XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Susmaq haqqı: - Əlisəfa AZAYEV Hekayə
Ədəbiyyat 10:55 / 16.04.2022


 

Fərəh gözəl-göyçək, qəşəng, dolu bir gəlin idi. Heyif ki, son günlər bəxti, taleyi çox uğursuz olmuş, istəkli ömür-gün yoldaşı Aydəmiri itirmişdi. İsti, bürkülü bu yay gecəsində də xeyli müddət onu düşünə-düşünə hədsiz göz yaşları içində yuxuya getmişdi. Yatanda da pəncərənin bağlanıb-bağlanmamasına laqeyd oldu: "Ey... Ondan sonra mən kimə lazımam ki... Hər şey cəhənnəm olsun... Heç olmazsa içəri sərin hava dolur... Bir də ki, bu plasmas pəncərələr... Bir balaca külək əsən kimi açılır...”

Gəlin gecənin bir aləmində lap diksinən kimi oldu. Evdəki həmin otaqda tək idi, uşaqlar nənələri ilə qonşu otaqda yatmışdılar. Quş uçuşuna bənzər ikinci dəfə həmin səs, pırıltı eşidiləndə istər-istəməz dilləndi, qayınanası Vəsiləni səslədi:

-          Bu nədi?!. Ay arvad, sənsən?! Pəncərədən baxan kimdi?!.

Onun səsi eşidilməyəndə hədsiz qorxu, səksəkə içində yerindən qalxıb işığı yandıranda yanına düşən pul bəndurumlarını görüb heyrətləndi. İki dənə "Şirvan” paçkası idi.

-          Ay Allah, bu nədir?..

-          ...

-          Bunu kim tullayıb?..

Bu an işığın yandığını, onun öz-özünə danışdığını görən, eşidən qaynanası da onun yanına gəlmişdi:

-          Yenə nə olub, a gəlin?

-        Görmürsən?.. Bir bax da... Bu pulları bəlkə sən qoymusan bura?!. Qara kölgə gördüm, pəncərədən baxırdı...

-        Yo...ox... – Yaşlı qadın hədsiz heyrət içində həmin "Şirvan” bəndirumlarına baxa-baxa heyrətlə dilləndi... – Bizi tək, kiməsəsiz görüblər də...

-        Onda elə bu onların işidi... Səhər məhkəmədi axı... Tullayıblar ki, susaq, daha orada artıq-əskik bir söz danışmayaq... Sizin canınız üçün elə...

Qadın qorxmuş halda gəlinin qarasına gileyləndi:

-          Sənə min dəfə demişəm ki, yatanda bu pəncərələri bağla da.

-          Bağlamışdım... Yenə özü açılıb da.

-          Bu necə olur ey...

-          Heyif deyildi əvvəlki taxta pəncərələr.

-          Bunu ki, yaxşı deyirlər.

-        Yox... Haradan yaxşı deyirlər... Biri deyir xəstəlik var, bir başqası deyir havanı yaxşı buraxmır... Nəmişlik verir...

Onlar beləcə gileyli halda yerlərinə çəkilib yatsalar da, gəlinin yaddaşı yenidən təzələndi, ötən qalmaqallı günləri xatırladı, yada saldı... Əlbəttə, açıq pəncərələri bağlayıb, yatağında sakit uzanmış halda. Hətta üstünü də örtmüş, yad nəzərlərdən qorxub, çəkinən kimi olmuşdu...

Aydəmir onun ilk və son məhəbbəti, sevgisi idi. Taleyin üzü necə də dönük olarmış. Sonuncu dəfə evə gələndə lap dilxor, əsəbi, dili tutulan kimi idi. Nə danışdığını da başa düşə bilmirdi. Bir nəfər də bir bəndurum "Şirvan” paçkasını gətirib ona vermək istədi. Əri sərt hərəkətlərlə onu rədd elədi. Qartal burunlu, həmin tüklü qaşlı, çaydaq adamı lap yaxşı xatırlayırdı. Deyəsən, onlarla bir yerdə işləyir, çalışırdı. Əynində mühafizə dəstəsinin forması vardı. Hətta onda yoldaşı ona dedi: "Rədd elə bunu... Sizin sədəqənizə qalmamışam...”. Sonra da birdən onun başı gicəlləndi. Pilləkənin sürahisindən yapışa bilmədi, üzü aşağı yuvarlandı...

