 
Əlvida anacan, əlvida sənə.

Bu bəndlər Natiq Əlisoyun "Müharibənin, görünməyən qəhrəmanları" romanında yer alan "Əlvida anacan, əlvida sənə" adlı doqquz bəndli şeir elegiyadandır.
Natiq 38 yaşlı hərbç-mayor kimi Naxçıvanda xidmət edir, yazıçı, şair, jurnalist - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Ali Baş Komandan", "Ulu Öndər" media mükafatlarının laureatı, "Heydər Əliyev fenomeni və ordu quruculuğu","Müharibənin görünməyən qəhrəmanları", "Vətənə layiqli oğul gərəkdir", "Zirvə" kitablarının müəllifıdir. Necə deyərlər, Natiq bəy bir əlində silah, bir əlində qələm vətəninə və xalqına xidmət göstərir, silahla yaratdıqlarını qələmə yazıb əbədiləşdirir.
Onun nəsr və şeirlərindən mərmi səsləri, hücum hayqırtıları, zəfər sevincləri eşitmək olar. Natiqin "Mənim surli dünyam" (2021) kitabında ənənəvi heca şeirləri ilə bərabər, dahi Füzuli, Seyid Əzim, Əliağa Vahid ruhlu qəzəllərdə yer alır. Natiq Ulu Öndər sevdalıdır:

Qələm də aciz qalır
Şair yazdığı sözə
Əbədi yaşamağa,
Adın da yetər bizə, 
Yaşa, ulu Öndərim.

Dəryalara çevirdin
Quruyan bulaqların.
Alışdı adın ilə
Tarixin çıraqları,
Yaşa, Ulu Öndərim.

Ulu Öndərə, onun tarixlərə iz salmış əməllərinə məhəbbət və qürur ifadə edən bu misralar Natiq Əlisoyun şair məramından xəbər verir.
Hər günü bir ilə bərabər 44 günlük müharibə də qazandığımız Zəfər 30 illik bir əsarətə son qoydu. Əbədi tarixə çevrilmiş bu Zəfərin əldə olunması xalq, ordu və Prezident - Ali Baş Komandan birliyinin yaratdığı dəmir yumruğun nəticəsi idi. Hərbçi şair Natiq Əlisoy bunu dərindən dərk edir və yazır:

Dünya türkə baş əyir, ucalıbdır başımız
Baxıb fəxarət duyur dostumuz, qardaşımız
Tariximiz dərindir, min illərdir yağımız.
Onun hər qarışına qurbandır əziz canım
Zəfərlər sizinlədir, Ali Baş Komandanım.

"Dünya türkə baş əyir" təkcə bu sözlər müzəffər Ali Baş Komandan İlham Əliyevin "İyirmi birinci əsr türk dünyası əsri olacaq" müdrik kəlamı ilə səsləşir: Natiq Əlisoy bir çox intibalarını, mübhəm duyğularını "Bulud tək səmadan ötən xəyalına" qoşaraq çağlayan bulaqlara, dağlara, boynu bükük bənövşələrə, coşğun çaylara, "coşanda döşündə-qayagətirən sellərə" salam şəklində göndərir: "Salam de".Solmaz bir çiçəkdir, qəlbimdə bitən
Namusum, qeyrətim vətəndir, Vətən.
Qızların abrını, ismətin örtən,
O siyah tellərə məndən salam de.

Şair görkəmli müasirləri, xalq şairləri Musa Yaqub və Fikrət Qocanın ölümünə elegiya yazır: "Heyif..!" şairə, şeirə şeir yazan qələmə ehtiramını bildirir:
"Gəl qələmim, gəl dostlaşaq // Ayrılığa üzüm yoxdur" - deyir. "Sevirəm", "Qurban" şeirləri belə deməyə əsas verir ki, Natiq təpədən dırnağa qədər vətənpərvər şairdir:

Yerlərin, göylərin sirrini bilən
Buludla, yağışla danışıb-gülən.
Dərədən, təpədən süzülüb gələn,
Bulanlıq sellərə görə sevirəm 

və yaxud:

Ay vətən, hər daşın əzizdir mənə,
Dağma, daşına, düzünə qurban.
Havana, suyuna, təbiətinə,
Alışan oduna, gözünə qurban.

Bu bəndlərdə tarixi bir ədalətsizlik nəticəsində ikiyə bölünmüş Vətənə səmimi bir oğul məhəbbəti ifadə olunub. Natiq Əlisoy Vətəni hay-küysüz, sakit və dərindən sevir, Vətənin, hava sərhədlərini qoruyur. Demək ki, bu şairin vətən sevgisi real, konkret əməllə təsdiq olunan sevgidir.
Natiq Əlisoy ömürdən gedən aylar və illərlə özünəməxsus şəkildə ən əziz adımını qürbətə yola salırmış kimi vidalaşır: "Salamat qalın" deyir:

Yaşımın üstünə bir yaş da gəldi,
Aylarım, illərim salamat qalın.
Qəm ilə alışan, qəm ilə yanan,
Ağaran tellərim salamat qalın. 

