XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Ədalət Əsgəroğlundan yazdı -Meyxoş Abdullah
Maraqli 18:26 / 26.03.2022

Ədalət müəllimi AYB –nin mətbuat katibi işlədiyi vaxtdan tanıyıram. Sadə, səmimi, bir az da həyatdan giley-güzarlı insan idi. Hamıyla ünsiyyət qurmağa meyilli idi. Özünün problemləri çox olsa da, başqalarının problemlərini həll etməyə çalışırdı.
Mənim xatirimi çox istəyirdi. - Səninlə söhbət edəndə, adam bir az nəfəs alır!- deyirdi. Kimin üçünsə deyə bilmirəm, mənim üçün o çox rahat və təmiz adam idi. Gözəl şeirləri vardı. "Nar çiçəyi” şeirini öz dilindən dəfələrlə eşitmişdim.
Bir dəfə Yazıçılar Birliyinə getmişdim. Onunla görüşüb, otaqdan çıxmaq istəyirdim ki, qolumdam tutub dedi:
- Hər dəfə bura gəlib mənimlə görüşüb, eləcə də çıxıb gedirsən. Bir dəfə Anar müəllimin otağına gir salam ver, qoy səni də yaxından tanısın.
Dedim ki, Ədalət müəllim, mən Anar müəllimə nə deyim?
Üzümə baxıb zarafat etdi:
- Denən ki, Anar müəllim, sabahın xeyir.
Mən də zarafatımdan qalmadım. Dedim ki, Ədalət müəllim indi günortadır, axı.
Bərkdən gülüb dedi:
- Vallah maraqlı adamsan. Sonra təkid etdi ki, Anar müəllimlə görüşüm.
Katibənin otağına girib, Anar müəllimlə görüşmək istədiyimi bildirdim. Qız dedi ki, Anar müəllim indicə çıxdı, harasa tələsirdi.
Geri qayıdıb piləkənlərlə aşağı düşmək istəyirdim, Ədalət müəllim arxadan məni səslədi:
- Nə oldu bəs, nə tez çıxdın?
Dedim, görüşdüm də.
- Ə, bə, katibə indi mənə dedi ki, Anar müəllim harasa çıxıb, sən kiminlə görüşdün?
Məzlum-məzlum onun üzünə baxıb dedim:
- Ədalət müəllim, narahat olmayın, katibəsinə dedim ki, məndən Anar müəllimə salam deyərsiniz. O da dedi ki, başüstə, - deyərəm.
Ədalət müəllim başını bulayıb gülə-gülə dedi:
- Vallah, kefsən e...
Ədalət müəllim mənim xatirimdə, saf, təmiz bir insan kimi hələ uzun illər qalacaqdır. Yaradıcılığım haqqında bir neçə dəfə mətbuatda öz dəyərli fikirlərini də yazmışdı.
Həyatdan tez getdi. Allah rəhmət eləsin, ruhu şad olsun. Gözəl dost idi.
Bir 1 nəfər şəkili ola bilər

5354 oxunub

InvestAZ