Hələ də ona köməyə çata, onu tuta bilmıməsinə xəcalət çəkir. Sanki kimsə ona toxundu, onu bir daş kimi götürüb yerə çırpdı. Halbuki hər şey gözləri önündə olmuşdu. Onda biixtiyar necə çığırdı, necə ağladı... Bütün qonşular başına yığılmışdı... Səslənirdi:

-          Aydəmir!.. Sənə qurban olum, qalx!.. Qalx!.. Sənə noldu belə?!.

-          ...

-        Bir dillənsənə?! Belə insafsız olma!.. Bu uşaqları kimin üstünə atıb gedirsən?!.

-        ...

-        Sənsiz mən yaşaya bilmərəm! Özümü öldürəcəyəm!.. Yaşamağa haqqım yoxdur!..

Topağın üzü qaradır. Aydəmiri onun əlindən alsalar da, o, yaşadı... İki gül üzlü balasının- Gülərin, Bəhruzun başını sığallaya-sığallaya, onları hədsiz öpüb, oxşaya-oxşaya... Qaynanası Vəsuilə ilə dərdləşə-dərdləşə...

Hər dəfə qəbir üstə gedəndə müxtəlif fikirlərə düşürdü. Axı onu kim belə sarsıtdı, axı ona nə olmuşdu? Aparılan istintaq da bir tərəfə çıxmırdı. Daha doğrusu, bu işə əvvəl çox laqeyd idilər. Bədbəxt hadisə kimi yozdılar. Sonra o, şikayətçi oldu. Birinci xanıma məktubla müraciət etdi. Həmin gün ərinin qanıqara, kefsiz, əsəbi işdən gəlməsini göstərdi, sonra da ona təklif olunan bir paçka "Şirvan” pulu...

Səhər yuxudan duran kimi, yenə də həmin pul məsələsini müzakirə etməkdə idilər. Qaynanası dilləndi:

-          Səni... Bizi susdurmaq üçün atıblar da...

-          Başlarına dəysin o "Şirvan”lar... Ay susdum ha...

-          Elə mən də, məhkəmədə sözümü deyəcəyəm.

-          Bəs uşaqları hara qoyacağıq?

-         Elə uşaqları da aparacağam. Qoy hakim görsün... Görsün ki, onun gül üzlü balaları yetim qalıb...

Gəlin daha bir söz deməyib susdu, ağlamsınan kimi oldu, kövrəldi:

-        Hələ dəhəyətdə qansızlar, dünya malına göz dikənlər... Bəlkə də elə deyilənlər düzdü...

-        Nə?!.

-        O texnika mağazasının yarılması da.

-        Hə... Onu onlar mühafizə edirdilər də...

-        Deyirlər ki, bunu elə onların rəisi təşkil elətdirib. Malları da təcili yardım maşını ilə aparıblar. Guya həmin gecə mühafizəçilərdən birinin halı xarab olub, ora təcili yardım maşını çağırıblar... Sonradan aydın olub ki, onlar sürücünü ələ alıblarmış...

-        Bəs deyirlər ki, satıcını...

-        Yox, bu sonranın işidi. Biz şikayət edəndən sonra əl-ayağa düşdülər. Satıcı Elşənə adam tapıb, pulla ələ aldılar. Oğlan hələ də əmindi ki, onu qurtaracaq, sonra da mühafizədə işə götürəcəklər.

-        Görən necə izə düşüblər?

-        Deyilənə görə, maşının təkərinin izi ilə... Təsdiq olunub ki, təcili yardım maşınıdı...

-        Ola bilər... O maşınlardan rayonda azdı axı...

Onlar məhkəmənin həyətina çatana kimi çox yerdə ləngidilər. Elə yol boyu onun-bunun sorğu-suallarına cavab verməkdə idilər:

-          Hara gedirsiniz belə?

-          Məhkəməyə...

-        Aydəmirin işinə baxılacaq... Allah rəhmət eləsin... Bir ipucu var?

-        Görək də...

-        Mərdiməzarı axtarmaqla deyil ki. Onun ölümünə kim inanar. Vallah, elə deyilənlər düz olacaq... Allah səbrinizi versin...

-        Amin... Çox sağ olun...

Polis maşını gələndə xeyli tanımadıqları adamlar gördülər. Təqsirləndirilən şəxsi də gətirmişdilər. Tosqun vəkili ona ürək-dirək verməkdə idi:

-        Necə lazımdı çalışacaq, sözümüzü deyəcəyik. Sən də bildiklərini de... Heç nədən çəkinib eləmə... O, bir başqa yerdə yox, öz evində, həyətində yıxılıb. Dünyasını dəyişib də...

