XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022



Xaliq Rəhimli :- Yel xəstəliyi Hekayə
Ədəbiyyat 12:54 / 04.05.2022



Qızmar yay günlərindən biriydi .Hümmət kişini nəvəsiylə oğlu birləşib isti quma elə basdırmışdılar ki, baş tərəfinə bir "kubik” qoysaydılar baxan deyərdi bu zavallını burda niyə dəfn ediblər. Davud həkimin məsləhətiydi ,ərkiydi ,– get oğlunu nəvəni də götür bir başa dəniz kənarına get, isti quma basdır özünü. Oynaqlarının ağrısı kəsəcək ,yel bədənindən ildırım sürətiylə çıxacaq. Çalış qumun altında çox qal ,– həkim bunu da xatırlatmağı özünə borc bildi .Elə bu səbəbdən də Hümmət kişi oğlunun və nəvəsinin hesabına dəniz sahilində burdan o yana tir –tap uzanmışdı, qum vannası qəbul edirdi.Əlbəttə belə bürküdə isti qumun altında qalmaq hər oğulun işi deyildi .Amma özgə çarəsi də yoxuydu ,həkimin səsi Hümmət kişinin qulaqlarından getmirdı,-sonra gəlib demə ki ,ayaqlarım sözümə baxmır haaa...

İstü qumun altnda xeyli qalmaq hövsələsiz adam üçün elə də asan deyildi .Bu səbəbdən də Hümmət kişi qərara gəldi ki ,ya qağayıların səsinə qulaq assın ya da ötən ömründən nəsə yaxşı bir şey xatırlasın ki, həm başı qarışsın, qumun altında olduğunu unutsun həm də vaxt hiss olunmadan keçsin.Keçmişə üz tutdu, lakin nə qədər fikirləşdisə tərs kimi ötüb keçən ömründən xoş bir xatirə yadına düşmədi.Nə vaxtsa baş vermiş xəyanət qarışıq olaylar iki daşın arasında gəlib yaddaşına pərçimləndi.Hümmət kişi nə illah elədisə ona yaraşmayan, hətta kifayət qədər utanc gətirən bu xoşa gəlməz xatirəni yaddaşından qova bilmədi.Alnına soyuq tər gəldi.Qumun təriylə acı xatirənin təri bir- birinə qarışdı.İsti qumun altında Hümmət kişini bərk üşütmə tutdu, möhkəm titrətdi . Elə bil yer tərpəndi ,üstündəki qum qatı çat verdi .-Nəhlət şeytana belə getsə qumun mənə xeyri olmayacaq ,– ürəyində öz-özünə deyindi. Elə bu vaxt nəvəsi ona yaxınlaşdı. Belindəki qum çatlarını düzəldə düzəldə ,- baba yaxşısanmı,- deyə soruşdu. Yaxşıyam başına dönüm, yaxşıyam ... Amma yaxşı deyildi. Yaddaşını zəbt edən , alnına soyuq tər gətirən xatirələr Hümməti hövsələdən əməlli-başlı çıxarırdı .Elə bil acığa düşşdülər.İsti qumun altında müalicə alan ağsaqqalın kefinə soğan doğrayırdılar,məzələnirdilər.Hümmət kişı bu bədnam xatırələri xatırlamaq istəməsə də xatirələr ondan əl çəkmirdilər .Nə vaxtsa birdəfəlik tüpürmüşdü bu xatirələrə .Son illər heç yadına da düşmürdü. İndi nə sirri billahdısa isti qumun altında müalicə aldığı yerdə çağrılmamış qonaq kimi kişini girinc eləyirdilər. Get -gedə Hümmət kişinin bədəni isinmək əvəzinə soyumağa başladı.Heç vaxt bu qədər xəcalət çəkməmişdi, tər tökməmişdi,ölüb yerə girməmişdi. Bir anlığa Allahdan ölüm istədi.Fikirləşdi ki ,elə onsuz da dəfn olunmuş kimidi ,nə fərqi qum olsun ya torpaq. -Allahım məni buradanca cəhənnəmə ötür,-desə də öz sözlərindən diksinən kimi oldu. Bədəni titrədi,oynaqları şaqqıldadı,dizləri gizildədi, özünü Davud həkimin məsləhət bildiyi isti qumun altında yox , soyuq qəbirdə hiss elədı.Xoşa gəlməz xatirələrin təqibinə dözə bilmədi.Hövsələsi tamam daraldı .Cəhənnəm olsun bu qum da, bu xəstəlik də ,-deyib dalğaları ürküdəcək yoğun səslə var gücü ilə nəvəsi Rəşadı çağırdı...Ətrafdakılar bu səsin qumun altından deyil sanki qeybdən gəlirmiş kimi bir anlıq duruxdular.Yalnız nəvəsi Rəşada bu səs doğma gəldi və o cəld qaçaraq babasını soyumuş nəm qumun altından xilas elədi.Hümmət kişi elə bil cəhənnəmnən qurtuldu, dərindən nəfəs alldı .Əcaib-qəraib xatirələrin hələ uzun müddət onu "təqib " edəcəyini düşündü. Qumnan da ,dənizdən də zəhləsi getdı.Ayaqlarının ağrısı bir az da artdı. Davud həkimin üzünə necə baxacağını düşündü.

 

 


5616 oxunub

InvestAZ