XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



AzTV xatirələrindən - Mahir QABILOĞLU
Maraqli 08:50 / 23.03.2022
AzTV-nin "Xəbərlər” proqramında işləyəndə dünyanın müxtəlif ictimai-siyasi xadimləriylə rastlaşmışam. Onlardan biri də Boris Nemtsov idi. Bakıda yeni neft kontraktlarının bağlanmasına həsr olunmuş böyük dövlət tədbiri keçirilirdi. Türkiyədən baş nazir Məsud Yılmaz, Gürcüstandan prezident Eduard Şevardnadze, Rusiyadan isə Baş nazirin I müavini Boris Nemtsov dəvət olunmuşdular. Artıq rəsmi hissə başa çatmışdı.
Axşam saat 10-da tapşırıq aldım ki, bəs Binə aeroportuna gedib, qonaqların yolasalınmasını lentə almalıyam. Operator Zakir Muxtarovla gəldik ovaxtki VİP ZAL-a. Çay içə-içə başladıq gözləməyə. Saat 23.00 oldu heç kim gəlmədi. Gecə yarı oldu heç kim yox... Nəhayət gecə saat 1-in yarısında birinci kortej qapıda dayandı. Zakir tez kamerasını rahladı, mən də mikrofonla yanında hazır dayandım ki, birdən Boris müəllim ürək sözlərini demək istəyər. Qonağı Azərbaycan Baş nazirin 1-ci müavini Abbas Abbasov yola salırdı.
İçəri girəndə gördük ki, Boris Nemtsovun kefi yuxarıdır. Yəni ki, yaxşı vurub. Abbas Abbasova da bu haqda danışırdı.
- Deyirəm ki, Qeydar Aliyeviç, mən getməliyəm. Deyir ki, yox. Yeməsən-içməsən səni heç yana buraxan deyiləm. Yaxşı kişidir, vallah. Yaxşıca yedim-içdim, sonra icazə verdi. Ona böyük hörmətim var.
Bu sözləri deyə-deyə yanımızdan keçəndə birdən bizi gördü. Gəldi dayandı düz kameranın qabağında. Zakir də başladı çəkməyə. Nemtsov sözünə söyüşlə başladı.
- (Mujik, tebe ne x.. delat?) Ay kişi, sənin işin-gücün yoxdur? Gecə saat 1-də gəlmisən məni yola salmağa...
Zakir isə çəkir. Heç bir cavab vermirik:
- Bir buna bax, mənimlə danışmaq istəmir.
Zakir yenə çəkir. Heç nə demir. Abbas Abbasov və digər yola salanlar da gülə-gülə bu səhnəni izləyirlər. Boris müəllim də gördü ki, Zakirdən bir səs çıxmır əlini ona uzadaraq.
- Yaxşı, mən getdim. Sağlıqla qal.
Zakirin gözü kameranın gözlüyündə olduğundan, əlbəttə ki, Boris Nemtsovun əl uzatmağını görmürdü.
- Abbas Aydın oğlu, bu mənimlə sağollaşmaq istəmir. (Abbas Aydınoviç, on ne xoçet somnoy poproşatsa).
Gördüm ki, əli uzana qalıb Zakirə dedim ki, bəs əl uzadıb sənə, sağollaş getsin. Zakir də sol əliylə çiynində olan kameranı tutaraq, sağ əlini kameranın düyməsindən çəkdi və Nemtsova tərəf uzatdı. O da razılıqla:
- Bax, bu, başqa məsələ. (Vot eto druqoe delo).
Sonra mənimlə və digərləriylə də görüşüb, ildırım sürətiylə təyyarəyə doğru addımladı. Bakıya balaca təyyarədə gəlmişdi. Ona görə də VİP zala yaxın saxlamışdılar. İki-üç pilləli trapın yanında stüardessa – qəşəng bir rus gözəli durmuşdu. Abbas Abbasov isə Boris Nemtsovun sanki yadından çıxmışdı. Qonaq trapa çatanda əliylə stüardessanın yumşaq yerinə bir sığal da çəkib təyyarənin salonuna keçdi. Özü də protokola və etiketə zidd olaraq Abbas müəllimlə sağollaşmadan. Gördüm ki, Abbas müəllim də yaman pərt oldu. Astaca "Abbas müəllim, bəs mən "Xəbərlər”də nə verəcəyəm?” soruşdum. O da çiynini çəkdi.
Dayanıb gözləyirdik ki, təyyarənin qapısı bağlansın və sonra çıxaq gedək. Hardasa iki dəqiqədən sonra Boris Nemtsov yenidən təyyarədən düşdü. Gülə-gülə Abbas Abbasovu qucaqlayaraq, öpdü. Təzədən bizə də əliylə vida elədi. Təyyarəsinə əyləşdi. Bizə də təkcə bu epizod lazım idi. Vəssalam.
Boris Nemtsov getdi. Bizə də bu xatirə qaldı...

6596 oxunub

InvestAZ