Kəmaləddin Qədim-65
Min illərdir aparılan araşdırmalar (da)
sübut edir ki, hər insanın (fərd olaraq) yaşadığı ömür onun öz (acı-şirin)
taleyinin və (aktiv-sürətsiz) fəaliyyətinin mental çalarıdır. Əslində, bu,
(ümumi götürsək) bütün bəşəriyyətin yaşam formasıdır. Yəni, bir insan toplum
olaraq bütün bəşərdir; onun həyatı hamı üçün eyni və ya oxşardır, yaxud bütün
bəşər, üst-üstə (sadəcə) bir fərddir (Adəmin timsalında eyni şəxsdə
bərqərardır)...
Sanki min il yaşamış bir abid kimi
fərqindəyik ki, insan onu əhatə edən mühit və ətraf aləmlə (təmasda) axsaqdır -
belə deyək, o, Allaha ya asidir, ya müxalif. Buna görə biz çox vaxt bir insanın
həyat və fəaliyyətindəki mənəvi dəyərləri, davranışı, o insanın ikisistemli
həyat resursu kimi qəbul edirik...
İnsanın, mənəvi aşınmalar üçün ideoloji
səbəb olması təkcə bioloji fakt olması deyil, həm də ədəbi zərurət olmasıdır.
Tam səmimiyyətimizlə əminik ki, yoxun varolma cəhdini və ya əksinə, varlığın
yoxolma çırpıntısını ana laylası, şeir parıltısı, qəlb pıçıltısı kimi
mənalandıran istedadlı şair Kəmaləddin Qədim də ədəbi zərurətə təsadüfdə yox,
məhz elə zərurətin özündə fəlsəfi çalar qatır. Bəlkə də elə bu ədəbi cəsarətinə
görə onun ictimai-poetik zövqü vətəndaş olaraq milli siması, şair olaraq bədii
məni üçün çox fərqli təfərrüat verir.
Dediklərimizi əyani şəkildə isbat edək:
Qamət verib şax saxlayır,
Görür haqqam, haqq saxlayır,
Hələ ki Allah saxlayır,
Ölüm yola verir məni...
***
Borc bir canı bilə-bilə,
Əridəsən gilə-gilə.
Dörd yanını günah ilə
Sarıb Tanrıya gedəsən...
***
Qala əllərində canın bu bəxtin,
Nə ötə yan ala, nə bəri çıxa.
Ölə bilməyəsən ölmək istəsən,
Yaşamaq istəyin dəbərib çıxa...
...Elə Vətən adlı yer ömür boyu,
Qala səndən yana sirr ömür boyu.
Gəzəsən özünü bir ömür boyu,
Nə öldü, nə qaldı xəbəri çıxa...
***
İlin, günün bu vaxtında
Kimdi döyən ac qapını?
Bir dəfə də xeyrə döyən
Tapılmazmı heç qapını...
Əlbəttə, Tanrı sevgisində təcəlla etmək
yüksəlişə zəmin verir. Kəmaləddin Qədimin yuxarıda nümunə kimi göstərdiyimiz
şeir parçaları bu təcəllanın nədən ibarət olmasına diqqət çəkir. Bəlli olur ki,
adidən mürəkkəbə qədər bütün aralıqlar sevgidə zahirdir; insan bu ruhi təması
öz orbiti ilə uyğunlaşdıra bilmir deyə, qürur onu müti edir. Bu fəlsəfi «ayini»
daha sadə şəklə gətirmək üçün yuxarıdakı misraların «yükünü salaq». Əslində,
Kəmaləddin Qədim «Qamət verib şax saxlayır, Görür haqqam, haqq saxlayır...»
fikri ilə insanın dürüst anına ekskurs edir, demək istəyir ki, başlanğıcdan
haqq olana Allah da rəhmət, hüzur verir. Ölümün haqq olan insandan yan keçməsi
məhz bu məqama işarədir.
Müəllif «...Dörd yanını günah ilə sarıb
Tanrıya gedəsən...» faktı ilə bəşərin nəfsdən asılılığını, şeytanın zərrəvi
deyil, tam mənada hökmran olduğunu qabardır, Qiyamət günü Allah qarşısında
bütöv bir günah daşı kimi görünəcəyimizi ehtiva edir.
Yaxud, «...Gəzəsən özünü bir ömür boyu, nə
öldü, nə qaldı xəbəri çıxa...» poetik çırpıntısı da elə bu oxşar «faciə»nin
fərqli coğrafiyasıdır. Təkcə bu iki misranın içinə (ağıllı-naşı) insanın
başlanğıc və son anı sığıb.
