XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Akif Musayev : - Bir il nə tez gəlib keçdi
Elm 17:25 / 08.04.2022



Adətimiz   idi, səhərlər akademiyanın bağında gəzirik. Elə dünən də gəzirdik... Yenə söz-söhbət ondan düşdü. Yoldaşlardan biri dedi ki, adamın heç inanmağı gəlmir, yəni bir il gəlib keçib?!  
Həqiqətən, Hətəm haqqında fikirləşəndə onun yoxluğuna, onun bizi tərk edib getməsinə inana bilmirəm. Biz çox möhkəm dost idik. Demək olar ki, çoxlu sayda birgə səfərlərimiz, tədbirlərdə iştirakımız olubdu. Adamı daha çox yol-yoldaşlığı tanıdır. Mən onunla səfərlərimin birində, yəni Ərəb Əmirliyinin Şarja Əmirliyində fəaliyyət göstərən Amerika universitetinə getmişdik. Burada böyük elmi konfrans keçirilirdi. Hətəmin də məruzəsi var idi. İnanın ki, onun çıxışı, onun orada qarşılanması məni əməlli-başlı vəcdə gətirmişdi. Doğrudu, mənim çıxışım yox idi. Özünüz bilirsiniz ki, mən iqtisadçıyam. Amma Hətəmin məruzusi yer quruluşu ilə, yerin nüvəsi ilə bağlı idi. O, yeni yanaşma tərzində problemin mahiyyətini elə şərh edirdi ki, hamı heyranlıqla dinləyirdi onu. Hətəm sübut edirdi ki, yerin nüvəsindəki təzyiq tamam fərqli formada qiymətləndirilməlidi. Çünki köhnəlmiş yanaşma  daha  özünü təsdiq edə bilmir. Burada birmaraqlı  məqamı da  xüsusi qeyd edəcəm:
- Deməli, Hətəmi dinlədikcə özümü necə unutmuşamsa, mobil telefonum açıq qalıb. Təsəvvürünüzə gətirin ki, mən Bakıya qayıdanda 2500 manat telefon pulu ödədim. Yaxşı ki, burda hiss ediblər ki, telefonu söndürməyi unutmuşam. Onlar özləri telefonumu şəbəkədən ayırıblar. Bu sadəcə sıradan bir xatırlamadı.Amma , həm də, mənim və iştirakçıların  həmin oradakı  yaşadığı heyrətin adi  göstəricisidi... Və yaxud...
Günlərin bir günü Hətəm otağıma gəldi. Dedi ki:
- Akif, xəbərin var də, Musa Yaqub xəstədi. Gedək ona baş çəkək. 
Təbii ki, mən də Musa müəllimin özünü də, yaradıcılığını da çox sevdiyimdən dərhal razılaşdım. Oturduq Hətəmin maşınına, sürdük İsmayıllının Buynuz kəndinə. Getdik Musa müəllimlə görüşdük, xeyli söhbət etdik. Və yol boyu da öz-özümə fikirləşdim ki, Hətəmin özünün sağlıq durumunda problem ola-ola o, Bakıdan Buynuza şairi ziyarət etməyə gedir. Bu Hətəmin ürəyi idi. 
Deməli, bir gün akademiyanın həyətində dayanmışdıq. Rəhmətlik Fərəməz Maqsudovun ətrafında bir xeyli alim cəm olub  söhbət edirdik. Birdən Fərəməz müəllim üzünü yanındakı alimlərə tutub dedi:
- Görürsünüz bu Hətəmi? Əsl alim bax, budur, bu kişidir!
Onda Hətəm Quliyev Ukraynadan Azərbaycana yenidən qayıtmışdı. Amma o özünü hələ Azərbaycana gələnə qədər alim kimi təsdiq etmişdi. 
Hətəmin özünəməxsus xüsusiyyətləri çox idi. Ən birincisi o, elmdə, elmi məsələyə münasibətdə heç kimə, hətta qardaşına da güzəştə getməyən alim idi. Hərdən zarafatla deyirdim ki, bəs filankəs yaxşı insandı, yaxşı oğlandı. Dərhal da cavabımı verirdi. Onun yaxşı insanlığının elmə dəxli yoxdu. Mən də bilirəm yaxşı oğlandı, hətta dostumdu, amma elm belə şeyləri sevmir. 
Hətəm həm də torpağını, el-obasını həddindən çox sevirdi. Onun içində elə bir ilahidən bir fərqli vətən sevgisi var idi. Ona görə də doğma el-oba adamlarına onun yanaşması da fərqli idi. Camaatımızın bir yaxşı işini eşidəndə, görəndə uşaq kimi sevinirdi. Kədərlərindən, qayğılarından  isə  həmişə rahatsız olurdu. Bəzən onu dinləyəndə adam akademik Hətəm Quliyevin hansı ixtisasın sahibi olduğuna heyrət edirdi. Çünki o ədəbiyyatı da, tarixi də, iqtisadiyyatı da, çoğrafiyanı da, bir sözlə ziyalının biləcəyi hər şeyi özünəməxsus şəkildə məharətlə izah edir, münasibət bildirirdi.
Mən bu gün elə bilirəm ki, bu dəqiqnə qapı açılacaq, Hətəm daxil olacaq otağa və deyəcək ki, Akif, bəs Füzulidə filankəs var idi, tanıyırdın onu?..
Və beləcə bu bir ilin hər günü mən Hətəmi gözləmişəm və gözləyirəm. Onun barəsində danışmaq, yazmaq çətin olsa da, amma tükənməzdi xatirələrimiz...
 
Akif Musayev,

 professor, AMEA-nın müxbir üzvü

5391 oxunub

InvestAZ