Təxminən bir il öncə cismən itirdiyim, yoxluğu ilə heç
zaman barışmadığım dostum Hətəm Quliyev haqqında xatirələrimi paylaşmaq çox
çətindir. Artıq bir ildir ki, ailə
üzvləri, doğmaları, dostları, Füzuli və bütövlükdə Qarabağ eli, Azərbaycanın
elmi ictimaiyyəti sözün əsl mənasında böyük şəxsiyyət, vətənpərvər insan, alim
Hətəm Quliyevi cismən itirmişdir. Hətəm Quliyevin şəxsiyyəti və elmi fəaliyyəti
haqqında çox yazılıb. Maraqlı fikirlər söylənilib. Vaxtilə mən də bu böyük
şəxsiyyət haqqında danışmışam. Bu yazıda da onun haqqında yeni bir fikir
deyəcəyimi düşünmürəm. Düz bir ildir ki, dəyərli dostum cismən aramızda yoxdur.
Bu müddət ərzində onun cismani yoxluğunu hər zaman hiss etmişəm. Bu gün dostumu
rəhmətlə anmağı özümə borc bilirəm.
Hətəm Quliyev kimi dost bəxş etdiyinə görə,
Allahıma sonsuz dərəcədə minnətdaram. Hətəmin xarakterini səciyyələndirən bir
neçə cəhət var idi. O, bir insan kimi çox mehriban, səmimi, səxavətli, son
dərəcə qayğıkeş, təəssübkeş adam idi.
Allah insanı yaradanda ümumbəşəri, yəni hamıya aid
olan təyinatlarla bərabər (nəsli artırmaq, dünyanı dərk etmək, xeyirxah və
digər faydalı əməllərlə dünyanı gözəlləşdirmək və s.) onu bir təkrarsız fərd
kimi yalnız ona aid olan vəzifələr və məqsədlərlə yaradır. Bu mənim şəxsi
fikrimdir. Lakin əminliklə deyə bilərəm
ki, Allah Hətəm Quliyevi düşünən, dünyanı əhəmiyyətli dərəcədə dəyişəcək,
gözəlləşdirəcək bir insan kimi yaratmışdır. Hətəm Quliyevin alimliyi bir başqa
idi, o həmişə dünyanı gözəlləşdirməyə, dünya haqqında bilikləri
zənginləşdirməyə çalışırdı. O, yüz ildən bir dünyaya gələn elm xadimlərindən,
qeyri-adi elmi xidmətləri olan alim idi. Elm, elmi təşkilatçılıq sahəsindəki
təcrübəmə və müşahidələrimə görə deyə
bilərəm ki, Hətəm Quliyevin elmi fəaliyyəti "qəbul olunmuş” heç bir
stereotiplərə, ştamplara sığmırdı. Bu da çox az alimlərdə təsadüf olunan
xüsusiyyət idi. O, Əlahəzrət həqiqətin fədaisi idi. Elm əslində elə həqiqətə xidmət edir axı. Bu
gün ömrünü elmə sərf etmiş, həqiqəti deyən kifayət qədər prinsipial və
istedadlı elm xadimlərimiz vardır. Amma Hətəmin həqiqətə vurğunluğu bir ayrı
aləm idi, onu heç kəsə keçməzdi. Onunla ünsiyyətdə olan hər kəs bunu yaxşı
bilir, qəbul etməli olurdu. Onu yaxından
tanıyan hər kəs, o cümlədən dostları bu fikri təsdiqləyə bilər.
Allah
dərgahında sövdələşməyə və bu sıradan olan digər əməllərə yer yoxdur. Yəni
orada həqiqət mütləq və konkretdir. Fikrimcə, Hətəmin həqiqətinin mütləqiliyi
bənzərsiz idi. Əminliklə deyə bilərəm ki, Hətəm Allahın dərgahına ən yaxın
bəndələrindən idi. Şübhəsiz ki, bu gün onun məkanı cənnətdir.
Hətəm Quliyevin elmi məruzələri hər zaman maraqla
dinlənilib. maraqlı müzakirələrə çevrilib. Dəfələrlə şahidi olmuşam və onlar
daimi "master klass” xarakteri daşıyıb, yəni qeyri-adi yüksək səviyyədə keçib. Bir
fikri də söyləmək istərdim. Çox zaman məndə belə bir təəssürat yaranırdı ki, auditoriya məruzəçiyə uduzurdu. Məsələ bundadır ki,
Hətəm Quliyev bir neçə elm sahəsinin ( riyazi mexanika, geologiya, geofizika
və.s ) sərhədində elmi fəaliyyətlə məşğul idi. Amma bu sahələrin müxtəlif
nüfuzlu nümayəndələri ilə onların öz dilində danışa, polemika apara, məsələlərə
bir mənalı aydınlıq gətirə bilir, hətta mübahisəli məsələlər yaranarsa onlar
qeyd-şərtsiz Hətəmin qələbəsi ilə bitərdi. O, çoxdan Azərbaycan elmi
çərçivəsindən çıxıb dünya miqyasında araşdırmalarla məşğul idi ( beynəlxalq
liqada oynayırdı, belə demək olarsa). Yazının əvvəlində Hətəm Quliyevin akademik
olduğunu bilərəkdən qeyd etmədim. Hətəm Quliyev o "şinel”-dən çoxdan çıxıb, başqa
elmi sistemdə idi. Onun elmi xidmətləri dünyanın sahə üzrə ən aparıcı elmi
mərkəzləri, alimləri tərəfindən qəbul olunur, sayılırdı. Hətəm Quliyevin
alimliyi qazandığı elmi titullarına görə deyil, elmi məhsuluna görə idi. Bu
faktı təsdiqləyən bir meyyar var- dünyanın aparıcı elmi nəşrlərində onun elmi
nəticələrinə günbəgün artan istinadların sayı.
Mən çox xoşbəxtəm ki, həyatda belə bir insana rast
gəlmişəm, dost olmuşuq, bir birimizə qardaş deyib müraciət etmişik.
Allah sənə rəhmət etsin,
qardaş.
Səni sonsuz ehtiramla xatırlayan
Azər Namazov