Əmirullagilin ailəsi qəsəbədə münaqişəli ailələrdən biri kimi
tanınırdı. Bu münaqişəni vaxtaşırı salan evin kişisi olsa da, elə arvadı Pərzad
da ondan geri qalmırdı. Bir də görürdün ki, heç nə üstə tutaşdılar. Üç uşaqları
– iki qız, bir oğlan qaldı ortalıqda. Onların da artıq az yaşları yox idi.
Qızları Gülüş səkkizinci, Vəsilə altıncı, oğlanları Emin üçüncü sinifdə
oxuyurdular. Ataların bir necə uşağı başına yığıb yenə özünü öyməkdə idi:
-
Yemişəm!..
-
Əla...
-
İçmişəm!..
-
Kefdəsən...
-
Çəkmişəm!...
Bundan sonra da çək...kə...cə...yəm...
Ancaq arvadı Pərzad qəflətən
orada peyda olduğu üçün, əlindəki ağacla onu döyəclədi, kişinin sözü yarımçıq
qaldı. Yeniyetmələr hərəsi bir tərəfə qaçdılar. Səsləndilər:
-
Buna bax da...
-
Qoçudu...
-
Həyasızlıq
edir...
Pərzad onların qarasına deyindi:
-
Rədd olun
buradan, vələduznalar. Valideynlərinizə cavab verməkdə yorulmuşam. Mənim
kişimin ağlı qaçıb, sizə nə... Gedib evinizdə qaxılıb otura bilmirsiniz?! Heç
olmasa dərsinizə fikir verin. Məktəbə gedin-gəlin.
Uşaqlar əsl mənada onunla cükküldəşirdilər:
-
Bizim dərdimiz
sənə qalmayıb.
-
İstirahət
vaxtımızdır.
-
Oxuyuruq da...
Qadının əlindəki heyva
ağacının nazik budağından onlara da dəysə də, daha çox ağır zərbəni isə elə əri
Əmirulla almışdı. Deyinə-deyinə, söylənə-söylənə hələ də donquldanmaqda idi:
-
Bu da bizim
xanım... Buna necə külfətim, arvadım deyəsən ey... Qadın da kişisinin üzünə ağ
olar?.. Bunun hamısının təqsirir elə daha çox dövlətdə, cəmiyyətdədi. Balam, hər
şeyi buraxıblar da başlı-başına...
Gənclər onu lağa qoyurmuşlar kimi səsləndilər:
-
Sən də saqqal
saxla...
-
Bircə elə bu
çatmırdı...
-
Sonra da...
Arvadının başına qara örpəy bağla, çadraya bürü... Onda elə ağıllı olacaq kı...
-
Ə, kiri... Mən
svilizasiyalı bir cəmiyyətin oğluyam.
Uzaqdan arvadının hikkəli səsi eşidildi:
-
Dayan köpəyoğlu...
Deyəsən, sənə yenə də on beş sutka verdirməsəm, ağlun başına gəlməyəcək...
Əmirulla xəcalət içində səsləndi:
-
Görürsüz də,
yenə şirə dönüb. Dediklərinə əməl etməsəm sakitləşməyəcək. Buna deyən lazımdı
ki, a nənəsi göyçək, insan bu dünyaya bir dəfə gəlir. Yaxşı yeyib-içmədi, çəkməli,
pivələnmədi, daha o həyatın nə ləzzəti? Bəli-bəli, yedin hər şey sənindi, yemədin
o başqasının, yadındı.
Onu qınayanalr da oldu:
-
Daha bu qədər
yox da...
-
Ehtiyat da
saxlamaq lazımdı...
-
Oldu,
saxlamadıq?..
-
Ə, vallah, sən
çox qəribə adamsan. Hər halda arvadı da eşitmək lazımdı.
Pərzad arvad həmişə olduğu kimi dediyinə əməl etdi.
Düz bir polis şöbəsinə gedib, dərdini rəisə dedi, şikayət ərizəsini yazdı. Rəis
gileyləndi:
-
Bu əclaf yenə də
yığışmır özünə də...
-
Damlayın getsin
də...
-
Bəs sənə kim
baxacaq?
-
Kül qoyum onun ər
başına.
Rəis onunla məzələndi:
-
Belə də iş
olar... Elə yaxşı deyirlər ki, yemişin yaxşını qurd yeyər...