Fərəh kükrədi:

-        Ədey!.. Mişoppa!.. Danışığını bil!.. Sözlərindən belə çıxır ki, onu biz öldürmüşük?!.İşdən gələndə nə gündə idi... Onu bir Allah bilir...

Vəkil aranı tünlük görüb, vaysındı, sözünü geri götürəsi oldu:

-        Mən nə dedim ey... İndi hadisədi, olub da. Biz də istəyirik ki, hər şey aydınlaşsın... Həqiqət ortalığa çıxsın. Məhkəmənin işi də budu da.

Səslər eşidildi:

-          Ədalət mühakiməsi...

-          Həqiqətin bünövrə daşı...

-          Son qərar... Hökm...

Hələ buna qədər vardı. Bir azdan məhkəmə zalına daxil oldular. Katib onları sakitliyə, intizama dəvət edir, səslənirdi:

-        Belə olmaz da... Bir gözləyin də. Kimdə telefon varsa, xahiş edirəm söndürsün.

Pıçıltılar eşidildi:

-          Bəlkə bunları ona verək.

-          Nəyi? Telefonu?..

-          Elə cibimizdəkiləri...

-          Pulu da...

Onun "Qalxın, məhkəmə gəlir!” sözlərindən sonra hakim uzun mantıyasında, qoltuğunda iri bir cinayət işi içəri girdi:

-          Yaxşı, əyləşin...

-          ...

-          Sakit...

-          ...

-          Belə olmaz axı...

-          ...

-          Sakitliyə riayət etmək hər birimizin borcudu...

Hiss olunurdu ki, hakimin kefi yoxdu. Cinayət işinə nəzər sala-sala hərdən əlindəki taxta çəkicini zərblə altlığına çırpmaqda idi:

-          Baxılır... Müvafiq maddələrlə təqsirəndirilən...

Bu an zalda əyləşənlərdən kimsə pıçıldadı:

-          Bunu düz demədi... Maddələri dəqiq deməli, bildirməli idi.

-          Hakimdən çox bilirsən?

-          Yox ey...

-          Hakimin səhvini tutana bax.

Hakim bir daha cinayət işini vərəqləyə-vərəqləyə eynəyinə əl gəzdirdi. Şoğərib o da elə bil ki, yerində dayanmır, hakimi əsəbləşdirirdi:

-          Şahidlər hamısı gəliblər?

-          Gəliblər, cənab hakim.

-          Onları gözləməm otağına aparın.

-          Baş üstə.

İttihamı bir daha elan edəndən sonra təqsirləndirilən şəxsdən soruşdu:

-          Özünü təqsirli hesab edirsənmi?

-          ...

-          Ə, səninləyəm?..

Vəkil tez əl-ayağa düşdü, ona tərəf baxan oğlana him-cimlə başa saldı ki, dediklərinə əməl etsin. Odur ki, dilləndi:

-          Belə də... Bir az... Qismən...

-          Necə yəni qismən?..

-          Hüququmdu da...

-          Bərəkəllah...

-        Ola bilsin ki, o axşam işə gedəndə səhlənkarlıq etmişəm, qapını yaxşı bağlamamısan... Texniki alətləri aparıblar... Sonradan yoxlama vaxtı bu çatışmamazlıqlar ortalığa çıxıb.

Hakim cinayət işinin vərəqlərinə nəzər sala-sala soruşdu:

-          Oradan çox şey yoxa çıxıb?

-          Belə də... Tərtib olunmu akt ki, işdədi...

Onun bu sözləri hakimə acıq gedən kimi oldu. Dilləndi:

-          Bilmirəm... Buradadı... Oxuyuram... Kor deyiləm...

Vəkil yenə də müdafiə etdiyi adama işarə ilə başa saldı ki, danışanda, münasibətdə mədəni olsun.

Nə vaxtdan bəri təcridxanada yatan oğlan isə uzanmış saqqalını sığallaya-sığallaya ona tərəf baxıb gülümsədi, başını buladı. Sanki bu hərəkəti ilə onlara demək istəyirdi ki, məni işə salasınız da: "Bəyəm mağaza yarılıb... Hamısı oxranın öz oyunlarıdı da...”

