XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Şakir Xanhüseynli: - ŞEİRLƏR
Ədəbiyyat 08:18 / 06.05.2022
..
TORPAQ ŞEİRİ
Canındı,
qanındı,
şanındı torpaq,
tabaqda, təknədə çörəyindi, bax...
demirəm yaxında, uzaqda axtar;
nəyin itibdisə, torpaqda axtar...
Hər şey onun üstə, o, gözümüzün;
bir ovuca sığar min qaya, min dağ...
Həm özül, həm də ki, divar daşıdır,
evin tavanında torpaq, çilçıraq...
Həmişə qoruyaq ürəyimizi,
anamızın üzü- öpək torpağı...
Bütün dadsızlıqlar dadlanacaqdır;
duz təki yeməyə səpək torpağı...
Torpağı yoğurub, yapmaq min löyün,
çevirib qolunda güc eləmək, güc...
Bir dağı qaldırmaq olar da, düşün;
köksünü qabardıb say: bir, iki, üç...
Necə yayınasan ağrı-acıdan;
bir selin içində qıraqda durmaq?..
Yerüzü dənizi, suyuqarışıq
bir ovuc torpaqdır, bir ovuc torpaq!..
****
Ayağı iz salmır torpağa, kimsə
öz dizini basır öz sinəsinə...
adam yarpaq tökür gülü burnunda--
dolur birdən-birə yüz sənəsinə...
Söz tapırsan, tapmır yerini o da,
qələmini qıran hansı qələmdir...
arxadan yoluna daş yuvarlanır,
irəlidə quyu qazanın kimdir?..
KÜRƏK
Əlini çəkdimi kürəyinə,
"yaşa!” eşitdinmi
bir sevgidən sən...
Kürək... bir ümidə söykəndiyini
hiss etdinmi;
isindimi ocağın
o yaxınlığın-
doğmalığın istisindən?
Kürək... ağrının, acının
yerə vurdunmu arxasını,
qəlbin doldumu baharla,
xoş duyğularla...
Kürək... evinin divarına baxmaq gərək...
Ya ürəyinə dayaq oldumu bir Səs;
kürəyinə söykək,
addımına da
ayaq oldumu?!.
YOL BİRDİ, ÜNVAN BİRDİ
Bir can, iki can, üç can...
Milyon-milyon can birdi.
Min-min tərəf, min-min yön,
Tərəf birdi, yön birdi...
Kimdi kimə cövr edən,
Yaralarım qövr edər...
Damarlarda dövr edən
Ayrı-ayrı qan birdi...
Ömür qurğu-tordu ki,
Bir ümid doğruldu ki...
Harda insan birdi ki;
Hər yerdə insan, birdi...
Yol qurudu, yol höyüş,
Yol bir cəhddi, bir döyüş...
Yüz yana ha yol dəyiş,
Yol birdi, ünvan birdi...

5128 oxunub

InvestAZ