Qadın qımışdı:
-
Rəis, ağ eləmə
də... İndi məni yemişə oxşadırsan?
-
Sözgəlişi deyirəm
də... Yoxsa, onun əli sənə toxunmayıb?..
-
İçkidən başı
açılır ki, belə şeylər də yadına düşsün.
-
Bu olmadı ki...
Molla Nəsrəddinin bir əhvalatı yadıma düşdü...
Məhəllədən bura- şöbəyə qədər
arvadının arxasınca düşüb gələn, onu izləyən Əmrulla lap dilxor idi. Öz-özünə
danışır, gileylənirdi:
-
Balam, belə də
iş olar... Arvadsan, qaxıl otur evində də, sənin polis şöbəsində nə işin var.
Görəsən indi kimlə gop eləyir. Çənədən möhkəmdi ha... Sözsüz elə rəisin
otağındadı...
Axşama yaxın onu tapıb həbs etdilər. Sahə müvəkkili kapitan Vəli
Göyüşov onu şöbəyə gətirəndə, hələ də gileylənirdi.
-
Ə, balam, belə
də iş olar? Əyib deyilmi. Bir arvadın sözünə görə indi məni damlayacaqsınız?
-
Təcridxanada
istirahət edəcəksən...
-
Pay atonan...
Bu dünya düzəlmir ki, düzəlmir də... Kişilər çəkilib durub kənarda, arvadlar
problemli məsələ həll edirlər də.
-
Hə...
-
Yoxsa, yalan
deyirəm, kapitan?
-
Sən mənə nə
vaxt yalan danışmısan ki...
-
Atamın goru,
düz sözümdür. Nəticəsi də bu... Bəzi ağzı göyçəklər də deyir ki, kişilər iş görə
bilmədi. Qarabağı da xanımlar azad edəcəklər.
-
Bəlkə də...
-
Mən özüm orada
qabıq qoymuşam. Kim qiymətləndirdi ki? Dedilər ki, getmisən, vuruşmusan, pulunu
almısan da. De lap yalançının atasına lənət! O vaxtı belə pul-para vardı? Qəpiyə
güllə atırdıq, yeməyə çörək tapmırdıq... Bəy içki üzünə həsrət idi... "Zato”
xalqın qədrini bilirdik... Lazım gələndə ölümə gedirdik...
-
...
-
Cənab kapitan,
indi nə vəziyyətdəyik ki... Görürsünüz də... kəbinli arvadım məndən şikayət
edib, məni tutdurub, həbs etdirib. Axı belə hərəkət nəyə lazımdı? Bir ikilikdə
dil tapa bilməzdik?
-
Bunu özünüzə
deyin də...
-
Mən neçə dəfə təşəbbüsdə
bulunmuşam. İnadkarlıq edən odu... Bu gözəl neməti kimə saxlayır bilmirəm...
-
Ədəbli danış...
-
Məni düzgün
başa düşün... Çəkdiyi arağı, çaxırı deyirəm. Samaqonu... Bilirsiniz onun tut
arağı necə təsirli olur...
-
Sözündən belə
çıxır ki, o da qəbahətli işlər görür, cinayət edir?
-
Əlbəttə ki...
-
Ə, kişisən,
kişi ol...
-
Bəs onda o məni
tutduranda yaxşıdı? Elə siz də rəis kimi ancaq qadınları müdafiə edirsiniz. Biz
yazıqlara baxan, dərdinə qalan yoxdur. Axı belə olmaz. Belə hərəkət Allaha da
acıq gedər. Belə işlərin sonu faciə, fəlakətdi... Odur ki, ölkədə pozğunluq,
fahişəlik baş alıb gedir də...
-
Kiri-kiri... Az
danış...
-
Guya xəbəriniz
yoxdu bu yol qırağı yeməkxanalardan, kafelərdən... Hələ restoranları, barları
demirəm... Son vaxtlar şadlıq evlərində də belə neqativ hallara yol verilir.
Soruşan lazımdı ki, bu rayon rəhbərliyi, başçı hara baxır?!.
-
Sən baxdığın
yerə...
-
Başa düşmədim?..
-
Şeylərə deyərəm
də...
-
Özün mənə deyirsən...
Nə şeylərə?!.