Bu poetik çırpıntılarda bəlli bir gerçək
var: insan nə qədər mətin, mübariz, xeyirxah və sadə, qayğıkeş və mehriban
olmaq istəyirsə, mühit (sosial-iqtisadi çətinlik, adamsızlıq, maddi üzqaralıq
və s.) onu bir o qədər şeytana - pis vərdişlərə yaxınlaşdırır. Bu dilemmada
əsas ideoloji-poetik xətt insanın hansı tərəfi daha üstün tutmasıdır; ya insan
(dolanışıq, ailə-uşaq yanında başıaşağı olmaması üçün) nəfsə aludə olmalı, ya
da səbr yaşmağını ağlına çəpər edib Allahda qalmağı bacarmalıdır. Kəmaləddin
Qədim yaradıcılığı boyu ən çox bu zəruri fakta diqqət çəkir. Hətta onun lirik,
sevgi şeirlərində də biz bu aktual təlatümü aydın sezirik. Düşüncəli oxucu bu
istedadlı şairin həyat yanğılı şeirlərində sanki əvvəlcə əzabın dadına baxır,
sonra ona aludə olub-olmamaq barədə fikir yürüdür.
Yanılmırıqsa, aşağıdakı parçalarda da
ədəbi məğz elə bu ictimai acıdır:
Görmür çətin, dar da çoxdan
Bardaş qurub burda çoxdan.
Dönüb bir ac qurda çoxdan
Kəsib ehtiyac qapını...
***
Sözünü bu qədir-qiymətdə, canım,
Adını bu kökdə, soyda tutasan.
Özünü bir ömür bu ucalıqda,
Elə bu qamətdə, boyda tutasan...
***
...Ha duy, anla, qan bu sonu,
Ha gördükcə yan bu sonu.
Qan yuyacaq, qan, bu sonu,
Axırı qan aparacaq...
***
Xəbərin yox özündən,
Yanında ayrılıq var.
Həsrət yağır gözündən,
Canında ayrılıq var...
...
Heç, ölmək də son deyil,
Sonunda ayrılıq var...
Açığı, bu şeir şəkillərində insan
şəxsiyyət surətini bəlli səbbələrdən itirir, bir növ, sosiallaşır, maddi-mənəvi
imkan daha geniş mənada özünün açıq fazası ilə çıxış edir. Bu misralardakı
mənəvi aşınma yaddaşa əks təsir gücünü artırır, gerçək münasibət (məcburən)
yalançı əlaqə ilə əvəzlənir. Məsələn, «Dönüb bir ac qurda çoxdan, kəsib ehtiyac
qapını...» faktında «Qan yuyacaq, qan, bu sonu, axırı qan aparacaq...» dəhşəti
yaşanır. Bu fərqli-oxşar acıda «...Heç, ölmək də son deyil, sonunda ayrılıq
var...» çək-çeviri insanın yoxolma - sıfırlaşma həddini qabardır. Oxucu bu
misralara ürək qızdırdıqca anlayır ki, insan var ikən özünü yoxolma faciəsindən
qurtara bilər. Belə deyək, düşüncəli-ağıllı oxucu Kəmaləddin Qədimin
poeziyasını düzgün dərk etməklə bu çoxşaxəli gerçəyi tapmaq şansı qazanar.
Heç şübhə yoxdur ki, Kəmaləddin Qədim 65
illik yaşantıda (bizim düşüncəmizcə) bir neçə ideoloji əhatə qura bilib;
məsələn, əmin olub ki, ibtidai xalq varlığı, həyat amili insansevərlik və
nisgilədözmə faktlarıdır, bu ictimai dərki yaddaşa yerləşdirmək üçün bütün
klassik sərhədləri aşıb keçmək gərəkdir. Çünki hansı tərəfindən baxırsan, bax,
həyat bulanıq, kollu, daşlı-kəsəkli vadi kimidir; insan tez-tez bu vadidə öz
könül duyğularını gah rəngli, gah da rəngsiz hislərə batırır, kəpənək uçuşu ilə
qarşıdakı çöllüklərə şütüyür, bəzən özünü tapır, çox vaxt (özünü) itirir...
Biz çalışdıq ki, bu yazıda fəlsəfi
təhlildən çox ictimai tədqiqə yer verək, Kəmaləddin Qədimin «lirik mən»inin
hansı səbəbdən mətin, cəsur obraz
olmasından bəhs edək. Açığı, biz onun bitkin vətəndaşlıq yanğısında bir
yenilməzlik aşkar etmişik. O, (bütün mənalarda) ədəbi-sosial çətinliklər
qarşısında canlı sədd kimi dayanmağı bacarır. Zövqünü korlayan ibtidai
çırpıntılara vulkan çırpıntısı ilə qarşılıq verir. Sevgi və ürək yanğılarına
poetik su səpməyin fəlsəfəsini bilir.
Kəmaləddin Qədim əzablı qayğılar, insan
və cəmiyyət üçün maraq doğuran, lakin hərfən və mahiyyətcə fərqli ideyaları
eyni müstəvidə tutmağı da yaxşı bilir. Bu da oxucuda mənəvi, emosional
qabiliyyətin artmasına zəmin yaradır. Onun poetikasında insanın taleyi özünə
tabe etmək və yaxud dəyişdirə bilmək zərurəti var. Bu da onu deməyə əsas verir
ki, Kəmaləddin Qədim öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Əbəs yerə
deyil ki, biz dəfələrlə onun səmərəli ədəbi fəaliyyətini özümüzə bələdçi
etmişik...