XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Çəkir - Ayaz Arabaçı
Ədəbiyyat 20:14 / 19.04.2022
Hər kəsi göylərə sevgi qaldırır,
Hər kəsi torpağa məhəbbət çəkir.
Bu dünya məhbəsdi yaranışndan,
Bilinmir cəzası nə müddət çəkir..
Günəş də isitmir içi buz ömrü,
Quzutək yalayır qədər duz ömrü,
Sürüb gedəncən bir ucuz ömrü,
Tale qabağına neçə şərt çəkir.
Qovub tutacaqlar dərədə-düzdə,
Vurub salacaqlar əllidə-yüzdə,
Baxma ki, özünü tox tutur üzdə,
Hamı fikir çəkir, hamı dərd çəkir.
İçini döndərmə nahaqdan neyə,
Neynəsən belədi, "əlif"-dən "be"-yə,
Ortada insanlıq qalmasın deyə,
Hamı divar hörür,hamı sədd çəkir.
Sən də yum gözünü, at başını di,
Hələlik yuxuynan qat başını di..
Əzrayıl allahın ət maşınıdı,
Gecə də gündüz də qoşub ət çəkir.
Qaldı tülkülərə bəbir yerləri,
Tükəndi canımdan səbir yerləri,
Elə bahadı ki, qəbir yerləri,
Adam ölməyə də xəcalət çəkir..

4503 oxunub

InvestAZ