Onun bu gülümsəməsi isə Fərəhi cin atına mindirdi. Harada olduğunu unutmuş halda kükrədi:

-        Sən Allah bunun bir hərəkətinə, gülməsinə baxın da! Əclaf köpəkoğlu, kimə, nəyə gülürsən?! Öz ölünə gül!..

Hakim dərhal onu sakitləşdirməyə çalışdı, oğlana acıqlandı:

-          Düz deyir də, özünü bir insan kimi apar!.. Nə qımışırsan?!.

-          Elə dünyanın bu işlərinə...

-        Ə, kiri!.. Ağzına gələni danışma. Dünya lap yaxşı dünyadı... dünyanı da sənin kimilər korlayır da...

Fərəh yenə də danışmaq istəyəndə, hakim dedi:

-        Xanım, bir az səbrli olun... Qoy bu haramzadəni dindirək, sənə də söz verəcəyik.

Təqsirləndirilən şəxs o an dilləndi:

-        Cənab hakim, xahiş edirəm təhqirə keçməyin... Mənim şəxsiyyətim, ləyaqətim var...

-        Görürəm elə...

Vəkilin susmağı oğlana ağır gəldi, dilləndi:

-        Belə anda məni müdafiə etməyən vəkil mənə lazım deyil. Rədd eləyin getsin.

Hakim qırışığı açılmış halda gülümsədi:

-          Ay bərəkallah! Belə kobud olma, bala... Sözün varsa, söz danış...

Oğlan kükrədi:

-        Belə məhkəməyə mənim heç bir sözüm yoxdur. Hiss olunur ki, yeganə məqsəd ancaq məni təqsirləndirmək, damlamaqdı.

Beləcə mübahisə, söz-söhbət xeyli çəkəndə, Fərəh, qaynanası Vəsilə yerlərində danışa-danışa qalxdılar. Hakim əlacsız qalıb bir-bir onlara söz verəsi oldu:

-          Yaxşı, birinci mərhumun həyat yoldaşı – gəlin danışsın...

Fərəh cəld deyinə-deyinə xitabət kürsüsünə tərəf getdi:

-        Möhtərəm hakim, mən onda sizə demişdim... Bir paçka "Şirvan” söhbətini... Rəhmətlik ərimə verilən pulları... Susmaq haqqını... Bu gecə də onun iki paçkasını pəncərədən otağıma atıblar... – Bu sözləri deyə-deyə cibindən çıxartdığı pulları hakimə göstərdi, sonra da onları gətirib onun qarşısına qoydu.

-        Hə... Belə de... Maraqlı əşyayi-dəlildi...

-        Sizin sözlərinizlə desək, əsl maddi sübutlardı...

Qaynanası da yerindən sözünü dedi:

-        Hamısı onun nəticəsidir ki, qorxu, hürkü yoxdur... Bizi kimsəsiz, arxasız bilirlər.

Hakim onu sakitləşdirə-sakitləşdirə dedi:

-        Qələt edirlər... Sizin arxanız dövlət... İndi mən onlara bir qələm çalım ki, tüstüləri havaya çıxsın... Bilsinlər ki, belə-belə işləri etmək olmaz... Yalançı şahidlərinə, adamlarına bax... Əclaflar... Elə bu pul məsələsi çox şey deyir...

Zaldan pıçıltılar eşidildi:

-          Bəlkə bu onların öz işidi...

-          Yazıq oğlanı da elə bunlar öldürüb.

-          Nə desən olar... Gəlin qızışmışa oxşayır...

Nə qədər beləcə haqsız deyib-danışsalar da, məhkəmə istintaqı, sübutların araşdırılması, şahidlərin sözləri, fikirləri, bunlar arasında yaranmış ziddiyyətlər çox söz dedi. Həqiqəti əsl mənada ortalığa çıxartdı. Xüsusilə, aparılmış texniki ekspertiza, təkər izləri...

Məhkəmə işinə ara verən kimi, hər şeyi başa düşən vəkil müdafiə etdiyi şəxsin yaxın adamlarına yaxınlaşdı:

-          Ə, bu gəlini susdurmaq çox çətin olacaq.

-          Hakim də elə bunu deyir.

-          Yenə gör bir də...

-          Pula yaxın düşmür... Daha mən nə edə bilərəm ki?..

-          Gecə də bir iş görə bilmədin...

-        Daha danışma... Ona baxanda lap özümü itirən kimi oldum... Əsl su pərisi idi... Çılpaq... Tək-tənha yataqda uzanmış halda...