Onlar polis şöbəsinə çatıb, rəisin otağına girdilər. Arvadı onu görcək
özünü səliqə-sahmana sala-sala cınqıdı:
-
Bax da... Bu əclafı
hara gətirmisiz... Damlayın da. Onun əlindən uşaqlarım dərsə də gedə bilmir,
içib ağnayır. Ona-buna söz atır.
Əmrulla öz-özünə donquldandı:
-
Danışdı da...
Sakit... Burada yaxşı deyil... Əyibdi...
Rəis ona bozardı:
-
Ə, bu nə
oyunlardı çıxarırsan? Zəhirmarı içmisən, qaxıl otur evində də.
-
Həm də çəkir... Nəşələnir...
-
Donuzdu da...
-
Yaramaz, - deyə
rəis alnını turşudanda, Əmrulla kövrələn kimi oldu, ağlamsındı:
-
Elə bilirdim ki, axırı belə olacaq... Kişiləri
kimdi müdafiə edən. Kişi hüququ ayaq altına atılıb... - Sonra da arvadına
açıqlanan kimi oldu: - Nə dayanmısan? Rədd ol, get evə!..
-
Bağırma... Səsin
özünə xoş gəlməsin... Mənə komanda verənə bax...
-
Ərin deyiləm?
-
Daha yox...
-
Onda
tapmısan?!.
-
Utan, xəcalət çəkəsən!..
Bu da sənin iç üzün, sifətin...Tüpürüm sənin kişiliyinə...
Qadın bu sözləri deyib oradan uzaqlaşdı. Əmrulla isə deyinə-deyinə həmin
axşamı polis şöbəsində keçirəsi oldu. Hey öz-özün danışmaqda, gileylənməkdə
idi:
-
Belə də iş
olar... İbnəsi duran kimi məni tutdurmaq adı ilə gəlir bu rəsisin yanına da...
Allah bilir axşam o qapını açıq qoyur. Öldürmək istəyirəm, əlim gəlmir də... Hər
halda uşaqların anasıdı. Axı indi mən nə edim? Belə də yaşamaq olar.... Qadın
qadın olmalıdı... Daha belə yox da... Beləsini zəncirləyəsən gərək. O təpərdən
də məndə yox...
Kameranın gözlüyündən baxan nəzarətçi polis nəfərinin xırıltılı səsi
eşidildi:
-
Ey, şümür,
orada öz-özünə nə donquldanırsan?..
-
Danışmaq da
olmaz?
-
Yat, sabah
buranın təmizlik işləri ilə sən məşğul olacaqsan. Ayaqyolu yaman gündədi... Həyət-bacanı
da süpürəcəksən.
-
Bu da arvadın
xeyiri...
Səhər ayaqyolunu təmizləyəndə,
əlində süpürgə həyət-bacanı süpürəndə Əmrulla lap xəcalət çəkirdi. Sısqa bir
polis nəfəri də ona hey komanda verməkdə idi:
-
Yavaş!.. Toz eləmə!..
Buranı təmiz süpür!.. Palçığı yığışdır, təmizlə!..
Məhkəməyə isə elə kapitanla getdi. Yol boyu hey
gileylənməkdə idi:
-
Kapitan, bu da
arvadın mənə xeyri. Başqalarında belə deyil axı. Kişiləri səhərə qədər incitsələr
də, susurlar...
Kapitan onun bu sözlərini ona irad tutdu:
-
Ədəbli danış! Sən
heç ağıllanmadın da.. Kişi hüquqlarından dəm vuran, əclaf. Sənin bu sahədə bir
göstəricin olsun ki, bu mövzudan bəhs etməyə haqqın olsun da. Arvadın kişisiz
qalanda min oyundan çıxacaq da... Sənin üzünə də baxmayacaq...
Əmrulla qürrələndi:
-
Mənə nə olub
ki?!.
-
Görürəm elə...
Boş dağarcıqsan da... Məqsədsiz çayda axan saman çöplərindən biri... Ailəyə
laqeyd, araq, nəşə ilə dostluq edən...
-
Bəs biz kişi
deyilik?..
-
Odur ki, cəzanı
çəkirsən də...
Əsil tamaşa isə məhkəmə zalında işə baxılanda oldu. Hakim onu görən
kimi dedi:
-
Ə, çuşka, yenə
sən burdasan?
