... Qadının şikayət ərizəsi nə vaxtdan idi ki, hakimdə idi. Rəvayət
adlı bir qadının nədən bəhs etdiyini, nə istədiyini dəqiq bilmək olmurdu. Şikayət
ərizəsində o qədər mətləblərdən yazmış, şikayətlənmişdi ki, hakim bir daha ona
baxası, nəzər salası oldu: "Ərim Zəkəriyyə yolunu çox azıb. Əvvəl mənimlə çox
yaxşı idi. Son vaxtla ona nə etdilər, bilmirəm. Düzdü, arada mən də xəstələndim,
can qardaş... Ona yaxşı baxa, qulluq edə bilmədim... Belə olar da, onda insan
yolunu azar? Şəhərdə birinə vurulub... Qızın çox cavan olduğunu deyirlər.
Birlikdə gəzib-dolanır, yaşayırlar. Bu barədə düşənəndə od tutub yanıram da.
Axı ona bu hərəkətlər yaraşmır. Onun iki ailəli uşağı var... Nəvələri var...
Bilirsiz, bir dəfə o, mənə nə dedi?..”
Şikayət məktubu xeyli uzun idi. Cana doymuş halda həmin şikayət məktubunu
kənara qoyub məhkəmənin dəftərxana müdirini yanına çağırdı:
-
O ərindən şikayətçi
olan qadını çağırmısız? Bu gün onun işinə baxılacaq da.
-
Hə, sudya...
Çağırmışıq, buradadır. Ərinin əlindən zəncir çeynəyir də. Yamanca gileylidir.
-
Xanımların çoxu
belədi də...
-
Daha bunun
kimisi olmaz. Onu sakitləşdirmək üçün çay da süzüb vermişəm.
-
Yəni belə
acıqlı, hirslidi?
-
Hə də... Əri də
gəlib, buradadı...
Bu an məhkəmə katibi qapını
döymədən içəri girdi. Hakim ona alnını turşutmuş halda baxaraq dedi:
-
O şikayət ərizəsi
yazan qadını bura çağırın.
-
Baş üstə...
Ərini də?
-
Dedim ki,
qadını...
-
Başa düşdüm...
-
Heyvanına
şükür...
Hakimin bu sözləri dəftərxana
müdirinə lap yağ tək yapışdı. Qımışdı, başını yellədi, pıçıldadı:
-
Başı qarışıqdı
da, fikirlidi...
Bununla o, demək istədi ki,
belə məhkəmə günlərində, işə baxılanda katib kefdə olur, hərədən bir –iki
manat, bəzən beş manat çırpışdırıb alır da...
Dəftərxana müdiri sakit
halda gedəndən sonra, hakimin otağının qapısı döyüldü. Səsləndi:
-
Gəl...
-
...
-
Gəl də...
Qapı açıldı... Otağa orta
boylu, qırmızıyanaq bir qadın girdi. Lap yumuru yumurta kimi idi. Kök, dolu..
Hakim soruşdu:
-
Hə... Bu
sizsiniz?.. Şikayət ərizəsi yazan xanım?..
-
Daha bir
xanımlığım qalmayıb...
-
Danışın, eşidirəm...
-
Ərizədə hər
şeyi yazmışam da.
-
Ərinizlə
münasibətiniz belə kəskinləşib?
Hakimin bu sözləri qadını
lap kövrəldən kimi oldu. O, hərdən yaşarmış gözlərini yaylığının ucu ilə silə-silə
dedi:
-
Can qardaş,
özüm də xəcalət çəkirəm. Qəsəbədə beş ailədən biri idik. Hər ikimiz ticarətdə
işləmiş, yaxşı dolanırdıq. Mənim arada bir az nasaz olmağım, xəstələnməyim işləri
korladı da... Kişi yolunu azdı... Gənclər şəhərində birinə vuruldu... Qız da
çox cavandı...
-
Belə deyin...
-
Hə də... İndi
gözü qızıb... Bir azdan özü it tək peşiman olacaq. Elə onun gözləri qarşısında
xoşagəlməz hərəkətlər edəcək.
-
Edir, etsin də...
Daha sənə nə qalıb bunu özünə dərd edirsən?..
-
Yox, cənab
hakim... Axı o, mənim ərim, ailəm olub. Bizim iki ailəli uşağımız var. Mən onun
hərəkətləri üçün xəcalət çəkir, küçəyə, camaat işinə də çıxa bilmirəm...
-
Çox nahaq...
-
Siz onu deməyin...
Axı olmaz... Adam da öz ailəsin qoyub, başqa yerdə isti yer axtarar?..
Qadının bu sözlərinə hakim istər-istəməz qımışdı,
dilləndi:
-
Elə hamısının təqsiri
səndə, özündə olub da. Kişini əldə saxlaya bilməmisən, bu da axırı.
