XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Bir qrup gənc yazara AYB-nin üzvlük vəsiqələri təqdim olundu
Ədəbiyyat 14:25 / 05.05.2022

Ötən gün Yazıçılar Birliyində (AYB) bu quruma yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrinin təqdim edilməsilə bağlı mərasim keçirilib Mərasimi giriş sözü ilə açan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid 25 nəfər istedadlı gəncin Birliyə üzv qəbul olunmasını sevindirici hadisə kimi dəyərləndirdi: "Bu gənclərin əksəriyyəti artıq altı aydan bəri fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin üzvüdür. Onların əksəriyyətinin yaradıcılığı ilə tanışam. İnanıram ki, təxminən 50 il sonrakı Azərbaycan ədəbiyyatının əsasını indiki gənclərin əsərləri təşkil edəcək və xalqımız onlarla qürur duyacaq. Yəqin ki, bugünkü tədbir xoş bir hadisə kimi bu yaradıcı gənclərin yaddaşında uzun müddət qalacaq".

Birliyin sədri, xalq yazıçısı Anar AYB-yə üzv qəbul edilməyin şərəfli bir hal olduğunu vurğulayaraq, gənclərə həmişə qızğın yaradıcılıq ehtirası ilə yaşamağı və yaratmağı arzuladı: "Ədəbiyyatda yazanlar və yazıçılar var. Yazanlardan fərqli olaraq, yazıçılar yazmadan yaşaya bilmirlər. Yazmaq yazıçıların həyat tərzidir. Mən Birliyə yeni üzv qəbul edilən gənclərə əsl yazıçı olmağı, hər zaman yazmaq ehtirası ilə yaşamağı arzulayıram". Çıxışından sonra Anar Birliyin sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrini təqdim etdi.

AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev quruma yeni üzv olan gənclərin bəxtinin müəyyən mənada gətirdiyini özünəməxsus yumorlu tərzdə qeyd etdi: "Birliyə belə təntənə ilə qəbul olunmaq və üzvlük vəsiqəsini almaq əlamətdar bir cəhətdir. Vallah, heç mən özüm üzvlüyə belə təmtəraqla qəbul edilməmişdim". Ç.Abdullayev dünyasını dəyişmiş görkəmli şairlərimizin həyatına dair maraqlı və məzəli bir məqamı da xatırlatdı: "Mərhum Bəxtiyar Vahabzadə, Qabil və Nəbi Xəzri hələ çox gənc ikən Yazıçılar İttifaqına üzv olmaqdan ötrü hər üçü birlikdə bu binaya gəliblərmiş. Dəhlizdə onlarla rastlaşan Səməd Vurğun gənclərdən kibrit istəyir. Qabil böyük şairlə görüşdən yaranan həyəcanın təsiriylə bir kibrit yandırır, sonra onu elə yana-yana qaytarıb kibrit qutusuna qoyur. O biri kibrit çöplərinə də od düşür və qutu alışıb partlayır. Səməd Vurğun deyir ki, ay Qabil, biz səni hələ üzvlüyə qəbul eləməmişik, sən buranı yandırmaq istəyirsən, bəs qəbul olunandan sonra neyləyərsən?" Ç.Abdullayev Yazıçılar Birliyinin müqəddəs bir məkan olduğunu önə çəkərək, gənclərə daima bu müqəddəsliyə ehtiramla yanaşmağı, yorulmadan yazıb-yaratmağı tövsiyə etdi.

Azərbaycan Yazıçılar birliyinə üzv olan gənc yazarlar sırasında həkim kimi yetərincə öz bacarığı ilə tanınan Pərvin Abbaslı da iştirak edib. O illərdir ki, həm də bədii yaradıcılıqla məşğul olur. Pərvin Abbaslının müxtəlif mətbu orqanlarda şeirləri və esseləri dərc olunub. Müəllifin illər öncə "Rəngarəng həyat” adlı kitabı da dərc olunub. Sonda Yazıçılar birliyinə qəbul olunmuş bütün gənc yazarlara uğurlar arzu edirik.



2732 oxunub

InvestAZ