Hikmət kiçik bir təmir-tikinti
idarəsinə rəhbərlik edirdi. Xidmətçi Qızyetəri elə daha çox zərurətdən yox, əsl
mənada boy-buxunu, yaraşığı xoşuna gəldiyi üçün işə götürmüşdü. Qadın yetimdar
anası idi. Əri Seyidağa hələ bir neçə il bundan əvvəl su kanalında batıb
dünyasını dəyişmişdi. Hələ də onlara aydın deyildi ki, bu necə olmuşdu. Kişi
az-çox diribaş adam idi, üzməyi bilirdi. Balaca, kiçik yaşlı oğlan İlham və
qızı Zəkiyyə ilə qalırdı.
İdarənin yardımçı təsərrüfatı
vardı. Elə həyətdəcə. Silib-süpürəndən sonra Qızyetər əlinə kətmən alıb alaq
otlarını vurar, əkilmiş yemiş, qarpız tağlarının dibini yumşaldardı. Onların
arasında bir turşənək tağı da vardı. Tumunun ora haradan düşdüyü, necə bitdiyi
sirr olsa da, indidən üstündəki şabalıdı rəngə çalan turşənəkləri lap göz
oxşayırdı. Sanki onları hansı bir rəssamsa həvəslə naxışlamışdı...
-
Salam...
-
Salam... Hər
vaxtınız xeyir, a müdir... – deyə, Qızyetər arxadan sakit halda ona yaxınlaşan
müdiri salamlasa da, incik halda dedi: - Yaxınlaşanda bir xəbərdarlıq etməzlər.
Bəlkə mən özümdə, sözümdə deyildim...
-
Düzdür... – deyə
Hikmət gülümsəsə də, hələ də Qızyetər aşağı əyilib, turşənəklərə baxanda,
gördüyü xoş mənzərənin təsiri altında idi. Qadının gözəl yançaqları, dolu
baldırları onu valeh etmişdi. Az qalmışdı ki, sakit, oğrun-oğrun arxadan beləcə
ona yaxınlaşıb, onu qucaqlasın, bağrına bassın...
Hikmət Qızqayıtın pərt halda susduğunu görüb dedi:
-
Ağəz, beləliyimə
baxma... Belə şeylərə bizim nəsildə həmişə önəm veriblər. Nə olubsa, istəklə,
arzu ilə olub. Kobudluğu sevən deyilik.
Onun bu sayıqlamalarına dözə bilməyən qadın dilləndi:
-
Deyəsən, bu gün
də nahar vaxtı dilinə dərman dəyib? Az xoruzlan... Sənin o qanadlarını elə
yolaram ki, ömrü boyu yerindən qalxa bilməzsən...
Hikmət qımışdı:
-
Daha bu qədər
yox da... Hər halda rəisəm...
-
Rəissən onda həddini,
söz-söhbətini bil.
Hikmətə elə gəldi ki,
qadına yaxınlaşmaq əvəzinə, onu beləcə yersiz söz-söhbəti ilə özündən daha da
uzaqlaşdırır. Pərt halda dedi:
-
O kətməni bura
ver... Bu turşənək tağını kəsib-doğrayacağam...
-
Nə üçün?!- deyə
qadın onun bu sözlərindən heyrətlənmiş halda gülümsədi, onu sakitləşdirməyə
çalışdı. Belə xoş təbəssümlə baxanda o, necə də gözəl görünürdü, ilahi... İnsan
inanmırdı ki, o canlı varlıqdı... Elə bilirdin ki, haradansa gəlmiş qeyri-adi
bir pəri, mələkdir...
Hikməti də bu qədər qınamağın adı yox idi. O da kişi idi də. Qadın
çox bəzənib-düzənib işə gəlmişdi. Ancaq bütün bunlar da ona elə bir ciddi əsas
vermirdi ki, yolunu azaydı, qadına qarşı xoşagəlməz hərəkətlər edəydi.