-
Onu elə düz
deyirsiniz, can qardaş. Ancaq gərək o da belə etməyəydi. Bizim uşaqlar, nəvələr
var axı... Bilirsiz, mənə son dəfə nə deyib?..
-
Nə?! – Hakim
heyrətlə ona tərəf baxdı.
-
Bağışlayın, cənab
hakim... Mən onu sizə deyə bilmərəm... O çox pis, ayıb sözdü... Bunu ancaq
harınlamış adamlar, küçə uşaqları bir-birilərinə deyə bilər.
-
Yaxşı, daha
bunu özün bilərsən. Demirsən, heç demə...
Katib bu an gəlib bildirdi:
-
Cənab hakim,
başlaya bilərik. Tərəflər, şahidlər hamısı gəlib.
-
Əvvəl mülki işlərə
baxaq da... Qadın uşaqla gəlib.
-
Hə deyirəm
ki...
Katib çaşqın halda otaqdan
çıxdı. Çünki çox vaxt cinayət işləri baxılan günlərdə mülki işlərə baxmazdılar.
O, əlindəki siyahıya bir daha baxa-baxa səsləndi:
-
Xahiş edirəm, məhkəmə
zalına keçəsiniz..
Səslər eşidildi:
-
Keçək də...
-
Bunu bayaqdan
deyin də...
-
Ayaq üstə
dayanmaqdan qılcalarımız qırıldı.
-
Siz də bir
insaf olsun da...
-
Bunlar belədi də...
Saat 10-a çağırır, 12-də işə baxırlar...
Katib ona acıqlandı:
-
Ə, sözün var söz
danış...
-
Deyirəm də...
-
Bir gün qəzəbə
gələndə deyəcəyəm sənə.
-
15 sutka
alacam?..
Hakim əlində mülki işlər
qovluğu məhkəmə zalına girəndə katib səsləndi:
-
Qalxın, məhkəmə
gəlir!
-
Əyləşin, - deyə
hakim onlarta işarə etdi. Sonra da özü əyləşdi.
İçəridə xeyli adam vardı.
Qadının əri Zəkəriyyəni görmək ümidi ilə zala, əyləşənlərə baxsa da, onu
tapmadı, tanımadı. Daha doğrusu, onu heç tanıya da bilməzdi. Hələlik görməmişdi,
tanış deyildilər. Dilləndi:
-
İddiaçı qadın
buradadı?.. Bəs əri – cavabdeh hanı?
Katib o an dilləndi:
-
Buradadı, cənab
hakim - Sonra da küncdə oturmuş yaşlı kişi tərəfə döndü:
- Zəkəriyyə bəy, qalxın... Hakim sizinlədi...
Dərhal tosgun, arvadı kimi qırmızıyanaq bir kişi
ayaq üstə qalxdı:
-
Məni
deyirsiz... Mən buradayam, can qardaş...
-
Xahiş edirəm,
müraciət formalarını gözləyin.
-
Hə... Başa
düşdüm, möhtərəm hakim...
-
Hələlik əyləşin.
Hakim yenidən üzünü şikayətçi qadına tutdu:
-
Yaxşı, indi necə...
Öz şikayətinizdə, tələbinizdə qalırsınız, yoxsa? Onları geri götürürsünüz?
-
Yox... O, mənim
şərəf və ləyaqətimi alçaldıb... Ailəmizi rüsvay edib... Cavan qızla gün
keçirir... Məni heç saymır, özünə arvad bilmir...
Hakim onları sülh sazişi bağlamağa, barışmağa dəvət
etdi:
-
Barışın getsin
də... İndi kişidi... Yolunu azıbsa da... Cavan... Şey... Adamı yoldan çıxaran
olur da...
Hakim arada dediyi sözlər üçün lap xəcalət çəkdi. Çoxunu da elə
hirsindən dedi. Onun bu sözləri zalda gülüşə, təbəssümə səbəb oldu. İçəridə
canlanma yarandı, pıçıltılar eşidildi:
-
Nə dedi?..
-
Düz deyir də...
-
Yaşlı kişiyə bu
yaraşar?..
Qadın bu arada lap kövrələn kimi oldu. Dedi:
-
Cənab hakim, mən
sizə otağınızda da dedim... O, çox dəyişib. İpə-sapa yatmaz olub... Cavan qız
onun başını korlayıb... O gün mənə nə desə yaxşıdı... Bu çox pis, ayıb söz idi,
möhtərəm hakim...
-
Yaxşı, de görək
də... O nə söz idi?..
