Ruqiyyə xasiyyətcə çox qəribə bir qadın idi. Bir də görürdün ki, heç
nədən bir sözü ağzına alıb ucuzluğa gedir də. Elə "əsas şey” məsələsi də
onlardan biri oldu. Qonşuları pəltək Ağayar ilə qarşılaşanda qadın ona xoş üz
göstərdi. O da filosofluq elədi. Söz-söhbətini bilmədi, uzunculuq etdi, üyüdüb
tökdü də. Hətta həmin pəltək dili, danışığı ilə qımışdı, gülümsədi, dedi:
-
Həm... Bağı...
Qadında... əsas... qiymətli... iki... şey... var... da...
Ruqiyyə onun bu sözlərindən pərt, dilxor olsa da
soruşdu:
-
O şeylər nədi
belə?..
-
Necə deyim...
Çox... Qiymətli... Şeylərdi onlar... Şey də...
Qadın pöürtmüş halda dilləndi:
-
Uzatma, sözünü
de...
-
Həmin...
şeyin... biri...
-
Allah ürəyini çəksin!
Nə şey deyə-deyə qalmısan... Sənin arvadın yoxdu bəyəm?!.
Ağayar mızıldandı:
-
Ağəz... Onun...
şeyini... demirəm... ey... Mən... əsas... şeydən... söhbət... açmaq...
danışmaq... istəyirəm...
Qadın ona acıqlandı:
-
Get ananın
şeyindən danış! Mənim şeyimlə sənin nə işin var?!- deyə oradan deyinə-deyinə
evlərinə tərəf gedəndə, bir necə küçə qadını onun başına yığışdı. Ruqiyyə pərt
halda, onlara mühazirə oxuyurmuş kimi Ağayarın qarasına söyüb-söylənirdi: - Ağəz,
bu yolun azmışı görmürsən mənə nə deyir?! Şey... Şey deyə-deyə qalıb... Bunun
arvadının, anasının şeyi yoxdu bəyəm?
Qadınlar onu sakitləşdirmək əvəzinə, daha da əsəbləşdirdilər:
-
Hə də...
Qudurub da...
-
Görünür, könlünə
təzə şey düşüb də...
-
Ağrım onun ürəyinə...
Onun kimisinə heç qırağını da göstərmərəm.
-
Yolun azıb
da...
-
Görmürsən
onu... Yanından keçəndə adama elə baxır ki...
-
Gözləri
işıldayır da...
-
Adam lap
qorxur...
-
Dünya dərəbəylik,
özbaşnalıqdı bəyəm. Get məhkəməyə, şikayətini ver.
-
Xeyli cərimə edərlər,
onda bilər ki, yerli-yersiz ona –buna sataşmaq, şeyinin adını çəkmək nə deməkdi.
-
Özün də beş-on
manat qabağa düşərsən.
Ruqiyyə onsuz da Ağayarın əlindən olduqca dilxor, əsəbi idi. Daha
orada dayanmayıb, düzbir üz tutdu məhkəməyə... Onu əvvəl məhkəmənin katibi
qarşıladı, soruşdu:
-
Belə nolub, a
bacı?! Nə hirsli, həyəcanlısan?..
-
Olaram da... Bu
Ağayar yetimi görmürsən. Məni lap edir, ayıb sözlər deyir... Bayaqdan şey-şey
deyə-deyə qalıb. Bundan soruşan lazımdı ki, bunun anasının, bacısının şeyi
yoxdur.
Katib dilxor halda dilləndi:
-
O həm də ailəlidi
axı... Arvadı var da...
-
Mən nə bilim...
Qızıb da...
-
Yaxşı, səbrli
ol... Hakim nahardadı. İndi gələr, dərdini danışarsan. Uzaqbaşə iddia ərizəsi
üçün beş-on manat xərcin çıxacaq da...
Qadın dilxor halda dilləndi:
-
Sizi də pul
öldürməsin.
-
Özün bil...
Onsuz da vəkilə nə qədər pul verəcəksən. Bir də ki, indi havayı nə var ki... Elə
o da pulladı da...