O, özünü unutmuş halda pıçıldadı:
-
Yaxşı, nə deyirəm
ki... Sənin bu turşənək tağına toxunmuram, qalsın... Görürəm ki, onları çox
sevirsən... Əsl mənada onların xəstəsisən. Bütün qadınların beləcə kaprizləri
olur da... Sən də onlardan birisən... Bəlkə də elə birincisi, incəsi, zərifi...
Yanaqların nə qızarıb belə, pörtmüsən?..
-
Hə... Həyəcandandı...
-
Ağəz,
vallah-billah səni mən belə bilməzdim.
-
Nolub ki?
-
Lap can alansan
ey... Sulu, yetişmiş şaftalı kimi...
Qadın onun bu yersiz sözlərinə
dözsə də, sonrakı sözləri onu lap haldan çıxardı, qeyzləndirdi... İstər-istəməz
onu şapalaqladı, yumruqladı:
-
Bu nə sözlərdi,
əclaf, vicdansız. Get arvadının turşənəyini əz... Mən sənə başqaları deyiləm...
Bu dəqiqə qalstukunu kəndir edib, səni boğazından asaram...
-
Yaxşı-yaxşı...
– deyə Hikmət incik, pərt halda ondan uzaqlaşa-uzaqlaşa donquldandı:
-
Bərk saxla...
Soyuq olar... Görək kim ziyan çəkəcək... Ağılsız adamdı da...
Qadın isə hələ də sakitləşməmiş, öz-özünə onun qarasına
deyib-danışmaqda idi:
-
Allah
imkansızlığın üzünü qara etsin!.. Mənə deyən lazımdı ki, sənin yanında nə işim
vardı!.. Başqalarına xoş gedir də!.. Bir söz deyən, əl vuran kimi yumşalar,
sıyılarlar!.. Bizim nəsil belələrindən deyil. Bu qeyrətsiz bütün bunları bilmir
beyəm?!.
Ancaq qadın heç vaxt gözləmirdi ki, bu hərəkətinə
görə rəis yalançı şahidlərin iştirakı ilə nə isə yazıb-pozub, onu işdən kənarlaşdıracaq.
Səhər işə gələndə bunu ona desələr də, inanmadı. Hətta əlacsız qalıb əmrin surətini
ona göstərdilər. Qadın dilxor, deyinə-deyinə yardımçı təsərrüfat tərəfə keçdi.
Heç olmasa son dəfə o əzizləyə-əzizləyə əkib-becərdikləri turşənəklərə baxmaq
istədi. İlahi, bu nə idi? Gördüklərinə inanmadı. Heyrət içində yerində donub
qaldı... Yaraşıqlı turşənəklər elə tağındaca ayaqlanıb əzilmiş, hətta tağı belə
kökündən çıxarılmışdı. Qızmar günəşin təsirindən indi onun yarpaqları necə də
soluxcamış, başqalarından seçilirdi...
-
Yaxşı, əclaf...
Deməli, belə oldu... İndi mən xidmətçi yox, sənə qarşı duran yaralı pələng, şir
olacağam. Özünü gözlə...
O, beləcə gözləri yaşarmış halda, onu sarsıdan ağır bir kövrəklik, qəhər
içində əzilmiş turşənəklərdən bir necəsini dərib əlindəki qəzetin arasına
yığdı. Oradan da düzbir üz tutdu məhkəməyə tərəf... O qədər həyəcanlı idi ki, nə
dediyini, düşündüyünü də bilmirdi...
-
Cənab hakim...
-
...
-
Bir baxın da...
Mənim min zillətlə əkib-becərdiyim turşənəklərimi necə ayaqlayıb,
insafsızcasına əzib bu günə qoyublar.
Hakim çal saçlı başını yuxarı qaldıraraq,iri eynəyinə əl gəzdirə-gəzdirə
gülümsədi:
-
Turşənək... Qəribədi...
Sən yemiş, qarpız yox... Məhz turşənək əkib-becərirsən?
-
Elə özü... Özü
bitmişdi də... Bizim idarənin həyətində... Bostanında...