-
Nə
danışırsınız... Bu sözü heç təklikdə də mən sizə deyə bilmərəm... Qalmışdı ki,
bu qədər camaat içində... O sözü eşidəndən hələ də xəcalət çəkirəm... Ər də
arvadına belə sözlər deyərmi? O, tamam pozulub, başını itirib... Elə siz düzünü
deyirsiniz... Qızışıb...
Hakim bir daha ona xatırlatdı ki, mətləbdən çox da uzaqlaşmasın, ona
deyilən sözə cavab versin. Qadın isə yenə də inad etdi, pörtmüş bir vəziyyətdə
dedi:
-
Yox... İnanın,
mənim gördüyüm ailə tərbiyəsi o sözü burada dilimə gətirməyə imkan vermir... O
çox pis, ayıb sözdü...
Hakim onun bu kimi sözlərindən cana doymuş halda
dedi:
-
Yaxşı, özün
bil... Demirsən demə... Heç olmasa, bir kağıza yaz ver...
Hakimin bu sözləri onu ayıldan kimi oldu. bir yandan da ərinin deyinməsi:
-
Cənab hakim,
görürsünüz də bu necə cürüycü bir qadındı... Onunla dolanmaq mümkün deyil, çox
xırdaçıldı... Hər şeyi söz-söhbətə səbəb edir. Məni burunlaya-burunlaya özündən
uzaq saldı. İndi də əl çəkmir, arxamca düşüb...
Qadın onun bu sözlərindən incimiş, qeyzlənmiş halda
dilləndi:
-
Yalançının lap
Allah bəlasını versin. Az donquldan orada...
-
Baxın daa...
Arvad da ərinə bu kimi sözlər deyər?..
Hakim qımışdı:
-
Nə vaxtdandı
onu kişisiz qoymusan. Bəlkə ondandı... Əlindən zinhara gəlib də...
-
Ola bilər...
Sonra isə arvadın gileyləndiyini görən hakim kişiyə
səsləndi:
-
Ayıbdı axı, sənin
bu yaşda cavan qızla gün keçirən vaxtın deyil... Əgər onun dedikləri düzsə...
Düzdü, bu barədə biz sənə bir o qədər təsir edə bilmərik... Mal sənindir, özün
seçim edirsən...
Qadın kükrədi:
-
Xəcalət çəkəsiz...
Bunun qımışmağına bax da...
Hakim sakitliyi bərpa etməyə çalışdı:
-
Utanmır da... O
cürə baxçada gəzib-dolananda yaxşı idi, indi pis...
Hakimin bu sözlərindən sonra zalda hələ də canlanma
vardı, pıçıltılar baş alıb getməkdə idi:
-
Nə dedi?..
-
Cavan şey belədi
də... Adama yolunu azdırır...
-
Kişi kişi ola
da gərək. Ailəsini dağıtmaya.
-
Adama çox təsir
olar. Gərək yolunu azmayasan.
-
İnsanıq, budu
da... Bu kişi bundan sonra kimə lazımdı?..
-
Qadının hərəkəti
alqışa layiqdi. Kişini əyri yolundan çəkindirmək istəyir.
-
Onun da
vaxtında səhvləri olub, saxlaya, qoruya bilməyib ərini...
Qadın isə bayaq deyə bilmədiyi həmin ayıb sözü kiçik bir ağ vərəqə
yazmış halda hakimin yanına yaxınlaşdı. Sakit halda onu stolun üstə qoyub gedəndə,
hakim dilləndi:
-
Hə,
yarımısan?.. Çox yaxşı... Elə üç söz?.. Bu necə yazıdı, heç oxuya bilmirəm
ki...
Hakim istədi ki, katibi çağırtdırıb oxutdursun. Ancaq bunu məqsədəmüvafiq
bilməyib özü hərifləməyə, höccələməyə başladı:
-
"M...” Sonra da
"Ə” gəlir, bu da "N”...
Hakim sözünə ara verib dedi:
-
Vaxtında müəllimlərin
çənələri çıxır, yaxşı oxuyub-yazmırıq da... Belə yerdə, vaxtda da çox çətinliyimiz
olur. Sükür, birinci sözü oxudum: "Mən” demək istəmisən. İndi keçək ikinci
sözünə: - Hə, bu da "S” hərfidi... Sonra da "Ə”, "N” gəlir... Bu da, yəni "Səni”
alınır. Belə çıxır ki, demək istəyib: "Mən səni...”
Məhkəmə zalında səslər, pıçıltılar eşidildi:
-
Daha bu olmadı
ki...
-
Hakim
adamsız...
-
Bir yazı nədi
ki, onu da oxuya bilmirsiniz...