-
Nə?!. – deyə
qadın qıyya çəkəndə, katib diksinmiş, qorxmuş halda dilləndi:
-
Nəyi deyirəm
ki? Şikayət ərizəni deyirəm də... Yox ey, belə iddia ərizəni...
Səs-küyə dəftərxana müdiri də çıxdı. Bu söz-söhbəti eşidən makinaçı
qız isə xəcalətli halda öz otağına keçdi. Ruqiyyə isə indi də dərdini
oradakılara açmışdı:
-
Siz Allah, belə
də iş olar. Durar-durmaza adam biədəb söhbəti salar, şey-şey deyə-deyə qalar...
-
Eşitməmişən...
Deyirlər ki, harınlamışın Allahı olmaz...
-
Elə görürük də...
-
Beləsinə
inzibati həbs, cərimə nədir... Damlatmaq lazımdı.
-
Cəmiyyət üçün
xoşagəlməzlik, təhlükədi...
Hakim gələnə kimi onu içəri,
yanına çağırdı. Demə, onların bütün bu söz-söhbətinə həyətində qulaq asırmır.
Dedi:
-
Əyləşin...
-
Belə də
yaxşıdı...
-
Dedim ki, əyləşin
də... Yazı yazacaqsınız...- Sonra da başladı Ruqiyyəni sorğu-sual etməyə: -
Yaxşı, indi de görək, nə demək istəyirsən?
Qadən kövrəlmiş halda dilləndi:
-
Heç nə... Mənə
sataşır da... O yetim, zəlil olmuş... Bununla neçənci dəfədi ki, o sözləri mənə
deyir...
-
Nə?...
-
Nə deyəcək ki?
Elə şey-şey deyə qalıb. Soruşan lazımdı ki, a əclaf köpəyoğlu, sənin ananın,
bacının, arvadının şeyi yoxdu...
Hakim bu söhbətdən pərt halda dilləndi:
-
Ağlayıb,
gözyaşlarını tökmə. Hələ bir aydınlaşdıraq görək ki, sən nə dərəcədə
haqlısan... Bu şey sözü... Başqa mənada da işlənə bilər... Bir sizdəki qiymətli
şey nəzərdə tutulmur ki...
Qadın pərt halda yaşmaqlandı, mızıldandı:
-
Bıy... Başıma
xeyir... Bu da danışdı da... Kişilərin hamısı belədi də... Sizi də şey öldürməsin...
Qadın sanki məhkəmədə, hakim otağında olduğunu indi başa düşüb, fərqinə
vardı, dedi:
-
Siz də elə onu
müdafiə edirsiniz.
Hakim əlini yelləyərək ona bəzi incəlikləri başa
salmağa çalışdı:
-
Sənin heç təhsilin,
savadın yoxdu. Bu kitablara da bir nəzər sal da. Ara sözləri ilə
deyib-danışmaqla deyil ki... Bütün əşyalara elə şey deyilir də... Bir sizin o
qaracaya yox ki?
Hakimin bu sözləri qadını haldan çıxartdı. Dərhal yerindən qalxaraq
od püskürdü:
-
Yekə kişisən, ədəbli
danış!.. Daha sənin o qudurmuş yetimdən nə fərqin oldu? O da şey-şey deyə-deyə
qalıb, elə sən də!.. Bir də adamdan soruşarlar... Mənim şeyimin rəngini harada
görmüsünüz?!.
Hakim hər şeyi lap ağ elədiyini görüb, dilxor halda onu sakitləşdirməyə
çalışdı:
-
Daha nə
deyim... Bizi boğaza yığmısan da... Sözün düzünü deyəndə də bu vəziyyətə
düşürük də... Onların çoxu elə bu rəngdə, qara olur da...
-
Mən gizlətmirəm,
sizdən şikayətçi olacağam!
-
Olun da...
-
Onda...
Yalvaranda deyəcəyəm sizə...
-
Belə xanım
deyilsən axı...
-
Yumşalarsan...
-
Bizi çox da sərt
bilmə...
-
Görürəm elə...
Hakim qadının ciddiliyini görüb, dərhal məhkəmə qurdu, katibi səsləyib
ona öz tapşırıqlarını verdi:
-
Görürsən də...