Bu şeiri oxuyanda Məmməd Arazın "Duman salamat qal, çən salamat qal" misrasını xatırladım. Təkcə kitabların, nadir sənədlərin və fotoların arxivi olmur, hər ömrün də arxivi var. Biz acılı - şirinli yaşadığımız illəri bu arxivə göndəririk. Xalq şairi Fikrət Qocanın bir şeiri var, əzbər bilmirəm, məzmunu belədir: bir qoca vəfat etmiş həmkəndlisini dəfn edib qəbristanlıqdan qayıdanda yolda nəvəsi ondan soruşur: baba ölən kişilər hara gedir? Baba ona belə cavab verir: Oğul, ölən kişiləri gələcək günlərin bünövrəsinə qoyuruq. Mən belə düşünürəm ki, biz yaşadığımız illəri, o illərdəki əməlləri gələcəyin bünövrəsinə qoyuruq. Şair Natiq Əlisoy da ömrün yaşanılmış illəri gələcəyə ünvanlayıb onlarla vidalaşır.
Üzü Dədə Ələsgərdən bəri dağlara çox şeirlər yazılır, o ucalıq, dönməzlik, əzəmət, o vətən nişanəsi kimi vəsf olunub. "Qüdrətdən səngərli, qalalı dağlar" (Aşıq Ələsgər). Müxtəlif rakurslardan tərənnüm olunub. Xaçmazda yaşayan gənc bir qız 1979-cu ildə Qubada şeir məclisində bir şeir oxudu, bir bəndi yadımda qalıb.

Dağlara nə qədər ahlar yağarmış
Ahlardan dağların başı ağarmış.
Dağların köksündə görüb dağ, yara,
Ah çəkdim, dedilər ahın dağlara.

Dilimizdə, kədərdən, dərddən ah çəkən adama deyilən "Ahım dağlara!" deyimi var və bu deyim saçlıya ən yaxşı şeirlərdən birini yazdırıb.
Natiq "Dağ kimi dağların dərdinə dözən" insanları - qəhrəmanları - Babək, Koroğlu, Nəbini, Kərəmi yaşadan dağlara "Bu dağlar" şeirini həsr edib:

Allahın müqəddəs möcüzəsidir,
Dərəli-təpəli pirdi bu dağlar.
Bir yanı Təbrizdə, bir yanı Şuşa,
Təpədən dırnağa sirdi bu dağlar.

Şair bizim dağları vətənim simvolu kimi tərənnüm və təqdim edir. "Naxçıvanım", "Naz eyləyir", "Gedirəm", "Bəs niyə?", "Qaldı", "Gəncliyim" kimi şeirləri bu şeirlərin üslubu, aydın deyim tərzi belə qənaətə gəlməyə imkan verir ki, Natiq Əlisoy bizim zəngin və əlvan, müdrik aşıq şeirinin ənənələri ilə bağlı şairdir. Onun şeirlərindən Aşıq Alının, Dədə Ələsgərin, Abbas Tufarqanlının, Sarı Aşığın, Aşıq Şakirin şeirlərinin nəfəsi, ətri gəlir.

Haqq, ədalət düzdən keçir
Hər bir baxış gözdən keçir.
Söz də gəlib sözdən keçir,
Bu dünyaya, o dünyaya.

Şair təkcə bu dünyanın dərdlərinin çəkmir, həm də bu dünya o dünya üçün hazırlıq olduğunu əməli saleh yaşamağı təlqin edir.
Onun Allahın varlığına inam ifadə edən "Allah" şeir (və bu tipli digər şeirləri!) stixiyası yer olan insanı mistik yaşantılarının bədii ifadəsidir:

Arzular sonsuzdur zəkalar dərin
Milyon cür rəngi var göy ilə yerin. 
Hər kəsin qəlbinin gizli sirlərin,
Görən də Allahdı, bilən də Allah.

Min illər olsa da dünyanın yaşı
Əbədi, əzəli yoxdu sirdaşı.
Zərrəni, damlanı, torpağı, daşı
Quran da Allahdı, sevən də Allah.

Hərbçi şair Natiq Əlisoy beləcə dünyanın gərdişi üzərində düşünür, vəhdəti - vücud fəlsəfəsi ruhunda fıkir yürüdərək dünyanı, insanı və onu yaradan İlahəni bir araya gətirir:

Zəmanə elə bir zamana çatdı
İnsanlıq içində insanlıq bitdi.
Haqqı, ədaləti kənara atdı
Fitnəyə, yalana uydu bu dünya.