Əmrulla gülümsədi:
-
Çuşkalıq vaxtım
çoxdan keçib, cənab hakim...
-
Görürəm, qabana
dönmüsən... Tüklənmisən...
-
Mənim bir təklifim
var, cənab hakim...
Hakim ona bozardı:
-
Ə, nə təklif?!
Sən nə vaxtdan belə ağıllı adam, ağıl sahibi olmusan?! Öz ailənin qədrini
bilmir, axşama kimi yeyib-içir, nəşələnir, səfil kimi gün keçirirsən. Səndən nə
ağıllı təklif görmək olar?..
-
Deyim də...
-
De...
Əmrulla bir qədər həyəcanlı, udquna-udquna sözə
başladı:
-
Möhtərəm
hakim...
-
Qısa elə...
-
Yaxşı...
-
Uzatma, sözünü
de...
-
Cənab hakim,
görürsüz də... Biz kişilər yaman günə qalmışıq. Bu vəziyyətə düşməyimizin də elə
əsas səbəbkarları bu qadınlardı. Qaydasınca yaşamağa imkan versələr, heç də belə
olmarıq. Elə biri bizimki... Axı soruşan lazımdı ki, mənim arvadım vaxtaşırı bu
polis şöbəsinə nə üçün gedir?! Bir dəfə də rəis evə gəlib...
Bu an hakim qımışdı, başını bulaya-bulaya dilləndi:
-
Dəsgahın
olsun... Söz danışdın da...
-
Vallah ki,
düzünü deyirəm. Onları müdafiə edə-edə mindirmişik boyumuza. Rəisdən soruşuram,
deyir ki, profilaktiki tədbir keçiririk, ona görə getmişdim sizə. Ailə vəziyyətinizi
bilmək istəyirdim...
-
...
-
Bundan soruşmaq
lazımdı ki, sən mənim ailəmin daxili işlərinə niyə bu qədər müdaxilə edirsən?
Ailə kralların girə bilmədiyi bir qaladı...
-
Ağıllı sözlər danışırsan. Elə bunun əsas səbəbkarı
sənsən də. Sən yerində, ailənlə olsan, belə xoşagəlməzliklər də olmaz.
-
Cənab hakim,
siz mənim bu qiymətli təklifimi yazdırın...
-
Katib yazır...
-
Lap Konstitusiya Məhkəməsinə çatdırın... Mənim
də az-çox bu qayda-qanundan başım çıxır.
-
Bilirəm... Necə
il yatmısan. Universitet tələbəsindən çox bilirsən.
-
Axı bu kişilər
yazıqdı axı... Bizim də bir hüquqlarımız müdafiə olunsun. İnsan dünyaya bir dəfə
gəlir. Nə vaxta kimi qorxa-qorxa yaşayacaq, yeyib-içməyəcək, çəkməyəcək?!.
-
Yemək-içmək, çəkmək
öldürsün səni...- deyə arvadının hikkəli səsi eşidildi. Sonra isə üzünü hakimə tutub
dedi:
-
Nə
uzadırsınız... Bunun 15 sutkasını verin, cəhənnəm olub getisn də...
-
Sakit! – deyə
hakim ona acıqlandı: - Nə bilirsən, bəlkə daha çox iş verəcəyik. Bunun hərəkətlərində
xuliqanlıq cinayətinin əalmətləri də var...
-
De ki, battıq
da, - deyə Əmrulla kövrəlmiş halda arvadına yalvardı: - Ağəz, bir insafın olsun
da... Neçə il bir yastığa baş qoymuşuq, axırı belə odlu?!.
-
Daha o yastığı
görməyəcəksən.
-
Kifləndirib,
kimə saxlayacaqsan?!.
Hakim bu üstüörtülü, biədəb söz duelindən yozulmuş halda qadına acıqlandı:
-
Bəsdirin! Kəsin!...
Nahaq demirlər ki, kişi axar çaysa, qadın onun qarşısını kəsən bənddir!.. Vəziyyətin
bu yerə gəlib çıxmasında sizin heç də az təqsiriniz yoxdur!.. Zəif qadın
olmusunuz!.. Onu tərbiyə edə bilməmisiniz! Bu məsələdə öz təqsirinizi də
görün!.. Mənasız hay-hüy salmaq hələ hər şey demək deyil!.. Kişinin hüququnu
pozduğunuz bəsdir, yetər!..