Qadın indi də çox həyəcanlı idi. Yanaqlar allanmış, lap lalə rəngində
, xoşagəlimli, cazibədar görünürdü. Hakim bir anın içində ona, söz-söhbətinə
valeh olmuş kimi soruşdu:
-
Səbrli ol...
Bir əyləş... Onun birini ver, mən baxım...
-
Alın... Baxın
da...
Qadın əzrilmiş turşənəklərdən
birini ona versə də, qalanlarını da qəzeti açmış halda stolun üstə qoyaraq,
stul çəkib əyləşdi. Hakim gülümsədi:
-
Elə doğrudan
da, qəşəng görünürlər... Bu insafsız bunları niyə belə əzib ey... Sənin turşənəklərini...
Qadın pərt halda pıçıldadı:
-
Əslində o heç mənim
də deyil... İdarənin, onun həyətindəki torpaq sahəsində bitmişdi də... - Sonra
başladı hər şeyi olduğu kimi danışmağa.
Hakim həyəcanlanmış, istilənmiş
qadına baxdıqca haldan–hala düşə-düşə mızıldandı:
-
Hə... Turşənək...
Adamın lap ağzı sulanır...
-
İstəyirsiz...
Yeyin də...
-
Yox ey... Mən
başqa mənada demək istəyirəm... Hər halda o da canlı varlıqdı da... Qan
qaynayıb da... Onu da başa düşmək lazımdı. Daha belə şapalaqlamaq,
yumruqlamaq?..
-
Canı çıxsın
danışdığını bilsin.
Qadın şikayətindən dönməz
idi. Hakim əlacsız qalıb Hikməti çağırtdırası oldu. Onu görən kimi səsləndi:
-
A yetim, bu nə
oyundu çıxarmısan?! Bilmirsən ki, qadın tayfası ilə sərt rəftar etmək olmaz?!.
-
Cənab hakim, mən
yox.. O, məni vurub, təhqir edib...
-
Sakit! – Hakim
onun həddini aşdığını görüb kükrədi: - Yaxşı deyirlər ki, qızmış nərin Allahı
olmaz. Nə qızmısan belə, qadınla, xanımla da belə rəftar olar?!
-
Xanım... Bəxtəvər
xanım olanların başına... – deyə Qızyetər kövrək bir səslə mızıldandı: - Beşdən-üçdən
alıb, balalarımı saxlayırdım da... Onu da bu kəsdi... Məni işdən çıxarıb...
-
Qələt edir... Hər
şeyi aktlaşdırmışıq da...
Hakim soruşdu:
-
Hadisə vaxtı bu
adamlar harada idi?
-
Yox!.. – deyə
Qızyetər qıyya çəkdi.
-
Sakit! – deyə
hakim ona açıqlandı: - Belə səbrsizsən ki, işləri korlamısan da...
İdarə müdiri istilənmiş halda susanda, hakim sənədlərə baxa-baxa
sözünü dedi:
-
Əmrə, yazılışa
bax da... Ə, sənin heç savadın yoxmuş ki... Bu qədər də orfoqrafik səhvə yol
vermək olar?
-
Baş mühasib...
-
Baş mühasiblik
burada nə var?
-
Kadrlar şöbəsinin
müdirinə kömək edib də...
Hakim onun bu sözlərindən incik halda dilləndi:
-
Heç kim öz işi
ilə məşğul olmur da...
-
Təcrübəsizdi.
-
Öyrədərəm də...
-
İnşallah, öyrənər...
Cavandı da...
Hakim yenə də əvvəlki mətləb üstə gəldi:
-
Sən bilmirsən bəyəm...
Qadın çox zərif məxluqdu... Onlara qarşı kobudluq etmək olmaz. Onların qəlbləri
şüşə kimi bir şeydi də... Qırıldı, səni bir daha çətin bağışlayar...
-
Bilirəm...
-
Bilmirsən...
Bilsəydin, onun o cürə turşənəklərini beləcə vurub əzməzdin...
Qadın hakimin bu sözlərindən
pərt, incik halda yenə yerindən dilləndi:
-
Mənim yox... Elə
idarənin, özünün....