Tez o nadürüstü bura çağır!.. Görək bu qadının şeyini o harada görüb?!.
-
Ətin tökülməsin...
– deyə qadın bir daha incimiş halda yaşmaqlandı, hakimdən uzaqda dayanmağa
çalışdı.
-
Yaxşı, hara
gedirsən?..
-
Elə
buradayam...
-
Çox da uzağa
getmə. O biqeyrəti çağırtdırmışam... Gəlsin, görək bu nə söz-söhbətdi.
Ancaq bir azdan katib gəlib bəd xəbər verdi:
-
Cənab hakim,
onu tanımırsınız. Deyir ki, mən o xanıma güldən ağır söz deməmişəm... Məhkəməyə
nə üçün getməliyəm...
Hakim onun bu sözlərindən lap haldan çıxan kimi
oldu:
-
Ə, kəs! O
dedi-dedi!.. Bəs sənə nə?... İzah edə bilməzdin ki, burada aləm qarışıb
bir-birinə!.. Qadının ayıb yerinin adını çəkmisən, onu sakitləşdirə bilmirik.
Dur gəl bura!..
-
Bəlkə elə
özünüz...
-
Elə bircə bu
qalmışdı! Gəlmir, zəng elə polisə, sahə müvəkkilinə tapsınlar... Onda ağlı
başına gələr...
Həmin gün Ağayarı elə beləcə də nəzarət altında məhkəməyə gətirdilər.
Dil boğaza qoymadan deyib-danışır, gileylənirdi:
-
Mən... yetim...
nə... etmişəm ... ey?!. Ona... söz... demək... istəmişəm... də...
Hakim bozardı:
-
Hər şeyi olduğu
kimi etiraf elə. Bu sənin təqsirini yüngülləşdirər. Bəs deyir ki, ondan şey istəmisən
axı?!.
Ağayar qımışdı, başını yellədi:
-
Allah!..
Allah!.. Bu nə... sözlərdi?.. Bunlar... nə... danışır.. Əyib... deyilmi... cənab...
hakim?..
-
Bunu mənə niyə
deyirsən? Səndən şikayətçi olana de də!..
Qadın o an kükrədi:
-
Ə!.. Əclaf!..
Düzün de!.. İndi nə quzuya dönmüsən?! Sən deyildin o biədəb, lap ayıb sözləri mənə
deyən?!.
Ağayar indi lap ağlamsındı:
-
Ağəz... Bir...
insafın... olsun... Məni... rüsvay... eləmə...
-
Hə... İndi belə
deyərsən də... Yumşaq yerin qalıb qapı arasında da...
Sonrakı günlər də bir necə dəfə beləcə məhkəmə quruldu. Sanki hakim qəsdən
prosesi uzatmaq, qadını ifaş etmək istəyirdi. Elə beləcə haldan çıxdığı, ağzına
gələn o sözləri dediyi üçün indi də o sakitləşməmiş evə gedəndə yolda
qarşılaşdığı, görüşdüyü tanış-bilişə deyirdi:
-
Bu məhkəmə işi
nə ağır olurmuş, ağəz... Ora ərizə verməyimə peşimanam... Nə qədər adamı
sorğu-suala tutarlar... Demə, bütün əşyalara elə şey deyilirmiş...
Onun müsahibi qadın pıçıltı ilə güldü, onu lağ elədi:
-
Vaxtdan... Fürsətdən
elə sən də yaxşı istifadə elədin... Reklam elədin də...
-
Nəyi?!.
-
Hələ bir
soruşur da ey... Şeyini...
Qadın ondan incik halda ayrılanda dedi:
-
Bu da sən... Sən
belə deyən yerdə başqalarına daha mən nə deyim.
-
Səbrli olaram
da...
-
Sənin şeyinin
adını çəksələr sən susarsan?
-
Heç də belə
olmayıb axı... O yazıq sənə söz demək istəyib, sən onu başa düşməmisən.
-
İndi belə deyər
də...
-
Sizin söhbətinizi,
mübahisənizi eşidənlər olub də...
-
Kimdi o əclaflar?..
-
Elə
qonşularımız, xanımlar olub...