Hakim bu an qeyzli halda,
taxta çəkiçini altlığına döyərək, səsləndi:
-
Sakit olun
da... Bəyəm hər sözü o dəqiqə demək olar?.. Özü də qadın belə ehtiyatlandığı
halda... Bu yazı mənim başımı tamam xarab elədi. Kişisi buna nə demək istəyib
ey... Başa düşdüm, hə: "Mən səni...” İndi baxaq görək arxasınca gələn nə
sözdü... Bunun birinci hərfi "S” hərfinə oxşayır. İkinci "i”-dir... Bəs sonuncu
hərflər... Söz o qədər əyri-üryü yazılıb ki, heç oxumaq olur ki... Bəlkə qadın
özü bizi bu əzabdan qurtara?..
Zaldan yenə də səslər
eşidildi:
-
Hə də...
-
Sözdü, desin də...
-
Utanır da...
Qadın isə hələ də həədsiz pərtlik
içində idi. Pörtmüş, yanaqları allanmış halda pıçıldadı:
-
Yox, nə
danışırsınız... Ölərəm, mən o sözü dilimə gətirə bilmərəm...
Hakim onu öydü:
-
Bax, bizim
qadınların... Bu işindən keçməd də... Əslində yaxşı haldı... Abır, həya, ismət
var... –Sonra isə hakim öz araşdırmasına, sözləri höccələməyə başladı...
Xüsusilə son sözü deməkdə çətinlik çəkirdi:
-
Yaxşı, sakit
olun, harada qaldıq... "S” da məlum... "İ” də məlum... Bu hərif "K”-dı, yoxsa
"k”-di? Bax, bu, mənə məlum deyil... Sonra da inkar şəkilçisi gəlir: "... Mirəm-muram...”
Hakim bir az ağır fikrə gedəndən sonra dilxor halda
səsləndi:
-
Tfu!.. Bu nə
sözdü, a kişi?!. Uşaq söyüşü?!. Qadına da belə sözlər deyərlərmi?!. Elə şeylər
var ki, onu icra edərlər, ancaq dilə gətirmək olmaz!..
Hakim bu sözləri deyə-deyə cavabdehi ayaq üstə qaldırıb, ona əsl mənada
toy tutdu:
-
Adını da kişi
qoymusan?!. Bu arvadın bax-baxçası sonradan sənə xoş gəlmədi?! Tər gül-çiçək
yığmaq eşqinə düşdün?! Bir vaxt ayılanda görəcəksən ki, qalmısan ortalıqda!..
Özünü, malını qorumağa da taqətin qalmayacaq... Cavan qıza bənd olmağın axırı
belədi də! Malını yeyəcək, axırda da sənə bir təpik!..
Məhkəmə qurtarsa da, toplaşan, yol gedən adamlar hələ
də mübahisələşirdilər:
-
Ə, bu işin
axırı necə oldu? Hakim nə demək istəyirdi? Vallah-billah bir şey başa düşə bilmədim.
Bir başqası dedi:
-
Bəs nə bilirsən.
Hakim elə belə-belə işlərin hakimidi də. Elə sözlər, fikirlər var ki, onu
açıq-açığına camaat içində demək olmaz. Üstüörtülü, pərdəli deyilməlidir. Heç nə,
kişi qadına deyib ki, mən səninlə yaşamaq istəmirəm. Ancaq o, bir az ayıb, sərt
şəkildə deyib də...
-
Külü qoyum belə
kişinin başına...
-
Qadında da az
yoxdu da. Hər şeyi açıb-ağardır.
-
Yazıq neyləsin,
yana-yana qalıb da.
-
Bunu vaxtında
başa düşüb, kişisinə sahib çıxaydı.
-
Kişi yaşlı olsa
da, elə qızmışın birisinə oxşayırdı.
-
Heç qadını görmədin.
Onun tırıqqasını gördün də... Geyim-keçimini... Biretini.... Qırmızıya
meyillidi...
-
Ayıb söz... Mən
də deyirəm nə demək istəyir... Elə həqiqətən də uşaq söyüşüdür... Xəcalət çəkmirlər
də...
Onlar arxaya boylananda ər-arvadın əl-qol hərəkətləri ilə bir-birilərinə
nəsə dediklərinin, söyləndiklərinin şahidi oldular. Hiss olunurdu ki, kişi
yolunu azsa da, hələ bütün körpülər yandırılmayıb... Ailənin birliyini,
bütövlüyünü qorumaq üçün az-çox imkanlar var... Onun bir sığalı üçün qadının ürəyi
necə də döyünürdü... Hər şeydən əvvəl uşaqlarının, nəvələrinin biabır olmaması,
başıaşağı gəzməmələri üçün... Qadının sadəlövlüyü, xoşagəlməz hərəkətləri olsa
da, bu təhkidi, əzmkarlığı alqışa layiq idi.