-
Bəs bayaq
deyirdin ki, onlar sənindi...
Qadın hakimin bu kimi yersiz sözlərindən, ifadələrindən cana doymuş
halda yerindən qalxdı, dilləndi:
-
Yaxşı, mən
gedirəm... Ancaq heç gözləməzdim ki, mənim şikayətimə beləcə çox laqeyd, bədrəftar
olasınız...
Hakim ayılan kimi olub, bunun nə qədər xoşagəlməzliklər törədəcəyi nəticəsinə
gəldiyi üçün, qəlbində "ah, dişi canavar... İmkan olsaydı, sənin o yaraşıqlı,
ağız sulandıran turşənəklərini elə özüm əzərdim...” Sözləri ilə onu sakitləşdirməyə
çalışdı:
-
Yaxşı, əyləş...
Ailəlisən?
-
Dedim də... İki
uşağım var.
-
O da bir qız,
bir oğlan?
-
Bəli...
-
Həyat
yoldaşınız?..
-
Dünyasını dəyişib...
-
Bu yaxınlarda?
-
Bir necə il
olar.
-
Çox təəssüf...
Belə de də... Əsəbililiyin indi mənə aydın oldu... Əslinə qalanda idarə müdiri
də düzgün etməyib. Sizin kimi qadınlara qayğı ilə yanaşılmalıdı. Yoxsa belə
xoşagəlməz söz-söhbət, turşənəklərini əzmək?!..
İdarə müdiri hakimin beləcə qadın tərəfə keçib, onu müdafiə etdiyini
görüb, ciddi məsuliyyət hiss elədi, kal bir səslə dedi:
-
Mən nə deyirəm
ki... Qanunsuz əmr vermişəm, ləğv edərik... Qayıdıb öz işində işləsin də...
Hakim o an hücuma keçdi:
-
Sən nə
danışırsan... Artıq çox gecdi... Şikayətçidi... Qanun-qaydanın tələbləri də
pozulub. Həmkarların qərarı, razılığı olmadan bu addımı atmısan. Cavab verməli
olacaqsan.
Rəis az qaldı ki, ona uşaq kimi yalvarsın:
-
Başına dönüm,
belə eləmə də... Bu yoxlamadan, cinayət işindən çox qorxan, ehtiyatlananam...
Qızyetər məni... elə sizi də.. Bağışlayın... Deyin ona gözləsin... İkilikdə
söhbət edək də...
Hakim ona bozardı:
-
Ə, südə oğlu!..
Bu nə sözlərdi danışırsan, çərənləyirsən... Bura məhhəmədi ey, kolxoz bazarı
deyil. Elə rəisdən çox, bazar adamına oxşayırsan. Yoxsa belə hərəkətlər etməzdin...
Qadın anadı...
-
Bəli...
-
Cənnət də
onların ayaqları altındadır...
-
Hamısının
yox...
Hakim ona sərtləndi:
-
Yaxşı-yaxşı...
Özünü yığışdır... Filosofluq eləmə... Səndə təqsir yoxdur... Təqsir səni ora
idarə müdiri qoyandadı. Bilmirsən qadına, xanıma nə lazımdı?!.
Hakimin bu sözlərinə Hikmət qımışıb güləndə, o sərt halda dilləndi:
-
Əclaf, hələ bir
hırıldayırsan da... Hələ səni az vurub... Şapalaqlamaq, yumruqlamaq nədi... Bu
sözlərinə, hərəkətlərinə görə səni gərək əzişdirəydi...
-
Elə əzişdirib də...
-
Bu da adını
kişi qoyub də... Onun yox, elə sənin turşənəklərini əzmək lazım idi!..
Rəis doluxsunmuş halda dilləndi:
-
Cənab hakim...
-
Sus!..
-
Axı dedim...
Bir işdi olub da... Bağışlasın... Üzr istəyirəm...
-
Yox, bir istəmə...
Hələ qorx ki, cinayət işi başlamayaq... Xüsusi, qərardad çıxarıb, bu məsələnin
araşdırılması, istintaq aparılması üçün prokurorluğa göndərsəm, ananı
ağladacaqlar...