Məhkəmədə isə elə hər şeyi Ağayar özü izah etmək, aydınlaşdırmaq istəyərək
deyirdi:
-
Cənab...
hakim... İnamınız... yoxdu... mənə... Mən... özüm... o... qadının... xətrini...
çox... istəyirəm... Abırlı... həyalı... bir... xanımdı... O... gün... də... mən...
ona... bu... cür... yox... Demək... istədim... ki...
Bu an artıq söz-söhbətdən cana doymuş, əsəbi olmuş Ruqiyyə kükrədi:
-
Ay əlcaq!.. Nə
gizlədirsən!.. Hər şeyin düzün etiraf elə, de də... Mən dəli olmuşdum ki, səndən
şikayətçi olaydım. Hər şeyin düzünü de, camaat da bilsin də... Sən deyildin şey
deyə-deyə qalmışdın?!. Sənin anan-bacının, arvadının ondan yoxudu?!. Belə
qudurmusan, qızmısan get onlardan şey tələb elə, istə də!..
Hakim onun bu sözlərindən narazı halda əlindəki taxta çəkicini
altlığına döyəcləməyə başladı:
-
Sakit!.. Sus!..
Mətləbdən çox uzaqlaşıb, təhqirə keçmə...
-
Mən heç kimi təhqir
etmirəm... Olanı deyirəm...
Əvvəl Ruqiyyənin gətirdiyi şahidlər dindirildi. Minayə adlı şahid
qadın dedi:
-
Vallah, mən də
elə qonşulardan eşitmişəm. Özüm orada olmamışam...
Hakim onun bu sözlərinə qeyzləndi:
-
Yox... Söz-söhbəti
başqalarından eşidən şahidlik edə bilməz. Bizə yalançı şahid lazım deyil.
Kimsə zaldan pıçıldadı:
-
Riyakarlıq edir
də...
Hakim ona acıqlandı:
-
Sən sus!
Zalda bu sözlərdən sonra
canlanma yarandı. Xeyli müddət hakim onları sakitləşdirə, intizama dəvət edə
bilmədi. Elə "şey-şey” deyə-deyə qalmışdılar. Bilmək olmurdu ki, onlar Ruqiyyəni
müdafiə edirlər, yoxsa Ağayarı...
Cavabdeh özü də daha əldən
düşən kimi idi. Hey hakimdən söz istəyir, nəsə demək, izah etmək istəyirdi:
-
Dedim ... də...
Cənab... hakim... Mən... Onun... heç də... lağa... qoymaq... təhqir... etmək...
fikrində... olmamışam... Sadəcə... olaraq... ona... demək... istəmişəm... ki...
bunu... da... bilirsiz... d... niyə... Onun... qızının... əxlaqı... çox...
xoşuma... gəldi...
Onun bu sözlərindən lap çaş
qalmış halda dilləndi:
-
Ə, bir
açıq-aydın danış. Fikirlərini qarışdırma. Bizi əsas mətləbdən uzaq salma...
-
Hə... Əsas o...
şey məsələsi... Belə... də... Mən... ona... demək... istəyirdim ki... qadın...
üçün... iki... əsas... şey... vacibdir... Bəli... onun... biri həya... o
biri... ismətdi...
-
Bax da...
-
Bəli...
Bunların hər... ikisi... qadın... üçün... böyük... sərvətdi...
Artıq bu sözləri eşitcək Ruqiyyə pərt, peşman halda sussa da, hakim
sakitləşmir, hər şeyi özü üçün aydınlaşdırmağa çalışırdı:
-
Yox ey... Sən
bizi dağa-daşa salma... Mənasız yerə bu sözləri qadına nə üçün dedin?.. Sən özün
ailəli adamsan axı...
Ağayar elə kövrəklik içində pıçıldadı, dilləndi:
-
Cənab...
hakim... insan... ürəyi... açıq... təmiz... olsa... çox... söz... deyə... bilər...
Heç... kim... də... bunu... başqa... yerə... yozmaz...
-
Yaxşı, çox da
uzatma, qısa elə... Onsuz da neçə gündü heç nədən vaxtımızı almısınız.
-
Mən... onun...
qızını...
Hakim onun bu sözlərini
eşitcək özündən çıxdı:
-
Ə, kəs! İndi də
anasını buraxıb, qızından yapışmaq istəyirsən?!.