-        Romantika idi də... Aylı gecə... Gözəl gənc qadın... Bir də sən... Elə baxa-baxa qaldın...

Vəkil indi də o paçkaların üçünü aparıb Fərəhə vermək istəsə də, mümkün olmadı. Qəzəbli halda dedi:

-        Sən öləsən... Sənin başına belə iş gəlsə, arvadın bunları götürər?!

-        Bəlkə də...

-        De onda ləyaqətsizdi də!.. Ləyaqəti yoxdu!..

-        Sus... Sakit... Daha ağ eləmə... Onsuz da biri ölüb də... O da cavan adamdı... Niyə bədbəxt olsun?..

Gənc qadın bu sözləri eşitcək, daha da kükrədi:

-        Bu susmaq haqqını apar sahibinə ver!.. Onsuz da mən onun tutulmasını istəmirəm ki. O bu işdə bir alətdir...

Məhkəmə iclası başalayanda da hakimə bu sözləri dedi. Hakim fikirə getdi. Birinci xanıma yazılan məktub cinayət işinə əlavə edilmidi. Diqqətini cəlb edəndə lap diksinən kimi olub, Fərəhə dedi:

-        Sən qalx!.. Dedin ki, o gün sizə kimsə gəlmişdi?.. Mərhum həyat yoldaşına pul vermək istədi... Onu tanıyırsanmı?

-        Yox... Mühafizəçi formasında idi...

-        Görsən tanıyarsan da?..

-        Yəqin ki...

Hakim dərhal göstəriş verdi ki, mühafizə dəstəsinin işçiləri rəisi ilə birlikdə məhkəmənin həyətində cəmləşsinlər. Hətta dedi:

-        Təcili! On beş... İyirmi dəqiqə... Uzağı yarım saat vaxt veririk onlara. Bu da elə bir profilaktik tədbirdir. Onların nə qədər nizam-intizamlı olduğunu göstərəcək.

"SOS” həyəcanı siqnalı isə bir saata yaxın müddətdə öz nəticəsini versə də, mühafizə şöbəsinin rəisi qarayanız mayor hey soruşmaqda idi:

-          Hakim, sən Allah, nə olub belə?

-          Sən dəstənə komanda ver, qoy düzlənsinlər!

Düzlənəndə, məlum oldu ki, onlardan üçü mülki paltarda gəlib. Gileylənirdilər:

-          Şəhərdən gəlirdim...

-          Mən toyda idim...

-          Mən də sahədə...

Hakim razılaşmadı, onları təcili maşınlarla evlərinə göndərdi ki, formalarını geyinib gəlsinlər. Hamı məhkəmə zalında olsa da, bir necə nəfər şahidlə Fərəh xanımı yanlarına çağırdılar. Artıq o biri nəzarətçilər də formalarını geyinib gəlmişidilər. Hakim mayora bir daha dedi:

-          Komanda ver!

Mayor gur səslə, fasilələrlə səsləndi:

-          Dəstə düzlən!.. Farağat!.. Komandamı eşitməyə hazır olun!..

Hakim Fərəhi yanına çağıraraq dedi:

-        İndi diqqətlə onların üzünə bax. Gör sən deyən hansıdı? Ərizəndə göstərmişdin... Çaydaq, qartalburun, qaraqaş...

Sanki gəlin özünü itirmişdi. Əvvəl sıranı başacan nəzərdən keçirsə də, sanki heç kimi görmədi, kövrəldi, ağlamsındı:

-          Yox, o adam burada yoxdu.

-          Bir də bax...

Bu an komandirin üz çizgiləri diqqətini cəlb etdi, ona tərəf diqqətlə baxaraq pıçıldadı:

-        Cənab hakim, nahaq yerə demirlər ki, balıq başdan iylənər!.. Həyat yoldaşıma pulu təklif edən bu adam idi!.. Susmaq haqqını!..

Komandir onun bu sözlərindən heyrətləndi, səsləndi:

-          Ay qız, adam adama oxşayar... Səy-səy danışma...

-        Vallah-billah odur... Pəncərədən baxanda da onu görmüşdüm... Bax, beləcə qorxunc siması vardı...

-        Yəni belə qorxuluyuq?!.

Bu anlar hakim əsl mənada odla su arasında qalan kimi idi. Bu işi yekunlaşdırmaq onun üçün heç də asan olmayacaqdı. İndi başa düşürdü ki, niyə prokuror bayaqdan susur, bir söz demir...



2547 oxunub

InvestAZ