-
Düzdü, cənab
hakim... Cibimizdə pul...
-
Kəs!..
-
Qapıda mal-qara
da qalmayacaq...
-
Lap maşınımı da
satacaqsan... İndi bilirsənmi bu kimi hərəkətlərə görə nə qədər cərimə var?!.
-
Bəli, bilirəm...
Dola da məni balalarının başına...
-
Hər şeydən əvvəl
səni o bağışlamalıdı... Sonra da ki, belə hərəkətlərini bağışlamağı qanun da
yol vermir. Necə, yəni bağışlasın?! Sən qeyri-qanuni işçini işdən azad elə...
Ona maddi-mənəvi ziyan vur... Sonra da kövrəl, de ki, bağışlasınlar...
Hikmət cibindəki bir dəstə pulu çıxaranda hakim ona
sərtləndi:
-
Yığışdır
onları... Bizə pul göstərənə bax!...
-
Sizə yox ey...
Zərərçəkən üçün verirdim.
-
Saxla... Bu
sonranın işidi...
Hikmət lap oyuna düşmüşdü.
Bilmədi ki, hakim bu sözləri nə mənada dedi. Fikirli halda dilləndi:
-
Məndə ağıl
var... Bu turşənəklər də başıma bəla oldu da...
Hakim bir daha əlindəki sənədlərə baxa-baxa
deyindi:
-
Bu əmri əsaslandırmaq
üçün sənin sənədlərin yetərincə deyil. Kobud qanun pozuntusuna yol
vermisiniz...
-
İndi cinayət
işi qaldıracaqsınız?
-
Lazım gəlsə, hə...
Bəli...
-
Yox da... Cənab
hakim, biz də uşaq deyilik ki... Yola verin... Borclu qalmarıq...
Hakim yenə qeyzləndi:
-
Ə, öl də...
Bunu əvvəlcədən fikirləşərdin də... Səni ora idarə rəisi qoyublar ki, bildiyini
edəsən?!. Zərif məxluqa qarşı belə ədalətsizlik, haqsızlıq edəsən?!.
-
Bağışlasın
da... Onun qulluğunda necə lazımdı, hazıram... Lap qarşısında diz çöküm...
Yalvarım...
Hakim onun bu sözlərinə özünü saxlaya bilməyib
qımışdı:
-
Yaxşı da...
Daha ağ eləmə... Mənim qarşımda yox... Onun qarşısında diz çök, üzr istə... Peyğəmbərimiz
nahaq yerə deməyib ki, kişi üç halda diz çökər...
-
Qadın
qarşısında...
-
Bir də...
-
Gül dərəndə,
qoxlayanda...
-
Sonra...
-
Bir də namaz
qılanda...
Hakim onu öydü:
-
Hiss olunur ki,
az-çox dərrakəlisən, ağlın var... Ancaq o an sənə nolubmuş belə... Ağlını belə
itiribsənmiş...
Rəis ağzını marçıldada-marçıldada dedi:
-
Cənab hakim,
vallah, necə deyim ey... Elə bu qadınların adı çıxıb... Zərif, zərif... Biz
kişilər özümüz... Yırtıcı olmaqla yanaşı, həm də çox təhlükəli, qorxuluyuq...
Biz qırılsaq. Görən bunlar nə edərlər?..
Hakim cavabdehin acıqlı, sərt baxışını, qırımını
görüb ona acıqlandı:
-
Ə, kiri!.. Sən
bədbaxt yolunu azmışsanmış da... Utanmaz-utanmaz xalxın toxunmaz əmlakına,
malına göz dikmişsənmiş... Nolsun ki, turşənəkdi... Onu elə-belə, icazəsiz əzmək
olardımı?!.
Rəsi daha bu kimi sözlərdən özünü saxlaya bilmədi. Hakimdən incimiş
kimi göründü. Səsləndi:
-
O, bilmir,
bilmir... Yaxşı, siz deyin... İdarənin həyətində torpaqda yetişmiş turşənək tək
onun necə ola bilər?!.