Ağayar pörtmüş, dilxor halda donquldandı:
-
Allah... eləməsin...
Siz... nə... danışırsınız... Mən... onu... gələcək... gəlinim... kimi... görmək...
istəyirəm...
-
Belə de...
-
Elə... ona...
görə... də... anasına... bu... sözləri... demək... istəyirdim... də...
-
Bax da...
-
Ona da...
Allah... insaf... versin... Qoydu... ki... bir... sözlərimi... axıra... qədər...
deyim...
Həmin gün məhkəmədən çıxıb gedəndə hamı düşmüşdü
Ruqiyyənin üstə:
-
Sən beləsən də...
-
Səbrsiz... Kəmhövsələ...
-
Vallah qızın Kəmalə
bunu bilsə yonacaq səni...
-
Ağəz, deyirəm də...
Ağayar elə adam deyil ey...
-
Gözləri zəifdi,
işığa baxa bilmir də... Biz də elə bilirik ki, gözləri işıldayır, bizə göz
vurur...
-
Yazıq pəltək
adamdı da... Onun bizim ayıb yerimizlə nə işi...
-
Kişi deyil...
-
Elə kişilərdən
deyil axı...
Kimsə qımışdı, sonra da sözünü dedi:
-
Şey deyə-deyə
hakimi də iştaha salmışdın. Az qalırdı ağzı sulansın. Gördün də o gün necə
dedi... "Sənin o qaracan... qara şeyin...”
-
Bəyəm elə bu
şeylərin hamısı qara... Qara, tüklü olur...
-
Abırınız olsun
da... Söz tapıblar da danışmağa.
-
Burada ayıblıq
nə var ki... Hakim demişkən, bütün əşyalara şey deyilir də... Özüm Mülki Məcəlləyə
baxmışam...
Ancaq Ruqiyyənin bu şey söhbəti, Ağayardan şikayətçi olub məhkəmə
mübahisəsi açması kənddə uzun müddət unudulmadı. Ona görə də nahaq demirlər ki,
yüz ölç-bir biç... Nahaq demirlər ki, insan qeyzlənən də, hirslənən də, əvvəl
su içməli, sakitləşməyə çalışmalıdı. Bu da kömək etməyəndə çalışmalıdır ki,
sakitləşmək üçün bir yerdə əyləşsin, fikrini toplasın, haqq-ədaləti bir-birindən
ayrıd etsin. Bunlar da alınmayanda, uzanmalı, dinclik toplamalıdı. Ondan sonra
nə qədər qızğın başlar olsa da, bir rahatlıq tapacaq...
Yoxsa Ruqiyyə kimi... O gün hirslənən kimi də məhkəməyə üz
tutmasaydı, bu xoşagəlməzliklər də bu qədər böyüməz, onu el-obada rüsvay etməzdi.
Bu məsələdə təsadüfi adamların dediklərinin, qonşu qadınların da az təqsiri
olmadı. Onlar Ruqiyyəni sakitləşdirmək, səbrli olmasına çalışmalı idilər. Heç
olmasa Ağayardan bir söz soruşa bilərdilər.
Bəli, həyat çox qəribədi. Bəzən illərlə yığdıqlarını, qazandığın xətir-hörməti
bir andaca itirə bilərsən. Bu həyatda adi, gərəksiz heç nə yoxdur. Ağıl da
insana bu kimi məsələləri yerindəcə aydınlaşdırmaq, nəticə hasil etmək üçün
verilib. Hirslənib, özündən çıxmaq, dərhal şikayətçi olmaq, inzibati orqanların
qapısını döymək, məhkəməyə getmək heç vaxt gec deyil. Müqəddəs kitabımızda ən
çox təkrarlanan səbr kəlməsidi. Həyatda səbrli olmaq lazımdı. Səbrli olmaq heç
də həmişə nöqsanlarla, çatışmamazlıqlarla barışmaq kimi başa düşülməməlidir. Səbrli
olmaq həm də düşünmək, haqqı-nahaqqı ayırd etmək, düzgün yol tutmaq, işığa
doğru getmək deməkdir.