Bütün düşünən, istedadlı şairlər kimi Natiq də öz zəmanəsi ilə müxalifətdə yaşayıb yazır. Onun uğurlu şeirlərində yaxşı mənada söz oynatmaq, eyni sözü müxtəlif mənalarda işlətmək, assosiativ düşüncə tərzi var. Şair SÖZ-ə hakim olmağa, min illərlə yaşı olan Azərbaycan - oğuz sözünün üzünü ağ etməyə, onu urvatdan salmamağa çalışır. Natiq Əlisoy şeirə hörmətlə yanaşır, şeir dilinin aydınlığına fıkir verir. Əlbəttə, onun da şeirləri arasında təkcə həyatdan gələn mövzular yox, ədəbiyyatdan gələn ənənəvi mövzular da var.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Müharibəsi veteranı Gileyli Bəylər - Bəylər Hüseynov 1953-cü ildə Beyləqan bölgəsinin Eyvazallar obasında anadan olub. "Üzü o dağlara uçan durnalar", "Görən bu köç hara gedir", "Yaşımı neynirsən, ürəyimə bax", "Hər təzə kitabda təzə söz olmur", "Şeytanla dost olan Allahı sevməz", "Mən ana laylası eşitməmişəm" şeir kitablarının, "Bir il səkkiz ay erməni əsırliyində", "Beyləqanın milli qəhrəmanları", "Oğul, Vətən əmanəti", "Gözün aydın Azərbaycan, torpağın qayıtdı" kimi publisistik kitabların müəllifıdir. Həm şeir toplularında, həm də publisistik əsərlərində Gileyli Bəylərin obrazı canlanır, estetik mövqeyi Vətənə, onun bir parçası olan Qarabağa, Vətən müharibəsi qəhrəmanlarına - şəhidlərimizə və qazilərimizə dərin vətəndaş sevgisi ifadə olunur. Onun "Seçilmiş şeirləri" üç cilddə nəşr olunur, "Sən açdığın qapıları kim bağlayar, İlahi..." adlı I cild 2021-ci ildə işıq üzü görüb.

Ucalardan uca olan dərgahına çox şükür,
Xilaskarsan, qoruyansan, pənahına çox şükür.
İnam dolu, ümid dolu sabahına çox şükür,
Sən açdığın qapıları, kim bağlayar, İlahi.

Bu və ya bu tipli şeirləri göstərir ki, Gileyli Bəylər Allah adamı, iman və inam sahibidir. O beləcə cavabı özündə olan poetik suallar verir: "Neçə-neçə alim olub-hansı biri "Quran" yazdı". Beləliklə o təkcə şükranlıq etmir, həm də Allahın və müqəddəs kitabımız olan Quranın təkliyini iqrar edir.

Kainatın yaşı yoxdu-həm köhnədi, həm təzədi,
Yaratdığın hər nə varsa, açılmayan möcüzədi.

Bu minvalla da o, İlahinin hələ insanın dərk edə bilmədiyi, stixiyası yer alan İnsan əqlinin Səma həqiqətlərini dərk etmək imkanına malik olmadığını təsdiq edir.
Poeziya min ildir ki, haqsız, ədalətsiz dünyanı yamanlayır, düzlük, doğruluq uğrunda mübarizə aparır. Bəylər də bir qədər aşıq şeiri tərzində yazdığı şeirlərdə, elə ustad aşıqlar sayağı bu klassik ənənəni imkanı daxilində davam etdirir. "Qırx ildir yazıram, bəxtimə bir bax..." şeirində belə misralar yer alır:

Həqiqət, ədalət qalıb kölgədə
Şeytan şahlıq edib, üzə çıxıbdır.
Yaxşının yerinə yaman gəlibdir,
İşıqlı yollara duman gəlibdir.
Qaydasız, qanunsuz zaman gəlibdir
O da bizim bəxtimizə çıxıbdır.


Ədalətli olmaq - qəhrəmanlıqdır. Kim haqq-ədalət axtarırsa o bəşəriyyətə xidmət edir. Ədalətli olmaq hər bir sənət adamının, xüsusən şairin ləyaqətidir. Şair nə qədər ömrün var xeyirxahlıq - yaxşılıq elə deyir: var, dövlət, vəzifə müvəqqəti yaxşılıq əbədidir: "Bir də görərşən ki, hazırdı tabut // Nə vaxt edəcəksən yaxşılığı sən?".
Gileyli Bəylər qoşma və gəraylı yazıb. Və bu şeirlər Azərbaycan oxucusuna doğmadır.

Elə söz yarat ki, düşsün dillərə
Elə şey yarat ki, yadigar olsun.

Bir qoşmasında belə deyir, yaxşı niyyətdir görəsən şair özü yazdığına əməl edə bilirmi? "Hələlik bir yanda qalsın bu sual" (S.Vurğun) və biz Bəylərin 352 səhifəlik I cildini nəzərdən keçirək...