-
Ola bilər...
-
Axı necə ey?!.
-
Dedim ki, ola
bilər də!..
-
Bir izah
edin... Biz də bilək də... Bəlkə o idarədəki rəssam işini deyirsiniz?!.
Hakim özünü saxlaya bilməyib, lap ağ elədi. Dedi:
-
Ə, niyə başa
düşmürsən! Bir var ümumi, bir də var şəxsi, fərdi əmlak... Mən o turşənəyi
demirəm ey... Canlı, "siveji” olanı xatırladıram...
Qadın cana doymuş, incik
halda otaqdan çıxıb geəndə hələ də öz-özünə cınqımaqda, deyib-danışmaqda idi:
-
Bu da bizim
ağıllımız... Qal yatırmaq əvəzinə, qal qaldırır.. Bayqdan qalıb "turşənək, turşənək,
əzilmiş turşənək” deyə-deyə... Guya başa düşmürük ki, o, nə demək istəyir?..
Belə turşənək könlünə düşür, get həyat yoldaşının, arvadının yanına da... Qoy sənin
üçün əkib-becərsin, ortalığa qoysun... Dəvədən böyük fil də var. Mən şikayətçi
olaram, Appelyasiya məhkəməsi baxar...
Qadının narazı halda çıxıb getməsi hakimi açmamışdı, idarə müdirinin
üstünə düşdü:
-
Adını kişi
qoymusan da! Get elə bu dəqiqə onu sakitləşdir...
-
Necə? Məni
eşdiri ki?..
-
Bayaqkı pulları
ortalığa qoy. Mən icra məmuruna deyərəm, onu razı salar.
-
İnanan daşa
dönsün, o, pula baxır ki...
-
Turşənəyini əzmisən
də...
Hakimin baməzəliklə dediyi bu sözlərə idarə rəisi başqa bir rəng
verib dilləndi:
-
Vicdanım haqqı
yox... O, əsl dişi canavardı... Ona yaxın durmaq olar?.. Xidmətçi olasan, belə
inadkar olasan, inanılası deyil...
-
Danışdı da...
Onda vəzifəsini böyüt... Elə günü bu gündən...
-
Elə bir təhsili
yoxdu axı...
-
Karkuğaz işinə
nə təhsil?.. Mühasib köməkçisi də keçirə bilməzsən?..
-
Görüm də...
-
Axırı elə et
ki, şikayətçi olmasın. Şikayətçi olsa, pulların da kömək etməyəcək. Vəzifənlə
vidalaşacaqsan.
Hikmət hakimdən ayrılsa da, yol boyu düşünürdü: "İlahi, bu niyə belədi?
Qadın var pulsuz da hər şeyə razılaşır... Yoxsa, bunun kimi... Əsl dişi
canavardı da... Erkəyinə sadiq... Heç vaxt başqasına göz dikməyən... Onun mərhum
ərinə də adam qibtə edir... Qibtə edir ki, az müddət olsa da, belə bir xanımla
xoşbəxt olub, bir yastığa baş qoyub...”
Hakim isə daha çox fikirli idi: "Zalımın qızı hirslənəndə necə də gözəl,
göz oxşayan görünür. Çilvələnirdi... Görən razı olarmı? Bəlkə onu bura, bir işə
gətirim...”
Bəli, qadın üçün əsl gözəllik sürətdə deyil, ağıl və kamaldadı. Bunda
isə az-çox bunların hər üçünün əlamətləri var idi. Qadın qüruru... Onu heç nə əvəz
edə bilməz. İnsanı başqalarından fərqləndirən, ayıran çox şey olsa da, ailə,
namus məsələsində öz yerini bilmək bəşər övladını ucaldır, əlçatmaz edir...
Qızyetər də bir qədər sadəlövh xasiyyətli qadın olsa da, onlardan biri kimi
artıq o da bu hərəkətlərinə görə də hörmətə layiq idi. Başqalarından
sayılıb-seçilirdi...