XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Əfsanə Quliyeva: “Heydər Əliyevin sayəsində üç Azərbaycan övladının nahaqdan tökülən qanı yerdə qalmadı”
HÜQUQ 08:41 / 13.05.2022
1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar.Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr öz axarından çıxmışdı.
Əslində 80-ci illərin sonunda Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını aldı. Heydər Əliyev sözün əsl mənasında erməni daşnakları üçün keçilməz maneəyə çevrildi.
1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndində nə baş verirdi? Məhz, həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, "Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.
Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.
1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üşün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır.
Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər.
Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin "Ərşada ölüm!” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını "Kalaşnikov”, "Makarov” tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Göründüyü kimi, Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.
Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.
Heydər Əliyev bir sıra təhlükəsizlik tədbirləri gördü. Ölənlərin cəsədləri sakit bir şəraitdə öz kəndlərinə aparıldı. Heydər Əliyev əvvəlcə Qaradağlıda yerli əhali ilə görüşüb söhbət apardı, onlara təsəlli verib sakitləşdirdi. Sonra camaatla birlikdə qəbiristanlığa gedərək dəfn mərasimində çıxış elədi, cinayətkarların sərt və amansız şəkildə cəzalandırılacaqlarına söz verdi...
Bu işin təşkilatçıları və əsas iştirakçıları məhşər ayağına çəkildilər. Yetmiş üç nəfər cani tutuldu. Bu qanlı aksiyanın başçılarından olan Arkadi Manuçarov, Baqrat Ulubabyan və başqaları "asta qaçan namərddir" - deyib aradan çıxdılar, özlərinə İrəvanda sığınacaq tapdılar.
İstintaqın gedişində həbs edilmiş yetmiş üç nəfərdən əlli üçü müəyyən müddətdən sonra buraxıldı, iyirmi nəfər isə cinayət məsuliyyətinə cəlb olundu. Səkkiz aya qədər davam edən istintaq işi, nəhayət, sona çatdı və 1968-ci il mayın 21-dən iyulun 23-nə qədər məhkəmə iclasları keçirildi. İşi Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası aparırdı. Üç azərbaycanlı gəncin vəhşicəsinə öldürülməsinin əsas baisi Benik Movsesyan törətdiyi cinayətləri boynuna almaq istəməsə də, Nikolay Sərkisyan, Ağasi Qriqoryan, Avetis Sərkisyan, Qriqori Akopyan, Pavel Qasparyan, Robert Beqlyaryan, Eduard Voskanyan, Karlos Ağacanyan və başqa din qardaşları onun üzünə durub, bütün cinayətlərini məhkəmə qarşısında açıb danışdılar. İstintaqın gedişində həm də aşkar olundu ki, hadisə zamanı hərbi hissəyə məxsus bir maşın yandırılmış, kinoteatra və parka 1464 manat 20 qəpik maddi ziyan dəymiş, on üç nəfər milis işçisi və Sovet Ordusunun iki əsgəri yüngül yaralanmışdır. Dövlətə dəyən maddi ziyan həbs olunan ermənilər tərəfindən ödənildi. Məhkəmə kollegiyasının son qərarı isə belə oldu: Benik Nersesoviç Movsesyana, Artyuşa Xaçaturoviç Əsribabyana, Conrik Andreyeviç Ohanova, Yermak Nikolayeviç Arakelyana və Albert Armenakoviç Danielyana güllələnmə verildi, Ambarsum Qriqoryeviç Arustamyana 15 il (ciddi rejimlə), Sergey Nersesoviç Ohanyana 12 il, Ernest Ambarsumoviç Arustamyana 8 il, Mamvel Vaqarşakoviç Babayana 6 il, Nikolay Poqosoviç Cavadyana 5 il, Georgi İvanoviç Oqanesyana 5 il, Aleksandr Soqomonoviç Çalyana 4 il, Suren Osipoviç Sərkisyana 4 il, Jora Rubenoviç Şahnazaryana 4 il, Ağasi Nikolayeviç Qriqoryana 3 il, Qrant Samsonoviç Sərkisyana 3 il, Valeri Barxudaroviç Arutyunyana 3 il, Setrak Avanesoviç Sərkisyana 2 il, Armen Armaisoviç Djanqiryana 2 il və Yuri Semyonoviç Avanesyana 2 il iş kəsildi.
Və beləliklə də, üç Azərbaycan övladının nahaqdan tökülən qanı yerdə qalmadı. Xalqın milli qeyrətli oğullarının təəssübkeşliyi sayəsində əfi ilanın başı elə yerindəcə əzildi, erməni daşnakları iyirmi ilə yaxın öz əzilmiş başlarını bir daha qaldıra bilmədilər.

1192 oxunub

InvestAZ