Sənətin yolları çətindən çətin
Bu yolu getməyə çata qüdrətin!
Sənətkar o zaman alar qiymətin
Ona qiymət verən xiridar olsun!

Oxucusu olmayan şeir (və hər bir sənət əsəri!) ölü doğulmuş uşağa bənzəyir. Ədəbiyyatın inkişaf etməsi, səmərəli ədəbi mühitin yaranması, şeirin öz poetik və estetik vəzifəsini yerinə yetirməsi üçün istedadlı şairlərlə bərabər, istedadlı oxucular da lazımdır. Oxucunu sənət özü yetişdirməli, şeir öz bədii-fəlsəfı tapıntıları, cazibəsi ilə oxucunu heyrətdə qoymalıdır. Bəs görəsən bizim region poeziyası bu ümdə vəzifəsini yerinə yetirə bilirmi?! Bu suala birmənalı cavab vermək çətindir. Hələlik bunu deyə bilərəm ki, bizim region poeziyası ənənəvi şeir ölçülərindən
kənara çıxa bilmir, bizim region şairləri bədii təfəkkür baxımından  xeyli dərəcədə bir-birinə bənzəyirlər. Gileyli Bəylərin qoşmaları bu janrın uğurlu nümunələridir. Ümumən onun qoşma və gəraylıya üz tutması müəyyən rəğbət doğurur.

Sevən sevdiyinə min nəğmə qoşdu,
Gözəlin nazı da, zülmü də xoşdu.
Sevgisiz bir insan qanadsız quşdu,
Sevgisiz həyatda yaşamaq olmaz.

Yeri gəlmişkən region poeziyasının bir qusurunu, daha doğrusu çatışmayan, əslində ona zərər verən cəhəti də demək istəyirəm: bu poeziya şeirin ən gözəl, əbədi və əzəli bədii-fəlsəfı mövzusuna - Eşq, məhəbbət və sevgi mövzusuna, elə bil ki, bir qədər laqeyddir. Mənim ustadım, akademik Məmməd Cəfər "Füzuli düşünür" monoqrafıyasında yazıb: "Füzuli sevir - Füzuli düşünür deməkdir" . Bütün xalqların, xüsusən Şərq - Azərbaycan klassik poeziyasında Eşq, Məhəbbət, Sevgi ən fəlsəfı — idraki və ondan da artıq Qəlb mövzusudur. Təsadüfı deyil ki, Füzuli ədəbiyyat tarixinə "qəlb şairi" (EJBertels) kimi daxil olub. Mən, təxminən 15 region şairinin yaradıcılığını nəzərdən keçirdim, fəqət bir dənə də qəlbini titrədən məhəbbət şeirinə rast gəlmədim. Bu nədir, qəlbimiz donub, buz bağlayıb, bu bədii-fəlsəfı laqeydliyin səbəbi yaşayışımızın (iqtisadi-mənəvi!) çətinliyidir?! 
Bu məsələ məni izafı dərəcədə düşündürdü, belə nəticəyə gəlirəm ki, deyəsən insanlar içəridən çürüyür, ümidsizlik mənəvi dünyamızı qapsayıb, bunun isə səbəbi sivil dünyaya çıxa bilməməyimiz, fanatizm, insanların etibarını zədələyən korrupsiya və rüşvət, ən başlıcası, tayfa bazlıqdır...
Gileyli Bəylərin yaradıcılığının əhəmiyyəti bundadır ki, o, bizdə bu mülahizələri yaratdı, belə bir fıkri istiqamətə yönəltdi. Şair qoşmalarının birində belə bir mənalı təzad yaradır:

Ocaq yaxşı şeydir, qışın qarında
Heç kəsin taleyi oda düşməsin.

Şair dünyanı gərdişi qarşısında heyrət hissi keçirir, fəqət bu etibarsız, fani dünyanın ən gözəl bəzəyi insan əməli olduğuna əminlik ifadə edir:

Kömək istəsələr əl uzat, hay ver 
Ağ olan kəslərə çörək ver, çay ver. 
Zirvəndə qar olsa, xəstəyə pay ver, 
Zirvəyə güvənmə, qarı verən var.

Yüksək humanizm, "təbiətin tacı, yaranmışlar əşrəfi" (Nizami Gəncəvi) olan İnsana ehtiram Gileyli Bəylərin şeirlərinin əsas leytmotivini təşkil edir.
Gileyli Bəylərin zəngin yaradıcılığı konseptual, monoqrafık tədqiqata möhtacdır. Ən əsası odur ki, o, poeziya, şeir yaradıcılığı ilə ürəkdən, bütün varlığı ilə ciddi niyyətlə məşğul olur, bu yolla millətinə xidmət edir.

4498 oxunub

InvestAZ