XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Məhərrəm Şəmkirli.: - DEYİMLƏR
Maraqli 12:09 / 29.03.2022
Alın yazısı
 Tanrım,deyirlər alın yazısını sən yazırsan,amma bilmirəm doğru deyirlər,ya sənin böyüklüyünü göstərirlər. Eləsə,niyə yaxşı adamların alın yazısını pis,pis adamların alın yazısını yaxşı yazırsan? Sən də ədalət meyarını itirirsənsə,onda sənin yaratdığın bəndələrindən bunu gözləmək əbəsdir. Neçə ki,gec deyil on il yataq xəstəsi olan gözəlin alın yazısını poz,yenisini yaz. Yazmaq istəmirsənsə, bir dəfəlik canını al,əzabdan qurtarsın.Vallah,billah bəndəsini sevən ona belə alın yazısı yazmaz.

                                                                      Qayıt

 Heç gözləmədiyim halda sən qayıt. Qayıt.Qayıdışından mən heyrətdə qalım.Sual dolu gözlərimlə üzünə baxım.Uzun müddət dilim söz tutmasın,handan-hana özümə gəlim. Və bir anlıq sevinc içində üzüm,gözüm gülsün: Nə yaxşı gəldin, gəlişin mübarək!- deyim sənə. 


                                                                    Özümünkülər

 Siz məni tapdalayın,ayaqlayın. Mən də qürurlanım,fərəhlənim,zövq alım. Bilim ki,daha yad ayağı kürəyimi yağır eləməyəcək.Bilim ki, bundan sonra əkilib, səpilib,yığılıb məhsulumla düşmən qarnını doyurmayacam. Doğmalarım üçün ayaqaltı olacam,onlar üçün var olacam,onlar üçün,yalnız və yalnız onlar üçün.Çünki onlar mənim övladlarım,mən onların anasıyam.


                                                   Qoca palıd


 Ehey... qoca palıd,ən cavan budağında saxladığın o tənha yarpaq nədir? Bəlkə yaza aparmaq istəyirsən? Görürəm cavan budaqlarını tərpədirsən, onlara arxayınsan, amma yanılırsan,apara bilməzsən.Burax, yerə düşüb torpağa qarışsın. Həyatın gedişatı gəlimli, gedimlidir.


                                                         Danışdım...


 Salxım söyüdün kölgəsində görüşdük. Yanba- yan oturduk,sakit,dinməz. Sən məndən cəsarətli çıxdın.Dedin,bir şey danış.Mən danışdım. Danışdım,kəndimizdən,onun təmiz insanlarından,havasından, suyundan,dağından,dağından. Danışdım qoca palıdından, uca çinarından.
 Gördüm fikirin heç məndə deyil,xəyalın dağılıb uzaqlarda gəzir. Soruşdum: Məni dinləyirsən? Könülsüz və laqeyid halda dedin,Hə,danış,maraqlı danışırsan.
 Könülsüz cavab verməyini,eyhamını başa düşdüm.Sən məndən İlahi sevgidən,saf məhəbbətdən,səni dəlicəsinə sevməyimdən danışmamı istəmisən. Gör mən nələrdən danışmışam,İlahi! Ay mənim...


                                                       Özünə gəl


 Yenə kədərli,qəmli görünürsən.Sanki gəmilərin dəryaya qərq olub. Özünə gəl,özünə. Bir özündən soruş, mən niyə qəmli,niyə kədərli olmalıyam? Mən ki,güllərin,çiçəklərin ətrini ,torpağın iyini duyuram. Məyər sevinmək, xoşbəxt olmaq üçün bunlar bəs eləmir mənə? Axı bir ömür bunları görməyənlər, duymayanlar var.


                                           Güclüyəm


 Heç bilirsən mən necə güclüyəm, yenilməzəm? Bilməzsən. Deyərsən cılız bədəndə hansı güc, hansı yenilməzlik olar? Haqlısan. Mən cılızam,balacayam,enli kürəyim,tunc bədənim,əyilməz qolum yoxdur. Amma mənim cılız bədənimdə ulusunu,onun insanlarını, dağını,daşını İlahi bir məhəbbətlə sevən ürək var. Mən ürəyimdəki sevgiylə güclüyəm, yenilməzəm.  

 
                                         Vətən olan torpaq

 Bu gün üstündə gəzdiyin torpağa Vətən deyirsən. Unutma,torpaq hər adama Vətən olmur.Torpağın Vətən olması üçün əvvəl onun şərtini qəbul etməlisən: "Öldür məni,dirildim səni”.
 Düşünmə ki,bu sondur. Yox,son deyil,bəlkədə öndü.Özünü öldürtdürüb, səni yaşadan torpağı düşməndən gözünün bəbəyi kimi qorumalısan.Onun yolunda qan tökməlisən,can verməlisən.Bundan sonra torpaq sənin üçün Vətən olur,Ana olur.


                            
                                                                                  

3056 oxunub

InvestAZ